ŞƏHİD İlkin Hamlet oğlu Mərdanov (1962-1994) ŞƏHİDLƏRİMİZ, UNUTSAQ, UNUDULARIQ!.... 10 февраля 2019 REDAKSİYAMIZIN ARXİVİNDƏN:ƏBƏDİYYƏTƏ QOVUŞAN ÖMÜRAna Vətənimizin - Azərbaycanın müqəddəs torpaqlarına yağı düşmən dikildiyi vaxtdan düz altı il keçir. Neçə-neçə ana fəryadı, ata qübarı, bacı naləsi, qardaş harayı göyərdi bu altı ildə. Payız leysanlarına qarışıb axar göz yaşlarımız qəlbimizə hopub neçə-neçə dərd bitirdi. Axımız göyləri yandırdı, miskinli torpağın barını dərdi. Bu aləm, bu həsrət, bu yanğı isə bitmədi, ...bitmədi...Yarımçıq ömürləri kədər rübabında bir həzin nəğmə sızladı. Ağlar gözlərimizi, iniltili könüllərimizi bir şərqi göynətdi: Düşmən yas içində görməsin bizi,Ağlama, ağlama, şəhid anası!Duyğularımızın sarı simində çalındı, həsrətdən yaranıb əzəmətə, vüqara qovuşdu bu nəğmə. Ruhumuzu sarsıdıb, varlığımı titrədərək şəhidlik zirvəsinin məğrurluğuna, yenilməzliyinə tapındırdı. Ürəklərimizi düşmən nəzərindən qəmini, möhlətini gizlədən ana bacıların göz yaşları öz qəlblərinə axdı, səssizcə-səssizcə... Bu əzəmət, bu vüqar Şəhidlik zirvəsinə layiq yüzlərlə igid oğullar yetirdi. Qeyrət yaratdı, vüqar yaratdı, müqəddəs inam yaratdı Şəhidlər Xiyabanı. Şəhidlər Xiyabanının müqəddəs torpağı Vətən yolunda canından keçib əbədiyyətə qovuşan şəhid oğullarından birini də qayğıküş ana kimi öz qoynuna aldı... Mərdanov İlkin Hamlet oğlu 1962-ci i fevral ayının 24-də Bakı şəhərində dünyaya göz açmışdır. Orta təhsilini məşhur 6 nömrəli məktəbdə almışdır. 2 illik əsgəri xidmətini layiqincə başa vurduqdan sonra sənədlərini vaxtilə atasının (mərhum Hamlet Mərdanov - nəzəri mexanika kafedrasının dosenti idi) və babasının (mərhum professor Zahid Əlizadə 30 il fizika kafedrasının müdiri olmuşdur) işlədikləri Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU-nun) nəqliyyat fakültəsinə təqdim etdi. Qəbul imtahanlarından alnıaçıq, üzüağ çıxdı - müsabiqədən keçib “tələbə” kimi şərəfli ada layiq görüldü. Günlər, aylar örtdü, illər keçdi. 5 illik tələbə həyatı sona çatdı. 1991-ci ildə Avtomobillər və Avtomobil təsərrüfatı ixtisası üzrə mühəndis-mexanik diplomu aldı. RAF qarajında ixtisası üzrə ilk əmək fəaliyyətinə başladı. Bir az sonra onun kiçik müəsissələrdən birinə prezident müavini təyin etdilər. 1993-cü ilin may ayında isə erməni cəlladlarının vəhşiliklərinə artıq dözə bilməyən İlkin Mərdanov könüllü olaraq cəbhəyə yollandı. Bununla da gənc Azərbacan əsgərinin döyüş taleyinin sınaqlı günləri, ayları sıralandı, cəbhə yolları müəyyənləşdi. Ağdərə və Tərtər bölgələrində vuruşdu. Cəbhə xəttində bacarıqlı döyüşçü, bacarıqlı əsgər-zabit kimi şücaət göstərdi, hərbi savadı və döyüş təcrübəsi ilə fərqlənən leytenant Mərdanov bütün döyüşlərdə xüsusi qəhrəmanlıq nümunəsi göstərdi. 1994-cü ilin aprel ayının 26-da isə Qapanlı kəndi uğurunda döyüş zamanı namərd gülləsinə tuş oldu... Bu günlərdə İlkinin anası ilə görüşdük. Necə də səmimi, mehriban, qayğıkeş və məğrur qadın. Bəli, məhz İLKİN kimi igid oğulları məhz belə MÜQƏDDƏS ANALAR böyüdə bilərlər...-Arzuları çox idi. Tez-tez evə baş çəkərdi. Həmişə də tələsərdi. Cəmisi 10-15 dəqiqəliyinə görüşüb, yoldaşlarına bir az pay-puş götürüb geri cəbhəyə qayıdardı. Nesə demək istəyirdim. O dəqiqə nə demək istədiyimi başa düşərdi. “Ana, necə getməyim? Axı, məni orada gözləyirlər. Ana bilirsən orada necə mərd, cəsur, igid, cəngavər qəhrəmanlar var?...” -deyərdi. Axırıncı dəfə aprelin 13-də gəlmişdi. Hamı ilə görüşdü. Elə bilki ürəyinə dammışdı... Düz 13 gün sonra qara xəbərini eşitdik... -Məsudə xanımın gözləri yaşarsa da, söhbətini davam etdirmək istəyir. Biz isə onu ovundurmaq üçün təsəlli veririk...Ağlamayın, Məsudə xanım. Başınızı dik tutun. Sizin oğlunuz ölməyib, ölməzliyi ilə əbədiyyətə qovuşub, bütün Azərbaycanın həmişə yaşar övladına çevrilib. Sabah, birsi gün neçə-neçə fərarilərin uşaqları başıaşağı gəzdikləri halda İlkinin ömür-gün yoldaşı Səidə xanımın əzizliyə-əzizliyə böyütdüyü Aysel və Günel fəxr edəcəklər ki, ataları Azərbaycanı yağı düşməndən qorunmağı uğurunda qəhrəmancasına şəhid olub. Şəhidlik isə Ölməzlik zirvəsidir!Müşfiq Mədədoğlu,“Ziya” qəzeti, 29 iyun. № 16 (981), 1994 ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.