ƏZİZƏ AĞAHÜSEYNQIZI (1960)

ƏZİZƏ AĞAHÜSEYNQIZI (1960) Əzizə Ağahüseynqızı 1960-cı il apelin 20-də
Beylaqan rayonunun Dünyamallar kəndində doğulub.
Bakı Dövlət Universitetini bitirib.
Dövrü mətbuatda 1975-ci ildən çap olunur.
"Ulduz", "Azərbaycan", "Ədəbiyyat" qəzetlərində,
jurnallarda və almanaxlarda şeirləri dərc olunub.
Üç şeir kitabının müəllifidir.
Bir çox mükafat və adlarla təltif olunmuşdur.
"Qızıl qələm" media mükafatı laureatıdır.
"Dirili Qurbanı”, “Sazlı-Sözlü Borçalı” Ədəbi Məclisinin, Azərbaycan Jurnalistlər Birliyinin və
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.


ZiM.Az


ƏSGƏR OĞLUMA

Salam, yuxusu qaçan,
Səngərdə duran balam.
Mənim də yuxum qaçıb,
Arxam, dayağım, qalam.

Vətənin bir parçası,
Ürəyim, arzum, kamım,
Yanına tez gəlməyə
Hələ yoxdur imkanım.

Daha payız da düşüb,
Orda qoru özünü.
Bax, özünə yaxşı bax,
Yerə salma sözümü.

Əynindəki o əsgər
Geyimini sevmişəm,
Dilimdəki o əsgər
Deyimini sevmişəm.

Həsrətindən bilirsən,
Ürəyim dönüb telə,
Gözümü yolda qoyma,
Tez-tez evə zəng elə.

Bizdən nigaran olma,
Xidmətini yaxşı çək.
Düşmənə zərbə vurub
Ovla onları tək-tək.

Məktubumda atanın,
Bacıların salamı,
Qonşu qız təbəssümlə-
Salamlayır hamını.

Di yaxşı, gecə keçir,
Salamat qal, öpürəm.
Sərhəddə sayıq dayan,
Mən yatmağa gedirəm...


BU XALÇANI MƏNİM ANAM TOXUYUB

Naxışında min illərin yaddaşı,
Bu xalılar ocaq daşı, yurd daşı,
Qiymətini bilə bilməz hər naşı,
Toxuduqca qəlbi nəğmə oxuyub,
Bu xalçanı mənim anam toxuyub.

Çöhrəsində qızılgüllər açıbdı,
Sinəsində neçə sirlər yatıbdı,
Üzərində balam yuxu tapıbdı,
İlməsinə “sarı bülbül” oxuyub,
Bu xalçanı mənim anam toxuyub.

Ayaq açıb üzərində gəzməyin,
Əllərinin tumarını əzməyin,
Ucuz tutub ayaq alta düzməyin,
“Qarabağın şikəstə”sin oxuyub,
Bu xalçanı mənim anam toxuyub.

Ərişində, arğacında sehir var,
Butasında, ilməsində mehir var,
Ovsunladı məni də o sehrkar,
Həvəsinin dəstəsiylə toxuyub,
Bu xalçanı mənim anam toxuyub.

O yatmayıb şirin candan keçərək,
Sarı, yaşıl, abı rəngi seçərək,
İlmələri əzizləyib öpərək,
Gözlərinin qarasıyla toxuyub,
Bu xalçanı mənim anam toxuyub.

Kəbəni köcürüb kətan üstünə,
Məkkənin həsrətdi qərib üzünə,
Əlləri çatmayıb Təbriz hüsnünə,
Ürəyinin həsrətiylə toxuyub,
Bu xalçanı mənim anam toxuyub.

Bir rəssam gözüylə baxıb cahana,
Neçə xalıları yarat ay ana,
Qarabağ xalısın düzüb yan-yana,
Cənnət gülləri tək açıb, qoxuyub,
Bu xalçanı mənim anam toxuyub.


BİR ƏSGƏR GEDİRDİ ÇİYİNLƏR ÜSTƏ

Kamandı, çəkilmiş oxundan çıxıb,
Dünyanın varından, yoxundan çıxıb,
Amandı, qoymayın yuxumdan çıxıb,
Bir əsgər gedirdi çiyinlər üstə.

Qopurdu dünyanın bir qırağından,
Nur ala bilmədi öz çırağından,
Düşmənə yağdırıb od yarağından,
Bir əsgər gedirdi çiyinlər üstə.

