TƏBRİK EDİRİK!.. Tanınmış şair Vüqar Əhməd yeni yaradılan birliyə sədr seçilib "Zirvə", Ədəbiyyat 29 октября 2016 Bu gün AMEA-nın Ədəbiyyat İnstitutunda "Elmi Şura"nın növbəti iclası keçirilib. ZiM.az xəbər verir ki, AMEA-nın vitse-prezidenti, Milli Məclisin "Elm və Təhsil" Komitəsinin sədri, Ədəbiyyat İnstitutunun direktoru, akademik, görkəmli ədəbiyyatşünas alim İsa Həbibbəylinin sədrliyi ilə keçirilən "Elmi Şura"da bir çox cari məsələlərə baxılıb.Tövsiyə olunan bir çox monoqrafiya və araşdırmaların çapı məsləhət bilinib. Eyni zamanda tanınmış ədəbiyyatşünas alim, samballı monoqrafiyar müəllifi, filologiya üzrə elmlər doktoru, professor, sevilən şair Vüqar Əhmədin "Ön söz"ü, tərtibi və izahlarla hazırladığı İran və Azərbaycanın böyük şairi M.Şəhriyarın fars "Divan"ından poetik və filoloji tərcümələrdən ibarət kitab yekdilliklə çapa məsləhət bilindi. Kitabın elmi redaktoru akademik İ.Həbibbəyli, məsləhətçi, professor T.Əhmədov, rəyçisi, böyük elmi işçi H.Mustafa Mail oğludur. İclasda həmçinin yeni qurumun yaradılması haqqında qərar qəbul olunub. İdeya müəllifi akademik İ.Həbibbəyli olan yeni qurum "Ədəbiyyatşünaslıq+bədii yaradıcılıq" birliyi adlanır. Birlik İnstitutda çalışan alimlərin bədii əsərlərinin, tərcümələrinin təbliği, çapı ilə məşğul olacaq. Birliyin ətrafında elm ocağında çalışan ədəbiyyatşünaslar toplaşacaq. Mütamadi olaraq onların nəsr və poeziya nümunələri nəşr olunacaq, bəyənilən şeirlərə nəğmələr bəstələnəcək. Akademik İsa Həbibbəyli Vüqar Əhmədin çoxşaxəli yaradıcılına dəyər verərək qeyd edib ki, mən bu vəzifəyə - Birliyin sədrliyinə Vüqar Əhmədi məsləhət bilirəm. "Filologiya elmləri doktorudur, elmdə böyük nailiyyətləri var. Nasirdir-tarixi romanları var. Gözəl şairdir, sözlərinə 100-lərlə nəğmələr bəstələnib." İsa müəllim eyni zamanda məsləhət görüb ki, elmi hesabatlarda bədii yaradıcılıq da öz əksini tapsın. Daha sonra İ.Həbibbəyli sözü Birliyə sədr təyin olunan Vüqar Əhmədə verdi. V.Əhməd yüksək etimada görə vaxtı ilə doktorluq dissertasiyasına birinci opponenti olmuş İsa müəllimə, şura üzvlərinə təşəkkürünü bildirdi. Vüqar müəllim qeyd etdi ki, İsa müəllim görkəmli alimdir, onun elm məbədimizə gəlişi canlanma yaratdı, hamımızı ruhlandırdı. Artıq hamımıza qayğı, diqqət var. Bununla da "Elmi Şura"işini başa vurdu. Biz də öz adımızdan, ZiM.Az-ın Yaradıcı heyəti adından, eləcə də çoxmilyonlu VÜQARsevərlər adından gözəl şairimizi, professorumuzu təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.