Ahıska türklərinin sürgün teatrı: “Miko – Şou” teatrosu Mədəniyyət, Turan 9 января 2022 Prof.Dr. Asif HacılıArtıq 77 ildir sürgün həyatı yaşayan beş yüz minədək Ahıska türkü bu gün dünyanın ondan çox ölkəsində yayğın halda məskunlaşıb. Bu şəraitdə xalqın milli varlığını və mənəvi birliyini təmin edən əsas amillər – ana dili, folklor və ədəbiyyat, adət və ənənələrdir. Sürgün dövründə etnik mədəniyyətin ənənəvi növləri qorunub saxlanmış, eyni zamanda yazılı ədəbiyyatın yeni janrları, musiqi, rəsm sənəti inkişaf etmiş, keçən əsrin 30-cu illərində mövcud olmuş teatr sənəti bərpa olunmuş, Ahıska türklərinin ilk kino-filmləri çəkilmişdir. Sürgün dövründə xalqın öz milli varlığını saxlaması, ənənəvi etnik mədəniyyəti, sənət növlərinin qoruması, yenilərini yaranması və inkişaf etdirməsi əslində tarixi qanunauyğunluğun nəticəsi idi. Çünki Ahıska diyarı tarix boyu Qafqazın mühüm mədəniyyət mərkəzlərindən olmuş, Ahıska türkləri regionun hegemon toplumlarından biri olaraq qüdrətli dövlətçilik ənənəsi və zəngin milli mədəniyyət yaratmışlar. Lakin XIX yüzilin əvvəllərində Qafqazın digər türk-müsəlman əraziləri kimi, Ahıska bölgəsinin də Rusiya imperiyası tərəfindən işğal edilməsi Qafqaz türklüyünə ağır zərbə vurmuşdur. Bu dövrdən Cənubi Qafqazda da yerli türklərə qarşı repressiyalar başlayıb, Ahıska və Qarapapaq türklərinin böyük hissəsi Osmanlıya köçməyə məcbur olub, onların yurdlarına İran və Anadoludan ermənilər gətirilib yerləşdirilib. Milli mədəniyyət, təhsil, sənət süqut edib. Lakin Qafqaz türklüyünün milli ruhu sarsılmayıb, tədricən ana dili, folklor, ədəbiyyat, mədəniyyət, təhsil bərpa olunmağa başlayıb. Hələ 1836-cı ildə Qazan universitetində çıxışında Mirzə Kazım bəy əsas yerli dil kimi türk dili tədrisinin vacib olduğu məntəqələr arasında Qazax, Gəncə, Şuşa, Şamaxı, Quba, Dərbənd, Bakı, İrəvan, Naxçıvan, Lənkəranla yanaşı, Tiflisin və Ahıskanın da adını xüsusi qeyd etmişdir (М.Казем-бек. Избранные сочинения. – Б., 1985, с. 346). Ahıska və Axırkələk qəzalarında müasir təhsil 1900-cü illərdə yaranıb, “üsulu-cədid” məktəblər açılıb. Türk dili yenidən Qafqazın əsas ünsiyyət vasitəsi kimi fəallaşıb. Qeyd edək ki, Gürcüstanda tarix boyu türk dili əsas ünsiyyət vasitəsi olub: «Keçmişdə geniş ərazidə (o cümlədən Gürcüstanın xeyli hissəsində) ünsiyyət dili funksiyasını yerinə yetirmiş Azərbaycan dilini çox vaxt azərbaycanlılarla qonşu olan gürcü əhali də bilib, azərbaycanlılara isə digər xalqlarla təsərrüfat ünsiyyətində gürcü dilini bilməyə böyük ehtiyac olmayıb» (Н.С.Волкова. Этнические процессы в Грузинской ССР // Этнические и культурно-бытовые процессы на Кавказе. – Москва, 1978, с.17). Keçən əsrin əvvəllərindən xalqa qarşı ağır təzyiqlərə, irticaya, soyqırımlarına baxmayaraq, Borçalı və Ahıska türklərinin milli-mədəni tərəqqisi sürətlənib, bu obalarda müasir maarif-mədəniyyət ocaqları, mətbuat orqanları yaranıb, milli kadrlar yetişib. Ahıska əsilli Ömər Faiq Nemanzadə, Osman Sərvər Atabəy, Əhməd bəy Pepinov, Məmməd Zəki Dursunzadə, Məhəmməd Əli bəy, Afzal bəy, Məhəmməd Şeyxzadə kimi şəxsiyyətlər bütövlükdə Zaqafqaziya ictimai həyatında böyük rol oynayıb. Ahıska mahalının Azərbaycan, xüsusən Borçalı ilə əlaqəsi güclənib. 1920-30-cu illərdə Borçalıdan, eləcə də Bakıdan, Gəncədən, Qazaxdan, Şəkidən çoxlu müəllim, sənətçi və inzibati işçi Ahıskaya gəlib fəaliyyətə başlayıb. Onların yardımı ilə ana dilində orta və peşə məktəbləri, texnikumlar, müəllim məktəbləri, siyasi kurslar açılıb. Gürcüstanda türkcə çar dönəmində dərc olunan «Tiflis əxbarı» (1842), «Ziya» (1879-1880), «Ziyayi Qafqaziyyə» (1880-1884), «Kəşkül» (1883) jurnalı, «Kəşkül» qəzeti (1884-1891), «Şərqi Rus» (1903-1905), «Molla Nəsrəddin» (1906-1918), müstəqillik dövründə (1918-1921) çıxan «Gələcək», «Al bayraq», «Vətən», «Yeni dünya», sovet dövründə dərc olunan «Kommunist» (1921), «Yeni fikir» (1922-1927), «Yeni kənd» (1927-1938), «İşıqlı yol» (1924), «Dan ulduzu» (1926-1931), «Şərq kolxozçusu» (1931), «Qızıl Şəfəq» (1926-1930), «Yeni qüvvə» (1930-1939), Adıgündə «Adıgün kolxozçusu» (1931), «Qızıl rəncbər» (1933), Ahıskada «Kommunist» (1930), Aspindzada «Bağban» (1933), «Sosializm kəndi» (1940) kimi mətbuat orqanlarının türk xalqının ictimai, mədəni həyatında mütərəqqi əhəmiyyəti olub. XIX yüzildə və keçən əsrdə Ahıskanın türk əhalisinin demoqrafik vəziyyətində də dirçəliş baş verir. Səyyahlar, tədqiqatçılar, hərbçilər buranın türk eli olmasını aydın duyub (Bax: А.