İlham Əliyevdən milli-mənəvi dəyərlərin və milli varlığın qorunub saxlanılmasına növbəti dəyərli töhfə

İlham Əliyevdən milli-mənəvi dəyərlərin və milli varlığın qorunub saxlanılmasına növbəti dəyərli töhfə Dünyanın ən qədim və zəngin dillərindən biri olan Azərbaycan dili xalqımızın ana dili olmaqla bərabər, həm də ölkəmizin dövlət dilidir.

Eyni zamanda, Azərbaycan dili respublikamızda yaşayan bütün xalqların və etnosların, azsaylı xalqların da vahid ünsiyyət dili funksiyasını yerinə yetirir. Azərbaycan dili Azərbaycan xalqının ən böyük milli sərvətidir, zəngin mənəvi xəzinəsidir. Böyük demokrat ədib Cəlil Məmmədquluzadənin sözləri xalqın milli varlığının qorunub saxlanılmasında dil faktorunun rolunun və əhəmiyyətinin zəruriliyini diqqət mərkəzinə çəkir: "Dünyada hər bir kəs üçün sözdən (oxu: dildən - İ.H.) böyük yadigar yoxdur. Zira ki, mal-mülk tələf olub gedir, amma söz qalır”.


Xalqın dilinin inkişaf etdirilməsinə, zənginləşdirilməsinə göstərilən diqqət və qayğı onun milli-mənəvi varlığının qorunub saxlanılması və daha da möhkəmləndirilməsi deməkdir. Bu mənada son yarım əsrdə Azərbaycanda ardıcıl olaraq dövlət dili siyasətinin uğurla həyata keçirilməsi xalqın təkamülündə dil faktoruna verilən böyük önəmi qabarıq şəkildə nəzərə çarpdırır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci mərhələsində, konkret olaraq 1978-ci ildə, sərt sovet ideologiyası şəraitində Azərbaycan dilini ölkəmizin Konstitusiyasına dövlət dili kimi həkk etdirməsi zamanına görə əsl qəhrəmanlıq və uzaqgörənlik nümunəsidir. Həmin dövrdə Azərbaycanda ana dili - dövlət dili uğrunda mübarizə milli istiqlal mübarizəsinin ana xəttini təşkil etmişdir.

Ulu öndərin Azərbaycan Respublikasına rəhbərliyinin müstəqillik dövrünü əhatə edən ikinci mərhələsində "Dövlət dilinin tətbiqi işinin təkmilləşməsi haqqında” (18 iyun 2001-ci il), "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında”kı (9 avqust 2001-ci il) sərəncamları yeni tarixi mərhələdə dövlət dili siyasətinin miqyasını daha da genişləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2013-cü ildə imzaladığı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” dövlət dilinin birinci inkişafının proqramı kimi mühüm əhəmiyyətə malikdir. Eyni zamanda Prezident İlham Əliyevin sərəncamları ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı və xarici ölkə ədəbiyyatı nümayəndələrinin böyük tirajla nəşr edilib yayılması mühüm tarixi hadisədir.

"Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” hüquqi sənəd (13 noyabr 2013-cü il) dilçi alimlərin fəaliyyətinin koordinasiya olunmasına və səylərin birləşdirilməsinə şərait yaratmışdır. "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” verilmiş sərəncamı (17 iyul 2018-ci il) isə dövlət dilimizin xaricdəki həmvətənlərimizin və ölkəmizə maraq göstərən xarici vətəndaşların onlayn vasitələrlə öyrənmələri üçün lazımi tədbirlərin həyata keçirilməsinə meydan açmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”kı 1 noyabr 2018-ci il tarixli fərmanı müstəqil ölkəmizdə dövlət dili istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamı, həyata keçirilmiş tədbirlərin yeni bir səhifəsidir. Dövlət dilinin daha da inkişaf etdirilməsi sahəsində həyata keçirilən ardıcıl siyasət qloballaşma şəraitində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin və milli varlığının qorunub saxlanılmasına, daha da möhkəmləndirilməsinə dövlət səviyyəsində göstərilən qayğının parlaq bir nümunəsidir.
Bu, ilk növbədə özünəməxsus davamlı ənənələrə, möhkəm və dayanıqlı prinsiplərə, zəngin söz ehtiyatına malik olan Azərbaycan dilinin yad və kənar təsirlərdən qorunmasının təmin edilməsinə xidmət edən dövlət fərmanıdır. Çünki Sovetlər İttifaqı zamanı həmin ittifaq çərçivəsində nisbətən qapalı mühitdə olan Azərbaycan dili xalqımız müstəqillik qazandıqdan sonra ölkəmizin dünyaya açılması ilə əlaqədar olaraq sağdan-soldan kənar təsirlərlə üzləşməli olmuşdur.
Texniki tərəqqinin inkişafından doğan beynəlxalq miqyasda qəbul edilən yeni terminlərlə yanaşı, heç bir xüsusi ehtiyac olmadan dilimizə nüfuz edən yad kəlmələr leksikamızda özünə yol tapmaqdadır. Pis cəhət ondan ibarətdir ki, nəinki müasir gənclik, eyni zamanda bir çox hallarda təcrübəli ziyalılar, yaradıcı qüvvələr, hökumətdə təmsil olunan bəzi məmurlar və kütləvi informasiya vasitələri kənar təsirlər vasitəsilə dil mühitimizə daxil olan həmin sözlərə həssas münasibət göstərərək onları gündəlik danışıq dilinə daxil edirlər. Beləliklə, efirdən - ekrandan və sosial mühitdən Azərbaycan dilinin leksik tərkibinə dilimizin ahəng qanununa, qrammatik qaydalarına uyğun gəlməyən kənar sözlər daxil olmaq üçün münasib imkan qazanır. Təəssüf ki, belə lüzumsuz kəlmələr bəzən dərsliklərə də yol tapır, çox asanlıqla məktəb yaşlı uşaqların yaddaşında özünə yer sala bilir. Etiraf etmək lazımdır ki, hətta bəzi müəlliflər öz əsərlərində alınma sözlərdən, mürəkkəb terminologiyadan zəruri olmadan istifadə etməyi savadlılıq əlaməti hesab edirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”kı 1 noyabr 2018-ci il tarixli fərmanında haqlı olaraq "əcnəbi söz və ifadələrin yersiz işlədilməsinin az qala adi hala çevrilməsi” xüsusi olaraq diqqətə çatdırılmışdır. Halbuki Azərbaycan dilinin zənginlikləri həmin alınma sözlərin və ifadələrin dilimizdəki münasib qarşılığı olan leksik vahidlərlə işlədilməsinə tamamilə imkan verir. Belə olduğu halda yad və kənar sözlərə kütləvi marağın güclənməsi və genişlənməsi Azərbaycan dilinin saflığının qorunması üçün həyəcan təbili çalınmasına böyük zərurət yaradır.
Prezident İlham Əliyevin 9 noyabr 2015-ci ildə Milli Elmlər Akademiyasının 70 ilik yubileyindəki dərin məzmunlu nitqində həmin həyəcan siqnalı çox qabarıq şəkildə ifadə olunmuşdur: "Bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni doğrudan da narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyacı yoxdur. ...İmkan verilməməlidir ki, ana dilimizə yad kəlmələr daxil olsun. Bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur”.
Dövlət başçısını dövlət dilinə münasibətdə narahat edən məsələlərin həlli ilk növbədə Azərbaycan elm və təhsil işçilərinin, mədəniyyət xadimlərinin və ümumiyyətlə ziyalı mühitinin, bütün yaradıcı qüvvələrin, mətbuatda, radio və televiziyalarda çalışanların əsas vəzifəsinə çevrilməlidir. Doğrudur, cənab Prezidentin AMEA-nın 70 illik yubileyindəki nitqindən sonra ölkə miqyasında bu istiqamətdə bir çox işlər görülmüşdür. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin nəzdində Dil Komissiyası yaradılmış və görkəmli dilçi və ədəbiyyatçı alimlər bu komissiyada təmsil olunmuşlar. AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli AMEA Rəyasət Heyətində "Azərbaycan dilinin saflığının qorunmasının aktual məsələləri” mövzusunda məruzə ilə çıxış etmiş, mövzu ətrafında geniş müzakirələr aparılmışdır. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun bazasında akademiyanın bütün bölmələrini əhatə edən gənc alimlər və mütəxəssislər, doktorant və dissertantlar arasında "Dilimiz - milli varlığımızdır” mövzusunda müsabiqə keçirilmiş, bədii qiraət, imla, nitq mədəniyyəti üzrə ədəbi dil qaydalarına daha çox riayət edənlər mükafatlandırılmışdır.

Bundan başqa, Milli Elmlər Akademiyasında yaradılmış Orfoqrafiya Komissiyası Azərbaycan dilinin müstəqillik dövründə ilk orfoqrafiya lüğətini hazırlamaq üçün yeniləşdirilmiş orfoqrafiya qaydalarını hazırlayıb ümumxalq müzakirəsinə çıxarmışdır. Ölkə miqyasında 2017-ci ilin dekabrından 13 sentyabr 2018-ci il tarixədək 9 ay davam edən orfoqrafiya müzakirələri çoxsaylı dilçilik problemlərini diqqət mərkəzinə çıxarmış və elm adamlarını həmin problem məsələlərin həllinə səfərbər etmişdir. İctimai müzakirələr eyni zamanda ana dilinə - dövlət dilinə münasibətdə azərbaycançılıq mövqeyindən çıxış edənlərlə yanaşı, bəzi hallarda hələ də müxtəlif dillərdən alınma sözlərin müdafiəçiləri olanların da fəal mövqedə olduğunu nəzərə çarpdırmışdır.

Bununla belə, gərgin elmi müzakirələr şəraitində keçən debatlardan sonra "Azərbaycan dilinin orfoqrafiya qaydaları” təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim olunmuş, həmin qaydalar əsasında xalqımızın milli maraqlarına və dövlətçilik prinsiplərinə, ən başlıcası isə Azərbaycan dilinin qrammatik quruluşuna cavab verən yeni orfoqrafiya lüğətinin hazırlanmasına start verilmişdir. 2019-cu ilin birinci yarısında yeniləşdirilmiş orfoqrafiya lüğəti xalqımıza çatdırılacaqdır. Bundan başqa, son illərdə bir neçə sahə üzrə izahlı lüğətlərin hazırlanıb nəşr edilməsi də dilimizin ümumi mənzərəsini qorumaq, onun daxili potensialını xalqa çatdırmaq və nəticə etibarilə ana dilinin zənginliklərindən istifadə etmək üçün mükəmməl elmi baza yaratmağa xidmət edir. Heç şübhəsiz, bu qeyd olunanlar nə qədər əhəmiyyətli dilçilik faktları olsalar da, tam yetərli deyildir. Mövcud Prezident fərmanı Azərbaycan Respublikasının dövlət dilinin saflığının qorunması və işlək mexanizmlərinin təkmilləşdirilməsi baxımından qarşıya daha məsuliyyətli vəzifələr qoyur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”kı 1 noyabr 2018-ci il tarixli fərmanında "televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi” nəzərə çatdırılmışdır. Obyektiv şəkildə diqqət mərkəzinə çəkilən bu ciddi nöqsanlar həmin sahələri təmsil edənlərin özləri tərəfindən də etiraf edilir.
Lakin təəssüflər olsun ki, hələ də davam edən bu istiqamətdə təsirli tədbirlərin görülməsinə ehtiyac var. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda fəaliyyət göstərən monitorinq şöbəsində kütləvi informasiya vasitələrinin, qəzet və jurnalların dili ətrafında keçirilən müzakirələr, həmin müzakirələrdə Mətbuat Şurası üzvlərinin, ekran-efir və mətbuat nümayəndələrinin yaxından iştirakı ilkin olaraq dilçi alimlərlə mətbuat işçiləri arasında səmərəli bir dialoq yaratmışdır. Eyni zamanda bu ilin oktyabr ayında ilk dəfə olaraq müğənnilərin, ifaçılıq sənəti ilə məşğul olanların dil xətalarına həsr edilmiş müzakirələrə dair seminar da maraq doğurmuş, diqqətin problemin əsas məqamlarına yönəldilməsinə şərait yaratmışdır. Lakin mətbuat və nəşriyyatlar üzərində monitorinqi daha ardıcıl və sistemli şəkildə qurmağa, aparılan müzakirələr zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılmasına, irəli sürülən təkliflərin həyata keçirilməsinin təmin edilməsi üçün əlavə tədbirlərə ciddi ehtiyac var.
Fikrimizcə, bu baxımdan Prezident fərmanında nəzərdə tutulan Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması və qurumun işinin normal səviyyədə təşkili mətbuat və nəşriyyat işi sahəsində, reklam bazarında dil faktorlarına münasibət üzrə ardıcıl, sistemli və professional nəzarətin həyata keçirilməsi baxımından faydalı olacaqdır. Bu, bir qədər obrazlı şəkildə desək, bir sıra müstəqil dövlətlərdə tətbiq olunan "dil nazirliyi” funksiyalarını həyata keçirəcəkdir.
Prezident İlham Əliyevin imzaladığı fərmanda Monitorinq Mərkəzinin qarşısında duran əsas vəzifələr də konkret olaraq müəyyənləşdirilmişdir: dövlət dilinin tətbiqinə nəzarət etmək, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin etmək. Ümumiləşmiş şəkildə ifadə olunmuş bu vəzifələr kütləvi informasiya vasitələrinin dili üzərində nəzarəti təmin etməklə bərabər, bütövlükdə ölkəmizdə dövlət dili siyasətinin həyata keçirilməsinin məsuliyyətli və şərəfli vəzifələrinin reallaşdırılmasına geniş üfüqlər açır. Bu baxımdan yanaşdıqda hazırkı mərhələdə bir sıra mühüm vəzifələrin yerinə yetirilməsinə ehtiyac yaranmışdır.
İlk növbədə onu qeyd etmək lazımdır ki, Milli Məclisdə qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət dili haqqında” qanuna yenidən baxılmasına və zəruri düzəlişlərin aparılmasına böyük ehtiyac vardır. "İnzibati Xətalar Məcəlləsi”nə az qala Milli Məclisin hər iclasında əlavələr və düzəlişlər edildiyi halda "Dövlət dili haqqında” qanunda indiyədək heç bir yeni yanaşma faktına rast gəlinməmişdir. Fikrimcə, dil qaydalarının kobud surətdə pozulması hallarına qarşı da müəyyən təsirli tədbirlərin görülməsinə ehtiyac vardır. İkincisi isə, hesab edirəm ki, qəzet-jurnal redaksiyalarında, xüsusən nəşriyyatlarda redaktor-korrektor işini bərpa etmək lazımdır.
Bundan başqa, Azərbaycan dilinin orfoqrafiya və orfoepiya lüğətlərinin hazırlanıb ictimaiyyətə çatdırılmasını sürətləndirmək tələb olunur. Çünki dil qüsurlarının bir çoxu sözlərin yazılışı ilə deyilişi arasındakı fərqlərin nəzərə alınması ilə əlaqədardır.
Eyni zamanda, "Müasir Azərbaycan dilinin qrammatikası” adlı kitaba da ciddi ehtiyac yaranmışdır. Bu adda axırıncı çoxcildlik nəşr XX əsrin yetmişinci illərində Azərbaycan Dövlət Universitetində çalışan görkəmli alimlər tərəfindən hazırlanmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə "Müasir Azərbaycan dili” çoxcildlik nəşrinin müəllifləri olan görkəmli dilçi alimlər Dövlət mükafatı laureatı adına layiq görülmüşdülər. Bununla belə, həmin qrammatika kitabının nəşrindən keçən yarım əsrdən çox müddətdə, xüsusən ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra Azərbaycan dilinin leksik tərkibi daha da zənginləşmiş, dildə müəyyən bir milliləşmə prosesi getmişdir. Ona görə də ölkəmizin tanınmış dilçi alimlərinin cəlb olunması ilə müstəqillik mərhələsinin tələbləri əsasında müasir Azərbaycan dilinin qrammatikası yenidən yazılmalıdır. Bu, həm ali məktəblərin filologiya fakültələri üçün dərslik kimi istifadə olunmaq, həm də ümumiyyətlə dil normalarını xalqımıza çatdırmaq üçün son dərəcə əhəmiyyətli bir addım ola bilər.
Onu da qeyd etməliyəm ki, Nəsimi adına Dilçilik İnstitutunda "Müasir Azərbaycan dilinin qrammatikası” kitabının plan-prospekti hazırlanmışdır. Azərbaycan dilinin qrammatikasının bütün şöbələrini: leksika, fonetika, morfologiya və sintaksis bölmələrini əhatə edəcək bir kitabın yüksək elmi-nəzəri səviyyədə hazırlanması üçün ölkəmizin dilçi alimlərinin yaradıcılıq potensialını birləşdirmək lazımdır. Bundan başqa, Azərbaycan dilinin daxili zənginliyini, söz ehtiyatının rəngarəngliyini xalqımıza, yeni nəsillərə çatdırmaq üçün Azərbaycan dilinin sinonimlər lüğətinin hazırlanmasına da diqqət yetirməyimizə böyük ehtiyac var. Müasir elmi-texniki yeniliklərlə əlaqədar Azərbaycan dilinə daxil olan terminlər və onların dilimizdəki münasib qarşılığı olan sözlər haqqında mütəmadi olaraq mətbuat vasitəsilə xalqımıza zəruri məlumatların çatdırılması da çaşqınlığın, yersiz uydurmaların qarşısını ala bilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”kı fərmanı reklam siyasətinə də yenidən baxmağı tələb edir. Fikrimcə, müstəqil dövlətimizin yeni dil siyasətinin tələbləri baxımından "Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa da yenidən nəzər salınmalı, münasib dəyişikliklər edilməlidir. Monitorinq Mərkəzinin reklam məsələlərini diqqət mərkəzində saxlaması günümüzün ən zəruri vəzifələrindəndir. Reklam işinin təşkilinə, bütövlükdə, necə deyərlər, reklam dilinə dair elmi əsərlərin də yox dərəcəsində olması dilçi alimlərimizi düşündürməlidir.
Ümumiyyətlə, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”kı Prezident fərmanı çağırış xarakterli mühüm dövlət sənədidir. Bu fərman Azərbaycan ziyalılarını, dilçi alimləri və müəllimləri, filoloqları dövlət dilinin - ana dilinin qorunmasına və daha da inkişaf etdirilməsinə, dildən istifadənin müasir tələblər səviyyəsinə qaldırılmasına təkan verən və meydan açan konkret və aydın bir strategiyanı dolğun surətdə ifadə edir. Bütövlükdə bu, dövlət dilinin saflığının qorunmasına, daxili imkanlar hesabına zənginləşdirilməsinə, nitq mədəniyyətinin təkmilləşdirilməsinə dövlət qayğısını tam ifadə edir.