Sarıldı əlində vuran qılınca,
Bir himə bənd idi yurdu alınca,
Ana Kür göz yaşı tökdü dalınca,
Bir əsgər gedirdi çiyinlər üstə.

Özünü alova, oda toxuyub,
Tabuta girmişdi çiçək qoxuyub,
Dağlara bir həzin nəğmə oxuyub,
Bir əsgər gedirdi çiyinlər üstə.

Seliydi, bəndləri yıxıb gedirdi,
Şimşək tək göylərdə çaxıb gedirdi,
Bulağa dönmüşdü, axıb gedirdi,
Bir əsgər gedirdi çiyinlər üstə.

Köksünü dərindən ötürmək üçün,
Dağlarda gül, çiçək bitirmək üçün,
Azad sabahları gətirmək üçün,
Bir əsgər gedirdi çiyinlər üstə.

Gedir qılıncları qurşatmaq üçün,
Göylərin dərdini boşaltmaq üçün,
Neçə min oğulu yaşatmaq üçün,
Bir əsgər gedirdi çiyinlər üstə.


A KƏNDİM

Qucağında yüyürdüyüm, qaçdığım,
Torpağına qurban olum, a kəndim.
Arx boyunca kölgə salan çinarın,
Yarpağına qurban olum, a kəndim.

Məni mənsiz soraqlayan, arayan,
Küləyiylə tellərimi, darayan,
Balasını qar, yağışdan qoruyan,
Qucağına qurban olum, a kəndim.

Aran yerim nə olsun ki, istidir,
Yaylağımız Salvartının üstüdür,
Ocağından qalxan bizim tüstüdür,
Ocağına qurban olum, a kəndim.

Əzizəyəm, nə söyləyim, de, sənə,
İnsaf versin Tanrı səndən küsənə,
Vətən boyda Vətən olan küçənə,
Bucağına qurban olum, a kəndim.


UNLUCA DOVĞASI DÜŞÜB KÖNLÜMƏ

Yenə bahar gəlib ağ varaqlara,
Xəyalım köç edir ötən çağlara,
Elə hey qoşulub mən uşaqlara,
Unluca dovğası bişirmək üçün,
Unluca yığmağa gedərdim hər gün.

Yamyaşıl talalar şehdə çiməndə,
Deyərdim, gülərdim qızlarla mən də,
O qızların çoxu düşdü kəməndə,
Bu ömür deyilən yuxuymuş demə,
Unluca dovğası düşüb könlümə.

Guya unlucaya getmişdim mən də,
Qayıdıb əliboş evə dönəndə,
Səbirli anamın səbirdanından
Danlaqlar yağardı sel tək üstümə,
Unluca dovğası düşüb könlümə.

Yenə arx döşündə bitir yarpızlar,
Yenə göy üzündə yanır ulduzlar,
Bəs siz hardasınız, yaşıdım qızlar?
Mən sözün sehriylə yaşadım, qızlar!
Siz kəməndə düşdüz, mənsə tilsimə,
Unluca dovğası düşüb könlümə.

Oxucum, düşünmə dovğa acıyam,
Torpaq həsrətlisi, yurd möhtacıyam.
Hər yazıdan qabaq bir ağ varaq var,
Unlucadan qabaq unlucanı da,
Yetirən, bitirən ana torpaq var.

Yoxsa dovğa nədi, unluca nədi?
Unluca özü də bir bəhanədi.
Unluca özü də məni yetirən,
Unluca özü də məni bitirən,
Düşmən tapdağında qalan yurdumdan,
Düşmən tapdağında solan yurdumdan,
Ana torpağımdan bir nişanədi.


GECƏM GÖZLƏRİMDƏN ASILI QALIB

Nədir həsrət qoyan məni yuxuya,
Gecəm gözlərimdən asılı qalıb.
Hissimi, duyğumu xeyrə toxuya,
Gecəm gözlərimdən asılı qalıb.

Hanadı, arğacı qəmdi, kədərdi,
Toxuya bilmirəm, vaxtım hədərdi,
Qəlbimin qüssəsi dünya qədərdi,
Gecəm gözlərimdən asılı qalıb.

Xalları, gülləri var axın-axın,
Rəssam tablosuna bənzəyir, baxın!
Dünyanın min rəngi sevgimə yaxın,
Gecəm gözlərimdən asılı qalıb.

Bir layla demir ki, başımı qatam,
Yuxusuz qələmdə nə ləzzət, nə tam?!
Nə dərdli anadır, qoymayır yatam,
Gecəm gözlərimdən asılı qalıb.

