Borçalıda türk mənşəli toponimlərin dəyişdirilməsində erməni məkri... MEDİA, Borçalı 21 апреля 2016 Borçalı anası Azərbaycandan zorla ayrılıb yad qucağa, ögey anaya verilən bir övlada bənzəyir. Üç əsrə yaxındır ana Vətənimizin bir parçası ondan ayrı salınıb. Borçalı qədim türklərin isti beşiyi, ana yurdudur. Tarixin bütün mərhələlərində burada türklər yaşayıb. Bəzi tarixçilər qeyd edir ki, Borçalı daxil olmaqla, Tiflis ətrafında mövcud olan bəzi ərazilərin sakinləri bun türklər olub. Bun türklər haqda tariximizdə çox ətraflı olmasa da, xeyli məlumatlar var. Deyirlər ki, bun türklər köhnə zamandan Tiflisdə və digər şəhərlərdə, yaşayış məskənlərində yaşayıb. Tiflis türk şəhəri olmasa da, zaman-zaman türklərin toplaşdığı, ana dilini, mədəniyyətini inkişaf etdirdiyi mərkəzlərdən biri rolunu oynayıb. Bu şəhərdə nə qədər köklü Azərbaycan türkləri yaşayır. Gürcüstanın paytaxtında Ortacala, Saburtala, Meydan, Nəftillik, Şeytanbazar, Soğanlıq kimi toponimlər mövcud olub. Bildiyimiz qədər, o toponimlər sovet dövründən başlayaraq dəyişdirilsə də, el arasında yenə o ünvanlar köhnə adları ilə deyilir. Son iyirmi ilə qədər bura gedən insanlar hər bir millətin nümayəndələrilə çox asanlıqla öz ana dilimizdə ünsiyyət qururdu. Sirr deyil ki, uzun illər Qafqazda ortaq ünsiyyət dili Azərbaycan türkcəsi olub. Müasir Ermənistanda və Gürcüstanda türk mənşəli toponimlərin dəyişdirilməsi məsələsinin yeni olmadığını bilirik. Bu işə hələ XIX əsrdən başlandığı bəllidir. Gürcüstanda Azərbaycan-türk mənşəli toponimlərin dəyişdirilməsi hədəfinə tuş gələn ilk adlarımızdan biri elə Borçalı mahalının özü olub. Gürcüləşdirmə siyasətinin qurbanı olan Borçalıya uzun illərdir rəsmi sənədlərdə Kvemo Kartli adı verilib. Tarixçilər bildirir ki, Borçalı Gürcüstanın cənub-şərqində yerləşir. Etimioloji araşdırmalara görə, Borçalı toponimi ::::börü:::: və ::::çala:::: sözlərinin birləşməsindən əmələ gəlib. Mənası qurd çalası, yaxud qurd oylağı (ovlağı-İ.S) deməkdir. Məlumdur ki, 1736-cı ildə Nadir şahın fərmanı ilə Borçalı Qazax mahalı ilə birlikdə Gəncə bəylərbəyliyindən alınaraq Kartli-Kaxeti çarlığının tabeliyinə verilib. Fərmanın verilməsi səbəbi Gəncə bəylərbəyi Cavad xan Ziyadoğlunun (digər mənbələrdə Uğurlu xan Ziyadoğlu-İ.S) Nadirin Muğanda şah elan olunmasına qarşı çıxması ilə izah olunur. Sonralar isə 1801-ci ildə Çar Rusiyası ilə Gürcüstan arasında bağlanan Georgievsk traktatı nəticəsində Gürcüstan, o cümlədən də Borçalı Rusiya ərazisinə qatılıb. Tarixi mənbələrdən alınan məlumatlara görə, bu bölgənin əsas əhali tərkibi türklərdən ibarət olub. Təəssüflər olsun ki, indiki Ermənistanın qədim yerli sakinləri olan Azərbaycan türklərinin başına gətirilən bəlalar Borçalı türklərindən də yan ötməyib. Bu əsasən ermənilərin Borçalı ərazisinə köçürülməsi ilə bağlı olub. Ermənilərin Borçalı ərazisinə köçürülməsi bir neçə mərhələdə baş verib. Onlar əvvvəlcə tədricən, sonra isə kütləvi şəkildə köçürülüb. Ermənilər Dağ Borçalıya-Loruya və Cəlaloğluna (indiki Stepanavan), Barmaqsıza (indiki Zalka) Ərzurumdan, Xram sahillərinə isə başqa yerlərdən gəlib. Gələn kimi də bizim yerlərə uyğunlaşıb və mənəvi dəyərlərimizi, torpaqlarımızı mənimsəməyə başlayıblar. Tarixi mənbələrdə qeyd edilir ki, Gürcüstanda rayon inzibati bölgüsünə keçildikdən sonra Azərbaycan-türk mənşəli toponimlərin gürcüləşdirilməsinə başlanıb. 1940-50-ci illərdə ilk olaraq rayon mərkəzlərinin adları dəyişikliyə uğradılıb. 1989-92-ci illərdə isə əsasən Bolnisi rayonunu əhatə edən kənd, dağ və çay adları gürcüləşdirilib. Bu gün həmin ərazilərdə türklər yaşayır. Onlar üçün ulu babalarından əmanət qalan toponimlərin adlarının dəyişdirilməsi böyük təhqirdir. Təbii, onlar bununla razılaşmır. Toponimlərin bərpa olunması ilə bağlı çoxsaylı ictimai çağırışlara baxmayaraq, hələ də bu problem aradan qaldırılmayıb.Borçalı ərazisində türklərin kompakt yaşadığı Başkeçid - Dmanisi (qeyd edək ki, tarixçi alim Kərəm Məmmədovun bir versiyasına görə, Dmanisi gürcü mənşəli yox, türk mənşəli sözdür. Vaxtilə Dmanisi sultanlığı mövcud olub. Toponimin mənası duman-sis deməkdir. Başkeçid də dağ yeri olduğu üçün onun dağlarının başından qar-boran əskik olmur-İ.S), Qarayazı-Qardabani, Qaraçöp-Saqareco, Ağbulaq-Tetritskaro, Sarvan-Marneuli adlandırılıb.Ən çox addəyişməyə Bolnisi rayonunun kəndləri məruz qalıb. Bolnisi rayonunun sakinləri bildirir ki, qədim zamanlarda bura Bolus (əvvəlki adı Çürük Qəmərli-İ.S) deyiblər. Bu yaşayış ərazisi 1917-ci ilə qədər Tiflis quberniyasının Borçalı qəzasına aid olub. 1929-cu ildə Bolus rayonu Lüksenburqa çevrilib. 1947-ci ildən isə Bolnisi adlandırılır. Bolnisi rayonunun qədim yaşayış məskənlərindən olan Dəllər kəndinə eyni zamanda Aran-Dəllər də deyilir. Alimlərin tədqiqatına görə, kəndin adı türk mənşəli tele, tələ tayfasının adı ilə bağlıdır. Bir neçə il əvvəl kənddə X-XI əsrə aid olan kiçik ölçülü salon formalı kilsə aşkarlanıb. Pir deyilən yerdəki qəbirüstü daşda kaman, saz çalıb oxuyan aşıq təsviri aşkarlanıb. Bir neçə ildir Dəllər kəndinin adı dəyişdirilərək Muşevani qoyulub. Kənd əhalisi bu addəyişmə kampaniyasından çox narazıdır. Onlar hesab edir ki, kəndlərin köhnə adları dəyişdirilməməlidir. Rayonun digər kəndi Babakişilər isə bir müddət əvvəl Misoprian, sonra isə yenidən Potsxveriani kimi dəyişdirilib. Ağır elli tarixi Kəpənəkçi kəndi isə Kvemo-Bolnisi adlandırılıb. Bu kəndlərin əksəriyyətinin neçə yüz il tarixi var və Azərbaycan ictimai fikrinə çoxlu