Həsən Həsənov: YUXULARIMDA YAŞAYAN TEATR...



Həsən Həsənov: YUXULARIMDA YAŞAYAN TEATR...
REDAKSİYAMIZIN ARXİVİNDƏN

Çətini tamaşa başlayanacandır...


Həsən Həsənov: "Premyeradan sonra tamaşaçıları qapının ağzından səmimiyyətlə özüm yola salıram"

Mərhum Hüseynağa Atakişiyevin dəst-xəttini yaşadan Dövlət Gənclər Teatrı 19-cu teatr mövsümünü yaşayır.
Teatrın direktoru Həsən Həsənovla olan yaradıcı söhbətdə həm də Tiflis Azərbaycan teatrının bugünkü problemlərindən danışdıq.

- Hərdən imzanızı eks-xarici işlər naziri Həsən Həsənovla qarışdırmırlar ki?

- Qabaqlar belə hallarla qarşılaşmışam. Yeznəm Gürcüstanda yaşayır, bir gün gəlib məni axtarmağa. O zaman Aktyor Evində yerləşirdik, sərəncamçı direktor işləyirdim. Gəlir qapıçıya deyir ki, ona Həsən Həsənov lazımdır. Qapıçı göndərir üçüncü mərtəbəyə. Çıxır, orada xanım soruşur ki, Hansı Həsən Həsənov, xarici işlər naziri? Nə isə, bu yerdə mərhum Həsənağa Turabov çıxır, məsələdən agah olur, bərkdən gülür ki, sənin axtardığın Həsən birinci mərtəbədədir.
- Siz də Gürcüstanda doğulmusunuz?
- Bolinisi rayonunun Faxralı kəndindənəm. Bolnisi, Marneuli şəhər mədəniyyət evinin bədii rəhbəri işləmişəm, Tiflis Pedaqoji Universitetinin Azərbaycan bölməsində incəsənət tarixindən dərs demişəm. Bakıya 1988-ci ildə gəlmişəm. İrəvan teatrında direktor müavini işlədim, 1994-cü ildən sonra Hüseynağa müəllimlə birgə çalışmaq qismətimə düşdü. Onun simasında özümə etibarlı dost tapdım, təsadüfi deyil ki, o çağdan taleyimi bu teatrla bağlamışam. 1993-cü ilin fevralında tetra dövlət statusu verildi. Amma tearın yaranma tarixi 1989-cu ilin 27 martıdır: o gün Yusif Səmədoğlunun "Qətl günü" ilə açıldı.
- H.Atakişiyevin şəxsində Azərbaycan teatrı kimi itirdi?
- H.Atakişiyev Azərbaycan teatrına ilk dəfə epik janrı gətirdi və uzun müddət ərzində bu xətti inkişaf etdirdi. Təəssüf ki, Hüseynağa müəllim çox yaşaya bilmədi. Onun Azərbaycan teatrı üçün çox işlər görmək imkanı vardı. Qətiyyən standartı sevmirdi, həmişə nəsə bir yenilik axtarırdı.
- Son bir il ərzində teatrınızın səhnələşdirdiyi tamaşaları Hüseynağa Atatkişiyev xəttinin davamı saymaq olarmı?
- Şübhəsiz ki, onun yaradıcılıq xətti teatrımızda daim yaşadılır. Hazırda vaxtilə onun qoyduğu tamaşalar repertuarımızda qalır. Rəhman Əlizadənin "Əbləhlərin toyu", Əli Əmirlinin "Kişi və qadın", Qriqori Qorinin "Herostratı unudun" (tərcümə Elçin Hüseynbəylinindir) və başqaları bu qəbildəndir.
Hər bir teatrın özünün xarakterik üslubu olur. Əgər teatrın öz xətti olmazsa, o zaman qarışıqlıq baş verər, teatrın yönü, yolu bilinməz. Hüseynağa müəllim öz məktəbini yaratdı. Sevinirəm ki, teatrın baş rejissoru Rəhman Əlizadə bu məktəbi yaşadır. Teatr müxtəlif mövzulara öz yaradıcılıq ölçüsündən baxdıqda ortaya müəyyən mənada uğurlu əsər qoya bilir.

- Bu gün konkret Bakıda teatrlararası yaradıcı əlaqələrdən razısınızmı? Tutalım, teatrlar Gənclər Teatrının orijinal cəhətlərini görüb qiymətləndirirlərmi?
- Sözün doğrusu, bilmirəm, bizim tamaşalara nə dərəcədə reaksiya verilir. Hesab edirəm ki, bu gün teatrlararası əlaqələr çox zəifdir. Təsadüfi hallarda görürsən ki, bir teatrın aktyoru başqa teatrın tamaşasına baxmağa gedir.
Premyeraya da bütün aktyorlar gəlmir. Premyera hər bir teatr üçün əslində bayramdır. Hamı maraqla gözləyir ki, görək filan teatr ortaya nə qoyacaq? Hər bir teatr, hər bir rejissor tamaşaya sırf özünəməxus yanaşır. Eyni bir əsəri hər teatr tamam fərqli oynayır. Əslində yaradıcılıq elə budur. O da olsun ki, indiki zamanda tamaşaçını maraqlandırmaq, teatra davamlı cəlb eləmək heç də asan məsələ deyil.

- M.F. Axundovun "Mürafiyə vəkilləri"nin müasir versiyası məncə, o qədər də uğurlu alınmamışdı. Əslində həmin tamaşada əsərin dövrünün halından daha çox müasirlik əhvalı açıq-aydın sezilirdi.
- Bu əsərə Rəhman Əlizadə bir rejissor olaraq əlavələr etmiş, bir sözlə, əsəri müasirləşdirmişdi. Tamaşada geyimlər də müasir idi. Hesab edirəm ki, tamaşa alınmışdı. Ümumiyyətlə, bizim teatr həmişə sözün əsil mənasında təzəlik axtarıb. İndi mən durub tamaşaçının yerinə cavab verə bilmərəm ki, tamaşalarımız onları hətta ovsunlayıb. Bunu demək çox çətindir. Belə bir qaydam var: premyeradan sonra tamaşaçıları qapının ağzından səmimiyyətlə yola salıram. Yəqin tamaşaçıların çoxu məni tanımır. Ümumi təəssüratım bu olur ki, tamaşaçı bizim zəhmətimizi pis dəyərləndirmir.
- Bu cür loyal münasibət ümumən Azərbaycan tamaşaçısının səviyyəsinin qənaətbəxş olduğuna dəlalət edirmi?
- Əlbəttə, indi tamaşaçılarımız hadisələri kifayət qədər ayıq-sayıq təhlil edə, qənaətlərini söyləyə bilirlər. Azərbaycan teatrları 90-cı illərdən bəri çoxlu çətinliklərlə üz-üzə qaldılar. Elə olub ki, teatrlarımız hətta 5-10 nəfər üçün tamaşa oynayıblar. Amma teatrlar ruhdan düşməyiblər.
Truppamızın 25 üzvü var, hamısı məşğuldur. İmkan vermirik ki, aktyor bekar qalsın. Elə aktyorumuz var, eyni vaxtda 5 tamaşada oynayır.

- Mövzu sarıdan kasadlığınız varmı?
- Yoxdur. Hazırda teatrda 8 tamaşa oynanılır. Artıq teatrın yerləşdiyi "Dostluq" kinoteatrına öyrəşmişik. Bu yaxında teatrda təmir işləri başlanacaq. Teatr mövsümünü ayın 15-də Rəhman Əlizadənin "Dünyanın axırı" əsəri ilə açacağıq. Ayın 18-də Üzeyir Hacıbəyovun doğum gününə hədiyyə olaraq Akademik Milli Dram Teatrında "Ər və arvad" tamaşasını "Təzə gəlin" adı ilə təqdim edəcəyik. Növbəti tamaşamız Hüseyn Cavidin "İblis"i olacaq. Təəssüf ki, gələn ay Hüseyn Cavidin qeyd ediləcək 125 illiyinə bu tamaşanı çatdıra bilməyəcəyik. Müəyyən maliyyə problemlərimiz var. Amma noyabrın əvvəlində tamaşanı təhvil verəcəyik.
Onu da deyim ki, Azərbaycan teatr tarixində ilk dəfə olaraq "İblis" tamaşasında İblis rolunu qadın oynayacaq. İndiyə kimi bu rolu ancaq kişi aktyorlar oynayıb. Məsələnin yozumu belədir ki, İblis kişi də, qadın da ola bilər.

- Bu, kimin ideyasıdır?
- Rejissorun. Bu tamaşanı biz faciə yox, komediya janrında oynayacağıq. Hesab edirəm ki, əsərə müəyyən mənada fərqli baxış qətiyyən ziyan verməz. R.Əlizadə bu qənaətdədir ki, Hüseyn Cavid bunu heç də faciə kimi yazmayıb. İblis əslində hər bir adamın daxilindədir.

- Tiflis Azərbaycan ədəbi, həmçinin teatr mühiti 19-20-ci yüzillərdə özünəməxsusluğu ilə seçilib. Bu gün Gürcüstanda bu yöndə Azərbaycan ruhu necə yaşadılır?

- Bu yaradıcı mühitə dərindən bələdəm. Mən musiqiçi ailəsində böyümüşəm. Böyük qardaşım Ələddin Həsənov Tiflis-Azərbaycan teatrının direktoru idi, bu il vəfat etdi. 2002-ci ildə Tiflis teatrı bərpa olunmuşdu. Çətinliklə ora truppa yığıldı. Tiflis Teatr institutuna 10 nəfər azərbaycanlı tələbə qəbul olundu, qardaşım orada səhnə danışığından dərs dedi. O zaman qardaşım zəng etdi ki, truppa yığılıb, rejissor lazımdır. Hüseynağa müəllimdən xahiş etdim ki, Tiflisə tamaşa qurmağa gedərsinizmi, dedi gedərəm. Ora xalq rəssamı Nazim Bəykişiyev, Hüseynağa Atakişiyev, bəstəkar Sərdar Fərəcov ezam olundular. İlk cəhd uğurlu alındı. Tiflis ədəbi və teatr mühiti Mirzə Fətəli Axundov, Sidqi Ruhulla, Abbas Mirzə Şərifzadə, Əli Qurbanov, Möhsün Sənani, Hüseyn Ərəblinski, Cəlil Məmmədquluzadə və başqalarını yetişdirib. Tiflis Azərbaycan teatrının tarixini daha geniş araşdırmaq lazımdır.

- Bəs bu gün Tiflis Azərbaycan teatr mühitinin vəziyyəti nə yerdədir?
- Tiflisdəki truppa dağılmaq üzrədir. Bu gün ora truppanı saxlaya bilən rejissor lazımdır. Gürcüdən bizə heç vaxt rejissor olmayacaq. Ola bilər, gürcü gəlsin, tamaşasını qoysun, getsin. Amma truppaya daimi rejissorluq edən soydaşımız olmalıdır.

- Bəs siz özünüz ora rejissor gedərdinizmi?

- Gedərdim, amma mən ixtisasca rejissor deyiləm axı? Teatrın direktoru da Gürcüstan vətəndaşı olmalıdır. Hər halda ora gedən rejissorun ev, dolanışıq qayğıları istər-istəməz yaranacaq. Orada teatr xadiminin maaşı bizdəkindən də azdır.

- Teatrın yaradıcılıq üfüqlərini necə xarakterizə edərdiniz?
- Bu gün təəssüf ki, gənclər arasında dramaturgiyaya meylli olanlar demək olar, yoxdur. Hər halda həyat davam edir. Qaldı ki, yer məsələsinə, artıq təmirdən sonra yaradıcılıq imkanlarımız daha da genişlənəcək. İndi hələlik çalışırıq tamaşaçı zala girsin və otursun. Çətini tamaşanı başlayıncadır. Qaldı ki, aktyorlarımızın dolanmasına, hər halda onların başqa yerdə də çalışmasına maneçilik törədilmir. Yaxşı aktyor ac qalmamalıdır.


E.Qaliboğlu. "Xalq cəbhəsi", 2007.-14 sentyabr.-S.14.




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tbilisidə azərbaycanlılar üçün teatr məktəbi fəaliyyətə başlayır

Tbilisidə azərbaycanlılar üçün teatr məktəbi fəaliyyətə başlayır

"Varlıq", Tiflis
Teatr tariximizdən: Abbas Qurbanov

Teatr tariximizdən: Abbas Qurbanov

Mədəniyyət, Tiflis
Tiflisdə İtalyan yazıçılarının əsəri əsasında “Azad ailə” tamaşası oynanılı ...

Tiflisdə İtalyan yazıçılarının əsəri əsasında “Azad ailə” tamaşası oynanılı ...

Tiflis
Namiq Valeh oğlu Hacıyev (1981)

Namiq Valeh oğlu Hacıyev (1981)

Tiflis, Bolus, Darvaz
“TEATR   ASILQANDAN   BAŞLANIR”

“TEATR ASILQANDAN BAŞLANIR”

Mədəniyyət, Tiflis
Səfir Dursun Həsənov Tiflis Dövlət Azərbaycan Dram Teatrına baş çəkmişdir

Səfir Dursun Həsənov Tiflis Dövlət Azərbaycan Dram Teatrına baş çəkmişdir

Tiflis, Diaspora
Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keç ...

Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keç ...

Tiflis, UNUTSAQ, UNUDULARIQ!....
ANAR RAFİQOĞLU NÖVBƏTİ STAND-UP ŞOUSU İLƏ SƏHNƏYƏ ÇIXACAQ

ANAR RAFİQOĞLU NÖVBƏTİ STAND-UP ŞOUSU İLƏ SƏHNƏYƏ ÇIXACAQ

"Varlıq", Tiflis, Rustavi, Darvaz, Elanlar
Səhnəmizin fədakar xadimi İbrahim İsfahanlı (1897 - 1967)

Səhnəmizin fədakar xadimi İbrahim İsfahanlı (1897 - 1967)

Mədəniyyət, Tiflis, Tarix, Müşfiq Borçalı
Gəncədə “Dəmir yumruq” tamaşası nümayiş olunub

Gəncədə “Dəmir yumruq” tamaşası nümayiş olunub

Gəncə, Mədəniyyət
Tbilisidə azərbaycanlı rejissorun tamaşasının təqdimatı olub

Tbilisidə azərbaycanlı rejissorun tamaşasının təqdimatı olub

Tiflis
YUBİLEYİN MÜBARƏK, İFTİXAR!...

YUBİLEYİN MÜBARƏK, İFTİXAR!...

Azərbaycan, Mədəniyyət, Qaraçöp
“Almaz” pyesi yeni quruluşda nümayiş olundu

“Almaz” pyesi yeni quruluşda nümayiş olundu

"Zirvə"
Xalq artisti Zülfüqar Abbasov (1940)

Xalq artisti Zülfüqar Abbasov (1940)

TDPİ-nin Azərbaycan bölməsi, Mədəniyyət, Borçalı
Nurlan Süleymanlı: “Əsas odur ki, ilk addımı atmışam” - Debüt

Nurlan Süleymanlı: “Əsas odur ki, ilk addımı atmışam” - Debüt

Mədəniyyət
Azərbaycan-Gürcüstan ədəbi əlaqələri genişlənir

Azərbaycan-Gürcüstan ədəbi əlaqələri genişlənir

Gürcüstan, Mədəd Çobanov
İNCƏSƏNƏT VƏ  ƏDƏBİYYAT ADAMI - AĞALAR İDRİSOĞLU (Esse)

İNCƏSƏNƏT VƏ ƏDƏBİYYAT ADAMI - AĞALAR İDRİSOĞLU (Esse)

Sumqayıt
Tiflisdə azərbaycanlı aktyorların iifasında Nodar Dumbadzenin

Tiflisdə azərbaycanlı aktyorların iifasında Nodar Dumbadzenin "Didro" əsə ...

Mədəniyyət, Tiflis
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Tbilisidəki Azərbaycan mədəniyyə ...

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Tbilisidəki Azərbaycan mədəniyyə ...

Tiflis, Diaspora

"Cəfər Cabbarlı-2015" mükafatları təqdim edilib

"Şərqin səsi"
Rəy yazın: