SƏRDAR BƏDƏLOV (1947) "SAZLI-SÖZLÜ BORÇALI", Səhiyyə, Müsabiqə, Bolus 14 мая 2019 SƏRDAR BƏDƏLOV(1947) Sərdar Məhəmməd oğlu Bədəlov - 1947-ci il yanvarın 8-də qədim Borçalı mahalının Saraclı kəndində anadan olub. 1964-cü ildə kənd orta məktəbini gümüş medalla, 1971-ci ildə isə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini bitirib. İki il ordu sıralarında hərbi həkim kimi xidmət edib. Sonra Bakının Nərimanov rayonundakı 7 saylı poliklinikada sahə həkimi işləyib. 1975-ci ildə Səhiyyə Nazirliyinin sərəncamı ilə Respublika Xəstəxanasında allerqoloji kabinet yaradıldıqdan sonra, Sərdar Bədəlov fəaliyyətini burada davam etdirib. O, yeni ixtisasla əlaqədar 1976-1978-ci illərdə Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda professor A.A.Polnerin rəhbərlik etdiyi laboratoriyada işləməklə bərabər, eyni zamanda professor Katsla birlikdə respublikada xəstələrə allerqoloji xidməti təşkil edib. S.Bədəlov Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda keçirilən konfransda “Timus vəzinin allerqoloji xəstəliklərdə rolu” adlı məruzə ilə çıxış etmişdir. Bundan başqa, onun bir sıra məqalələri elmi məcmuələrdə çap olunub. O, 1981-1983-cü illərdə akademik Mirqasımov adına Respublika Xəstəxanasının poliklinikasında baş həkimin müavini, 1984-cü ildən 2000-ci ilədək qəbul şöbəsinin müdiri olub. 2000-ci ilin yanvar ayından allerqologiya şöbəsinin müdiridir. S. Bədəlov həm də istedadlı şair kimi tanınır. 1968-ci ildə “Bakı” qəzetində “Ana” şeri dərc olunan Sərdar həkimin “Son görüş olmayacaq” adlı ilk şerlər kitabı poeziyasevərlərə ərmağan olmuşdur.Müşfiq ÇOBANLI, Sevil AĞABƏYOVA.“Şərqin səsi” qəzeti, N: 35. Oktyabr, 2000-ci il.(Bax: Müşfiq Borçalı. BORCALI ENSIKLOPEDBYDSI, 4-cü cild, Borçalı həkimləri, Bakı, 2002.)SƏRDAR BƏDƏLOVAnamın əlləri(Poema-Ballada)Anamın əlləri unlu-urvalı,Yur-yumuşaq, qar kimi, xəmir kimiydi...Bərəkət hopmuşdu biləyə, ələ,Saçını yığanda, əlinin dalı,Alnı ağ olardı, yanağı lalə,Gözləri qap-qara kömür kimiydi,Xəmir qatanda!..Durardı yuxudan xoruz banında,Anamın yuxusu "çimir" kimiydi...Həyətə baş çəkib, hövləyə baxar,Baltası, dəhrəsi, odun yanında,Zərbədən kərənin kıxmığı çıxar,Əlləri közərmiş dəmir kimiydi,Odun yaranda!..Səhəri beləydi, axşamı belə,Məkanda fırlanan ömür kimiydi...Evin hər işini tək aşırardı,Dönüb, çevrilmişdi, işlək bir ələ...Otaqda, həyətdə, əl danışardı,Əlləri səs kimi, səmir kimiydi...Hamı yatanda!Bir əli körpəni açıb, bələyər,Biri xəmir qatar, unu ələyər...Bir əli sındırar, quru çırpını,Təndir alovlanar, bir göz qırpımı...Çörəyin ətrindən məst ola-ola,Uşaqlar düşərdi məktəbə yola...Mal-qara böyürür, qoyun mələyir,Sığırçı naxırı çölə teyləyir...Bir yandan acından it zingildəyir,Toyuqlar az qala "girsinlər gözə"...Qonşu qız çəpərdən boylanır bizə,Qızları soruşur, gözüsə məndə,Qızarıram, anam gülümsəyəndə...Üzünü görməzdin atamın çox vaxt,Obaşdan gedirdi, gecə gəlirdi...İndi düşünürəm, mat qalıram, mat,İşin öhdəsindən necə gəlirdi,Bu qədər uşaqla, yazıq anamız?...Otaqlar tər-təmiz... güncdə xanamız,Yanında cəhrəsi, yunları əlçim...O yanda kir-kirə daşları pərçim...Sənəyin üstündə qurşaq bəzəkli,Hörmə duz torbası, körlü-közəkli...Naxışla bəzənmiş iynə yastığı...Millərdən çıxmamış corabla bağı,Qışa hazırlayır, uşaqlar geysin...Zirzəmi... dulada oxlovla ərsin,Təknənin örtüyü dümağ qar kimi,Boçkada saxlanır toyuğun yemi...Ləmədə silinmiş qabı-qacağı,Qotazlı pərdənin... saçı-saçığı...Sandığın dalında, balta, dəhrəmiz,Divardan asılıb qonur nərhəmiz...Anbarda buğdamız çıxıb xəlbirdən,Silinib, gül ətri gəlir hər yerdən!Obaşdan yığışıb, həyət-bacamız,Səliqə sahmanlı, güllü bağçamız...Çiçəyə şeh idi alnının təri,Güllərə ətirdi... əllərin ətri!Anamın əlləri səliqə, səhman,Anamın əlləri bərəkət idi...Uşaq xəstələnsə, tumarı dərman,Sığalı ev boyda məhəbbət idi...Atamın qədrini bilərdi əli,Qonağı gələndə gülərdi əli!Süfrəni bəzəyib, silərdi əli,\Əlləri bər-bəzək, məlahətliydi...\Xətkeştək əriştə kəsərdi əli,Heç denən titrəyib, əsərdi əli!Kənddə məşhur olan qurut xəngəli,Anam bişirəndə qiyamət idi!Quru əvəliyi elə hözərdi,Sanki bənövşəni telə hörərdi...Gördüyü hər işi əla görərdi,Anamın əlləri zəmanət idi...Kündələr bir boyda, çörəyi xına,Bəhməzi bal kimi, işlərdi qana...Al-əlvan çəməndi kəsdiyi xana,Anamın əlləri təbiət idi...Bir cüt göyərçin tək uçar yuxumda,Gecə səhərəcən sığallar məni,Bir nağıl dünyası açar yuxumda,Aparar keçmişə nağıllar məni...Könüldən yox eylər dünya dərdimi,Yenə paklaşaram, saflaşaram mən...Qəmli olduğumu duyub, gördünmü,Bircə tel ayırar hörüklərindən...Başlayar laylalar, şirin laylalar,İpəyə dönərəm, nura dönərəm.Otağa dağların ətiri dolar,Küləyə dönərəm, qara dönərəm...Doğma obaların yurd yerində mən,Atılmış arxacda qərar tutaram...Çoban tütəyinin təranəsindən,Sığınıb dağlara rahat yataram...Oyadar yuxudan mal-qara səsi,Gəlinlər cığırla enər bulağa...Üzümdə anamın isti nəfəsi,Qaçım ayaqyalın şehli otlağa!Qaynar qazan kimi oba qaynayır,Cavanı cavandı, qocası qoca.Elin ağsaqqalı ərklə danlayır,Dönürəm lalədən yanan yamaca!"Bu doğma yerləri unutmaq olmaz,İldə bircə kərə qayıdın bura...Məsəl var, deyirlər tökülən dolmaz!Bivəfa çıxmayın, doğma yurdlara!...”...Hər səhər yuxudan ayılıb belə,Növbəti gecəni gözləyirəm mən...Bir cüt göyərçin tək ana əlləri,Girəcək yuxumun pəncərəsindən...Nurani qocanın, həm ağbirçəyin,Dodağı süd iyli körpə uşağın,Dəliqanlının, həm gözəl göyçəyin,Ana əlləridir gözəl dünyamız!Tanrıdan sonra, tanrımız Ana! Hər kəsin ömrünə mizan, tərəzi...Heç nəğmə çatarmı laylalarına,Dünya nəğməsidir, bəşər nəğməsi!!!Analar ölmürlər! Gündüzlər Günəş, Gecələr Ay olub, nura dönürlər...Əlində bərəkət , gözündə atəş,Doğma obalara, yurda dönərlər!...Bəzəsin süfrəni halal bərəkət,Susmasın heç zaman şirin nəğməmiz!Odur ki, birləşsin bəşər, nəhayət,Ana əllərinə heykəl qoyaq biz!Ən uca nöqtədə ucaldaq onu,Görünsün dünyanın hər bir yerindən...Qurtarsın davalar, insan qırğını,Günəş gülüş töksün kirpiklərindən!!!Bakı-Novxanı, 2002. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.