BİZ VƏTƏN UĞRUNDA ŞƏHİD OLMUŞUQ! "Elm və Təhsil", "Mən Şirvanın səsiyəm", UNUTSAQ, UNUDULARIQ!.... 30 января 2022 Tarixin yaddaşında qalaraq tarixləşən igidlərimiz, zamanında canları bahasına yazdıqları dastanları ilə yaddaşlara köçür, nəsildən-nəsilə ötürülərək əfsanəvi qəhrəmanlara dönürlər. Bu qəhrəmanlar istər qazi olsun, istərsə şəhid və yaxud müharibə iştirakçısı olsun, fərq etməz, onların döyüş vaxtı keçdikləri həyat yolu hər biri ayrı-ayrılıqda bir qəhrəmanlıq hekayəsidir. Vətən, torpaq, yurd namus deməkdir. Namus üçün isə şəhid olmaq fəxrdir. Bu bizim milli mentalitetimizdə, qanımızda olan və bizimlə birlikdə doğulub və ölənədək bizimlə yaşayan xüsusiyyətimiz, dəyərimizdir. Azərbaycanın hərb tarixində zaman-zaman elə qəhrəmanlar olmuşdur ki, əsrlərdən üzü bəri xatırlanaraq, göstərdikləri şücaətləri ilə dillər əzbərinə çevrilmişdirlər. Çünki, tarix heç nəyi unutmur, heç nəyi yaddan çıxartmır.Əzəli torpağımız olan Qarabağ, illər idi ki, düşmən tapdağında inləyir, Vətən oğullarından kömək diləyirdi. 1990-cı ildən mənfur qonşularımız olan ermənilər tərəfindən başlanan “elan olunmayan müharibə” neçə-neçə evlərin çırağını söndürdü, yüzlərlə igid oğlanlarımızın canını aldı, körpələri atasız, anaları oğulsuz, sevənləri nakam qoydu. Torpağa can fəda edən igidlərimizin hər biri şəhidliyin ən uca məqamına yüksəlsələr də, ürəklərdə açdıqları yaraları qaysaq tutsa da amma o yaraların izi silinmədi, getmədi. 30 il düşmən işğalında olan torpaqlarımızın uğrunda döyüşə atılan igid oğullarımız, düşmən təxribatı nəticəsində ya əsir götürülür və ya şəhid olurdu. Bunu bilərək, döyüşə könüllü yollanan gənclər ilk növbədə şəhid olmaq arzusunu qürurla dilə gətirirdilər və “biz şəhid olsaq da biləcəyik ki, torpağımız uğrunda şəhid oluruq” deyirdilər. Bu gün həmin gənclərin söylədiklərindən bu nəticəni çıxarmaq olur: “Biz Vətən uğrunda şəhid olmuşuq”. Bu söz artıq Azərbaycan gənclərinin devizinə çevrilmişdir. İllərdir ki, düşmənin törətdiyi təxribatlara səbrlə dözən Azərbaycan xalqı, nəhayət ki, öz haqq sözünü dedi və düşmənin törətdiyi növbəti terror əməllərinə nizami Milli Ordumuzun bu dəfə cavabı çox sərt oldu. 2020-ci ilin 27 sentyabrında başlanan və düşmənə qarşılıq cavabı verən Milli Ordumuzun əsgər və zabitləri, eləcə də könüllü döyüşçüləri otuz il işğalda qalan dədə-baba torpaqlarımızı qirx dörd(44) gün ərzində azad etdilər. II Vətən müharibəsi adlanan bu müharibədə də I Qarabağ döyüşlərində olduğu kimi yüzlərlə oğullarımız şəhid oldular. Bu igidlər atalarının və babalarının qisasını alaraq, onların başa çatdırılmayan, yarımçıq qalmış işlərini tamamlamağı bacardılar. Bu gün söhbət açacağımız igidimiz I Qarabağ döyüşlərinə qoşulan və canını göz qırpmadan Vətənə fəda edən Natiq Yavər oğlu Abdullayev haqqında olacaqdır.Qarabağ müharibəsi başlananda Azərbaycan Sovetlər Birliyi adlanan (Sovet Sosialist Respublikalar İttifaqı)imperiyanın tərkibindən yenicə ayrılmışdı. Müstəqilliyinə yeni qədəm qoyan ölkədə artıq hərc-mərclik başlamışdı. Bundan istifadə edən erməni quldur dəstələri böyük qardaşlarının köməyinə arxalanaraq, Qarabağda olan rayonlarımızı bir-birinin ardından işğal etməyə başladılar. Milli Ordumuzun hələ formalaşmadığı, silah-sursatın demək olar ki, yox dərəcəsində olduğu bir vaxtda, iqtisadi böhranın törətdiyi çətinliklərdən qorxmayaraq, ölkənin düşməndən müdafiə olunması üçün yüzlərlə oğullar ayağa qalxdılar. Bu oğullar Azərbaycanın, hətta dünyanın müxtəlif şəhərlərində yaşasalar da, Vətən torpaqlarını düşməndən azad etmək üçün könüllü olaraq hərbi komissarlıqlara müraciət edir, Vətənə dönərək döyüşə getmək istədiklərini bildirirdilər. Minlərlə könüllülər Qarabağa axın edirdi. Artıq Vətənin müdafiəsi üçün könüllülərdən ibarət bir neçə batalyonlar yaradılmışdı ki, bu batalyonlar nəyin bahasına olursa olsun, düşmənin cavabını verməyə hazır idilər. İgidlərimizin göstərdiyi şücaətlər dillər əzbərinə çevrilmiş, yaddaşlardan çıxmayıbdır, bu gün də onların qəhrəmanlıqlarından danışılmaqdadır. Belə igid oğullarımızdan biri də I Qarabağ müharibəsinin şəhidi Abdullayev Natiq Yavər oğlu olmuşdur. Sadə bir ailədə böyüyən, sadə xasiyyətli bir gənc olan Natiq, Vətən eşqi ilə alışıb, yanırdı. Gələcək nəsillərimizə Natiq Abdullayevi tanıtmaq üçün elə onun sadə həyat yoluna nəzər salmağı mənəvi borcumuz hesab edirəm. Abdullayev Natiq 1970-ci ilin dekabr ayının 23-də Azərbaycanın dilbər güşələrindən biri olan İsmayıllıda dünyaya göz açmış, 1977-ci ildə İsmayıllıdakı 3 saylı orta məktəbə daxil olmuş və 1988-ci ildə həmin məktəbdə təhsilini başa vurmuşdur. Natiq, məktəbi bitirdiyi vaxtda Qarabağda ermənilər artıq qarşıdurmalar yaratmış, mitinqlər, nümayişlər edirdilər. Həmin ərəfələrdə Natiq Uzaq Şərqə hərbi xidmətə yollanır və 1990-cı ildə xidmətini başa vurub Vətənə qayıdır. Ölkədə siyasi vəziyyət ürəkaçan deyildi. Natiq ölkədə gedən siyasi prosesslərlə maraqlanır, Qarabağda baş verənlərə biganə qala bilmirdi. Vəziyyət getdikcə kəskinləşirdi. Bütün döyüşmək istəyən gənclər kimi o da hər an Vətənin müdafiəsinə hazır idi. Bir tərəfdən də “20 Yanvar faciəsi” və bir tərəfdən də “Xocalı soyqırımı” Natiqin qüruruna toxunmuş, bütün rahatlığını əlindən almışdı. O da bir çox gənclər kimi könüllü olaraq Qarabağa, döyüşə getməyə qərar verir. Hərbi komissarlığa müraciət edən Natiq, 1994-cü ilin 14 fevral tarixində Qarabağa yola düşür. O, ilk döyüşə Füzulinin işğaldan azad edilməsi uğrundakı döyüşlərdən başladı və elə 1994-cü ilin 16 aprel tarixində Füzulinin Şükürbəyli kəndi uğrunda gedən döyüşlərdə də şəhid oldu. Natiqin yüksək döyüş qabiliyyəti var idi. Onun idmançı olmağı bir çox ağır döyüşlərdən uğurla çıxmasına köməyi olmuşdur. Natiq Vətən təəssübü çəkən qeyrətli oğullarımızdan idi. O gözlərinin qarşısında şəhid olan dostlarının ölümü ilə barışmırdı və nankor düşmənə sonsuz nifrətini gizlətmirdi. Natiqin həm fiziki sağlamlığı, həm də döyüş bacarığı onu dostlarının yanında başı uca etmişdir. Natiqin döyüş yolu qısa olsa da, o döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlməyi bacarırdı. Natiq elə kiçik yaşlarından istər məktəbdə keçirilən hərbi yarışlarda, istərsə də yaşıdları arasında bacarığı ilə fərqlənirdi. Onun döyüşdüyü hərbi birləşmədə onlarla igid oğullarımız qəhrəmanlıqlar göstərərək, düşmənə layiq olduğu cavabı verirdilər. O da döyüş dostları ilə bərabər səngərdən-səngərə atılaraq düşməni susdurmağa çalışırdı. Natiq Abdullayev döyüşlərin birində şəhidlik zirvəsinə ucalsa da, xatirəsi onu tanıyanlarının qəlbində bir qəhrəman olaraq qalmaqdadır. Məlum olduğu kimi I Qarabağ müharibəsi illərində hərbi texnikanın az