Şəhid Anar Həmzə oğlu Vəliyev (21.07.2002 - 11.10.2020) ŞƏHİDLƏRİMİZ, Qarabağ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!.... 2 августа 2021 118 Şəhid Anar Həmzə oğlu Vəliyev - 21 iyul 2002-ci ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuşdur. (Anası əslən qədim Borçalı mahalından, indiki Gürcüstanın Marneuli rayonundakı Sabirkənd kəndindəndir.)A.H.Vəliyev 2008-ci ildə Səməd Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 2017-ci ildə həmin məktəbin IX sinfini bitirmişdir. 23 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış və Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmətə başlamışdır.Subay idi.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün Vətən müharibəsi başlayan zamanı Anar Vəliyev də digər əsgər yoldaşları ilə birlikdə ön cəbhəyə yollanmışdır.Vətən müharibəsində ilk döyüşə Tərtərdən başlamış, Füzulinin, Laçının düşmənlərdən azad edilməsi uğrunda gedən qanlı vuruşmalarda fədakarlıq göstərmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə hərbi əməliyyatlar zamanı yaşına uyğun olmayan mərdliklə döyüşmüş, düşmənə aman verməmişdir. Talış kəndi uğrunda gedən döyüş isə Anarın sonuncu döyüşü olmuşdur. Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin operatoru əsgər Anar Vəliyev 11.10.2020-ci il oktyabrın 11-də Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən minaatan silahdan atılan atəş nəticəsində başından aldığı ağır qəlpə yarasından qəhrəmancasına şəhid olmuşdur. Vətən müharibəsində iştirak edərək Şəhidlik məqamına ucalan Anar Vəliyev doğulduğu Orta Salahlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Allah rəhmət eləsin.P.S.:Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində canından keçən bütün şəhidlərimiz kimi əsgər Anar Vəliyevin igidliyi də ölümündən sonra ölkə Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Anar Vəliyev ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda” medalı ilə və Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra "Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.Allah Vətən uğrunda həlak olanların ruhunu şad, yerini behiştlik etsin. Gələcək nəsillər canlarını bu müqəddəs yolda - Vətənimizin azadlığı, xalqımızın xoşbəxtliyi uğrunda fəda edənləri heç vaxt unutmayacaq. Anar kimi igid, vətənpərvər oğullarımız daim bizim qəlbimizdə yaşayacaq. Ruhun şad, məkanın cənnət olsun Şəhidim!.***ŞƏHİD ANAR VƏLİYEİN XATİRƏSİ DOĞMA KƏNDİNDƏ ANILIB 2021-ci iyulun 21-də elinə qürur yaşadan şəhid Anar Vəliyein xatirəsi doğma kəndində - Qazax rayonunun Orta Salahlı kəndində anılıb.Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli şəhidimizin doğum günündə ailə üzvləri və yaxınları ilə birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər.Ata ocağında şəhid Anar Vəliyevin ailəsinə səbir diləyiblər. Şəhidimizin şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olaraq Anar kimi cəsur oğullarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını bildiriblər.Gulaya Həsənova Anar kimi cəsur, döyüşkən oğullarımızın göstərdikləri şücaətin yaddaşlara əbədi yazıldığını, illər keçsə də gələcək nəsillər üçün örnək olacağını, şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb.Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək Şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən biri də qazaxlı əsgər Vəliyev Anar Həmzə oğludur. Əsgər Vəliyev də döyüş yoldaşları, silahdaşları ilə birlikdə vuruşaraq əzəli torpaqlarımızı sahiblərinə qaytardılar. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.Döyüşdə göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş igid şəhidimiz yaşasaydı, 19 yaşı tamam olacaqdı.Şəhidimizin anası Fazilə Məmmədova öz ailəsinin, el-obasının adını uca edən qəhrəman övladı ilə fəxr etdiyini bildirib: “Anar hələ hərbi xidmətə getməzdən əvvəl söyləmişdi şəhid olacağını. Tək mənə deyil, qohumlarına, dostlarına da söyləmişdi. Anarın şəhid olacağını mən də yuxuda görmüşdüm. Axı, ana ürəyi həssas olur... Axırıncı dəfə övladımla şəhid olmamışdan 3 gün əvvəl, oktyabrın 8-də danışmışdıq. Məndən tək istəyi onu tanıyanlara salam söyləmək oldu. Oğlum ömrünün gözəl çağında uca məqama yüksəldi. Övlad acısı nə qədər acı olsa da, bir o qədər də qürurludur. Bu gün Anarımla tək mən deyil, bütün el-oba fəxr edir”.Fazilə Məmmədova şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirdi.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.