Zaur Darğallının Uğur hekayəsi Rustavi, Borçalı 4 декабря 2017 Zaur Darğallı: “Böyük planlar uğrunda çalışırıq...İndiyə kimi bildiyim işlə məşğul olmuşam” Üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirmək, insanları dinləyib, problemlərini həll etmək, cəmiyyətə faydalı bir iş görməyin insana yaxşı hisslər bəxş etdiyini deyir. Bir çoxlarına çətin, ciddi rejimli iş kimi gələn sahəsinin zövqlü tərəfi də məhz insanlara faydasının toxunduğunu hiss etməkdir. "İnsanlarla ünsiyyətdə imicimizin əsas mesajı sadəlik, onlara yaxın olmaq və gülər üzdür” – deyən müsahibimiz Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernator müavini olan azərbaycanlı gənc Zaur Darğallıdır. Əlavə edək ki, Kvemo Kartli bölgəsinə Bolnisi, Qardabani, Dmanisi, Tetri-Tskaro, Marneuli, Tsalka, Rustavi bələdiyyələri aiddir.Qeyd edək ki, Zaur Füzuli oğlu Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. İlya Çavçavadze adına Dövlət Universitetini bitirib. 2007-2009 illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib. Z.Darğallı paralel olaraq 2007-2010-cu illərdə Marneuli Gənclər Mərkəzində bir sıra layihələrin rəhbəri olub. 2010-2012 illərdə Amerika Birləşmiş Ştatlarının Regional İnkişaf Agentliyinin Kvemo Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb. Hazırkı vəzifəyə təyin olunmamışdan öncə Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri olub.- Son iki təyinatınıza - ondan əvvəlkiləri də aid edə bilərik - fikir versək, görərik ki, önəmli, məsuliyyətli vəzifələri üzərinizə götürmüsünüz. Gənc nəsil adətən iş seçərkən rəngarəngliyə meyl edir. Gənc yaşda məmur olmaq sizin üçün yorucu gəlmir?- Bir çox insan gənc yaşından özü üçün müəyyən sahəni seçir və sevdiyi işlə məşğul olmağa çalışır. Mən isə məktəbi bitirdikdən sonra ictimai sahəni seçmişəm və işin özü mənə hər zaman zövq verib. Çünki üzərimizə düşən vəzifəni yerinə yetirmək, insanları dinləyib, problemlərini həll etmək, cəmiyyətə fayda gətirmək insana yaxşı duyğular bəxş edir. İnsanlar üçün nəsə etmək, az da olsa faydanın toxunmasını hiss etmək gözəldir. - İşinizin zövqlü tərəfləri də məhz bunlardır ki, məhz sizin diqqətinizi çəkir?- Bəli. İnsan işlədiyi yerdə, seçdiyi yolda vicdanla çalışmalı, üzərinə düşən vəzifəni maksimum şəkildə düzgün yerinə yetirməlidir. Hazırda təyin olunub çalışdığımız vəzifə daimi olaraq bizə aid deyil, müvəqqəti olaraq burda varıqsa, xalqımız, dövlətimiz qarşısında bizə göstərilən etimadı doğrultmalı, öz səlahiyyətimiz çərçivəsində işimizi layiqincə yerinə yetirməliyik.- İşin zövqlü tərəfi ilə yanaşı, xarakterinizdə də siyasətə uyğunluq hiss olunur. Bəlkə bu istiqamətə meyillənməyinizdə xarakterinizin də rolu var?- Ola bilər. Tələbə illərindən aktiv şəkildə qeyri-hökumət təşkilatlarında çalışmışam, idarə etmək, icra etmək, cəmiyyəti yaxşıya doğru dəyişmək istəyim olub. Əlbəttə ki, siyasi işlərdə də bu komponentlər mühüm yer tutur.- Məktəb illərindəki təhsilin insanın gələcəyində rolu böyük olsa da, tələbəlik illərində özünü necə təsdiq etməsi karyerasında daha önəmlidir. Tələbəlik illərini necə keçirmisiniz?