Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib MEDİA 18 октября 2019 Bu gün 209-cu il oktyabrın 18-də Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. Toplatını açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə ölkə mediasına da aid edilə biləcək fikirlərini bölüşüb. Bu fikirlər cəmiyyətdə geniş müzakirələr doğurub.Dövlət başçısı bildirib ki, iqtidarda olan bəzi vəzifə sahibləri islahatlara qarşı çıxırlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrların qaralanması halları olur ki, bu zaman mətbuatdan istifadə edirilir. Prezident medianın daxili mübarizə növünə çevrildiyinə, bir hökumət üzvünün digəri tərəfindən şantaj edildiyinə, ləkələndiyinə diqqət çəkərək vəziyyəti dözülməz adlandırıb, belə mənfi təmayülləri islahatlara maneçilik törədən hallar kimi dəyərləndirib, bununla barışılmayacağını vurğulayıb. Ə.Amaşov deyib ki, medianın özünütənzimləmə qurumu olan Azərbaycan Mətbuat Şurası məsələyə münasibətini ifadə etməli, fəaliyyət perspektivlərini müəyyənləşdirməlidir.MŞ İdarə Heyətinin üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dövlət idarəçiliyi baxımından kifayət qədər aktual olan məsələyə həssas münasibət göstərdiyi üçün təşəkkürlərini bildiriblər. Onlar qeyd ediblər ki, mediamız mahiyyətcə yenilikləri, cəmiyyəti inkişafa aparan prosesləri dəstəkləyən mütərəqqi təbiətə malikdir. Dövlət başçısı da buna çalışır və onun mesajları jurnalistika qarşısında yeni vəzifələr müəyyənləşdirir. Ölkənin aparıcı KİV-ləri Prezidentin kursuna sadiqdirlər, bu vəzifələri yerinə yetirməyə, mövcud istiqamətdə qətiyyətli mövqe və iradə nümayişinə hazırdırlar.MŞ İdarə Heyətinin üzvləri çıxışlarında ölkədə media sahəsindəki duruma, o cümlədən jurnalistikadan sui-istifadə hallarını şərtləndirən cəhətlərə ətraflı nəzər salıblar. Bu sui-istifadələrin fəsadlarının indiyədək də hiss olunduğunu diqqətə çatdıran İH üzvləri vurğulayıblar ki, hazırda vəziyyətin ciddiliyi ölkəmizin gələcəyi üçün aparılan islahatlara maneçilik törətmə meyli ilə əsaslandırılır.İclasda bildirilib ki, media məkanımızdakı mənfi tendensiyalardan biri ayrı-ayrı şəxslərin sırf təmənnalı münasibətdən irəli gələn, şantaj məqsədilə yaratdıqları informasiya saytları ilə əlaqədardır. Belələri bir qayda olaraq konkret hədəf seçir və onunla bağlı həqiqətə uyğun olmayan, uydurma fikirləri, mülahizələri yayır. Bir çox hallarda özləri kimi cəmiyyətdə tanınmayan media vasitələrinin şəbəkəsində təmsil olunurlar. Nəticə etibarilə bir tənqid hədəfi barədə bəzən on-on beş saytda material yer alır. Beləliklə məsələnin ictimailəşdiyinə dair rəy formalaşdırılır ki, bu isə barəsində yazılan şəxsdə qorxu və çaşqınlıq yaratmaq məqsədi güdür.İkinci cəhət budur ki, ziddiyyətli münasibətdə olan tərəflərdən biri digərini hədəf seçir. Bu zaman saxta elektron poçt ünvanı yaradılır. Həmin ünvan vasitəsilə rüsvayedici materiallar təxminən otuz-qırx və daha çox saytın elektron poçt ünvanına yönləndirilir. Saytlar isə həmin materialları heç bir araşdırma aparmadan, qarşı tərəfin mövqeyinin öyrənilməsi prinsipinə məhəl qoymadan, əsl həqiqətlərin nədən ibarət olduğunu aydınlaşdıramağa cəhd göstərmədən yayımlayırlar. Bəzən ictimai rəydə müəyyən çəkisi olan informasiya resursları da məsələyə həssas yanaşmayaraq həmin materialları tirajlayır, qeyri-peşəkarlığa yol verirlər.Növbəti xoşagəlməz cəhət ayrı-ayrı vəzifə sahiblərinin sırf rəqiblərini sıradan çıxarmaq məqsədilə ilə əllərində saxladıqları, bir çox hallarda özləri tərəfindən yaratdıqları internet media vasitələri ilə bağlıdır. Bu saytlar gündəlik fəaliyyətlərində adətən adi xəbər yayıcısı kimi görünürlər. Ayrı-ayrı şəxslərin təmənnalı münasibətdən irəli gələn şantaj məqsədilə yaratdıqları informasiya vasitələrinin materiallarından fərqli olaraq, belə resurslarda ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı ilə bağlı həqiqiliyi təsdiqlənmiş, şübhə doğurmayan, ciddi informasiya resurslarından olduğu kimi götürülmüş xəbərlər yer alır. Ancaq «zərurət» yarandığı