Keçmir nə saatı, nə də bir anı,
Görünmür Zöhrəsi, ağarmır Danı,
Tutub saxlayıbdı gedən zamanı,
Gecəm gözlərimdən asılı qalıb.


MƏN ŞEİR YAZANDA XOŞBƏXT OLURAM

Duyğular könlümün həmdəmi olur,
Mən şeir yazanda xoşbəxt oluram.
Payız buludutək ürəyim dolur,
Mən şeir yazanda xoşbəxt oluram.

Bir gülü, çiçəyi sevgisiz dərməm,
Könlüm çağırmasa sevdaya gəlməm,
Xoşbəxtlik nə ilə ölçülür, bilməm,
Mən şeir yazanda xoşbəxt oluram.

Bilmirəm sevgidən, ya nədən gəlir,
Elə müqəddəsdir səmadan gəlir,
Tanrı dərgahından xanadan gəlir,
Mən şeir yazanda xoşbəxt oluram.

Yazmasam diricə ölüyəm, bilin,
Sözün xəstəsiyəm, dəliyəm, bilin,
Sözə yaramasam ikiyə bölün,
Mən şeir yazanda xoşbəxt oluram.


ŞAİRLƏR YATAMMAZ DƏRDİN ƏLİNDƏN

Qəlbi ehtiyacdan alışar, yanar,
Özünü dünyanın varlısı sanar,
İçində çəkdiyin çölündən danar,
Şairlər yatammaz dərdin əlindən.

Fikrində hey çözər dünyanın qəmin,
Özündən başqası silməz göz nəmin,
Gəlib qəhrəmanı olub nəğməmin,
Şairlər yatammaz dərdin əlindən.

Qələmi silahdı, sözü səngəri,
Sevməz inadından dönən kəsləri,
Yatar qəhrəmanı, yatar əsgəri,
Şairlər yatammaz dərdin əlindən.

Kimi tərəzidə aldadar, çəkər,
Kimi quyu qazıb ayaqdan çəkər,
Şairlər dünyanın dərdini çəkər,
Şairlər yatammaz dərdin əlindən.

Zümzümə oxuyan bulaqlar susar,
Könlün fəryadından şeirim qan qusar,
Baxıb taleyinə inciyər, küsər,
Şairlər yatammaz dərdin əlindən.

Tanrı dərgahında diz üstə çökdüm,
Ağ vərəq üstünə dərdimi tökdüm,
Əzizəyəm, danı gözümlə sökdüm,
Yatmadım, oyağam gecə yarısı,
Şairlər yatammaz dərdin əlindən.


SÖZ

Başıma dolanıb pərvanə kimi,
Ağlımı başımdan alırsan, ay söz.
Sinəmdə çırpınan odlu qəlbimi
Alıb əllərində çalırsan, ay söz.

Bir anda ruhumu uçurdub göyə,
Hecalar, misralar söz yeyə-yeyə,
Bu fani dünyada yaşayım deyə,
Mənimlə baş-başa qalırsan, ay söz.

Könlüm kürrəsinə sən necə düşdün?
Tanrı dərgahından ruhuma uçdun,
Sinəmdə közərdin, sinəmdə bişdin,
Dilimin ucunda yanırsan, ay söz.

Uçub getsən əgər ürək dağımsan,
Sehirli bir aləm, qəmli çağımsan,
Doğmasan, hamıdan mənə yaxınsan,
Qəlbimin evində qalırsan, ay söz.

Sinəmə çırpılan dalğasan, nəsən?
Qeybdən ruhuma qonan nəğməsən,
Bəlkə söyləyəsən, hardan gəlmisən?
Bəlkə biyabanda bir tütək səsi,
Bəlkə də çiynimə qonan mələksən?


BİRİ MƏHƏBBƏTDİ, BİRİ SEVGİDİ

Bir ucu doğrudu, bir ucu yalan,
Könlümün evində yaşayan, qalan,
Ruhumu oxşayan, qəlbimə dolan,
Gül-çiçək ətirli zəmim, talam var,
Biri məhəbbətdi, biri sevgidi...

Başıma ələnən qarımdan iraq,
Yolumda pusquda sarımdan iraq,
Bir ömür sevdiyim yarımdan iraq,
Duyğumdan, hissimdən doğan balam var,
Biri məhəbbətdi, biri sevgidi...

Verdiyi əhdindən, sözündən dönməz,
Min il bundan belə yansa da sönməz,
Xaqana baş əyməz, padşaha enməz,
Uçulmaz, sökülməz qəsrim, qalam var,
Biri məhəbbətdi, biri sevgidi...

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: