Tbilisi Açıq Universitetində 20 Yanvar faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib ŞƏHİDLƏRİMİZ, Tiflis, UNUTSAQ, UNUDULARIQ!.... 21 января 2017 2017-ci il Yanvarın 21-də Tbilisi Açıq Universitetində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş “Mübariz iki xalqın qəhrəmanlıq səhifələri” adlı tədbir keçirilib.Universitetin beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Səbinə Novruzzadənin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, bu ali təhsil ocağının rəhbərliyi, professor və müəllim heyəti, azərbaycanlı və gürcü tələbələr iştirak ediblər.Universitetin rektoru, professor Zauri Amilaxvari tədbiri açdıqdan sonra Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Çıxış edən S.Novruzzadə 20 Yanvar faciəsi ilə bağlı məlumat verib, həmin günün Azərbaycan tarixində xalqımızın yenilməzliyini, ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə əzmini nümayiş etdirən qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib. O, həmin günlərdə bir çox dinc sakinin sovet ordusu tərəfindən vəhşicəsinə qətlə yetirildiyini vurğulayıb və şəhidlərimizin xatirəsinin hər il həm ölkəmizdə, həm də respublikamızın hüdudlarından kənarda yad edildiyini bildirib. Vurğulayıb ki, bu faciəli tarix xalqımızın qan yaddaşından silinməyəcək.Sonra Azərbaycan səfirliyinin məsul əməkdaşı Elçin Məmmədov çıxış edərək deyib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc sakinlər – qocalar, qadınlar, uşaqlar, gənclər xüsusi amansızlıqla qətlə yetirilib. Ancaq bu faciə xalqımızın mübarizə əzmini qıra bilmədi. Şübhəsiz ki, 20 Yanvar tariximizdə ən qanlı səhifələrdən biridir. Bununla belə, hamımız üçün olduqca əlamətdar gündür. Faciə xalqımızı sıx birləşdirdi, nəticədə müstəqil hüquqi dövlət yarada bildik.Diplomat xalqımızın müstəqillik mübarizəsindən, 20 Yanvar qətliamı barədə məlumatların dünya ictimaiyyətinə çatdırılmasında, bu faciəyə siyasi-hüquqi qiymət verilməsində ulu öndər Heydər Əliyevin xidmətlərindən danışıb.Tarixçi alim Quram Marxuliya çıxış edərək Azərbaycan və gürcü xalqları arasındakı oxşar talelərdən, müstəqillik uğurunda mübarizə tarixindən söz açıb, 1989-cu il aprelin 9-da Tbilisidə, 1990-cı il yanvarın 20-də Bakıda törədilən qırğınlar arasında paralellər aparıb. Bildirib ki, imperiya qüvvələri bu faciələri törətməklə xalqlarımızın müstəqillik uğrunda mübarizə əzmini qırmaq istəyiblər. Lakin bütün cəhdlərə baxmayaq, hər iki xalq öz müstəqilliyinə qovuşdu və bu gün dünya birliyində layiqli yerlərini tutub.Alim bu cür anım tədbirlərində gənc nəslin nümayəndələrinin iştirakını yüksək dəyərləndirib, tələbə və gəncləri dövlətin ətrafında sıx birləşməyə, xalqın şanlı tarixini dərindən öyrənməyə çağırıb. O vurğulayıb ki, Tbilisidə və Bakıda törədilmiş qırğınların bir səbəbi də ermənilərin bizə qarşı irəli sürdükləri ərazi iddiaları ilə bağlıdır.Sonra jurnalist Nizami Məmmədzadə, Çingizxan Yaqubov, Aktiv Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva, Cavaxişvili adına Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Azərbaycanın dostları” klubunun əlaqələndiricisi Leyla Əmrahova və başqaları çıxış edərək Azərbaycan dövlətinin inkişafından, ölkələrimiz arasındakı əlaqələrin qədim tarixindən söz açıblar.Sonda 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunub.Xətayi ƏzizovAZƏRTAC-ın xüsusi müxbiriTbilisi. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.