Dilarə ŞAHİDQIZI: BORÇALI (Müşfiq Mədədoğluna)

Dilarə ŞAHİDQIZI: BORÇALI (Müşfiq Mədədoğluna)
Mənim ilk şeirlərimin çapında böyük əməyi olan,
gənc yazarlara böyük və əvəzsiz xidmətlərini
heç zaman unutmadığım, əziz qələm dostum
Müşfiq Çobanlının “Ağır elli Borçalı” kitabını
oxuduqdan sonra bu şeir yarandı.


Yayılıb hər yana səsin-sorağın,
Gəzəydim qoynunda sənin, Borçalı.
Ətirli gülünü öz əllərimlə
Üzəydim qoynunda sənin, Borçalı.

Axır gözlərindən yaşı bulağın,
Bilinməz neçədi yaşı bulağın,
Günəşdən rəng alır daşı bulağın,
Gəzəydim qoynunda sənin, Borçalı.

Gözəldir bu elin yaşıl meşəsi,
Ucalır göylərə quşların səsi,
Laçın oylağıdır sərin guşəsi,
Gəzəydim qoynunda sənin, Borçalı.

Gözəl mənzərəni seçə biləydim,
Bu eldən o elə köçə biləydim,
Şəfalı suyundan içə biləydim,
Gəzəydim qoynunda sənin, Borçalı.

Göyün üzündəki qara buludlar,
Vurubdur qəlbimə yara buludlar,
Kədərlə dağılır hara buludlar,
Gəzəydim qoynunda sənin, Borçalı.

Başını qar alıb uca dağların,
Meyvəsi bol olur yaşıl bağların,
Nə gözəl görünür axşam çağların,
Gəzəydim qoynunda sənin, Borçalı.

Dilarə ŞAHİDQIZI,
“Qızıl Qələm” və “Abdulla Şaiq”
mükafatları laureatı,
Nəğməkar şairə.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: