NURÜZLÜ ŞƏHİDİMİZ NURLAN AĞAKİŞİYEV "Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!.... 16 февраля 2022 Dahilərdən biri nə vaxtsa söyləmişdir: “Hansı ad altında başlamasından asılı olmayaraq, son nəticədə müharibə sadəcə insan tələfatıdır." Müharibə! Bu dəhşəti sözün nə demək olduğunu orta və yaşlı nəsil çox gözəl bilir, lakin gənc nəsil bunu filimlərdə gördükləri üçün, bəlkə də müharibənin nə demək olduğunu, nə kimi dəhşətlər törədə biləcəyini o qədər də dərk etmirdilər. Lakin, Azərbaycanın üstünü qara buludlar alanda yüzlərlə gənc qorxu bilmədən istər könüllü, istərsə də çağırışla Milli Ordumuzun əsgərləri ilə bir sırada Vətənin müdafiəsi üçün döyüşə getdilər. Hətta el arasınada deyildiyi kimi “əl boyda uşaqlar da müharibəyə getdilər”. I Qarabağ müharibəsinin qazisi Ağakişiyev Etibarın Mehdiabad qəsəbəsində yaşayan qonşusu Paşayev Ələmdar Mikayıl oğlu məndən xahiş etdi ki, şəhidimiz Nurlan haqqında bir yazı yazım. Mən sözsüz ki, bunu ürəkdən etdim. Mən klassik irsimizin ədəbiyyat nümayəndələrinin həyat və yaradıcılıqlarının araşdırılması ilə məşğul olan jurnalist olsam da, 44 günlük müharibənin zəfərlə bitməsi, mənim bütün araşdırmalarımdan uzaqlaşaraq, yaradıcılığımı şəhid və qazilərimizin döyüş yoluna həsr etməyimə ürəyim qərar verdi. Bu səbəbdən də digər şəhid və qazilərimizlə bərabər, nurüzlü Nurlanımızın da haqqında yazmaq mənim üçün nəinki şərəf idi, bu mənim bir vətəndaş, jurnalist, ən əsası isə ana olaraq borcum idi. Mən bu işimlə hətta fəxr edirəm. Çünki, biz hamımız şəhid və qazilərimizə borcluyuq. 2020-ci il yaman başlamışdı. Tovuzda düşmənin törətdiyi təxribatlar, terror hadisələri, general Polad Həşimovun və digər hərbçi qulluqçularımızın şəhid olması hər bir azərbaycanlını hiddətləndirmişdi. Hər kəs intiqam hissi ilə alışıb, yanırdı. Bu terror hadisələri müharibənin başlanmasına rəvac verdi.Otuz il torpaqlarımızı işğal altında saxlayan düşmənin cavabını layiqincə verməyin vaxtı idi. Zaman yetişmişdi. I Qarabağ müharibəsində Azərbaycanın mühafizəkar qəhrəman, igid oğullarının yarımçıq qalmış işlərini gənc nəsil yenilədi. Və bu nəsil dünyada misli gürünməyən dəhşətli bir müharibəni 44 günə tamamlayaraq, xalqımıza zəfər gününü yaşatdılar. Belə igid oğullarımız on deyil, yüz deyil minlərlə idi. Bu igidlərin sırasında 18 yaşı yenicə tamam olmuş onlarla cəsarətli, qorxmaz, hünərvər oğullarımız da döyüşə getdi. Yeniyetmə gənclərdən kimisi Vətənə xidməti borcunu ödəmək üçün, kimisi də könüllü gedənlərdən idi. Bu gün biz o igid oğullarımızdan birini də sizlərə tanıtmaq istəyirik. Doğrudur, şəhidlərimizi bütün Azərbaycan tanısa da, biz gələcək nəsillər üçün bunu bir daha xatırlatladaq. Vətənə olan xidməti borcunu ödəməyə gedənlərdən biri də yaraşıqlı, nurüzlü şəhidimiz Nurlan Etibar oğlu Ağakişiyevdir. Adı qədər sevimli, mehriban Nurlan onu tanıyanların qəlbində buraxdığı dərin iz yeri hələ də göynəyir. I Qarabağ müharibəsinin dəhşətlərini görmüş atası Etibar Ağakişiyev, oğlu Nurlanı əsgərliyə yola salanda bəlkə də ürəyində çox şeylər haqqında götür-qoy etmiş, bəlkə də bir valideyn kimi müharibə olarsa oğlunun şəhid ola biləcəyini də düşünmüş, lakin bunu dilinə gətirməyə ürək etməmişdi. Ölkədə baş verən siyasi prosseslər hamı kimi onu da narahat etməyə bilməzdi, o bunları büruzə verməməyə çalışırdı. Etibar bəy Vətən yolunda fiziki sağlamlığını itirsə də bu gün igid oğlu ilə qürur duyur, şəhidlik zirvəsinə ucalan oğlunun atasına başucalığı gətirdiyini söyləyir. Şəhidimizin anası Pərvanə xanım isə bəlkə heç ağlına belə gətirməzdi ki, iki bacının tək qardaşı olan, on səkkiz yaşı yenicə tamam olmuş oğlu iki aydan sonra şəhidlik zirvəsinə ucalacaqdır. Pərvanə xanım Nurlan haqqında “yemək bişirməyə marağı var idi, atası razı olmadığı üçün fikrini polis olmağa yönəltmişdi. Deyirdi ki, əsgərliyimi çəkib gələndən sonra polis olacağam“ - söylədikdə səsi titrədi. Axı bir ana üçün balası haqqında keçmiş zamanda danışmaq elə də asan deyildi. Mən göz yaşlarıma boğulmuşdum. Pərvanə xanım söhbətinə davam edir “Nurlan ölümdən qorxmayırdı. O əsgərlikdə olanda biz telefonla əlaqə saxladıq, çox rahat, sərbəst danışırdı. Sanki, çoxdan idi hərbi xidmətdəydi” dedi. Mən bu yazını hazırlayarkən şəhidimizin atası Etibar bəydən Nurlan haqqında bir az məlumat almaq istədim. O mənə “Daha yaxşısını anası bilir. Anası indi Kərbəla ziyarətindədir, qayıdıb gəlsin sizə dəqiq məlumatları o verər” - dedikdə, mən bir daha bu ailənin saflığını, Allaha çox bağlılığını gördüm və düşündüm ki, imanlı bir ailədə böyümüş Nurlanın ən uca zirvəyə yüksəlməsində bəlkə də bu inamınmı, imanınmı deyim təsiri olmuşdu. Axı Allah şəhidliyi hər kəsin qismətinə yazmır. Onlarla şəhid və qazi ailələri ilə söhbətim də bunun şahidi olmuşam ki, müharibədə döyüşən hər kəs şəhid olmağı arzu edirmiş. Lakin, doğrudan da şəhidlik hər kəsə nəsib olmur, hətta deyirlər ki, şəhidlər Allah tərəfindən seçilmişlərə qismət olur. Bu sözdə nə qədər həqiqət var bilmirəm, amma eşitdiklərimin düşündüklərimlə üst-üstə düşdüyünü gördükdə inanmaya bilmirsən. Pərvanə xanım bircə oğlunun şəhidlik zirvəsinə ucalmağından qürur duysa da ana ürəyi od tutub yanırdı. Çünki, övlad itkisi heç bir itkiyə bərabər olacaq ağrı deyildir. Mən bu ailədə olan vəziyyəti, Nurlansız günləri qələmə alarkən, göz yaşlarımla şəhidimizin anasının dilindən bir şeir yazdım: Neçə-neçə arzularım puç oldu,Qəlbim yandı, külə döndü heç oldu.Qayıtmadın, illər keçdi, gec oldu,Daha bir də səni çətin görərəm.Sən gedəni hey baxıram yoluna,Həsrət qaldım nişanına, toyuna. Bir dönsəydin, sarılardım boynuna,Daha bir də səni çətin görərəm.Ayrılığa niyə belə tələsdin?Mehə dönüb gizli-gizli hey əsdin.Ümidimi, gümanımı tez kəsdin,Daha bir də səni çətin görərəm.Gecəm itdi, dündüzlərim qaraldı,Dağ başını duman tutdu, qar aldı.Nurlan adlı çiçəklərim saraldı,Daha bir də səni çətin görərəm.Köz tutmayır, elə yanır ürəyim,Sən idin təsəllim, səndin gərəyim.Mənim nakam qalan arzum, diləyim,Daha bir də səni çətin görərəm.Nə bir gələnim var, nə bir gedənim,Evi viran qalsın bunu edənin.Axı ölən vaxtın deyildi sənin,Daha bir də səni çətin görərəm.Nurlanım, nurüzlü, mehriban balam.Gör necə uçuldu sarayım, qalam.Sənsiz bu dünyada mən necə qalam?Daha bir də səni çətin görərəm.Nurlan əsgəri xidmətə gedəndə iki ay idi ki, 18 yaşı tamam olmuşdu. O əsgəri xidmətə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi-hissəsində Quru Qoşunlarının tərkibində başladı və 27 sentyabr 2020-ci ildə başlanan müharibənin ilk iştirakçılarından biri oldu və döyüşlərin başladığından bir gün sonra, yəni 28 sentyabr 2020-ci ildə Ağdam istiqamətində gedən ağır döyüşlərdə şəhid oldu. İstər I Qarabağ, istərsə də II Vətən müharibəsində iştirak edən əsgər