Həkim VİLAYƏT OVÇUYEV (1954)

Həkim VİLAYƏT OVÇUYEV (1954)
VİLAYƏT OVÇUYEV
(1954)

Vilayət Vəkil oğlu Ovçuyev
- 1954-cü ildə qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Darbaz kəndində müəllim ailəsində anadan olmuşdur.
1970-ci ildə Darbaz kənd orta məktəbini Qızıl medalla bitirmiş və həmin ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.
1976-cı ildə həmin institutu müvəffəqiyyətlə bitirərək təyinatla 1979-cu ilədək Dəvəçi rayon xəstəxanasında stasionar həkim vəzifəsində çalışmışdır.
1980-cı ildən Moskva şəhərində nevropatoloq, baş həkim vəzifələrində işləmişdir.

1984-cü ildə Semaşko adına Moskva Tibb İnstitutunda nevropatoloq, 1986-cı ildə Botkin adına xəstəxanada iqloterapevt, 1991-ci ildə SSRİ Elmlər Akademiyası nəzdində iridodiaqnostika ixtisaslarına yiyələnmişdir.

V.Ovçuyev 1990-cı ildə yenidən Bakıya köçərək Sabunçu Şəhər Klinik Xəstəxanasında nevroloji şöbənin müdiri vəzifəsində çalışmağa başlamışdır.
1998-ci ildən neyroreanimatoloq kimi həmin xəstəxanada fəaliyyətini davam etdirir.

Həkim VİLAYƏT OVÇUYEV (1954) O, 2000-ci ildən “İnam” Tibb Mərkəzində neyrofizioloji kabinetlər yaradıb və ən müasir kompüterli elektroensefaloqrafla əsəb- sinir xəstəliklərinin dəqiq diaqnozunu müəyyənləşdirməyin düzgün yeni müalicə üsullarını tətbiq edir.

Vilahət Ovçuyev həm də saz-söz vurğunu kimi tanınır. "Gənclərə nəsihətim" adlı şeirlər kitabının müəllifidir.
Ailəlidir, iki övlad atasıdır.

Biz də Vilayət həkimə uzun ömür, möhkəm can sağlığı, çətin və şərəfli işində uğurlar arzulayırıq!..


Bax: Müşfiq Borçalı. BORÇALI ENSİKLOPEDİYASI. IV cild. Borçalı həkimləri. Bakı, 2002, səh.134-135.)



P.S.:
Vilayət həkim həm də Bakının Nərimanov rayonundakı "OVÇUYEVİN TİBB MƏRKƏZİ"nin yaradıcısıdır.

Aşağıda onun bir neçə şeirini ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.



Vilayət OVÇUYEV

HƏLİM DÜNYA


Ona tərif deyim necə?
Bu dünya zalım dünyadı.
Can yandırdıq gündüz, gecə,
Bu dünya zalım dünyadı.

Dünyaya göz açan zaman,
Qışqırırıq, edib aman,
Gəl yalvarma ona, insan,
Bu dünya zalım dünyadı.

Zəhmət çəkib yaşayırıq,
Nə baş kəsib, bac alırıq,
Gəncləşərək qocalırıq,
Bu dünya zalım dünyadı.

Bərə kəsir, pusqu qurur,
Birdən qəfil zərbə vurur,
Düşmənimə tərəf durur,
Bu dünya zalım dünyadı.

Ucalanı çox endirir,
Gur ocağı tez söndürür,
Qəlbi xofla döyündürür,
Bu dünya zalım dünyadı.

Arzuları gözdə qoyur,
Qırışları üzdə qoyur,
Əməlləri sözdə qoyur,
Bu dünya zalım dünyadı.

Coşub yıxır hər insanı,
Qönçə açan qız, oğlanı,
Xəstə salır çox loğmanı,
Bu dünya zalım dünyadı.

Qənim olar ilk sevdaya,
Ömürdəki tək sevdaya,
Özü düşər bəd sevdaya,
Bu dünya zalım dünyadı.

Bəzən toyu yas eyləyər,
Çox uğuru nəs eyləyər,
İşlərini tərs eyləyər,
Bu dünya zalım dünyadı.

Viran qoydu Qarabağı,
Vurdu ürəklərə dağı,
Qarabağ ruhumdur, axı,
Bu dünya zalım dünyadı.

Erməniyə dost tapdırır,
Yurdumuzu tapdatdırır,
Bizi dərdlə yaşatdırır,
Bu dünya zalım dünyadı.

Sən nahaqsan, dünya, nahaq!
Qaçqınların gözünə bax,
Xəcalət çək, özünə yax,
Bu dünya zalım dünyadı.