hallarda konkret hədəflər aydın görünür.MŞ İdarə Heyətinin üzvləri vəziyyətdən çıxmaq üçün təkliflər səsləndiriblər. Bu xüsusda bildirilib ki, ölkə qanunvericiliyində internet kütləvi informasiyanın yayıldığı areal kimi göstərilir. Ancaq qanun internet üzərindən yayımlanan media orqanlarını hüquqi baxımdan kütləvi informasiya vasitəsi kimi tanımır. Onların bir hissəsi məhdud məsuliyyətli cəmiyyət statusunda fəaliyyətdədirlər. Mütləq əksəriyyəti isə hüquqi münasibətlər sistemində ümumiyyətlə təmsil olunmurlar. Ənənəvi mediadan fərqli olaraq qanunvericilik onlar qarşısında KİV kimi heç bir məsuliyyət müəyyənləşdirmir. Yalnız «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» və «Telekommunikasiya haqqında» Qanunlara edilən sonuncu dəyişiklik provayderlər üzərində müəyyən məsuliyyət formalaşdırır. Bu isə ümumi mənzərə baxımından yetərli deyil. Buna görə də İH üzvləri internet üzərindən yayımlanan media vasitələrinin KİV kimi qeydiyyatının aparılmasını, bunun qanunvericilikdə əksini tapmasını, həmçinin qanunda internet media üçün texniki meyarların müəyyənləşdirilməsini təklif ediblər.MŞ İdarə Heyətinin üzvləri həmçinin bildiriblər ki, mediadan sui-istifadə meyllərinə qarşı mübarizədə yalnız ictimai qınaqla kifayətlənmək effektiv nəticə vermir. Bu baxımdan Mətbuat Şurası haqqında ayrıca qanuna ehtiyacın duyulduğu önə çəkilib. Belə bir qanun həm imkan verəcək ki, Şuranın texniki imkanları genişlənsin, həm medianın özünütənzimləmə qurumu strukturu daha çevik fəaliyyət göstərsin, həm də adekvat məsuliyyət növlərinin seçilməsi ilə bu sahədə düzən yaradılsın. Bu, Prezident İlham Əliyevin iqtisadi müşavirədəki çıxışında səsləndirdiyi neqativ halların aradan qaldırılmasında həlledici rol oynayacaqdır.İclasda diffamasiya məsələsinə media məkanındakı məsuliyyətin artırılması baxımından mühüm qanunvericilik təşəbbüsü kimi yanaşılıb. Vurğulanıb ki, diffamasiya heç də yalnız təhqir və böhtana görə azadlıqdan məhrumetmə cəzasının aradan qaldırılması ilə əlaqədar deyil. Diffamasiyanın dekriminallaşdırılması və bununla əlaqədar ayrıca qanunun mövcudluğu həm də medianın yol verdiyi nöqsana, qeyri-peşəkarlıq hallarına qarşı adekvat mülki cəza tədbirinin seçilməsini rəhbər tutur. Dünyanın bir sıra qabaqcıl ölkələrində mövcud prosedur uğurla tətbiq olunur və müsbət təsirini göstərir. Azərbaycanın da eyni yolu getməsinin vaxtı çatıb.İclasda o da bildirilib ki, internet medianın həyatımıza təsiri artan xətt üzrə inkişaf etməkdədir. İH üzvləri bu təsirin istər cəmiyyətin, istərsə də dövlətin cəmiyyət üçün vacib olan maraq və mənafelərinin təminatına yönləndirilməsinin zəruriliyini vurğulayıblar. Bu baxımdan internet medianın maliyyələşməsinin vaxtının çatdığı fikri üzərində dayanılıb. Qeyd olunub ki, dövlət tərəfindən maliyyələşmə şərtləri bu istiqamətdə nizamlı mühitin formalaşmasına istər-istəməz müsbət təsirini göstərəcəkdir.Ümumən media məkanımızdakı mühüm məsələlərdən biri də reklamla bağlıdır. Hazırda KİV-lərimiz ölkənin reklam bazarında zəif təmsil olunurlar. Bu isə onların maliyyə durumuna mənfi təsirini göstərməkdədir. Mövcud durumda dövlət qurumlarına məxsus elan və reklamların KİV-lərdə bölünməsinin həyata keçirliməsi ilə bağlı xarici təcrübənin tətbiqi aktuallaşıb. İH üzvlər eyni zamanda vurğulayıblar ki, hazırda dövlət qurumlarının reklam və elanlarının onlara məxsus media orqanlarında dərci həyata keçirilməkdədir. Habelə dövlət orqanlarının büdcəsinin bir faizi reklam-təbliğat işlərinə ayırılır. Hər iki hal yekun nəticə etibarilə həmin orqanları fəaliyyəti barədə ictimaiyyətin məlumatlılığının zəif təminatı deməkdir. Halbuki dövlət qurumları bu işlər üçün nəzərdə tutduqları vəsaiti ictimai rəyə təsir göstərən KİV-lərə yönləndirsələr, daha faydalı olar. Cəmiyyət onların gördükləri işlər haqqında daha çox informasiyalı olar.Toplantıda səslənən məsələlərin təkliflər paketi şəklində ölkə rəhbərliyinə təqdim edilməsinə dair qərar qəbul edilib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.