Френкель. Очерки Чурук-су и Батума. – Тифлис, 1887; В.М.Лисовский. Чорохский край. Военно-статистический очерк. – Тифлис, 1887; Н.Я.Марр. Из грузинских наблюдений и впечатлений. – СПб., 1905; П.Уварова. Кавказ. Абхазия, Аджария, Шавшетия, Посховский участок. Путевые заметки. – М., 1891; Г.Вешапели. Турецкая Грузия, Лазистан, Трапезунд и Чорохский край. – М., 1916). Müşahidəçilər Ahıska türklərinin geyiminin də fərqləndiyini, Azərbaycan türklərinin geyiminə bənzədiyini və bəzi gürcü kəndlərinin əhalisinin də Azərbaycan (tatar) üslubunda geyindiyini bildirirlər (А.Д.Андроников. Описание 30-г., Уравельского, полицейского участка Ахалцихского уезда Тифлисской губернии // ЗКОРГО. – Тифлис, 1894; к. XVI, s. 90-91; С.Макалатия. Месхет-Джавахети. – Тбилиси, 1938, с. 89-91). Mesxet-Cavaxet bölgələ¬rin¬də, eləcə də Acarıstan, Kobulet, Şəvşət, Kaxet, Kartli, İmereti, Quriya, Meqreliya adlandırılan yerlərdə nəinki türk, hətta gürcü, digər xaçpərəst qadınları da uzun müddət çadrada gəziblər. Ümumiyyətlə, başqa etnoqrafik örnək¬lərdə olduğu kimi, gürcü geyiminin də müəyyən hissəsi turklərdən götürülüb. Kaxet çarları və aznaurlar (gürcü zadəganları) «qızılbaş üslubunda» gödəkçə geyər, çalma bağlarmış. İmeretdə, digər yerlərdə də türk qaf¬tan¬ları, «qızılbaş qiyafəsi» gurcülərin əsas libası imiş (Н.Г.Волкова. Статейные списки русских посольств XVI–XVII вв. как этнографический источник // Кавказский этнографический сборник, VI. – M., 1976, с. 279-281). Təbii ki, gürcü xalqının da öz türk qonşularına müəyyən mədəni, dil təsirləri olmuşdur. Təəssüf ki, mədəniyyətin bütün sahələrini, mətbəxi, musiqini, folkloru, adətləri, mərasimləri və sairəni əhatə edən, türk-gürcü dostluğunu aşkarlayan belə faktlara sonradan göz yumulub. Bu cəhət demoqrafik göstəricilərdə də aşkar nəzərə çarpır. Həm çar idarəçiliyində, həm də sovet dövründə statistik göstəricilərdə türklərin sayı həmişə kəskin azaldılıb, ermənilərin sayı saxtakarlıqla artırılıb. Ancaq əksər göstəricilər birbaşa və ya dolayısı ilə Ahıska, Axırkələk və Borçalı qəzalarında türklərin sayca üstünlük təşkil etdiyini göstərir.Bu göstəricilərdən biri də zadəganların sayı ilə bağlı statistikadır. 1887-ci ildə Axılkələkdə əhalinin silklər üzrə tərkibi türklərin burada əsilli-köklü yerli xalq olduğunu və dövlətçilik ənənəsinə sahib olduğunu sübut edir: 59.496 nəfərdən dvoryanlar – 5, xan, bəy və ağalar – 253, ruhanilər – 1.053, meşanlar – 21, kəndlilər – 58.147, sahibkar kəndlilər – 116, istefada və ehtiyatda olan aşağı rütbəli məmurlar – 17 nəfər olub (Брокгауз-Эфрон. Энциклопедия. – СПб., 1890, т. II, c. 526). Göründüyü kimi, türk zadəganlarının sayı mütləq əksəriyyəti təşkil edir, bu isə onların bu ərazilərdə avtoxtonluğunu, dövlətçilik ənənəsinin zənginliyini və demoqrafik sayının da mütləq üstünlüyünü göstərir (Borçalıda imtiyazlı zümrələrə dair elmlər doktoru Fəxri Valehoğlunun dəyərli monoqrafiyasına baxmaq olar: Fəxri Valehoğlu. XIX əsr Borcalı əhalisinin imtiyazlı zümrələri kameral təsvirlərdə, Bakı: “Elm” nəşriyyatı, 2021).Sürgün ərəfəsində, 1939-cu il siyahıyaalmasında isə türklərə qarşı yeni təxribat tətbiq olunur – türklərin (Azərbaycan və Ahıska türklərinin) artıq adı dəyişdirilir və onlar sənədlərdə azərbaycanlı kimi qeyd edilir. Sürgündən əvvəl türk əhalisi arasında təhqiredici təbliğat aparılır, onlara gürcülüyü qəbul etdirmək üçün bir çox cəhdlər edilir. Lakin hətta gürcü mənbələrində də göstərildiyi kimi, əhali belə təhqiramiz təklifləri qəti rədd edir, hamı türk olduğunu qətiyyətlə təsdiqləyir (Bax: К уточнению важного исторического факта // Газета ЦК КП Грузии «Народное образование», 30 июля 1989 г.; Ш.Бадридзе. «Турки-месхетинцы»: как возникла проблема? // Газета «Вечерний Тбилиси», 25 июля 1989 г. ). 1939-cu il siyahıyaalmasında Ahıskanın əhalisinin yarıdan çoxunu türklərin təşkil etdiyi göstərilir - 55.490-dan 28.480 nəfər. Qeyd edək ki, bu statistik göstəricilər də olduqca ziddiyyətli və qeyri-obyektivdir, məlumatların hamısında Ahıska-Axılkələk və Borçalı türklərinin sayı azaldılır. Bu göstəricilərlə müqayisədə, Gürcüstanın N. Cavaxaşvili adına Tarix, arxeologiya və etnoqrafiya İns¬titutunun 1989-cu ildə verdiyi məlumatda rəsmi statistik göstəricilər¬dən fərqlənən və reallığa daha yaxın rəqəmlər açıqlanır: türklərin (siyahıda «azərbaycanlı» yazılıb) 1939-cu idə Adıgün rayonunda 80%, Boqdanovkada 70%, Aspindzada 66%, Ahıskada 51% təşkil etdiyi bil¬dirilir (К уточнению важного исторического факта // Газета ЦК КП Грузии «Народное образование», Тбилиси, 30 июля 1989 г., c.10-11). Ahıskada keçən əsrin 20-30-cu illərində türk əhalinin sayca üstünlüyünü, bu illərdə türk mədəniyyətinin inkişafını o dövrü yaxşı xatırlayan ağsaqqallar da mənimlə söhbətlərində qeyd edərdilər. Zəki insan, müdrik ağsaqqal, incə yumorlu söz xiridarı Məhəmməd Mamaxov Ahıska elinin tarixi, mədəni həyatı, təsərrüfatı haqqında saatlarla danışardı. 1980-ci illərin axırı – 90-cı illərdə Bakıda Akademik Dram Teatrın yanındakı qonaqpərvər evlərində Məhəmməd əmi, xanımı Fatimə xala və oğlu, istedadlı musiqiçi Faiqlə (Faiq Azqurlru Mamaxov) söhbətlər bizi ayrı bir aləmə salardı. Keçən əsrin əvvəllərində Azqurda dünyaya göz açmış Məhəmməd əmi gəncliyində ictimai işlərdə çalışıb, 20-ci illərin əvvəllərindən komsomol sahəsində işləyib, 1927-1929-da Ahıskada «uyezd komsomolunda» inspektor olub. 1929-cü ildə 24-25 yaşında Bakıya oxumağa gəlib və o vaxtdan burada məskunlaşıb. Məhəmməd Mamaxov xatırlayırdı ki, həmin dövrdə Mövlud Bayraq¬darov da Adıgündə komsomolçu və ictimaiyyətçi olub. Komsomol həmkarlarından Musa¬yevi, Baxşi Muradovu yada salırdı. 1925-27-də həvəskar teatr truppasında da iştirak etdiyini deyirdi. Söyləyirdi ki, Tiflisdən İbrahim İsfahanlı Adıgünə səhnəni tərtib etməyə gəlmişdi, dekorasiya yaratdı, teatrı qurdu, qardaşım Ömər bu teatrda rejissorluq edərdi. «Məşədi İbad», «Arşın mal alan» səhnələşdirilmişdi. Xatırlayırdı ki, Qurgeldən Ramiz bəy Qaplanov teatrda iştirak edirdi, Rəhim, Bəhri də teatrda idi. Fatimə xalanın atası Loman ağa (məşhur şəxs Ədəmin oğlu – Ədəmov, Ədhəmov) teatrla maraqlanardı, o, xalq hərəkatının başçılarındanmış, sonradan Türkiyəyə gedib. Məhəmməd dədə Azqur yanındakı Aqara kəndində Ömər Faiqin bağını yaxşı xatırlayırdı. Söyləyirdi ki, inkişaf etmiş kənd olan Azqurun ziyalılarından Məhəmməd Zəki (Azqur imamının oğlu) İstanbulda oxumuşdu, müəllimlik edirdi, islam tarixindən dərs deyirdi. Bakıda məqaləsi çap olunmuşdu – insanlar arasında münasibətlərin məhəbbətdən gəlməsini yazırmış, sonradan belə fikirlərinə görə təqib olundu və 30-cu illərdə tutuldu. Məhəmməd dədə onu da söyləyirdi ki, Abbas Mirzə Azərbaycandan gəlmişdi, türk dili dərsi deyirdi (Bax: Asif Hacılı. Ahıska türkləri: Vətən bilgisi. – İstanbul, ATRA, 2009, s.102)...Tiflis ədəbi mühitinin, Tiflis və Ahıska türk teatrının görkəmli tədqiqatçısı professor Abbas Hacıyev, mənim 1980-ci illərdə qələmə aldığım bu canlı xatirələrdəki məlumatı, hələ 1960-cı illərdə Tiflis, Leninqrad, Bakıda aşkarladığı zəngin tarixi sənədlər, dövrün mətbuatı, arxiv materialları əsasında ilk dəfə aşkarlayaraq, görkəmli alim və yazıçı, müəllimi Mir Cəlal Paşayevin elmi rəhbərliyi ilə 1965-ci ildə müdafiə etdiyi “Tiflis ədəbi mühiti” adlı namizədlik dissertasiyasında geniş tədqiq etmiş və göstərmişdir ki, Ahıskada, Borçalıda, Tiflisdə 30-cu illərdə türk mətbuatı, mədəniyyəti, təhsili sürətlə inkişaf edirdi və bu milli dirçəlişin nəticəsi olaraq, 1934-cü ildə azərbaycanlı və ahıskalı sənət adamlarının iştirakı və böyük sənətkar İbrahim İsfahanlının rəhbərliyi ilə Adıgündə “Adıgün Kolxoz-Sovxoz Türk Teatrı” yaradılmış, bu sənət ocağı böyük uğur qazanmışdır. Lakin anti-türk bolşevik rejimi 1937-ci ildə bu teatrı Tiflisə köçürmüş, bu teatra heç bir şərait yaradılmamış və buna görə də bir neçə tamaşadan sonra teatr bağlamışdır. 