Alıb üstünə günahı,
Şəhidləri yaxdın, axı,
Anaların tutar ahı,
Bu dünya zalım dünyadı.

Axı, dünya, sən böyüksən,
Çiyinlərdə ağır yüksən,
Bezib özün deyəcəksən-
- Bu dünya zalım dünyadı.

Anamıza odur ana,
Övlad verir hər insana,
Dilim gəlmir deyim ona-
- Bu dünya zalım dünyadı.

O gözəl gün tez gələcək,
Türk dünyası şən güləcək,
Bir də heç kim deməyəcək-
- Bu dünya zalım dünyadı.

O, özünü Vurğun sandı,
Sonra Bəxtiyarı andı,
Yox! Yox! Şair Zəlimxandı,
Bu dünya həlim dünyadı.

Sevilirik, həm sevirik,
Qız köçürüb toy edirik,
Dostlara qonaq gedirik,
Bu dünya həlim dünyadı,
İşinə əmin dünyadı.
Vilayət, etmə fəryadı,
Bu dünya həlim dünyadı.


VİLAYƏTİN

Şirin səsi, şux qaməti,
Qibləgahı Vilayətin.
Gözdən uzaq olmağısa,
Gizli ahı Vilayətin.

Pəncərədən gün düşməsi,
Sevgilimin gülüşməsi.
Səhər-səhər bülbül səsi,
Öz segahı Vilayətin.

Bəbəklərin sehri nədən?
Kainatı udar birdən.
Gələn işıq o gözlərdən,
Xoş sabahı Vilayətin.

İndi nə şah, nə nökər var,
Ulduz sayı gözəllər var,
Nə gizlədər, nə də danar,
Könül şahı Vilayətin.

Nə cavanı, nə qocası...
Necə deyim, ay qadası,
Sən gözələ vurulması,
Pak günahı Vilayətin.

"ŞƏRQİN SƏSİ" və "ELM və TƏHSİL" qəzetləri,
N: 30 (300), dekabr, 2014, səh.31.



Ölməz şair Zəlimxan

Borçalıdan qopan bir nur,
Düşdü Fəxri xiyabana,
Böyük şair çiyinlərdə,
Köçdü Fəxri xiyabana.

Onu qış yox, yaz öldürdü,
Gözəldəki naz öldürdü,
Dil-dil ötən saz öldürdü,
Uçdu Fəxri xiyabana.

Göy titrərdi gur səsindən,
Ümman dolu həvəsindən...
Uca dağlar zirvəsindən,
Aşdı Fəxri xiyabana.

Sevən bilir həyat nədir,
Vətəninə pərvanədir,
Xalq eşitdi, şair gedir,
Qoşdu Fəxri xiyabana.

O gün- əsil yaz havası,
Günəş onun öz butası...
Elin dərdi, elin yası-
Qışdı Fəxri xiyabana.

Deyəcəkdir tarix bunu,
Şair verərkən ruhunu,
Göylər gülüb öz nurunu,
Saçdı Fəxri xiyabana.

Şeriyyətlə ruhu dolu,
Səməd, Bəxtiyar duyğulu,
Ələskərə gedən yolu,
Açdı Fəxri xiyabana.

Var Mövlana, var Peyğəmbər,
Səcdə edir bütün bəşər,
Ruhu baqi olan öndər,
Hacdı Fəxri xiyabana.

Tanrı sevir bu milləti,
Dahilərə var hörməti,
Ürəklərin hərarəti,
Keçdi Fəxri xiyabana.

Yaşıl sərvlər, göy çinarlar,
Əbədi bir süslü bahar...
Şerindəki xoş misralar,
Düşdü Fəxri xiyabana.

Bax, şəhidlər xiyabanı,
Əziz tutur neçə canı,
Şəhid ruhu, şəhid qanı,
Gücdü Fəxri xiyabana.

Ölməzləri el tanıdı,
Xalqın qürur ünvanıdı,
Əbədiyyət karvanıdı,
Köçdü, Fəxri xiyabana.

Zəlimxanım dərd daşıdı,
Tarixin daş yaddaşıdı,
Sevinc gülü, dərd daşıdı,
Daşdı Fəxri xiyabana.

Nə inilti, nə fəryaddı,
Demə, insan quru addı,
Məzar ona yaddı, yaddı,
Tacdı Fəxri xiyabana.


Ərdöğana salam!

Verirəm ellərə göz aydınlığı,
Qazandıq əbədi bəxtiyarlığı!
Baxışın,duruşun günəşə taydır,
Bayrağın dünyaya ulduzdur,aydır.

Qəlbin səma kimi gendir, təmizdir,
Ədalət duyğusu sənə əzizdir,
Qəmli könüllərə bahar gətirdin,
Kəsdin tikanları, güllər bitirdin.