və zabitlərimiz çox gözəl bilirlər ki, müharibənin ilk günü, hər iki tərəfdən olunan ilk həmlələr, hücumlar çox ağır və dəhşətli olur. Şəhidimizin atası Etibar bəy də bunu çox gözəl bilirdi. Kim bilir, bəlkə də Nurlan təcrübəsiz bir gənc olduğundan, düşməndən qisas almaq üçün, intiqam hissi ilə çılğınlıqla özünü müdafiə etmədən irəli atılmış və düşmənin gülləsinə tuş gəlmişdir. Həyatın dadını doyunca dadmayan Nurlan, bir anın içində cənnətin sakini oldu. O, Vətən qarşısında öz vəzifə borcunu, vətəndaşlıq borcunu canı ilə şəhid olaraq ödədi. Nurlan kimi oğullarımızı tanıtmaqda məqsədimiz odur ki, gələcək nəsillər Vətəni, torpağı sevməyin yaşı olmadığını görsünlər. Şəhidimiz Nurlan Ağakişiyevi bir qədər yaxından tanıyaq:Nurlan Etibar oğlu Ağakişiyev, 22 iyul 2002-ci ildə Sumqayıtda dünyaya göz açmışdır. O, Mehdiabad qəsəbəsindəki 3 saylı tam orta məktəbin 9-cu sinfini bitirərək, 2017-2019-cu illərdə “Bakı İdarəetmə və Texnologiyalar” kollecində təhsilini davam etdirmişdir. Kiçik yaşlarından idmana böyük həvəs göstərirdi. Bu həvəslə o idmanın bir neçə növü ilə məşğul olurdu. Bir neçə il kikboksinq, cüdo və sərbəst güləşlə məşğul olsa da, futbolu da çox sevirdi. Çox maraqlı idi ki, onun idmanın bu qədər növləri ilə məşğul olmasına baxmayaraq, qeyd etdiyimiz kimi tam fərqli bir peşəyə, aşbazlıq peşəsinə də böyük marağı var idi. Nurlan dostları ilə, eləcə də ailəsində çox mehriban və zarafatcıl idi. Hərbçi peşəsinə yiyələnməsə də bu peşəni sevirdi. Bəlkə də bu sevgi ona I Qarabağ döyüşlərində iştirak etmiş və II dərəcəli Qarabağ əlili və qazisi olan atası Etibar Ağakişiyevdən keçmişdir. Axı müharibə görmüş, hətta bir ayağını Vətən uğrunda döyüşlərdə itirən bir insan, sözsüz ki, evdə hər zaman keçdiyi çətin döyüş yolundan söhbət açır, müharibənin çətinliklərindən danışmış olur. Təbii ki, Nurlan da bu söhbətlərdən özünə müəyyən fikirləri aşılayıbmış. Nurüzlü şəhidimiz kolleci bitirib heç əmək fəaliyyətinə başlamadan kişilik məktəbinə yollandı. Hələ 2010-cu ildə Azərbaycanın əfsanəvi Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günündə, atası Etibar bəy, balaca Nurlanı da özü ilə Mübarizin atası ilə görüşə aparmışdır. Təbii ki, kiçik yaşlı Nurlan orada olan söhbətləri eşitmiş, qəhrəman olmağın nə demək olduğunu bəlkə də orada daha yaxşı anlamışdır. Anasının dediyinə görə o vaxt Nurlan 7-8 yaşında idi. Oradan gələndən sonra deyirmiş ki, mən də Mübariz kimi şəhid olacam. Dedi və oldu.Nurlanın keçdiyi döyüş yolu qısa olsa da, o, hər bir Azərbaycan vətəndaşının yaddaşında yaraşıqlı, nurlu çöhrəsi ilə iz qoya bildi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Nurlan Etibar oğlu Ağakişiyev “Vətən uğrunda” və 24.06.2021-ci il tarixli sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. II Fəxri Xiyabanda dəfn edilən yüzlərlə şəhidlərimizlə bir sırada uyuyan Nurlanın da məzarı gələnlərin ziyarət yerinə çevrilmişdir. Biz bütün şəhidlərimizi ehtiramla yad edir, hər birinin qarşısında baş əyirik. Nə qədər Azərbaycan var, Vətən var, şəhidlərimiz unudulmayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! PƏRİXANIM MİKAYILQIZI“Elm və Təhsil” qəzetinin baş redaktoru,AJB-nin üzvü, Dövlət qulluğunn baş müşaviri,F.b.Köçərlinin araşdırmaçısı, “Xarı Bülbül” medalı və bir çox media mükafatları laueratıZiM.AZ. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.