1944-cü il sürgünü isə Ahıska türklərinin milli təhsilinə, mədəniyyət ocaqlarının fəaliyyətinə son qoymuşdur (Abbas Hacıyev. Tiflis Azərbaycan teatrı. – Bakı, 1984; Abbas Hacıyev. Tiflis Azərbaycan və Adıgün türk teatrı. – Bakı, “Borçalı” NPM, 2006). Adıgün Türk Teatrının məhdud maddi imkanlarla göstərdiyi fəaliyyətin genişliyi və sənət dəyəri, Ahıska əhalisinin teatra olan marağı, Tiflis Türk Teatrının da Ahıska kəndlərinə qastrollara gəlməsi göstərir ki, bu diyarın sakinlərinin yüksək mədəni səviyyəsi olub və burada teatr təsadüfi yaradılmayıb. Professor Abbas Hacıyev məhz bu kimi amillərə əsaslanaraq, yazır ki, bu obanın mədəni həyatına teatr tamaşaları ayrıca rövnəq vermişdir, xüsusən Tiflis Türk Teatrının qastrolları və Adıgün Kolxoz-Sovxoz Türk Teatrının tamaşaları. 1920-30-cu illərdə Ahıskada çoxlu sayda həvəskar teatr dərnəkləri yaranıb fəaliyyət göstərir, nəhayət, Tiflis Azərbaycan Dram Teatrının köməyi ilə 1934-cü ildə böyük sənətkar İbrahim İsfahanlının başçılıq etdiyi Adıgün Səyyar Kolxoz-Sovxoz Teatrı yaradılır və fəaliyyətə başlayır (Abbas Hacıyev. Tiflis Azərbaycan teatrı. – Bakı, 1984, s. 138-141). Adıgün teatrında İbrahim İsfahanlıdan başqa, Əsəd Xəlilov, İsmayıl Ələkbərov, Sadıq Məmmədov, Qara Nəzərli, Yusif Ələkbərov, Məmməd Hüseyn Bəxtiyarlı, Məmmədbağır Məmmədov, Nadir Novruzov, Xasay Rüstəmli, İsrafil Qarayev, Nürəddin Rzayev, Rzabala Rzayev, Firidun Məmmədov, Ş. Ərdahanlı, Xədicə Əliyeva, Kübra Cəfərova kimi peşəkar sənətkarlar, yerli ziyalılardan Ömər Mamaxov, Ramiz bəy Qaplanov və başqaları çalışırdı. Adıgün teatrı 1936-cı ildə yerli tamaşalarla yanaşı, Borçalı, Lüksemburq (indiki Bolnisi), Qarayazıya qastrola çıxır. 1936-cı ilin 7-20 oktyabrında Borçalıda tamaşalar verir. Teatrın repertuarına «Hamlet», «Otello», «Qaçaqlar», «Hind qızı», «Almas», «Sevil», «Altun-qala», «Yaşar», «Od gəlini», «Şeyx Sənan», «Hacı Qara», «Namus», «Sona», «Kef içində», «Platon Kreçet», «Volkovlar ailəsi» kimi əsərlər daxil idi. Tək Ahıska-Adıgündə deyil, Gürcüstanın azərbaycanlılar yaşayan rayonlarında böyük şöhrət qazanmış bu teatr gərgin işləyirdi («Yeni kənd» qəzeti, 1937, 21 mart). Teatr ancaq 1935-ci ilin mayına qədər «rayonun 30 böyük kəndində və mühüm nöqtələrində 70-dən ziyadə tamaşa vermiş, bədii çıxışlarda bulunmuşdu» («Qızıl rəncbər» qəzeti, 1935, 28 may). «Yeni kənd», «Qızıl rəncbər», «Adıgün kolxozçusu» qəzetləri Adıgün teatrının tamaşalarını təhlil edir, diqqətlə izləyirdilər. Aspindza və Qarayazıda, habelə Azərbaycanın bəzi rayonlarında uğurlu qastrolları olmuş, yalnız 1937-ci ildə Ahıskada 12 tamaşa göstərilmişdi (Abbas Hacıyev. Tiflis Azərbaycan teatrı. Bakı, 1984, s.141). Lakin bolşevik rejimi türk teatrının uğurlarına çox dözmür, 1937-ci ildə Teatr Tiflisə köçürülür, heç bir təminatı olmur və bir neçə tamaşadan sonra bağlanır... Bir qədər sonra isə Ahıska türklərinin və ümumən Qafqaz türklüyünün taleyində ümummilli tarixi faciə baş verir, yerli türk-müsəlman əhalisi bütünlüklə doğma yurdlarından çıxarılaraq, Orta Asiyaya sürgün edilir, insani və vətəndaş hüquqlarından, milli təhsildən, mətbuatdan, mədəni təsisatlardan, toplum halında yaşamaq hüququndan və son nəticədə “türk” etnik adından məhrum edilir. Lakin sovet rejiminin bu etnosid siyasəti Ahıska türklərinin milli kimlik şüurunu, milli varlığını sarsıda bilmir, ana dili, folklor, adət və ənənələr, doğma yurd sevgisi və vətənə dönüş əzmi qorunub saxlanır. Ahıska türkləri sürgünün ilk illərindən başlayaraq yurda dönüşü ali milli məqsəd kimi qarşıya qoyur və bu yolda milli mücadiləyə başlayır. Bu mübarizə nəticəsində 1956-cı ildə türklərin formal reabilitasiyası elan olunur, ancaq heç bir təzminat və doğma yurda qayıtmaq hüququ verilmir. Təəssüf ki, artıq otuz ildir sovet hökuməti dağılsa da Ahıska