olduğu, silah çatışmazlığı, nizami Ordunun formalaşmadığı, pərakəndə döyüşlərin getdiyi bir vaxtda, daxili və xarici düşmənlərlə üz-üzə qalan Azərbaycanı bu vəziyyətindən hər an ölümə getməyə hazır olan oğullar kəndbəkənd, şəhərbəşəhər döyüşərək torpaqlarımızı qorumağa çalışırdılar. Düşmənin qarşısında cəsarətlə dayanan bu igidlər şəhid olsalar da geri çəkilmək istəmirdilər. Lakin, qeyd edildiyi kimi hərbi texnika baxımından döyüşlər qeyri-bərabər şəraitdə baş verirdi. Bu qeyri-bərabər döyüşlərdə yüzlərlə igidlərimiz canlarından keçdilər. Özlərinin dediyi kimi “Biz Vətən uğrunda şəhid oluruq” ifadəsi hər kəsin dilinin əzbərinə çevrilmişdi. 24 yaşlı gənc Natiq də bu igidlərin sırasında idi. Taleyin yazısından qaçmaq olmur. Natiq, ən ağır şəraitdə onunla çiyin-çiyinə döyüşən, düşmənə qan udduran döyüşçü dostlarının şəhid olmasından kədərlənsə də ruhən sınmırdı, nəyin bahasına olursa olsun torpaqlarımızın işğaldan azad edilməsinə can atırdı. Düşmənə nifrəti sonsuz idi. Natiq atdığı hər gülləsi ilə “20 Yanvar” faciəsi və “Xocalı” qurbanlarının intiqamını almağa, bununla da onların ruhu qarşısında qəlbən rahatlıq tapmağa çalışırdı. Abdullayev Natiqin olduğu hərbi birləşmədə döyüşən oğullar düşmənə layiq olduqları cavabı vermiş, hətta bir neçə dəfə düşməni tutduqları mövqelərdən geri çəkilməyə məcbur etmişdilər. Əgər Natiq və onun kimi cəsarətli oğullarımız şəhid olmasaydılar, sözsüz ki, qələbə çalmış olacaqdılar. Təəssüflə qeyd etmək istəyirəm ki, onlar bu gözəl günü görə bilmədlər. Vətənimizin qəhrəman oğulları bizə 44 günlük müharibənin zəfərini yaşatmaqla, I Qarabağ şəhidlərinin də ruhu qarşısında hesabat verməli oldular. Çünki, istər I Qarabağ , istərsə də II Vətən müharibəsində iştirak edən hər bir döyüşçünün ən böyük arzusu torpaqlarımızın düşmən işğalından azad edilməsi idi.Bu gün biz başı uca gəzə bilirik. Çünki, otuz il ərzində canını torpağı üçün, Vətən uğrunda qurban vermiş şəhidlərimizin, qazilərimizin yarım qalmış işləri tamamlanmışdır. Artıq bütün dünya Azərbaycanın necə qüdrətli, peşəkar Milli Orduya malik olduğunu, yüksək hərbi texnika ilə təchiz olunduğunu gözəl bilir. Artıq fəxrlə deyə bilirik ki, heç bir şəhidimizin qanı yerdə qalmadı. Eləcə də Abdullayev Natiq Yavər oğlunun. Natiq Abdullayevin İsmayıllıda təhsil aldığı 3 saylı şəhər məktəbinə igidimizin şərəfinə xatirə lövhəsi vurulub, adına küçə verilmişdir. Natiq Abdullayev də digər şəhidlərimiz kimi daim yad edilir, xatırlanır. Doğma İsmayıllının məzarlığında uyuyan Natiqin bu gün ruhu şaddır, o Qarabağın işğaldan azad olunmasını şəxsən görməsə də ruhu döyüşçülərimizlə birlikdə azad edilmiş torpaqlarda oldu. Biz Natiq və onun kimi Qarabağ uğrunda döyüşərək şəhid olmuş, eləcə də fiziki sağlamlıqlarını itirmiş bütün əsgər və zabitlərimizin, qazilərimizin qarşısında baş əyirik. Onların borcu heç nə ilə ödənilməz. Vətənin namusunu qoruyan oğullar heç vaxt unudulmur, yaddan çıxmır. Çünki, onları qanları ilə yazdıqları tarix özü yaşadır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. PƏRİXANIM MİKAYILQIZI “Elm və Təhsil” qəzetinin baş redaktoru, dövlət qulluğunun baş müşaviri, AJB-nin üzvü, şair-publisist, F.b.Köçərlinin tədqiqatçısı, “Xarı Bülbül” medalı və bir çox media mükafatları laueratıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.