Azərbaycan ilə Gürcüstanın arasında mədəniyyət sahəsində əlaqələr genişlənir Mədəniyyət, Tiflis 17 марта 2016 Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında işçi qrupun görüşü keçirilib. İclasa Azərbaycan tərəfindən həmsədr mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Gürcüstan tərəfindən isə mədəniyyət və abidələrin mühafizəsi nazirinin müavini Levan Xaratişvili olub. Toplantıda, həmçinin Gürcüstanın Mədəni İrs üzrə Milli Agentliyinin baş direktoru Nikoloz Antidze, Gürcüstanın ölkəmizdəki səfirliyinin mədəniyyət üzrə müşaviri Georgi Loria və Mədəniyyət və Turizm Nazirliyinin aidiyyəti şöbələrinin nümayəndələri iştirak ediblər.Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin mövcud vəziyyəti, həmçinin kinematoqrafiya, muzey, incəsənət, təhsil və mədəni irsin mühafizəsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. Mədəniyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində İşçi Qrup çərçivəsində müvafiq işlərin görülməsinin faydalı olacağı qeyd olunub.Daha sonra tərəflər arasında ikitərəfli əlaqələrin genişləndirilməsi və prioritet hesab olunan məsələlərə dair fikir mübadiləsi aparılıb. Sevda Məmmədəliyeva tərəfindən Gürcüstanda yerləşən Azərbaycan mədəniyyətinə aid abidələrin və muzeylərin bərpası və mühafizəsinin, regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsinin həyata keçirilməsinin önəmi qeyd olunub.Bununla yanaşı, Azərbaycan hökuməti ilə Gürcüstan hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş çərçivəsində mədəniyyət sahəsində əməkdaşlığa dair Proqramın imzalanması məsələsi müzakirə edilib.Gürcüstan nümayəndə heyətinə “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi haqqında məlumat verilib və bu sahədə Gürcüstanla təcrübə mübadiləsinin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq məqsədilə səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin Heydər Əliyev Mərkəzi, həmçinin Bakı şəhərində yerləşən bir neçə tarixi abidə və muzeylərə ziyarəti nəzərdə tutulub.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.