Millət vəkili Azər Süleymanov: “Əqidə yoldaşlarımı yarı yolda qoyanlardan deyiləm” Tiflis, Borçalı, Siyasət 28 декабря 2016 Gürcüstan parlamentinin azərbaycanlı deputatı: “Biz prezident Saakaşvili ilə dostuq...”“15 ildir sıralarında olduğum Vahid Milli Birlik Hərəkatından ayrılmağım haqqında yayılan xəbərlərin heç bir əsası yoxdur. Biz son seçkidə 27 mandat qazanmışıq və parlamentdə 2 fraksiya formalaşdırmışıq. Təmsil olunduğum “İnkişaf” fraksiyası Vahid Milli Hərəkat Partiyasının tərkibində fəaliyyət göstərir. Fraksiyanın 6 üzvü var. Bu şəxslər Mixeil Saakaşvilinin hökumətində nazir, nazir müavini postları tutan şəxslərdir. Gürcüstan qanunvericiliyinə uyğun olaraq fraksiya yaratdığımız üçün partiyanın Siyasi Şurasından çıxmışıq. Uzun illər siyasi mübarizə apardığım komandadan ayrılmağım haqda yayılan xəbərlərin heç bir əsası yoxdur. Əqidə yoldaşlarımı yarı yolda qoyanlardan deyiləm”. -Bu sözləri ZiM.Az-a açıqlamasında Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov deyib.Partiyanın yaradıcısı və ideoloqu eks-prezident Mixeil Saakaşvili ilə dostluğundan danışan Azər Süleymanov bildirib ki, müxalifət komandasının siyasi kursunun yenidən ölkədə hakim olacağına əmindir: “Heç bir zaman hərəkatdan ayrılmaq və fərqli siyasi kursu davam etdirmək fikrim olmayıb. Mən Marneulidən və bütünlükdə azərbaycanlıların yaşadığı regionlarda Vahid Milli Hərəkat Partiyasının liderlərindən biri sayılıram və bu mövqeyimi dəyişəcəyimi gözləyənlər ciddi şəkildə yanılırlar”.Bu ilin oktyabrında keçirilən seçkilərdə əslən azərbaycanlı olan 5 nəfər Gürcüstan parlamentinə seçilib. Qanunverici orqanda Vahid Milli Hərəkat Partiyasını Marneulidən təmsil edən Azər Süleymanovun sözlərinə görə, fraksiyaların yaradılmasının parlament fəaliyyətində bir sıra üstünlükləri var: “Hakim “Gürcü arzusu” Partiyası 5 fraksiya formalaşdırıb. Digər siyasi partiyalar da 1 və 2 fraksiya yaradıblar. Əslən azərbaycanlı olan deputatlar fərqli fraksiyalarda təmsil olunur. Gürcüstan demokratik ölkədir, demokratik ənənələr artıq cəmiyyət və dövlət həyatının hər sahəsində oturuşmaqdadır. O sıradan da parlament fraksiyaların yaradılması ənənəsi. Fraksiya yaratmaq həm qanun layihələrinin müzakirələrində, həm qanunvericilik təşəbbüslərində, həm də beynəlxalq əməkdaşlıqla bağlı məsələlərdə partiyalara üstünlük qazandırır. Ona görə də parlamentdə təmsilçilik hüququ qazanan partiyalar belə alt qruplara bölünməkdə maraqlıdırlar”. Yanvar ayında Vahid Milli Hərəkat Partiyasının qurultayı keçiriləcək. Qurultay ərəfəsində Mixeil Saakaşvili ilə görüşən Azər Süleymanov deyir ki, eks-prezidentin planları Gürcüstandan çox Ukrayna ilə bağlıdır: “Biz prezident Saakaşvili ilə şəxsi dostuq. Bu yaxınlarda Kiyevdə onun ad gününə toplaşmışdıq. Mərasim şəxsi xarakterli olsa da, təbii ki, əsas mövzular sırasında Gürcüstan, Gürcüstan dövlətinin gələcəyi, ölkənin böhrandan çıxarılması yolladı da vardı. Saakaşvili Ukrayna vətəndaşıdır, yaxın hədəflərini bu ölkə ilə bağlayıb. Ancaq vətəni Gürcüstan da onun prioritetləri sırasındadır. Zaman Gürcüstanda da onun reytinqini artırır. Son seçkidə “Gürcü Arzusu”nun görünməmiş saxtakarlıqlar etməsinə baxmayaraq Saakaşvilinin komandası da xalq içərisində çox güclü dəstəyi olduğunu göstərə bildi. Təkcə partiyanın Tiflisdə seçkidən bir neçə gün öncə keçirdiyi mitinq hakimiyyətə çox ciddi mesaj oldu. Məhz həmin mitinqdəki kütləviliyi görəndən sonra hakimiyyət yerlərdə seçkini saxtalaşdırmaqdan başqa çıxış yolu olmadığını gördü. Biz əminik ki, bu seçkidə qarşımıza çıxan sədləri gələn seçkidə aşa biləcəyik. Saakaşvilinin də hərəkatın lideri olaraq gözləntiləri bu istiqamətdədir. Çox təəssüf, indiki hakimiyyət ona qarşı qaldırılan əsassız cinayət işlərinə xitam vermir və bu səbəbdən onun ölkəyə qayıdışı əngəllənib. Gürcüstan bir neçə ildir dərin böhrana sürüklənir. Ölkəyə investisiya axını dayanıb, milli valyuta sürətlə dəyərdən düşür, hökumət vəd etdiyi sosial-iqtisadi islahatları həyata keçirə bilmir. Gürcüstan bu gün də Saakaşvili dönəmində əldə edilən uğurların hesabına yaşayır. Bir sıra regional layihələr, o sıradan Bakı-Tbilisi-Ceyhan layihəsi, turizm sektorunun inkişafı üçün atılan addımlar, radikal vergi islahatları Saakaşvili hökumətini mirasıdır. Təbii, biz komandamızın ölkəmiz üçün belə strateji hədəflər müəyyən edərək həyata keçirə bilməsindən qürur duyuruq. Əminik ki, bizim komanda hakimiyyətdə olsaydı, ölkə indiki kimi iqtisadi böhranla üzbəüz qalmayacaqdı. Bu da Gürcüstan üçün bir sınaqdır. Bu gün Saakaşvili Gürcüstanda qazandığı təcrübəni Ukraynada uğurla həyata keçirir. Ukrayna dövləti də bu gün çətin günlərini yaşayır. Klanlararası savaş pik həddə yüksəlib. Mixeil Saakaşvili Odessa qubernatorluğundan istefa verərək siyasi proseslərin tam mərkəzinə gəlib və bu gün minlərlə ukraynalı ölkənin gələcəyi naminə onun ardınca getməyə hazırdır”.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.