- Məktəb illərindəki aktivliyim tələbəlik illərində də davam etdi. Tələbə vaxtı - 17 yaşımdan qeyri-hökumət təşkilatlarında çalışırdım, müxtəlif layihələr üzərində işləyirdim. Paralel olaraq beynəlxalq media qurumlarında çalışırdım. Demək olar ki, 4-5 il müxtəlif beynəlxalq seminarlarda, treninqlərdə davamlı iştirak etdim, çox aktiv, maraqlı və faydalı illər idi.- Müsahibə üçün xeyli vaxtdır danışsaq da, heç cür vaxtınız olmurdu. İş rejimi sizdə necədir? Planlı bir rejiminiz varmı?- Mənim üzərimə düşən vəzifə bölgədə olan azərbaycanlı əhalinin problemləri ilə məşğul olmaqdır. Paralel olaraq müxtəlif tədbirlər təşkil edirik, bölgəmizə daxil olan rayonlarda yerli hakimiyyətin əhali ilə işinin, həyata keçirilən işlərin daha effektiv olması üçün çalışırıq. Gürcüstan hakimiyyətinin ölkənin inkişafı ilə bağlı böyük planları var. Bölgənin inkişafı üçün görüləcək işlərimiz çoxdur. Son illərdə bölgədə ciddi inkişaf tempi müşahidə olunur, biz bir neçə ilə bölgədə qismən mövcud olan – yollar, suvarma, içməli su və müxtəlif problemləri tam olaraq həll edəcəyik, həmçinin kəndlərdə gənclərin inkişafı üçün müxtəlif infrastrukturun inkişaf etdirilməsi ilə bağlı planlarımız var. Yerli hakimiyyətlərlə bu planları həyata keçirmək, bölgəmizdəki inkişaf prosesinin daha da sürətli şəkildə getməsi üçün çalışırıq.- Məmurun həm də insanlarla gözəl ünsiyyət qabiliyyəti olmalıdır. Bunu heç də hər məmur bacarmır. Bəs sizin idarəetmədə hansı prinsipləriniz var? - Bilirsiniz, əhalini tam olaraq razı salmaq çətin işdir. Bizim əsas məqsədimiz bölgədə inkişaf prosesinin sürətli getməsidir. Görülən işlərin keyfiyyətinin, sayının artmasına, büdcənin düzgün xərclənməsinə, layihələrin daha da genişlənməsinə çalışırıq. Əlbəttə ki, bunların hamısı əhalinin istəyindən, qoyduqları problemlərin prioritetlərindən irəli gəlir. Biz hər zaman bölgəyə daxil olan hər rayonda insanların qaldırdığı problemə önəm veririk. Elə problemlər var ki, tez həll olunur, bəzən isə müxtəlif prosedurlar tələb etdiyi üçün zaman aparır.- Problemin həlli üçün müraciət edənlər bir az səbirsiz olurlar, yerində həll olunmasını istəyirlər...- Bu, ümumiyyətlə, Qafqaz xalqlarına xas olan xüsusiyyətdir. Hər şeyin tez bir zamanda həll olunmasını istəyirik. Əlbəttə ki, hakimiyyətimiz də bütün problemlərin tez həll olunmasında maraqlıdır, ancaq bununla yanaşı, görülən işlər keyfiyyətli olmalı və planlaşdırılmış şəkildə icra edilməlidir. Biz əhali üçün tam olaraq açığıq, heç bir insan nə yerli, nə də regional hakimiyyət səviyyəsində deyə bilməz ki, mən qubernator, qubernator müavini ilə görüşə getdim, amma qəbul edən olmadı. Tam açıq şəkildə çalışırıq, hər bir insanı dinləməyə hazırıq və bunu edirik. Problemini dinləyirik və həmin andan imkanlarımız çərçivəsində həlli üçün işləməyə başlayırıq.- Klassik siyasət adamları ciddi obrazı seçsələr də, bu gün siyasətdə çalışanlar, məmurlar bir az pozitiv olmağa meyl edirlər. Hətta bunun üçün psixoloqlarla xüsusi iş aparırlar. Çünki bu zaman insanlarla daha yaxşı ünsiyyət qurmaq olur. Maraqlıdır, insanlarla yaxşı ünsiyyət qurmaq üçün sizin hansısa üsulunuz var?- İnsanlarla pozitiv şəkildə rahat ünsiyyət qura bilirəm. Özümü dartıb, insanlara yuxarıdan aşağı baxmıram, onlarla eyni səviyyədə olan şəxs kimi söhbət edirəm. İmicimizin əsas mesajı sadəlik, gülərüzlük və insanlara yaxın olmaqdır. Dərk edir və bilirik ki, bizim bu işdə olmağımızın başlıca məqsədi insanlara xidmət etməkdir. - Karyerada uğur əldə edənlərin iddiaları böyük olur. Sizdə necə, karyera ilə bağlı planlar varmı? - Həyatda hər kəsin məqsədi, arzusu olmalıdır. Bu, önəmlidir. Bu gün mən hakimiyyət komandasının bir üzvüyəm. Hakimiyyətin liderləri var, onlar komandanın hər bir üzvünün harada olacağını müəyyənləşdirirlər. İndi məni bura layiq görüblər, burdayam və öz işimi layiqincə görməyə çalışıram. Sabah hara layiq görsələr, orda da olacağam. Əlbəttə ki, bizim öz məqsədlərimiz, iddialarımız da ola bilər. Amma ümumi komandanın üzvüyük və bu komandanın atdığı addımlardan irəli gələrək verdiyi qərara görə öz yerimizi tuturuq.- Yeni təyinatla fərqli mühitə düşəndə uyğunlaşma məsələsi var. Bu, çox vaxt alır?- Bu, insanın özündən asılıdır. Məni öz sahəmdən götürüb başqa yerdə tamam başqa istiqamətdə bir işə təyin etsələr, çətin olar. Amma indiyə kimi bildiyim işlə məşğul olmuşam. Buna görə də düşdüyüm yerə, işə uyğunlaşmaq o qədər də çətin olmur. - Elə insanlar var ki, haqsız olsalar belə, narazı olurlar və onları inandırmaq elə də asan olmur. Belə məqamlarda necə davranırsınız?- Belə hallar olur. Məsələn, biz qanunla bu cür olduğunu deyirik, amma onlar qanuna zidd olaraq öz şəxsi istəklərini yerinə yetirmək istəyirlər. Onlara maksimal şəkildə asan dildə başa salırıq, yenə də bəzən öz istədiklərini deyirlər. Şəxsən mən bu kimi hallarda heç vaxt aqressivləşmirəm. Bizim məqsədimiz də insanlara hər şeyi düzgün şəkildə izah etməkdir. Bizim vəzifədə olmağımızın təmin edən əhalimizdir, aldığımız məvacib də onların verdiyi vergilərdən formalaşır. Bizim funksiyamız əhaliyə xidmət etməkdir, onlara aqressiv münasibət göstərmək, qışqırmaq yox. Ona görə mən vətəndaşın haqsız olduğu halda düzü qəbul etməsi üçün sonuna qədər səylə çalışıram. Maksimal güzəştə gedirəm ki, vətəndaş özünü rahat hiss etsin və problemi həllini tapsın.- Belə başa düşdüm ki, səbirli adamsız...- (Gülür) Bəli, özü də çox... - İşlə yanaşı ailəyə, dostlara vaxt ayırmaq məsələsi də var. Bizi sevən insanlara vaxt ayırmayanda onlar o qədər də səbirli davranmırlar, inciyirlər. Bu cəhətdən balansı qoruya bilirsiniz?- Dostlara, ailəyə də vaxt ayırmaq lazımdır və mən buna çalışıram. İşdə vətəndaşlar necə bizim üçün önəmlidirsə, şəxsi həyatda da önəmli insanlar var və onlara da vaxt ayırmalıyıq. Hər birinə lazımınca vaxt ayırmağa çalışıram və hələ ki indiyə qədər balansı qoruyub saxlamağı bacarmışam. Hələ ki narazılıq edən yoxdur (gülür). İllər keçdikcə iş yükü artır, buna görə çətin ola bilər, amma hələ ki o cəhətdən, problem yaşamıram.- Ənənəvi sualımız: Uğurunuzun sirri nədir?- Uğurun sirri dostların, ailənin dəstəyidir. Ən önəmlisi isə çoxlu çalışmaq lazımdır. Amma bundan da öncə, gərək bacarığın olan sahədə özünü tapasan və orda çalışasan.Aygün AsimqızıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.