UCA ZİRVƏLƏRİ FƏTH EDƏN RABSON MƏMMƏDOV Sağlamlıq, Bolus, Darvaz, Turan, Rusiya, Diaspora 20 ноября 2017 TƏBRİK EDİRİK!..21 noyabr - Moskvada yaşayan dəyərli soydaşımız, çox hörmətli, ziyalı eloğlumuz, tanınmış alim-həkim və məşhur iş adamı Rabson Cəfər oğlu Məmmədovun ad günüdür!..O, 1958-ci ildə qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Darvaz kəndində müəllim ailəsində anadan olub. 1975-ci ildə Darvaz kənd orta məktəbini bitirib. 1976-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub və 1982-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirib. Rabson Məmmədov - 1982-1985-ci illərdə Mingəçevir Şəhər Rayonlar Arası Onkoloji Diispanserdə həkim kimi fəaliyyət göstərib. O, Mingəçevirdə çalışdığı illərdə həkimlik fəaliyyəti ilə yanaşı, həm də yüksək insani keyfiyyətləri, təvazökarlığı və xeyirxahlığı ilə fərqlənib, tezliklə yerli camaatın hörmətini, rəğbətini qazanıb, böyük nüfuz, hörmət sahibi olub. R.Məmmədov 1985-ci ildə Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyası Ümumittifaq Onkoloji Elmi Mərkəzinin nəzdində aspiranturaya daxil olub. 1988-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə edərək, tibb elmləri namizədi elmi adına layiq görülüb. Rabson Məmmədov Moskvada elə həmin akademiyada əmək fəaliyyətini, daha dəqiq desək, elmi və həkimlik fəaliyyətini davam etdirməklə yanaşı, paralel olaraq, Rusiyada Postsovet məkanında turizm sahəsin yaradıcalarından, əsas təşkilatçılarından biri olub, Rusiyanın “Mostravel” turizm şirkətini yaradıb və şirkətə uzun illər rəhbərlik edib. R.Məmmədov 2004-cü ildən 2015-ci ilə qədər isə dünyanın ən böyük turizm şirkəti olan TUI Group kompaniyasının Rusiyadakı rəhbəri - baş direktoru olub. Bu şirkət 2004-cü ildə dünyanın iki nəhəng - alman TUI AG və ingilis TUI Travel PLC şirkətlərinin birləşməsindən yaranıb. Qeyd etmək yerinə düşər ki, TUI Group şirkəti hər il dünyanın 180 ölkəsində 30 milliyondan çox turistə xidmət edən dünyanın ən böyük turizm şirkətidir. Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən Rabson Məmmədov çox mehriban, qayğıkeş, ünsiyyətcil və yüksək mənəviyyata malik şəxsiyyətdir. Bu keyfiyyətləri nəticəsində, o, həmkarları, həkim yoldaşları, dostları arasında, ümumiyyətlə, cəmiyyətdə, xüsusilə də Moskvadakı Azərbaycan diasporası arasında böyük hörmət və nüfuz qazanıb.Sözsüz ki, bu müsbət keyfiyyət və xüsusiyyətlər ona irsən keçib. Atası Cəfər müəllim Borçalı mahalında çох hörmətli, adlı-sanlı kişilərdən оlub. O el içində sevilən, rəğbət bəslənən, soyuna-kökünə bağlı bir el ağsaqqalı idi. Dərs dediyi məktəbdə gənclərin təlim-tərbiyəsində, onların adlı-sanlı, yüksək hazırlıqlı vətənpərvər, xalqsevər bir şəxsiyyət-vətəndaş kimi yetişməsində, bu ahəngdar şəxsiyyətin böyük rolu və əvəzsiz zəhməti olub. Cəfər müəllim daima şagirdlərinin milli zəminə və ümumbəşəri dəyərlərə əsaslanaraq tərbiyə olunmalarına çalışıb. Məhz bunun nəticəsidir ki, onun şagirdlərinin əksəriyyəti bu gün Azərbaycanda, Gürcüstanda, Rusiyada və digər ölkələrdə müxtəlif vəzifələrdə ləyaqətlə çalışırlar. Allah Sizə rəhmət eləsin, Cəfər müəllim!.. Ruhunuz şad olsun, el ağsaqqalı!.. Şagirdləriniz Sizin əvəzsiz əməyinizi itirmədilər. Eləcə də, onlardan biri olan oğlunuz - Rabson Məmmədov!.. O, bu gün dünyanın ən böyük şəhərlərindən olan Moskvada şərəf və ləyaqətlə yaşamaqla yanaşı, həm də öz elinin-obasının, xalqının və millətinin adını daima uca edir. Və özü də daha da ucalır, daha böyük, daha uca zirvələri fəth edir!.. Yazımızın əvvəlində də qeyd etdiyimiz kimi, qarşıdan Rabson Məmmədovun ad günü gəlir... Biz də fürsətdən istifadə edərək, ZiM.Az-ın yaradıcı heyəti adından hazırda Moskvada ömrünün müdriklik çağlarını yaşayan dəyərli soydaşımız, çox hörmətli, ziyalı eloğlumuz, tanınmış alim-həkim və məşhur iş adamı Rabson Cəfər oğlu Məmmədovu qarşıdan gələn ad günü münasibətilə ürəkdən təbrik etməklə yanaşı, həm də ona daha böyük, daha uca zirvələri fəth etmək üçün uzun ömür, möhkəm cansağlığı və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzu edirik!..Nəsib NƏBİOĞLU,Müşfiq BORÇALI,Darvaz - Bakı - Moskva - DarvazZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.