Müstəqil Azərbaycan dövlətinin ana dilinə - dövlət dilinə qayğısı azərbaycançılıq ideologiyasının daha da yetkin ifadəsinə və zənginləşdirilməsinə, ümummilli ideyalarla müstəqil dövlətçilik strategiyasının üzvi surətdə əlaqələndirilməsi yolu ilə ölkəmizdə milli şüurun və müstəqil dövlətçilik təfəkkürünün birgə və bariz surətdə səsləşməsinə işıq salır.

Mühüm siyasi-ideoloji xarakterə və ümummilli mahiyyətə, elmi-praktik əhəmiyyətə malik olan bu fərman yeni vətənpərvər nəsillərin yetişib hazırlanmasına, azərbaycançı qüvvələrin daha geniş və sistemli şəkildə formalaşdırılmasına meydan açır. İnam var ki, Azərbaycan ziyalıları, ölkəmizin humanitar sahədə çalışan dilçi alimləri, müəllimləri bu fərmandan irəli gələn ümummilli vəzifələri yüksək səviyyədə həyata keçirmək üçün bütün qüvvələrini səfərbər edəcəklər.

İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik



ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
İlkin Əsgər:

İlkin Əsgər: "Dövlət Proqramının linqvistik əhəmiyyəti"

Elmi Məqalələr, ADPU
Milli varlığımız - Azərbaycan dili

Milli varlığımız - Azərbaycan dili

Regionlar, Məktəblər, Köşə yazılar
“İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı olub

“İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı olub

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə"
AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

"Zirvə"
SEVİNC MƏMMƏDOVA:

SEVİNC MƏMMƏDOVA: "DÖVLƏTİN DİL SİYASƏTİNİN PRİORİTET MƏSƏLƏLƏRİ; DİL MƏNƏ ...

AzTU, Köşə yazılar
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq ...

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq ...

Rəsmi Xəbərlər
SDU-da “Müasir dilçiliyin aktual problemləri” mövzusunda beynəlxalq elmi ko ...

SDU-da “Müasir dilçiliyin aktual problemləri” mövzusunda beynəlxalq elmi ko ...

Sumqayıt
Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür

Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür

Digər bölmələr, Tarix
Saytların dili ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb

Saytların dili ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb

Humanitar elmlər
AMEA-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

AMEA-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

Humanitar elmlər
HƏBİB MİRZƏYEV:

HƏBİB MİRZƏYEV: "QLOBALLAŞMA ŞƏRAİTİNDƏ AZƏRBAYCAN DÖVLƏTİNİN DİL SİYASƏTİ ...

AzTU, Köşə yazılar
Nəsimi adına Dilçilik İnstitutunda “Saytların dil mənzərəsi” mövzusunda təd ...

Nəsimi adına Dilçilik İnstitutunda “Saytların dil mənzərəsi” mövzusunda təd ...

Humanitar elmlər, MEDİA
“Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda konfra ...

“Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda konfra ...

Humanitar elmlər, Mədəniyyət
Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib

Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib

Humanitar elmlər
“İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələl ...

“İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələl ...

Humanitar elmlər
Dilçilik İnstitutunun elmi hesabatı dinlənilib

Dilçilik İnstitutunun elmi hesabatı dinlənilib

Humanitar elmlər
Yeni dövrün çağırışları və elmin hədəfləri

Yeni dövrün çağırışları və elmin hədəfləri

Elm, "Zirvə"
Orta məktəb dərsliklərinin dili ilə bağlı müzakirələr aparılıb

Orta məktəb dərsliklərinin dili ilə bağlı müzakirələr aparılıb

Əsas xəbər, Humanitar elmlər, "Zirvə"
Azərbaycançılıq ideyası və milli-mənəvi inkişaf mövzusunda yeni layihənin i ...

Azərbaycançılıq ideyası və milli-mənəvi inkişaf mövzusunda yeni layihənin i ...

Azərbaycan
Qələmşah İDRİSOV:

Qələmşah İDRİSOV: "DİLİMİZİN BÖYÜK HAMİSİ"

YAP, Köşə yazılar
Rəy yazın: