Mətbuat Şurası “Gürcüstan” qəzetinin redaktorunu təltif edib "Gürcüstan", MEDİA 2 июня 2017 Azərbaycan Mətbuat Şurası “Gürcüstan” qəzetinin redaktoru İslam Əliyevi 70 illik yubileyi münasibəti ilə fəxri diplomla təltif edib, ona təbrik məktubu ünvanlayıb.Təbrik məktubunda bildirilir ki, 100 yaşına doğru inamla addımlamaqda olan “Gürcüstan” qəzeti Azərbaycan və Gürcüstan arasında müxtəlif sahələri əhatə edən əlaqələrin dərinləşməsində, yeni çalarlarla zənginləşməsində müstəsna rola və ənənələrə malik mətbuat orqanıdır. Müxtəlif dövrlərdə qəzetin dəst-xəttinin qorunmasına ehtiyac duyulub və Uca Tanrının qismətidir ki, belə bir çətin missiyanı üzərinə götürən soydaşlarımız olub. “Bəli, bizlər 70 illik yubileyini qeyd edən İslam Əliyevin timsalında “Gürcüstan” qəzetinin ənənələrə sadiqlik ruhuna kökləndiyini qətiyyətlə vurğulaya bilərik. İslam Əliyev şərəfli ömür yolu keçmiş gözəl ziyalı, istedadlı qələm sahibi, bütün varlığını jurnalistikaya bağlamış dəyərli həmkarımızdır. O, 1970-ci ildə Tiflis Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirdikdən sonra “Gürcüstanı” qəzetinə (o zamankı “Sovet Gürcüstanı”) korrektor kimi işə qəbul edilib. Nəşrdə şöbə müdiri və məsul katib vəzifələrində çalışıb. 1990-2015-ci illərdə həmin qəzetin redaktor müavini olub. Paralel olaraq 2004-2014-cü illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTac) Gürcüstan üzrə xüsusi müxbiri kimi fəaliyyət göstərib”, deyə vurğulanıb.Təbrik məktubunda həmçinin bildirilib ki, zəngin yaradıcılıq yolu keçmiş yubilyar həmkarımız 2015-ci ildən “Gürcüstan” qəzetinin redaktorudur. O, jurnalistika sahəsindəki səmərəli fəaliyyətinə görə Gürcüstanın "Şərəf” medalı ilə mükafatlandırılıb. Eyni zamanda SSRİ Jurnalistlər İttifaqının Fəxri diplomuna layiq görülüb. İ.Əliyevin hekayə və publisistik yazıları Gürcüstan və Azərbaycan mətbuatında dərc edilib: “Azərbaycan Mətbuat Şurası İslam Əliyevi 70 illik yubileyi münasibəti ilə özünün fəxri diplomu ilə təltif edir, ona səmimi təbriklərini, arzu və istəklərini çatdırmaqdan məmnunluq duyur. Qurum əmindir ki, yubilyar jurnalistin qarşıdakı fəaliyyəti də peşəyə sədaqət ruhuna köklənəcəkdir. Bu faydalı yolda İslam Əliyevə möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları diləyirik”.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.