İnsanlıq öyrətdin çox insana sən,
Haqla bəzək vurdun saf vicdana sən,
Bürüsün dünyanı əmin, amanlıq,
Nura təslim olsun bütün qaranlıq,
Getsin Türküyənin başından duman,
Məhəmməd hümməti qoy tapsın aman,
Qanlar tökülməsin, ahlar qalxmasın,
Güllə atılmasın, bomba çaxmasın,
Düşməsin torpağa insan başları,
Gözlərdən süzülsün sevinc yaşları,
Kinli ürəklərdə həsəd bogulsun,
Haqsızı susduran hünər doğulsun ,
Əsəd doğacaqsa əgər bir doğan,
Əsədlərə qarşı var min Ərdoğan,
Bizə göz diksə də nə qədər yağı
İslamım həm türkün odur dayağı,
Qoca Füzülinin qəbri qan ağlar,
Ruhu sızıldayar, ney kimi çağlar,
İmamin qəbrinin ayağı altda,
Narahat dolanır gen kainatda,
Ey məzhəb davası yaradan xain,
Nədən parçalanır bir müqəddəs din?
Qüdsi torpaqlarda dolanır iblis,
Yox olsun, qoy ondan qalmasın bir iz,
Hədəfdir məktəblər, xəstəxanalar,
Bu qədər haqsızlıq söylə harda var?
Uşaqlar, qocalar qan içindədir,
Baxırsan hər səhnə qəlbi incidir,
Günahsız insanlar od, alovdadır,
Məhşər, həm cəhənnəm bir bax, burdadır,
Tərs düşüb tanrının qanunları da,
Qatıl kef içində, məhrum amanda,
Öldürən hakimdir, ölənsə məhkum,
Dilindən bal damır, əməli zəqqum,
Düşmən nə kinlidir, nə məkirlidir,
Döyüş təyyarəsi xaç şəkillidir,
Çəkir xaş suyuna öz balasını,
Tökür başımıza öz bəlasını,
Masonlar birləşib bir yumruq kimi,
Olublar dünyanın mütləq hakimi,
Yoxdur canlarında Allah qorxusu,
Tutub gözlərini tiryək uyğusu,
Usta balıqçıtək, mahir ovçutək,
Gör neçə ölkəyə qurur tor, kələk,
Torpaqın altda neft, üstündəsə qan,
Axır bulaq kimi, yaranır ümman,
İnsan qanı ilə əvəzləyərək,
Sorur yer altından nefti zəlitək,
Ucur imarətlər, dağılır şəhər,
Məhv olur onları yaradan bəşər,
Daş-divar altında qalır cəsədlər,
Xəraba onlara məzara dönər,
Düşər bir məhruma neçə başdaşı,
İnsanlıq bu hala töksün göz yaşı,
Şəhərlər çevrilir məzarıstana,
Gülləri qan olan bir gülüstana,
Çöllərdə qaçğınlar yarpaqdan çoxdur,
İnsanın toz qədər dəyəri yoxdur,
Qalır torpağında toz da,yarpaq da,
Qaçğınsa vətəndən qalır uzaqda,
Bilinmir qayiqda insanın sayı,
Ümüd yeri bilib nəhəng dəryayı,
Çırpınan dalğalar -əcəl əlləri,
Soldürür, məhv edir qönçə gülləri,
Ölür qocalar da,körpələr də ah,
Kimlərin üstündə qalır bu günah,
Qatillər aparır ölüm oynunu,
Təkcə Türküyədir açan qoynunu,
Qovulan kəslərin sel axınına,
Bu köç axınına, el axınına.
Allah göydə təksən, güvənimiz sən,
Ancaq Türküyədir yerdə təklənən,
Bütün məzlumların dayağıdır o,
Dünyanın kişilik bayrağıdır o,
Tutubdur islamın pak ətəyindən,
Allah əsirgəmir öz köməyindən,
Birləşib yumruğa dönür bu millət,
Suvarır yağıştək şəhidlər qanı,
Türkiyə adlanan bir gülüstanı,
Şəhid qanlarının hər damlasından
Cücərib boy atır neçə qəhraman
Gördükcə nur üzlü məhmədcikləri,
Sayrışır ulduzlar-göy çiçəkləri...
Varlığı nur dolu, hər elmə arif,
Belə söyləmişdir o dahi Akif,
Bir hilal uğrunda sönur min günəş,
Yox olmur, qəlblərə dolur o atəş,
Rəşadət yaradır, qeyrət yaradır,
Düşmənin gözündə dəhşət yaradır,
Bizim düşmənlərin siyasəti bu,
Salsın ürəkləri ölüm qorxusu,
Ya da millətləri üz-üzə qoysun,
Bir qardaş əliylə qardaşı boğsun,
Əsli bir, nəsli bir qardaşlar niyə,
Bölünür şiyəyə, ya da sünniyə?