türkləri hələ də tarixi vətənlərinə qayıda bilməmişlər... Onilliklərlə davam edən bu qanunsuz və insanlığa zidd deportasiya dövründə Ahıska türklərinin təbii milli özünüqoruma hissi ilə milli ədəbiyyat, musiqi, mətbuat nümunələri yaranmış, el şairlərinin əsərləri dərc olunmuş, folklor, adətlər, mərasimlər, yaşam tərzi, ana dili, dini inanc və türk kimlik şüuru və vətən eşqi qorunmuşdur. Ahıskalıların sürgün həyatında özfəaliyyət qrupları, həvəskar musiqi və rəqs kollektivləri də böyük rol oynayır. Bu baxımdan istedadlı müğənni Müdir Umarovun Özbəkistanda yaratdığı “Arzu” musiqi qrupunun; Saatlı rayon Şirinbek kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatından dərs demiş, 1985-ci ildən kənd Mədəniyyət Evinin rəhbəri işləmiş, milli mücadilənin liderlərindən olan ünlü şair, Əməkdar Mədəniyyət İşçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Cabir Xalidin kənddə təşkil etdiyi, 1987-ci ildə II Ümumittifaq xalq yaradıcılığı festivalının laureatı olmuş türk-folklor ansamblının; 1980-ci illərin ortalarında istedadlı musiqiçi Faiq Məhəmməd oğlu Mamaxovun Saatlının Ahıska türklərinin kompakt yaşadığı kəndlərdə yaratdığı özfəaliyyət dərnəklərinin və nəhayət, 1989-cu ilin aprelində Faiq bəyin bədii rəhbərliyi və musiqiçi yoldaşlarının iştirakı ilə həmin dövrdə müəllim işlədiyim M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun bazasında və ilk mərhələdə burada oxuyan ahıskalı tələbələrimdən, bir qədər sonra isə Bakıdakı digər institutlardan və hətta kəndlərdən gələn ahıskalı tələbə və gənclərlə yaratdığımız “Ümid” mahnı və rəqs ansamblının; Saatlıda istedadlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış mədəniyyət işçisi, Saatlı rayon Şirinbəy Kənd Mədəniyyət Evinin bədii rəhbəri Həmdi Ayvazovun yaradıcısı və rəhbəri olduğu, respublika miqyaslı tədbirlərdə, televiziya kanallarında dəfələrlə çıxış etmiş, müxtəlif mükafatlara layiq görülmüş qızlardan ibarət “Karvan” rəqs qrupunun və onun rəhbərliyi ilə 2006-cı ildə Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşa şəhərində 23 Nisan Uşaq Bayramında uğurla Azərbaycanı təmsil etmiş uşaqlardan ibarət özfəaliyyət qrupunun; eləcə də Azərbaycanın müxtəlif bölgələrində, Ahıska türklərinin kompakt yaşadığı digər ölkələrdə yaradılmış müxtəlif özfəaliyyət kollektivlərinin fəaliyyətini xüsusi qeyd etmək istərdik. Xalqın varlığının və milli mənliyinin qorunmasına xidmət edən belə mədəni təsisatlardan biri də, artıq iyirmi ildən çoxdur Özbəkistanın paytaxtı Daşkənddə Ahıska türklərinin fədakar ziyalısı Mikayıl Afras oğlu Süleymanovun yaratdığı peşəkar “Miko – Şou” teatrıdır. 1937-ci ildə bağlanmış Adıgün Türk Teatrından sonra “Miko” teatrı sürgün dövründə Ahıska türklərinin ilk və yeganə professional teatrı hesab oluna bilər. Vətəndən uzaqda yaradılmış və sönməz Vətən eşqini ifadə edən bu teatrın əsas heyəti cəmi dörd nəfərdən – teatrın qurucusu, rəhbəri, ssenaristi, aktyoru, rejissoru Mikayıl Süleymanov, onun aktyor dayısı İlham Osmanov (Daşkənd Dövlət Mədəniyyət İnstitutu, Xalq teatrı rejissorluğu bölümü məzunu), aktyor qardaşı Məlik Süleymanov (Daşkənd Dövlət Mədəniyyət İnstitutu, Xoreografiya bölümü məzunu), Ələddin Əlləzovdan (orta və lisey təhsilli) ibarətdir. Teatrın müəyyən tamaşalarında və ya şoularında istedadlı müğənnilər Mövlud Nurioğu, Əfraz Süleymanov, Salamat Cövdətqızı, İlyas Gülaydınoğlu da çıxış edirlər. Teatrın rəhbəri, sənətçi ailəsində böyümüş Mikayıl Süleymanov peşəkar teatr xadimidir. 1990-cı ildə Daşkənd Dövlət Teatr və Rəssamlıq Sənəti Universitetinin aktyorluq və rejissorluq fakültəsini bitirib. Müəyyən çalışmalarından sonra 1998-ci ildə Özbəkistan Ahıska Türkləri dərnəyi nəzdində “Miko – Şou” musiqili komediya teatrını təsis edib. Lakin “Miko – Şou” komediya teatrı olsa da mahiyyətcə Vətən dərdini, yurd həsrətini, qəriblik duyğularını səhnəyə gətirir və bu teatrın və onun fədakar sənətçilərinin komik gülüşü əslində “göz yaşları içində gülüş”dür...