Ziyadxan Sərdar: "Taleyi yüz qollu dastan..."

Ziyadxan Sərdar: "Taleyi yüz qollu dastan..." Ziyadxan Müslüm oğlu Sərdar
1953-cü ildə Bolnisi rayonunun
Kəpənəkçi kəndində anadan olub.
1970-ci ildə Kəpənəkçi orta məktəbi,
ADU-nun kimya (1975) və
filologiya fakültələrini (1983) bitirib.
2003-2008-ci illərdə 1 saylı Kəpənəkçi
orta məktəbdə tədris hissə müdiri,
2008-ci ildən Tiflisdə Qafqaz Humanitar
Universitetində müəllim işləyib.
2007-ci ildə “Bu qanlı fələkdən şikayətim var” adlı ilk şeirlər kitabı çap olunub.
2012-ci ildə Gürcüstan dövləti tərəfindən “ŞƏRƏF” ordeni ilə təltif edilib.
Hazırda 1 saylı məktəbdə
Pedaqoji Şuranın sədridir.
Üç oğlu, dörd nəvəsi var.



GEDİR

Xalq şairi Zəlimxan Yaquba ithaf edirəm


Aman əcəl, asta çək karvanını,
Qoynunda yaralı bir İNSAN gedir.
Hələ doymayıbdı qoca dünyadan,
Həyatdan, intizar, nigaran gedir.

Yarıya çatıbdı ömrünün yaşı,
Vədəsiz yastığa əyildi başı.
Təzanə qan ağlar, saz tökər yaşı,
Söz səltənətindən bir Urfan gedir.

Çökəndə hüsnünə o zülmət, kədər,
Neçə ölkə gəzdi, neçə də şəhər.
Baxdısa dərdinə neçə təbiblər,
Tapmadı heç biri, bir dərman gedir.

Yanan ürəklərdə, közdən ayrılıb,
Duyan könüllərdən, gözdən ayrılıb.
Müqəddəs kəlamdan, sözdən ayrılıb,
Bir şirin ləhcəli xoş lisan gedir.

Fələk tutduğunu düzgünmü sanır?
Ürək nalə çəkir, can alovlanır.
Qələm kövrək-kövrək elə boylanır,
Şair ürəyimdən qara qan gedir.

Ziyadxan dediyi yaxşılar xası,
Ulu Borçalının şair balası.
Ağlayır bu köçə Türkün dünyası,
Çünki son mənzilə ZƏLİMXAN gedir.


ANALI DÜNYAM

Bir dünyam varıydı, Analı dünyam,
O zaman qazmaxlı aşım varıydı.
Bir dünyam varıydı, haytalı dünyam,
Sapandım varıydı, daşım varıydı.

Bir dünyam varıydı, Analı dünyam,
Məsləhət almağa yerim varıydı.
Ziyarət etməyə hər axşam-səhər,
Ocağım varıydı, pirim varıydı.

Hər səhər mən işə gedənə kimi,
Başıma bir ovuc duz hərləyərdi.
Dayanıb lap gözdən itənə kimi,
Xeyir-dua verib, uğur dilərdi.

Köçdü bu dünyadan Atam, Qardaşım,
Özülüm laxladı, binam titrədi.
Həmdəmim, sirdaşım, həyat yoldaşım,
Dünyadan gedəndə, dünyam titrədi.

Bütün bu dərdlərə dözdüm, yaşadım,
Təsəlli almağa Anam varıydı.
Nə qədər budansa qolum, qanadım,
Bir Ana arxalı dünyam varıydı.

Sustalıb qollarım, gücüm tükənib.
Sapandım üzülüb, daşım qalmayıb.
Fələk gözlərimə elə dağ çəkib,
Quruyub bir damla yaşım qalmayıb.


BALA


Ağzın köpüklənir, elə kükrəmə,
Seliyim üzünə dağılar, bala.
Çox da “mənəm” deyib sinənə döymə,
Yumruğum sinənə dağ olar, bala.

Qeybət aralığa tez salar talan,
Dosta inam etməz, imansız olan.
Olmasın ortada fırıldaq, yalan,
Xəyanət yalandan doğular, bala.

Gəl unutma haqqı, dini, imanı,
Yaxına buraxma şübhə, gümanı.
Yaltaqlar tərifdən bağlar ümmanı,
Cılız adam onda boğular, bala.

Qeybətkeş hərəyə bir quyruq qoşar,
Paxıl ömrü boyu həsədlə yaşar.
Doğrunun çeşməsi qaynayıb, daşar,
Əyrinin dəryası soğular, bala.

Ziyadxan taleyi yüz qollu dastan,
Həm toydan payı var, həm də ki, yasdan.
Gəl üzmə əlini mənimtək dostdan,
Səni məhv edərlər yağılar, bala.
...yağılar, bala.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: