YENİ RUBRİKA: "KÖRPÜ" "Elm və Təhsil", Cənubi Azərbaycan 25 сентября 2023 1665 ƏZİZ OXUCULAR!ƏZİZ İZLƏYİCİLƏR! Nəzərinizə catdırıq ki, biz "ZİM.Az" saytı ilə birlikdə “Elm və Təhsil” qəzetində çox maraqlı və yeni bir layihə hazırlamışıq. Sizə təqdim edəcəyimiz bu yeni rubrika Azərbaycan Dövlət Radiosundan uzun illərdir səslənən “KÖRPÜ” verilişdən bəhrələnərək, bir növ ilhamlanmış və “KÖRPÜ”-nün davamı olaraq, bu gün həyatımızın əsasını təşkil etmiş sosial şəbəkədə, yəni - WhatsApp-da fəaliyyətə başlamışdır. “KÖRPÜ”-nün sosial şəbəkə variantı olan və “KÖRPÜ” Tele-Radio Jurnal WhatsAppda adlanan bu veriliş, Cənubi Azərbaycanda və eləcə də dünyanın hər yerində yaşayan azərbaycanlıları bizim qəzet və sayt vasitəsilə əməkdaşlığa dəvət edir. Əməkdaşlıq etmək istəyən soydaşlarımız şeirlər, bayatılar, publisistik yazılar, hekayə və felyetonlar, eləcə də, aşıq mahnılarını, digər musiqi əsərlərini bizə göndərə bilərlər. Materiallar WhatsApp şəbəkəmizə göndəriləcək və biz o çıxışları, yazıları nəzərdən keçirdikdən sonra səsləndirəcəyik. Yazılarınızı səsli mesajla göndərdikdə özünüz haqqında məlumat verməniz də xahiş olunur. Onu da qeyd edək ki, çox maraqlı olan bu layihəmizə az zamanda 120 nəfərdən artıq soydaşımız qoşulmuşdur. Bunun üçün ünvanımızı sizə xatırladırıq: Bakı şəhəri. Mətbuat prospekti,529-cu məhəllə. Azərbaycan Nəşriyyatı. IV mərtəbə, “ELM və TƏHSİL” qəzeti ("Şərqin səsi") redaksiyası. Bu verilişə qoşulmaq istəyənlər qəzetin baş redaktoru Pərixanım Mikayılqızına müraciət edə bilərlər. Tel: 050 363 80 62. Dəyərli oxucularımız, sizə Azərbaycan Dövlət Radiosunda yayımlanan “KÖRPÜ” radio verilişinin yaranma tarixi haqqında kiçik bir məlumatı çatdırmaq istəyirəm. Qeyd edək ki, otuz üç il bundan əvvəl, yəni 1987-ci ildə “KÖRPÜ” radio verlişi, Azərbaycan jurnalistikasında xüsusi dəsti-xətti olmuş, dəyərli professor, mərhum Aqşin Babayevin arzusu və təşəbbüsü ilə qələmə alınmış, elə ilk dəfədən də müəliff olaraq verilişi özü aparmışdı. O zaman Aqşin Babayev Azərbaycan Dövlət Radiosunun direktoru idi və efirdə Aqşin Ayaz təxəllüsü ilə çıxış edirdi. Aqşin Babayev işinin çoxluğundan sonralar verilişdən ayrılmış, baş redaktorluq Lətif Hüseynzadəyə, müavinlik isə Hafiz Nağıoğluna həvalə edilmişdir. Həm Lətif Hüseyzadə və həm də Hafiz Nağıoğlu vəfat etdikdən sonra verilişə rəhbərlik və aparıcılıq Mehman Şəmistanoğlu Vəliyevə tapşırılmışdır. Artıq, iyirmi ildir ki, Mehman Şəmistanoğlu verilişin müəllifi və rəhbəridir. Onu da qeyd edim ki, veriliş uzun illərdir ki, davamlı səslənməkdədir. Verilişin uzun illərdən bəri maraqla dinlənilməsində, qorunaraq bu günümüzə gəlib çıxmasında çox böyük zəhməti və əməyi olan, verilişin ilk günündən Cənubi Azərbaycanda yaşayan soydaşımız, cənub redaksiyasının əməkdaşı gözəl jurnalist və şair, həmçinin uzun illərdir “KÖRPÜ”-nün daimi dinləyicisi Aydın Təbrizlidir. Aydın Təbrizli bu verilişin yaşamasının demək olar ki, dayaq sütunudur. Çünki, yorulmaq bilmədən çalışan Aydın Təbrizli, mütəmadi olaraq Azərbaycan Dövlət Radiosunun cənub redaksiyasına materiallar, şeirlər toplayaraq göndərmiş və bu ənənə bu gün də davam etməkdədir. Nəzərinizə onu da çatdırım ki, bu veriliş elə ilk gündən radio dalğaları vasitəsilə İrana, Cənubi Azərbaycana yayımlanırdı. Bir müddət sonra bu veriliş radio dalgalarından ayrılaraq, peyklə