Tiflisdə Azərbaycan səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunan tədbir keçirilib ŞƏHİDLƏRİMİZ, Tiflis, UNUTSAQ, UNUDULARIQ!...., Diaspora 21 января 2017 Azərbaycanın Gürcüstandakı səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunan tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə səfir Dursun Həsənov çıxış edərək qanlı 20 Yanvar faciəsinin tarixi haqqında ətraflı məlumat verib. O, qanlı 20 Yanvar hadisələrinin Azərbaycan tarixinə tək faciəli gün yox, həm də qəhrəmanlıq və şərəfli gün kimi yazıldığını bildirib. Tədbirdə Kvemo Kartli bölgə qubernatoru Paata Xizanişvili, Gürcüstan parlamentin deputatı Mahir Dərziyev, İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin professoru Sardion Qeqelaşvili, Gürcüstan Azərbaycanlı Ağsaqqallar Cəmiyyətinin sədr müavini Mayak Nemətov, parlamentin sabiq deputatı Hidayət Hüseynli və başqaları çıxış edərək Azərbaycan xalqının azadlıq mübarizəsindən, gürcü və Azərbaycan xalqının eyni taleyi yaşadığından, sovet ordusunun hər iki ölkə xalqına qarşı eyni addımı atmasından danışıblar. Tədbirdə 20 Yanvar faciəsindən bəhs edən film nümayiş etdirilib. Səfirliyin foyesində faciəyə aid kitabların və fotoların sərgisi keçirilib. Tədbirdə Gürcüstan hökumətinin rəsmiləri, Marneuli rayon rəhbərliyi, universitet müəllimləri, QHT nümayəndələri və jurnalistlər də iştirak edib. Qeyd edək ki, Azərbaycan səfirliyinin təşkilatçılığı ilə Saqareco, Marneuli, Bolnisi və Qardabani rayonlarında 20 Yanvar faciəsinə həsr olunan anım tədbirləri keçirilib, həmçinin Gürcüstan əsilli 20 Yanvar şəhidlərinin ailələrinə yardım göstərilib. Nizami MƏMMƏDZADƏ. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.