“Miko” teatrının repertuarını, ssenarini, səhnə quruluşunu, musiqini, geyim və rekvizitləri, digər atributları bir qayda olaraq bu azsaylı truppa özü müəyyənləşdirir. Mikayıl bəy məhz xalqın dərdini ifadə etmək üçün teatra gəldiklərini və bu dərdi səhnədə ifadə etdiklərini bildirir. Bununla bərabər, xalqı sevindirməyin, güldürməyin, coşdurmağın da əsas vəzifələri olduğunu söyləyir. “Miko” teatrının tamaşalarının mövzusu xalqın gerçək həyatından götürülüb və ailə münasibətlərini, əxlaqi-didaktik mövzuları, sosial-ictimai problemləri əks etdirir. Öz fəaliyyətində keçən əsrin əvvəllərində maarifpərvər türk ziyalılarının yaratdığı teatr truppalarının saflığını, həyatiliyini, vətənpərvərliyini, canlı realizmini xatırladan “Miko” teatrı özünün səmimiliyi, milli təəssübkeşliyi və truppanın təbii istedadı ilə iyirmi ildən çoxdur ki tamaşaçıları cəlb edir, qastrol səfərlərinə çıxdığı müxtəlif şəhər, kənd, ölkələrdə böyük maraqla qarşılanır. Teatrın yaradıcılığının özünəməxsusluğu həm də tamaşaların Ahıska ləhcəsində təqdim edilməsi, Ahıska türklərinin milli xarakterinin etnik-mədəni və psixoloji özəlliklərinin qorunmasıdır. Stasionar binası olmayan “Miko” teatrı öz sənətçilərinin fədakar zəhməti sayəsində mövcud olduğu bütün bu illər ərzində geniş miqyasda fəaliyyət göstərir, rəngarəng teatr tamaşaları hazırlayır, konsertlər keçirir, qastrollara çıxır. Mikayıl bəyin öz çıxışlarında dediyi kimi, Miko komedi teatrı hər qastrol sezonuna yeni programla çıxır, yeni mövzularda və tərtibatda əsərlər təqdim edir. Komediya teatrı olaraq, xalqın ruhuna uyğun zarafatları, ironik ifadələri, ibrətamiz kəlmələri xalqın dilinə düşər. Teatrın səhnədə tamaşa və musiqini, fikir və əyləncəni, musiqi və mənalı monoloqları birləşdirməsi nəticəsində teatr xalq tərəfindən canlı şou kimi qəbul edilmiş və teatr “Miko-şou” adlandırılmışdır. Bu şouların geniş maraq doğurduğunu görən, xalqın çox müxtəlif yerlərdə yaşadığını nəzərə alan vətənpərvər truppa səhnələşdərdiyi tamaşaları soydaşların dünyanın hər yerindən seyr edə bilməsi üçün beş video albom hazırlayaraq YouTube kanalında yerləşdirmişdir. Bu videoların uğuru “Miko” filmlərinin çəkilməsinə bir təkan və vəsilə olmuşdur. Beləliklə, bu vaxta qədər Qırğızıstan, Rusiya, Türkiyə, Aərbaycan, ABŞ, Ukrayna, Almaniyada qastrollarda olmuş “Miko Komedi teatrosu”nun yaradıcılığı janr etibarilə genişlənmiş və yalnız teatr sahəsi ilə məhdudlaşmamışdır. Öz yaradıcılığında tamaşa, konsert, musiqi, nəğmə, rəqs, qiraət kimi sənət növlərini sintez edən teatrın səhnə fəaliyyətinin mühüm bir istiqaməti film çəkilişidir. “Miko” teatrının öz məzmunu və bədii dəyəri ilə seçilən, tamaşaçıların marağını doğurmuş filmlərindən “Dadlı bulaq” (“Tatlı puvar”), “Borc”, “Gerçək eşq” kimi filmləri xüsusi qeyd edə bilərik. “Miko” kollektivinin gərgin yaradıcılığının məhsulu olan, 1999-cu ilin sentyabrında çəkilişinə başlanıb 2000-ci ildə tamamlanmış “Tatlı puvar” filmi Ahıska türklərinin ilk bədii filmi olması, həm də yüksək ideya-bədii səviyyəsi ilə fərqlənir. Film üzərində iş Ahıska türklərinin peşəkar kino sənətçilərinin, kino üçün xüsusi pavilyonun və heç bir təcrübənin olmadığı şəraitdə çəkilib. Ancaq bütün bunları mikoçuların vətənpərvərliyi, sənətə bağlılığı və fədakarlığı əvəz etmişdir. Mikayıl Süleymanovun öz müsahibələrində dediyi kimi, “Miko”nun aktyorlarından əlavə, çəkilişə xalq arasından istedadlar cəlb edilmiş, hətta film çəkilə-çəkilə onlara aktyorluq dərsi də keçilmişdir. Ahıska türklərinin öndərlərindən Ziyəddin Hasanovun sponsorluğu ilə baş tutan, təbii şəraitdə – Alma-Atanın kəndlərində çəkilən filmin ssenari müəllifi “Miko” teatrının rəhbəri Mikayıl Afras oğlu Süleymanov, rejissoru – İbrahim Həbibulla oğlu Rəsulov, operatoru – Rinat Mırhad oğlu Qaliyev, makiyajçı – Bəxtiyar Temirov, musiqiçi – Halid Maqsudov, səs rejissoru – Əhrar Kurmanov, film direktoru – Abamüslüm Şərəfəddin oğlu olmuşdur. Rollara teatr heyəti və Ahıskalı həvəskar istedadlar çəkilmişdir: Mikayıl Süleymanov, İlmira Süleymanova, Yodgora Cəfərova, Şamil Binəliyev, Kamal Qarayev, Nuriyə Əzizova, İlham Usmanov, Gülsənəm Gəmzəyeva, Məlik Süleymanov, Ələddin Əlləzov, Kərim Veysəlov, Mahmud Süleymanov... Bu filmə qədər heç bir kinematoqraf təcrübəsi və kino təhsili, özünün binası, xüsusi peşəkar avadanlığı olmayan “Miko” heyətinin bir-neçə nəfərlə tammetrajlı bədii film çəkməsi olduqca risqli bir iddia idi. Lakin bütün bu maddi və texniki məsələləri Vətən sevgisi, türklük sevdası və Mikayıl bəyin və sənət yoldaşlarının təbii istedadı və milli qeyrəti əvəz edirdi. Buna görə də filmin çəkilişindən sonra ona olan fenomenal maraq inanılmaz dərəcədə yüksək səviyyədə oldu. “Miko”nun dörd nəfərlik heyətinin və həvəskar istedadların ərsəyə gətirdiyi film, bir çox peşəkar studiyaların həsrətində olduğu tamaşaçı uğuru qazandı. Çəkilişi az bir müddətdə tamamlanmış, Ahıska türklərinin tarixi taleyini, etnik mədəniyyət və psixologiyasını əks etdirən gərgin süjetli bu film tamaşaçıların inanılmaz marağına səbəb oldu, filmin video kasetinə, demək olar, bütün ahıskalı ailələrdə sevilərək baxıldı. Mikoçuların və ümumən Ahıska türklərinin ilk filmi olan “Tatlı puvar” Türkiyədə TRT-1, TRT-2 və Kanal-7-də yayınlandı. Film özbək dilinə dublyaj olunaraq, özbəkcə “Şirin buloq” adiyla Özbəkistanın dövlət kanallarından “Özbekiston-1”, “Yoşlar”, “Toşkent” kanallarında dəfələrlə göstərildi. Bu böyük maqar, tamaşaçı heyranlığı və sevgisi, film haqqında müsbət rəylər, onun dövlət kanallarında nümayişi sadəcə “Miko”nun, onun yaradıcısı və rəhbəri Mikayıl Süleymanovun uğuru deyildi. Bu həm də və ilk növbədə ilk Ahıska filminin və Ahıska kino sənətinin yaranması demək idi. Bu isə, təbii ki, türklük tarixinə düşəcək və tarixdə qalacaq sənət hadisəsi, sənət qələbəsi idi.“Tatlı puvar”ın bu uğuru göstərdi ki, Mikayıl Afras oğlu Süleymanov öz həyat və sənət yolunu düzgün seçib, öz istedadı, yaradıcılığı, təşkilatçılıq bacarığı ilə xalqına şərəflə xidmət edir, soydaşlarında Vətən eşqini, türklük sevdasını qeyrətlə yaşadır, türk ruhunun ölməzliyini öz əsərləri ilə bütün dünyaya nümayiş etdirir. Bütün bunları yaxşı anlayan, nə etdiyini duyan və doğru qiymətləndirən, Mikayıl bəy və həmkarları ona böyük uğur gətirmiş ilk filmlə kifayətlənmədilər və yeni filmlər üzərində işə başladılar. “Tatlı puvar”dan sonra Mikoçular 2002-ci ildə Ahıskalı türkü, Özbəkistanda yaçayan iş adamı Yunus Süleymanhacı oğlunun sponsorluğu ilə, yenə həmin məkanda “Borc” filminin çəkilişinə başladılar. Mənəvi dəyərləri, didaktik-əxlaqi məsələləri gündəmə gətirən filmin məzmununu Ahıska türklərinin ənənəvi həyat tərzi və dünyagörüşündə, etnik pedaqogikasında mühüm yer tutan övlad borcu, valideynlərə, ailə böyüklərinə olan sevgi, diqqət və qayğı təşkil edir. Mikayıl Afras oğlu Süleymanovun ssenarisi, İbrahim Həbibulla oğlu Rəsulovun rejissorluğu, Tələt Aman oğlu Mənsurovun operatorluğu, Xalid Maqsudovun musiqisi, Əbdüqahhar Əbdüsəməd oğlunun səs rejissorluğu, Malik Süleymanovun direktorluğu ilə çəkilən “Borc” filmində Mikayıl Süleymanov, Rüstəm Mürsəl oğlu, Şamil Binəliyev, Kamal Qarayev, Kamil Şəhriyev, Səlamət Maqsudova, Yadgara Cəfərova, Səfiyə Sərvərova, Cəsim Rəşidov, Nuriyə Əzizova, Sona Ulfanova, Tamara Şakirova, İlham Osmanov, Məlik Süleymanov, Ələddin Əlləzov, Rəsul Əfrəs, Əfrəs Süleymanov aktyorluq etmişlər. 2003-cü ildə ekrana çıxarılan bu film də böyük tamaşaçı marağına səbəb oldu və TRT-1, TRT-2 kanallarında bir neçə dəfə nümayiş etdirildi, video kasetləri geniş yayıldı. Bu filmdən sonra maddi çətinliklərlə bağlı, bir müddət film çəkilişinə fasilə verildi. “Miko – şou” öz konsert proqreamlarına, teatr tamaşalarına davam etdi, Ahıska türklərinin məskunlaşdığı müxtəlif yerlərə qastrol səfərlərinə çıxdı. Nəhayət, təxminən 10 il sonra, 2014-cü ildə Qırğızıstanda yaşayan Ahıskalı iş adamlarının sponsorluğu ilə yeni, 3-cü film olan “Gerçək eşq”in çəkilişinə başladılar. Qırğızıstanın paypaxtı Bişkekdə gerçəkləşən çəkiliş 45 gün müddətində tamamlanmış və 2015-ci ilin fevral ayında Bişkekdə filmin təqdimatı baş tutmuşdur. Mənəvi-psixoloji, fərdi-insani motivlərin üstünlük təşkil etdiyi bu film də tamaşaçılar tərəfindən sevilərək coşquyla qarşılandı. Bu filmin çəkilişində də Mikoçu sənətkarlar və xalq arasından seçilən istedadlar iştirak etmişlər. Ssenaristi və rejissoru Mikayıl Süleymanov olan Gerçək eşq” filminin çəkilişində Şirzad Şıxəlilov (operator), Anastasiya Reyim (yayımçılıq), Xalid Maqsudov (musiqi), Ənvər Feyz (səs rejissorluğu), Mürəfəddin Sakimov və Malik Süleymanov (idari və təşkilati işlər) iştirak etmişlər. Rollara Əminə Əsgərova, Fərhad Əzizov, Mikayıl Süleymanov, Yayra İsmayılova, Səlamət Maqsudova, İlham Osmanov, Məlik Süleymanov, Firuzə Osmanova, Rüstəm Mürsəl, Afras Süleymanov və digərləri çəkilib. Mikoçuların üçüncü professional filmi olan “Gerçək eşq”in Bişkekdəki ilk təqdimatı da, sonrakı nümayişlər də yüksək səviyyədə keçmiş və dəyərli sənət əsəri kimi qiymətləndirilmişdir. İlk təqdimatda Türkiyənin Qırğızıstandakı səfiri, Qırğızıstan Mədəniyyət Nazirliyinin məsul nümayəndələri, qırğız xalqının tanınmış ziyalıları, sənət adamları iştirak etmişdir. Xalqın böyük marağına səbəb olan filmin Bişkekdən sonra başqa dövlətlərdə – Qazaxstan, Özbəkistan, Rusiya, ABŞ, Ukraynada təqdimatı keçirilmişdir. Bu film elə ekrana çıxarıldığı il rus dilinə tərcümə edilərək “Настоящая любовь» adı ilə UzbekFilmsHD YouTube kanalından yayına verildi. Artıq film türkdilli və rusdilli internet məkanında dünyanın müxtəlif yerlərində seyr edilərək, müsbət rəylər və şərhlər almaqdadır.Mikayıl Süleymanov xalqın marağını nəzərə alaraq, 2019-cu ilin yanvarında “Ahıska film” YouTube kanalı açaraq çəkdikləri filmləri və teatr tamaşalarını geniş miqyasda yayınına başladı. Onu da qeyd edək ki, Mikayıl Süleymanov özbəkcə çəkilmiş və ölkə TV-lərində göstərilən “Lalə”, “Qismət”, “Dərs”, “Ciyərbəndim”, “Eşq və kədər”, “Bir öpüşün bədəli”, “Eşq baharı”, “Səadət quşu” kimi film və serialların da ssenari müəllifidir. Hazırda Mikayıl Süleymanov Özbəkistan Respublikası Beynəlxalq İslam Akademiysı nəzdindəki “Ziya” media mərkəzində baş direktor vəzifəsində çalışır və Özbəkistan-1 dövlət kanalı üçün dini maarif verilişləri və qısa filmlər hazırlayır. Mikayıl Süleymanov uğurlu fəaliyətinə görə Prezidenti Şövkət Mirziyoyev tərəfindən 2021-ci ildə Özbəkistanın Dövlət Müstəqilliyinin 30 illiyi medalı ilə təltif olunmuşdur. İstedadlı kinodramaturq, oyuncu və rejissor, sürgün dövründə Ahıska türklərinin müasir milli teatrının yaradıcısı Mikayıl Əfras oğlu Süleymanov bu gün də iş başındadır, yaradıcılığının çiçəklənən dövrünü yaşayır, doğma xalqı üçün nə etdiyini, nə üçün etdiyini gözəl anlayır, mürəkkəb sənət yolu ilə əzmlə addımlayır və yeni yaradıcılıq planları qurur. ...“Miko” teatrını səhnədə canlı seyr etmək, Mikayıl Bəy və həmkarları ilə görüşmək mənə də qismət olmuşdur. Təxminən 15-16 il əvvəl “Miko” Azərbaycana qastrola gəlmişdi. Öncə Ahıska türklərinin kompakt yaşadığı bölgələrə gedən truppa son çıxışını Bakıda etdi. Həmin çıxışa mən Ahıska tükləri “Vətən” cəmiyyətinin o dövrdəki sədri İbrahim Burxanov, xalq hərəkatının liderlərindən rəhmətlik Kamal Beridze və xalq hərəkatının fəalı, ağsaqqal şair və yazar Nurəddin Sasıyevlə birlikdə getmişdim. Çox maraqlı və məzmunlu, heç vaxt unutmayacağım görüş oldu. Tamaşadan, çıxışlardan, musiqidən, Mövlud Nurioğlunun nəğmələrdən zövq aldıq. Sonda “Miko” kollektivi ilə söhbətləşdik, şəkil çəkdirdik, imzalı afişalarını bizə bağışladılar və Mikayıl Bəyə, həmkarlarına uğur arzuladıq......Ahıska türklərinin fədakar ziyalılarının sürgün dövründə yaratdığı “Miko – Şou” teatrı ümumtürk əhəmiyyətli unikal sənət məbədidir, türklüyün mənəvi sərvətidir. Qürbətdə öz mənəvi və fiziki varlığını qorumuş comərd bir xalqa sənət abidəsidir. Bu sənət məbədini qorumaq, bu türklük işığını nurlandırmaq, “Miko”nun cəfakeş sənətçilərinə qayğı və diqqət bizlərin vəfa borcudur. Fədakar mikoçulara yaradıcılıq ilhamı, doğma yurdlarımızda səhnə tamaşaları, bizlərə isə borca sədaqət arzulayıram!..ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.