yayımlanmağa başlayır. Lakin, verilişi İranda dinləyənlər tamamilə bundan xəbərsiz olduğu üçün, hətta hansı radiodan, hansı dalğadan yayımlandığını belə bilmirdilər. “KÖRPÜ” adlanan bir veriliş demək olar ki, artıq unudulmaq üzrə idi. Mehman Şəmistanoğlu İrana səfəri zamanı Aydın Təbrizli ilə görüşmüş, bu haqda söhbətləşmiş və peykin kodunu Aydın müəllimə verərək, onu əməkdaşlığa dəvət etmişdir. Çətinliklərə baxmayaraq, Aydın müəllim İranda olan azərbaycanlıların dərnəklərinə, cəmiyyətlərə, şair və yazıçılarına müraciət etmiş, tədbir mərasimlərindən reportajlar hazırlayaraq az zaman çərçivəsində verilişin nüfuzunu əvvəllərdə olduğu kimi özünə qaytarmağı bacarmışdı. Verilişin unudulmamasında, təkrarən tanınmasında Aydın Təbrizlinin zəhmətini danmaq çox böyük ədalətsizlik olar. Nə yaxşı ki, sıralarımızda vətənpərvər, peşəsinə, sənətinə bağlı insanlar vardır. Belə insanları vaxtında dəyərləndirmək, layiq olduqları qiymətlərini vermək gərəkdir. İndi həm bu taylı, həm o taylı dediyimiz soydaşlarımızın sevə-sevə dinlədiyi “KÖRPÜ” verilişi peyk vasitəsilə həm radio dalğalarında, həm də sosial şəbəkə - WhatsAppda yayımlanmaqdadır. “KÖRPÜ” radio verilişi hər həftənin cümə günləri üç dəfə gün ərzində təkrar olmaqla səslənir. Verilişin rejissoru Əminə xanım Agasəlim qızıdır. Adından göründüyü kimi soydaşlarımız arasında körpü yaratmış bu veriliş, çox maraqlı mədəniyyət adamlarını, incəsənətin müxtəlif sahələrində qələmini sınamış adamları bir-biri ilə tanış edir, onların arasında ünsiyyət yaradır. Nəzərinizə bir daha onu da çatdırım ki, hələ iki il bundan əvvəl İrana səfər edən Mehman Şəmistanoğlu, Aydın Təbrizli ilə görüşəndə ona bu verilişin sosial şəbəkə (WhatsApp) vasitəsi ilə davam etmək fikrini irəli sürmüşdür. Aydın Təbrizli bu təşəbbüsü bəyənmiş və o da öz növbəsində sosial şəbəkə vasitəsi ilə yayımlanan verilişə dünya üzrə ilk dəfə olaraq, özünəməxsus maraqlı bir ad yazmış və bu verilişi “KÖRPÜ” Tele-Radio Jurnal WhatsAppda adlandırmışdır. Bu gün həyatımızın əsasını təşkil edən sosial şəbəkədə, bu əməkdaşlığın daha da genişlənməsinə şərait yaradan, məhz soydaşlarımız arasındakı tellərin qırılmaması üçün çalışan və “KÖRPÜ” Tele-Radio Jurnal verilişinin günü-gündən daha da maraqlı olmasına səy göstərən, İranda soydaşlarımız tərəfindən çox sevilən bu verilişi Aydın Təbrizlinin adı ilə baglamaq yerinə düşərdi. Qəzetimizin vasitəsilə verilişin belə gözəl yaşamasında əməyi olan hər kəsə, eləcə də hal-hazırda “KÖRPÜ”nün müəllifi və rəhbəri Mehman Şəmistanoğluna da təşəkkürümüzü bildiririk. Qəzetimizin məqsədi belə gözəl ənənəni davam etdirmək, daha çox dinləyici cəlb etmək üçün “KÖRPÜ” Tele-Radio Jurnal WhatsApp da” adlı rubrikanı işıqlandırmaqdır. Bu veriliş ilə bağlantı yaratmaq istəyən və səsinin dünyanın hər tərəfində eşidilməsini arzulayan hər bir qələm əhlini “KÖRPÜ” yə dəvət edirik. İştirak etmək istəyənlər “Elm və Təhsil” qəzetinə müraciət edə bilərlər. Yolunuzu səbrsizliklə gözləyirik. Öncədən təşəkkür edirik. PƏRİXANIM MİKAYILQIZI,"Elm və Təhsil" qəzetinin Baş redaktoru,"Abdulla Şaiq", "Xurşud Banu Natəvan","Qızıl qələm" və "Sülh təbliğatçısı" mükafatları laureatı, "Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu"nun "ZİRVƏ" mükafatıçısı və Fəxri DiplomçusuZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.