ELXAN MƏMMƏDLİ: "DİLÇİLİK ELMİMİZİN YORULMAZ VƏ MƏHSULDAR ARAŞDIRICISI" Tiflis, Borçalı, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov 9 июня 2024 1441 0 1 2 3 4 5 Çox təəssüflər olsun ki, Mədəd müəllim haqqında cismani yoxluğundan sonra qələmi əlimə alıram. Əslinə qalsa, bu kamil insanın ölümünə inanmaq da istəmirəm. Onunla vida mərasimindən bir il ötsə də, nurlu sifəti, qürurlu qaməti göz önündə, səmimi söhbətləri qulağımda məskən salıb elə bil. "Qardaşoğlu" deyərdi mənə həmişə. Bu da təbii idi. Mədəd müəllimin rəhmətlik atam Hüseynqulu müəllimlə, əmim Əli Səngərli ilə uzun illər bir-birinə xətir-hörmətləri vardı. Hər məni görəndə o rəhmətliklərdən xoş xatirələr danışar, ötən günləri yad edərdi. Son dərəcə diqqətcil adam idi, Mədəd müəllim. Dəyərli saydığı dostlarına qarşı çox həssas idi... Yaxşı yadımdadı, rəhmətlik atamın anadan olmasının yüz illiyinə kitab hazırlayırdıq. O vaxtlar Mədəd müəllim Hərbi Akademiyada kafedra müdiri işləyirdi. Zəng edib xahiş etdim ki, "Müəllim, dostun haqqında kitab hazırlayırırq. Sizin yazınızı da o kitabda görmək istərdik". Çox sevindi. Bu işimizi təqdir etdi. Dedi: "Ay qardaşoğlu, neçə səhifə yazmağımı istəyirsən?" Dedim: "Əmi, ürəyiniz istəyən həcmdə yaza bilərsiniz". Aradan bir neçə gün keçmişdi, Mədəd müəllim zəng edib bildirdi ki, "yazmışam, vaxtın varsa, gəl götür"... İndi tez-tez həmin kitabı açıb vərəqləyirəm. Bəzi yazıları yenidən oxuyuram. Həqiqətən də Mədəd müəllimin atam haq-qında yazdıqları olduqca səmimi, həm də real faktlara söykənən maraqlı bir yazıydı. Mədəd müəllim çox maraqlı müsahib idi. Tez-tez bizim Folklor İnstitutunun Gəncə prospektində yerləşən mənim rəhbərlik etdiyim şöbəmizə gələrdi. Tiflisdə Pedaqoji İnstitutda oxuduğu illərdən, həmin institutda müəllim kimi fəaliyyət göstərməsindən, institutda bərabər çalışdığı əmim Əli Səngərlidən ağız dolusu danışardı. Zəngin həyat təcrübəsi olduğundan onun söhbətlərində çox mətləblərdən hali olurdum. Bir savadlı müəllim kimi də Mədəd müəllim yetirmələrinin dərin hörmətini qazana bilmişdi. Onun sağlığında da, bu gün də tələbələri tərəfindən xoş xatirələrlə yad edilir.Dilçilik elmimizə gətirdiyi yeniliklər, uzun illər yorulmadan yazdığı kitablar, məqalələr, dərslik və monoqrafiyaları haqqında danışası olsaq, onun bu fəaliyyətini bir yazıya, bir məqaləyə sığışdırmaq qeyri-mümkündür. Ustadın bu fəaliyyəti bir neçə tədqiqat mövzusu ola bilər. Ardıcıl və gərgin zəhmətinin bəhrəsi olan elmi əsərləri orta və ali məktəblərin tələbələri üçün dəyərli mənbə kimi qiymətlidir. Mədəd müəllimin qələmə aldığı "Azərbaycanşünaslığın əsasları", "Azərbaycan onomastikası", "Azərbaycan antroponimiyasının əsaslar", "Borçalı şivələrinin leksikası", "Bolnisi şivələrinin leksikası", "Borçalı toponimləri", "Mətnin linqvistik", "Türk ədəbi dillərinin birliyinə doğru", "Dilçilik məsələləri", "Ədəbi düşüncələr", "Nitq mədəniyyəti" və başqa əsərləri öz elmi baxımından diqqətçəkəndir.Ömür vəfa etsə idi, Mədəd müəllim yeni-yeni dəyərli kitabları ilə bizləri daha çox sevindirərdi. Qismət belə imiş. Onun da alın yazısı bura qədərmiş. Ruhu şad olsun! Cismən bizimlə olmasa da, yazıb-yaratdıqları ilə əbədi yaşarlıq qazana bildi. Məzarı nurla dolsun. ELXAN MƏMMƏDLİ,AMEA Folklor İnstitutunun şöbə müdiri,Filologiya üzrə fəlsəfə doktoru,Əməkdar mədəniyyət işçisiZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.