Şəhid İzzət Həmidovun YARIMÇIQ QALMIŞ ÖMÜRÜ ŞƏHİDLƏRİMİZ, Sumqayıt, "Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!.... 14 октября 2021 283 Tarixin ən yadda qalan və qəhrəman simalarından olan Şeyx Şamil, çox haqlı olaraq qeyd etmişdir ki, “İşğala uğrayan Vətən torpaqları, sülh ilə geri qayıtmaz, ancaq savaşla alınar”. Nə qədər yerində deyilmiş kəlamdır.Bu gün biz şəhid igidimiz İzzət Həmidov haqqında söhbət açacağıq. O igidimiz ki, öz canını, qanını doğma torpağına qurban verərək, otuz ilə yaxın bir müddətdə düşmən tərəfindən işğal olunmuş torpaqlarımızı azad etmək üçün savaşa qatılmışdır. Vətən məhəbbəti onu əzəli torpağımız olan Qarabağda düşmənlə ölüm-dirim savaşına səslədi. Bu gənc igid Füzulinin azad olunması uğrunda şəhidlik zirvəsinə ucaldı. Onu da qeyd etmək yerinə düşərdi ki, İzzət Həmidov kimi ən ali məqama ucalan yüzlərlə şəhidlərimiz, məhz Tovuz döyüşlərində şəhid olan generalımız cənab Polad Həşimovun intiqamı ilə ayağa qalxdılar. Hər kəs şəhid generalın qisasını almaq istəyirdi. İzzət Həmidov da bu arzu ilə yaşayırdı.II Vətən müharibəsi başlayanda İzzət Həmidov hələ hərbi xidmətini davam etdirirdi. Bütün gənclər kimi torpaqların düşmən işğalında qalması İzzətin də əsəbləri tarıma çəkmişdi. O da çılğın bir gənc olaraq Qarabağa getməyi, özü də dərhal döyüş bölgəsinə olmaq istədiyini bildirdi. İzzət, azğınlaşmış düşmənin dərsini verməyin vaxtı gəlib çatdığını, hətta buna çox gec qaldığımızı düşünürdü. İzzət Həmidov, Sumqayıt şəhərinin yetirməsidir. O, 2000-ci ilin 28 fevral tarixində dünyaya gəlmiş, orada böya-başa çatmış və elə Sumqayıtdakı 26 saylı tam orta məktəbi bitirərək, əmək fəaliyyətinə başlamışdır. Anası Vəfa xanım heç düşünməzdi ki, onun balası nə vaxtsa şəhid olacaq. Bir gecədə anasının saçlarını ağardan şəhidimiz əsl qəhrəman kimi döyüş yolu keçdi, qorxmadı, geri çəkilmədi. İzzət Həmidov, 2019-cu ilin oktyabr ayında hərbi xidmətə çağrılır. Ağcabədi rayonunda hərbi xidmətdə olarkən, öz mehribanlığı, sadələyi, vətənsevərliyi ilə əsgər yoldaşlarının və komandirlərinin hörmətini qazana bilir. Elvin, öz şəhid qardaşı haqqında bunları söylədi: “İzzət, uşaq vaxtlarından futbola həvəsli olub, demək olar ki, futbol onun ən çox sevdiyi idman növü idi. Lakin müəyyən səbəblərdən idmanla məşğul ola bilmir, yarıda qoyur və buna görə erkən yaşından əmək fəaliyyətinə başlayır. İzzət, dediyi sözünü tutan, hətta bir az inadcıl, qətiyyətli idi”.2020-ci ilin sentyabr ayında hərbi xidmətdə olan İzzət Həmidovun olduğu batalyon, müharibənin ilk günlərindən ən ağır döyüşlərin başlandığı Füzuli şəhərinin Alxanlı kəndinə göndərilir. Düşmən otuz ilə yaxın bir müddətdə bu yerlərdə keçilməz sədlər çəkmiş, hər tərəfdə məftilli barrikadalar, gizlin yeraltı tunellər, həddindən çox tank və piyada əleyhinə minalanmış sahələr yaratsalar da, Azərbaycan döyüşçüləri “ya qələbə, ya ölüm” şüarı ilə irəli atılaraq, bu sədləri ömürləri bahasına yara bildilər. Yüzlərlə şəhid verən Ordumuz geri durmadı. Ölümün gözünə dik baxan igidlərimiz nəyin bahasına olursa olsun, torpaqları geri almalı idilər. Elə də oldu. Həyatlarını, cavan ömürlərini qurban verən igidlər istəklərinə nail oldular. İzzət Həmidov gənc olsa da manqa komandiri vəzifəsini icra edirdi. Həm əsgər, həm komandirlik etmək İzzət üçün ikiqat məsuliyyətli idi. O, bunun nə demək olduğunu gözəl anlayırdı. On gündən artıq döyüşlərdə iştirak edən, igidlik göstərən qəhrəmanımızın doqquz oktyabr tarixində şəhid xəbəri gəlir və on birində Sumqayıtın “Şəhidlər Xiyabanı”nda dəfn olunur. Elvin qardaşı haqqında danışarkən qürurla, şəhidimizin dəfnində iştirak edən komandirinin İzzət haqqında xoş xatirələrinin olduğunu söylədi. Komandiri İzzətin neçə qorxmaz, mərd, vətənpərvər, torpağını sevən bir əsgər olduğunu dedi və ona verilən tapşırıqları İzzətin dərhal və layiqincə yerinə yetirdiyini də qeyd etdi. İzzət həmişə ailələrində müharibədən söhbət düşəndə, anasına “əgər müharibə olarsa mütləq iştirak edəcəyəm və hətta şəhid olmaq arzusundayam” deyirdi. Anası Vəfa xanım bunun gənc bir oğlanın çılğınlığı və dəcəlliyi ilə əlaqələndirirdi. Lakin, bilməzdi ki, zaman gələcək, İzzət həmişə arzuladığı şəhidlik zirvəsinə ucalacaqdır. Vətəni canından çox sevən şəhidimiz İzzət Həmidov, Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı sərəncam əsasında ölümündən sonra layiq olduğu “Bayraq” ordeni, “Vətən ugrunda” və “Füzulinin azad edilməsi uğrunda” medalları ilə təltif olundu. Göstərdiyi igidlik və qəhrəmanlıq dostları arasında söylənildi və onu bütün Azərbaycan xalqına tanıtdırdı, dillərdə dastana çevirdi. Bu qaraşın, çatmaqaşlı Azərbaycan oğlumuz az yaşı ilə kişilik məktəbini keçərək, adını döyüş tariximizə yazdıra bildi, yaddaşlara həkk etdirdi. “Şəhidlər cənnətlik olur” deyirlər. Bu həqiqətən də belədir. Biz şəhidlərimizə “məkanı cənnət olsun” desək də deməsək də, onsuz da onlar cənnətdədirlər. Çünki, ölümdən qorxmadan, gözünü qırpmadan belə özünü döyüş meydanına atan, arxa cəbhədə olan ana və bacılarını düşünən belə ər oğullar yalnız cənnətin sakini ola bilərlər. Xalqımıza zəfər yaşadan həm şəhidlərimiz, həm qazilərimiz, bizim fəxrimizdirlər. Ümumilikdə, qürurla deyə bilərik ki, bütün ordumuzun əsgər və zabitləri qəhrəmandırlar. Qırx dörd günlük müharibədə bunun nə demək olduğunu bütün dünya gördü. İzzət Həmidovun həm oxuduğu məktəbdə, həm boya-başa çatdığı Sumqayıt şəhərində, həm də uğrunda şəhidlik zirvəsinə ucaldığı vətəni Azərbaycanda, adı bütün şəhidlərimizlə birlikdə daim xatırlanacaq, yad ediləcəkdir. İzzətin gənc ömrü yarımçıq qalsa da, tarixdə O, Vətən üçün görməli olduğu işini tamamladı. Şəhidlər heç vaxt unudulmur, heç vaxt yaddan çıxmır. Biz bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Qoy onların ruhu daim şad olsun. PƏRİXANIM MİKAYILQIZI “Elm və Təhsil” qəzetinin Baş redaktoru, AJB-nin üzvü, F.b.Köçərlinin araşdırmaçısı, şair-publisist, “Xarı Bülbül” medalı və bir çox mükafatlar laueratıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.