sayda şəxsiyyətlər veriblər.Məlum olduğu kimi, türk mənşəli adların dəyişdirilməsi şovinizmlə bağlıdır. Bu işin başında gürcüləşmiş ermənilərin dayandığı faktı öz təsdiqini tapıb. Ermənilər Gürcüstanda da öz mənfur siyasətlərini həyata keçirə bilir. Ermənilərin Gürcüstan, o cümlədən də Borçalının geniş ərazisinə köçürülməsi həm gürcülərə, həm də biz türklərə böyük problem yaratdı. Ermənilər hansı mühitə düşürlərsə, oranın şəraitinə uyğun simalarını dəyişirlər. Hər cür cildə girirlər. Onlarda dəyişilməyən yalnız erməni xisləti olur. Bu xislət isə bütün Cənubi Qafqaz üçün baş bəlasına çevrilib. 1990-cı illərdən sonra Bolnisinin türk mənşəli toponimlərinə hücum daha geniş miqyas alıb. Hazırda Gürcüstanda minlərlə gürcü soyadını daşıyan erməni yaşayır. Onlar gürcü genefondu üçün də böyük təhlükələr yaradır. Ermənilərin Gürcüstanda vəzifə başına gətirilməsi Azərbaycan türklərinə qarşı müxtəlif formalı təzyiqlərin başlanmasına gətirib çıxardı. Borçalıda türk mənşəli toponimlərin dəyişilməsinə rəvac verənlər onun qayım-qədim ellərinin adlarına əl uzatdılar. Bolnisi (Bolus, bu rayona yaşlı nəsil Çürük Qəmərli, Lemsə də deyirdilər) rayonunda adların kütləvi dəyişdirilməsinə keçən əsrdən başlanıb. Məsələn, rayondan axıb gedən məşhur Cavala çayının adını Maşavera qoyublar. Amma tarixi qaynaqlarda o çay Cavala adlandırılır. Bu çayın vadisində məskən salan Abdallı kəndinin də qədim tarixinin olması şübhəsizdir. Böyük söz ustadı-ozan Miskin Abdalın da özünə təxəllüs götürdüyü abdal ifadəsi türk təsəvvüf tarixində özəl bir yer tutur. Bu kəndin adının da türkçülüklə bağlılığı elə adından görünür. Abdallının adını dəyişib Cavşaniani (Cavşanlı) qoyublar. Arakol-Zezvnar, Arıxlı-Naxidur (Anaxatır), Bala Muğanlı-Parizi, Cəfərli (Samtredo), Daşdıoğullar-Muxran, Dəmirli-Xaxalacvar, Əsmələr-Mcğnet, Faxralı-Talaver, Yuxarı Güləver-Cipor, Aşağı Güləver-Geta, Hasanxocalı-Xidisğuri (Körpüqulağı), İmirhəsən-Savanet, İnzəoğlu-Zemo-Bolnis, Kolagir-Surtav, Qaradaş-İcri, Qoçulu-Capala, Qoşaisə-Arkevani, Mığırlı-Vanat, Molla-Əhmədli-Xataveti, Sarallar-Zvaret, Saraclı-Mamxut, Sisqala-Creş adlandırılıb. Bu hələ heç də adları dəyişdirilən toponimlərin hamısı deyil. Belə toponimlər çoxdur. Bolnisi rayonunda Abdallı kəndinin üstündə dağın başında bir qala var. Ona el arasında Koroğlu qalası deyirlər. İndi onun da adını dəyişiblər. Bundan başqa, bizim kəndlərdə meşələrin dərinliyində çoxlu sayda qədim alban abidələri, qəbir daşları, kilsə tikililəri və onların uçuq kalafaları qalıb. Bəzən ermənilər onları öz adlarına çıxmaq istəyir. Xeyr, belə deyil. Bütün dünyaya bəllidir ki, albanlar türk mənşəli olub və biz islama qədərki dövrümüzdə alban-xristian dininə tapınıb kilsələrə getmişik. Dəllər kəndindəki pir uzun illər əhalinin ziyarət yeri olub. Burada qurban da kəsirdi camaat. Qurban növünə nəzər salanda görürük ki, bura əksər hallarda xoruz, toyuq qurban gətirilib. Bu da əski türk mifoloji baxışı ilə bağlı məsələdir. Zaman olub ki, biz türklər xoruz, qoç kultuna inam bəsləmişik. Atəşpərəstlik dövründə də bu kimi qurbanların verilməsi halları olub. Meşələrdəki kilsələr də hələ tədqiq olunmayıb. Düşünürəm ki, bu işi gürcülərə və gürcüləşmiş ermənilərə həvalə etməli deyilik. Bizim alimlər gedib orada tədqiqat işləri aparmalıdır. Bolnisidə 31 kəndin adının dəyişdirilməsi böyük fəlakətdir. Bu işlə məşğul olunmalıdır.Qeyd edək ki, Marneulidə-Sarvanda da toponimlərin gürcüləşdirilməsi siyasətinə rəvac verilsə də, sonradan Gürcüstan hökuməti bunu səhv adlandıraraq səhvini düzəltdi. Xatırladaq ki, bir neçə il əvvəl şair Nizami Məmmədzadə bildirirdi ki, azərbaycanlıların kompakt yaşadığı Sarvanda bir çox kəndlərin adlarının dəyişdirilməsi haqda mətbuata məlumat vermişdi. O deyirdi ki, Gürcüstan Dövlət Reyestr Xidmətinin rəsmi saytında verilən xəritədə bu dəyişiklik göstərilib. Xəritədə beş kəndin adı gürcüləşdirilmiş formada verilib. Əsrlər boyu Azərbaycan türklərinin yaşadığı qədim tarixi kəndlərin adları gürcü adları ilə əvəzlənib. Xəritədə Marneulidən 15 km aralıda yerləşən Dəmyə Gorarxı kəndi-Zenamxari, Axılı-Lələ kəndi-Kvemo Zenamxari, Araplı kəndi-Qağma Şavğele, Axlımahmudlu kəndi-Qamoğma Şavğele, Yenikənd isə Axalsopeli kimi yazılıb. Azərbaycan ziyalılarının etirazından sonra isə Borçalı qubernatoru bunun aradan qaldırılmasını təmin edib. İndi Sarvanda toponimlərin dəyişdirilməsi prosesi dayandırılıb. Qeyd edək ki, əski türk yurdu Başkeçidin də kəndlərinin adları dəyişdirilib. Başkeçidin adı Kalaki Dmanisi, Hamamlı kəndi-Sopeli Amamlo, Yuxarı Qarabulaq-Sopeli Zemo Karabulax, Qızılkilsə kəndi-Sopeli Kızılkilsa, Bəzəkli kəndi-Sopelo Bazakli, Qəmərli kəndi-Sopelo Kamarli, Dağarıxlı kəndi-Sopelo Daqarxlo, Gəyliyən kəndi-Sopeli Kakliani, Armudlu kəndi-Sopelo Pantiani, Dunus kəndi-Sopeli Tnusi, Gödəkdağ kəndi-Sopeli Kodaqdaqi, Qamışlı kəndi-Sopeli Kamışlo olaraq qeyd edilir. Bundan başqa, Başkeçidin Dağ Qızılhacılı, Aşağı Qarabulaq, Qarakilsə, Dəllər, Lökcandar, Suqala, Əngiravan, Bağçalar, Hüseynkənd, Çopurallar, Məmişlər, Şahmarlı, Dəmirbulaq, Boğazkəsən, Qaşqatala, Canbaxça, Anbarlı və başqa kəndlərinin türk mənşəli adları təcavüzə uğradılıb. Bu toponimlərin hamısı doğma ana dilimizdədir və milli elementləri, mənəvi dünyamızı özündə ehtiva edir. Bu adlar nə qədər dəyişdirilsə də, yenə də onların əsl adları müqəddəs bir məfhum kimi nəsillərin yaddaşında yaşayacaq. İradə SARIYEVA Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.