Türkoğlu, kürdoğlu qoşa çinardır,
Bunun danılmayan tarixi vardır.
Diləyim dünyada bir budur ancaq,
Qorusun bəladan qoy bizləri haqq.


TƏŞƏKKÜR

Hər insanın bəzəyidir,
Təmənnasız səmimiyyət,
İnsanlığa hörmət ilə,
Ucalmışdır bəşəriyyət.

O Borcalı diyarından,
Sən almısan hər saflığı,
Nişan verər öz zirvəsi,
Uzaqlardan uca dağı.

Qəlbin sonsuz asımandır,
Nur ələyər yerə, göyə,
Bu şerimi mən yazıram,
-Əziz Müşfiq, sağ ol, - deyə.


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
DƏDƏ MƏDƏD

DƏDƏ MƏDƏD

Poeziya, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov, Müşfiq Borçalı
Həkim RƏNA ƏLİYEVA (1953)

Həkim RƏNA ƏLİYEVA (1953)

Səhiyyə, Darvaz
AMEA nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyar ...

AMEA nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyar ...

Humanitar elmlər, Digər bölmələr
Könül Hidayətqızı: İnsanlar, ürəyimə dəyməyin!

Könül Hidayətqızı: İnsanlar, ürəyimə dəyməyin!

Poeziya, Müsabiqə
ÜMÜDVAR RƏHMANQIZI:

ÜMÜDVAR RƏHMANQIZI: "Dərdi çox olanları tanıyıram uzaqdan..."

Müsabiqə, Rusiya
Natiq Fazil oğlu: DÜNYA MƏNİM DEYİL MƏN KİMƏM AXI...

Natiq Fazil oğlu: DÜNYA MƏNİM DEYİL MƏN KİMƏM AXI...

Müsabiqə
Elm xadimləri ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib

Elm xadimləri ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib

Əsas xəbər, Elm
MSN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarə ...

MSN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarə ...

UNUTSAQ, UNUDULARIQ!....
Eldar İSMAYIL:  AZƏRBAYCAN MƏMLƏKƏTİM

Eldar İSMAYIL: AZƏRBAYCAN MƏMLƏKƏTİM

Poeziya, Qərbi Azərbaycan
Vəkil OVÇUYEVin “Şərəfli ömür” adlı şeirlər kitabı işıqüzü görüb

Vəkil OVÇUYEVin “Şərəfli ömür” adlı şeirlər kitabı işıqüzü görüb

Yeni nəşrlər, "Şərqin səsi", Darvaz, Müsabiqə
Həkim ALMAZ MUSAYEV (1955-2022)

Həkim ALMAZ MUSAYEV (1955-2022)

Sağlamlıq, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Hüseyn FAXRALI (1959): Rübailər

Hüseyn FAXRALI (1959): Rübailər

RÜBAİLƏR
Ulu öndər əsl xalq və millət, Vətən və dövlət adamı olduğunu işıqlı əməllər ...

Ulu öndər əsl xalq və millət, Vətən və dövlət adamı olduğunu işıqlı əməllər ...

Azərbaycan, "Şərqin səsi"
İlham Əliyev Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə k ...

İlham Əliyev Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə k ...

Əsas xəbər
Rövşən GƏNCƏLİ (1956):

Rövşən GƏNCƏLİ (1956): "Bil gələrsən qəzəbinə, dünyanın..."

Müsabiqə
Tanınmış həkim Səməd Çobanov vəfat edib

Tanınmış həkim Səməd Çobanov vəfat edib

Səhiyyə, Darvaz, Nekroloqlar
Həkim ETİMAD NƏBİYEV (1970)

Həkim ETİMAD NƏBİYEV (1970)

Səhiyyə, Darvaz
YUBİLEYİN MÜBARƏK, ƏZİZ QARDAŞIM, ÇOX HÖRMƏTLİ SƏMƏD HƏKİM!..

YUBİLEYİN MÜBARƏK, ƏZİZ QARDAŞIM, ÇOX HÖRMƏTLİ SƏMƏD HƏKİM!..

Səhiyyə, Bolus, Darvaz, Təbriklər
Törə Hacı Xəlilzadə (1992)

Törə Hacı Xəlilzadə (1992)

Poeziya, Müsabiqə, Borçalı, Təbriklər
XALİD QURBANOĞLU (1970)

XALİD QURBANOĞLU (1970)

Poeziya, Müsabiqə, Bolus
Rəy yazın: