Ləyaqətli nümunə: RƏNA ƏLİYEVA TDPİ-nin Azərbaycan bölməsi, Kolleclər, "Şərqin səsi", Qarayazı 5 февраля 2016 REDAKSİYAMIZIN ARXİVİNDƏN:Ulu keçmişimizdən müasir dövrümüzə qədər Ana Tomrisin varlığında tarixə öz adını həkk etdirən Azərbaycan qadını qeyrəti, ləyaqəti ilə ərənlərimizə, elimizə çətin məqamlarda dayaq durmuş, bununla öz müasirlərinə örnək olmuşdur.İnsanın ən böyük tərbiyəçisi onun öz məsləkidir. Bu danılmaz bir faktdır. Və ailədən başqa heç bir qüvvə insanın tutduğu yol qədər, can atdığı ideal qədər səfərbər edə, istiqamətləndirə və şəxsiyyətə çevirə bilməz. Buna görə də ömür keçdikcə hər kəs ən çox öz sevdiyi, seçdiyi sənətinə, öz amalına bənzəyir,əqlinə, əqidəsinə, gücünə güvənir. Müəllim peşəsinin şərəfi,ağırlığı,məsuliyyəti bu adı daşıyanların, bu amala xidmət edənlərin çiyinlərinə düşür. Zəka, davranış həm də mənəviyyatca insanlığın yüksək zirvəsinin sakinləri olan müəllimlər bu zirvədən xalqın bu gününə və sabahına zərrə-zərrə nur saçır, dövrun, zamanın çətin anlarında xalqın yolunda ömrünü məşələ çevirir. Bu gün cəmiyyətimizin zərif nümayəndəsi olan qadın bütün sahələrdə öz əməyini ölkənin, cəmiyyətin inkişafından əsirgəmir. Azərbaycan qadını bu günün alimi, müəllimi, həkimi, mühəndisi, geoloqu, rəssamı, hüquqşünasıdır. Çoxsaylı müəllim ordusunun da zaman-zaman öz sərkərdələri, öndərləri, olub və daim olacaqdır. Müsahibimiz - Azərbaycan Dövlət Pedaqoji Kolecinin ədəbiyyat müəllimi Rəna Əliyeva da tanınmış müəllim sərkərdələrimizdən biri olmuş mərhum Ağacan Qulu oğlu Əliyevin ailəsində böyüyüb təlim-tərbiyə almışdır. O, sevib-seçdiyi, müqəddəs bildiyi müəllimlik peşəsinə olan bağlılığına görə ləyaqətli nümunədir. Deyirlər ki, başçını göstər,qoşunun nizamından xəbər verim. Əgər uzaq keçmişdən bu zamana qədər Azərbaycan müəllimi ordusunun önündə şəxsiyyəti,daxili bütövlüyü ilə seçilən sərkərdələr, nüfuzlu,tükənməz enerjili, təcrübəli pedaqoqlar getməsəydilər,onda bu günkü nəslin təlim-tərbiyəsindən, biliyindən, hərbi-vətənpərvərlik hissindən, mənəviyyatından, saflığından ürəkaçan tərzdə danışa bilməzdik. Şükürlər olsun ki,sabah da,gələcəkdə də Azərbaycan təhsilinin, elminin etibarlı əllərdə olmağına, olacağına heç bir şübhə yerimiz yoxdur...Qısa arayış:Rəna Ağacan qızı Əliyeva - 1966-cı il sentyabrın 3-də qədim Qarayazıda - indiki Gürcüstan Respublikasının Qardabani rayonunda müəllim ailəsində dünyaya gəlib. Hələ orta ümumtəhsil məktəbində təhsil alarkən, ədəbiyyata böyük həvəs göstərib. Ədəbiyyat fənni üzrə keçirilən Respublika miqyaslı olimpiadada iştirak edib, birinci yeri qazanıb. A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə (1989) bitirib. İlk əmək fəaliyyətinə 1989-cu ildən başlayaraq, 1993-cü ilə qədər Təzəkənd 9 illik məktəbdə ədəbiyyat müəllimi işləyib. Sonra kı həyatı Bakı şəhəri ilə bağlı olub. 1995-dən-2003-cü ilə qədər Mədəni-Maarif texnikumunda, 2003-cü ildən hal-hazıra qədər isə Azərbaycan Dövlət Pedaqoji Kollecdə müəllim işləyir. Elmi yaradıcılıqla məşqul olur. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun dissertantıdır. Elmi rəhbəri Azərbaycan Dövlət Pedaqoji Kollecin direktoru, filologiya elmləri doktoru Nurlana xanım Əliyevadir. Ömür səhifələrindən məlum olur ki, Rəna müəllimənin qarşıdakı illərdəki qismətində gərgin elmi yaradıcılıq fəaliyyəti-filoloq-alim, alim-metodist kimi yazıb-yaratmaq payı da vardır. Kim bilir, bəlkə bundan sonra o, neçə-neçə kitabın, məqalənin, bədii tərcümənin, dərsliyin müəllifi olacaqdır. Səmimi söhbət: Yaxın illər ərzində Rəna müəllimə ilə Azərbaycan Dövlət Pedaqoji Kollecdə mütəmadi olaraq, görüşmüşük, söhbət etmişik, bir-birimizi daha yaxından tanımışıq. Bizə məlum olmuşdur ki, müəllimliyi hələ kiçik yaşlarından sevən Rəna xanım həyatı boyu peşəsinə sədaqətli qalmışdır. O, müəllim ailəsində böyüyərək, bu peşənin ilk pilləsindən ən uca pilləsinə qədər yüksəliş yolu keçmiş atası Ağacan Qulu oğlu Əliyevdən, təhsil fədaisindən müəllimliyin sirlərini, incəliklərini dərindən öyrənmişdir. Atası Ağacan müəllim qədim Qarayazı - indiki Gürcüstanın Qardabani rayonunun ilk ziyalı nəslinin davamçılarından biridir. Əmisi Qəhrəman Əliyev, dayısı Hüseyn Gözəlov rayonun ilk müəllimlərindən olublar. Və bu şərəfli peşə onlara soyköklərindən keçib. Ağacan müəllim adi məktəb müəllimi olanda da, neçə-neçə orta ümumtəhsil məktəblərində tədris hissəsinə rəhbərlik edəndə də, nüfuzlu vəzifə tutanda da istər Gürcüstanda, istərsə də Azərbaycanda eyni yüksək hörmət və ehtiramla sayılmış, kamil mütəxəssis kimi qiymətləndirilmişdir. Bu fədakar insanın ömrü parlaq, zəngin bir həyat nümunəsi sayılmışdır. Ona görə də sağlığında qədirbilənlər tərəfindən daim sevilmiş, örnək olaraq dəyərləndirilmişdir. Ağacan Əliyev 1996-cı ildə dünyasını dəyişmişdir. Allah ona qəni-qəni rəhmət eləsin...Rəna müəllimənin atası haqqında söylədiklərindən: - Atam ixtisasca, filoloq-tarixçi idi. Maarifə, təhsilə bağlı mənalı ömür yolu keçmişdir. Biz ailəmizdə dörd uşaq olmuşuq. Mənim və hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Kollecində tədris hissə müdiri vəzifəsində çalışan bacım Gültəkin Əliyevanın ədəbiyyatı sevməyimizdə, seçməyimizdə, hətta onun təhsil aldığı ali məktəbdə təhsil almağımızda da atamızın rolu və əməyi böyük olubdur. Qürur hissi ilə qeyd edirəm ki, mənalı və öz ahənginə görə gərgin keçən illəri atama böyük zəhmət uğurları, həm də mənəvi ucalıq gətirdi. Onun fəaliyyət sahəsi ilə yanaşı, qayğılarının da miqyası geniş idi. Çoxlarına, ələlxüsüs da əla qiymətlərlə oxuyan, lakin maddi vəziyyəti çətin olan şagirdlərə təmənnasız kömək edər, mənəvi dayaq durardı. Atamı yaxşı tanıyanlar onun insani keyfiyyətlərindən mərdliyindən, sözübütövlüyündən, əyilməzliyindən, çoxlarına nəsib olmayan şərəf və ləyaqətindən fəxrlə danışırdılar. Bu yüksək keyfiyyətlərinə görə atam hamının-qohumların, dostlarının, müəllimlərin, ziyalıların, hətta vaxtilə dərs dediyi yetirmələrinin sevgisini, hörmət və ehtiramını qazanmışdır.Yaxşı xatırlayıram... Atamın iş otağı o zamanlar rayonda ilk baxışda qaynar bir qərərgaha bənzəyirdi. Tez-tez görkəmli alimlər, yazıçılar, müəllimlər, tanınmış insanlar onunla görüşər, fikir mübadiləsi edər, müzakirələr keçirərdilər. Həmkarları müəllimliyin onda Allah vergisi olduğunu söyləyərdilər. Müdriklərdən eşitmişəm ki, bəzən "Qılınc imtahanından" çıxanlar, "Çörək imtahanından" çıxa bilməyiblər. Atam-Ağacan Əliyev dövrün, zamanın hər cür imtahanından öz saflığı, gərgin əməyi, düzgün mövqeyi və insanpərvərliyi ilə üzüağ, alnıaçıq çıxıb.Atamın sağlığında elə adamlar tanıyırdım ki, onların atamla dostluğu lap uşaqlıq, ilk gənclik illərinə gedib çıxırdı. Ətrafında, evimizdə, süfrəmizin başında həmişə təmiz adamlar olardı. İllərin sınağından çıxmış etibarlı dostları, tanışları... Bir vaxtlar onun şagirdi olmuş insanlar indi onu kövrək hisslərilə xatırlayırlar. Əbəs deyil ki, orta məktəb illərində yazı taxtası önündə dayanan, bu gün isə böyük həyat yolu keçib saçı-saqqalı ağaran keçmiş şagirdləri atam haqqında o uzaq anlardakı kimi yenə də eyni səmimiyyətlə danışırlar...Mən bu gün atamla bağlı təskinliyimi onda tapıram ki, mən təhsildən, məktəbdən ayrılmamışam, onun sevdiyi peşənin yolu ilə gedirəm, müəlliməm... Əgər bir müəllim kimi az-çox nəyə müvəffəq olmuşamsa, ilk öncə sevimli müəllimimə-atama borcluyam.Hə, əziz oxucular! Elə buradaca son cümləmizə nöqtə qoyaraq sizinlə digər fikirlərimizi də bölüşmək istəyirik. Məhəmməd Əleyhisalam (s) deyib ki, hər bir qadın özü özlüyündə bəşəriyyətdir. Romen Rollan deyib ki, həmin bəşəriyyətə xidmət etmək kişinin ən böyük fəxarətidir. Müdriklərimizdən digəri deyib ki, qadın ilahiyyət nurundan doğan bir məxluqdur. Qadın analar anasıdır. Zənnimcə dahilərimizin qadın haqqındakı kəlamlarını əsas tutaraq, müsahibimlə səmimi söhbətimi bu və ya digər mövzularda davam etdirməyim yerinə düşər.-Rəna müəllimə, insanın formalaşdığı mühit, aldığı təhsil onun sonrakı uğurlarını, inkişaf yolunu müəyyən edir, necə deyərlər "həyat xəritəsini"çəkir. Bu mənada sizin həyat və fəaliyyətiniz rəvan, yoxsa, enişli-yoxuşlu keçib?-İnsanın həyatı həmişə rəvan, hamar ola bilməz. Enişli-yoxuşlu, keşməkeşli, sərt günlər, aylar da olur. Belə vaxtlarımda özümdə güc tapmağa çalışıb mübarizə aparmışam. Bizim həyatda əsas güvənc yerimiz atamız idi. Heyf ki, atamız bizim uğurlarımızı, rahat həyatımızı görə bilmədi. Belə həsrət dolu hisslər hamımızı sıxır. Atam dünyasını dəyişəndən sonra qardaşlarım və bacım mənə daim diqqət yetiriblər, ailəliklə Bakı şəhərinə köçmüşük, həm işləmişəm, həm də elmi yaradıcılıqla məşğul olmağa başlamışam. Uca Allaha şükr edirəm... -Sizcə insan üçün həyatda əsas nələr lazımdır? -İnsana həyatda əsas təmiz qəlb, ağıllı davranış, zəhmətsevərlik, başqalarının sevincinə, kədərinə şərik olmağı bacaran ürək, azad, gözəl cəmiyyət, etibarlı dostlar, insanların onu düzgün başa düşüb qiymətləndirməsi, normal yaşayış üçün şəraiti və səmimi, saf, halal ailəsi... Məhəmməd Peyğəmbərin (s) müdrik kəlamlarından birini xatırlamaq istəyirəm: "Beş kimsəyə xorbaxan, beş şeyi itirər:" Üləmaya məhəl qoymayan dilini, hökmdarları saymayan dünyasını, qonşu ilə ünsiyyəti saxlamayan mənfəətini, qohum-əqrəbası ilə əlaqəsi olmayan mehribanlığını, ailənlə biganə olan isə güzəranını...-Sizi pedaqoq kimi tanıyırıq. Bəs Rəna xanım həyat yoldaşı və ana kimi üzərinə düşənləri necə yerinə yetirir?- Hər bir qadın, ana, həyat yoldaşı ilk növbədə ailəsinin müqəddəsliyini qorumağı bacarmalıdır, üzərinə düşən məsuliyyətin, analıq borcunun öhtəsindən ləyaqətlə, şərəflə gəlməlidir, ailəsinin başçısına hörmət etməli, onu uca tutmalıdır, isti ocağının hərarətini heç bir şan-şöhrət dəyişməməlidir... Ailəsiz qadın qanadsız quş kimidir...-Deyirlər ailə insanın xarakterini dəyişir. Sizi necə ailə həyatınız dəyişə bildimi?-Mən hər şeyi qəbul etmirdim, hamı ilə razılaşmırdım. Ailə həyatı qurandan sonra dəyişmişəm, yumşalmışam.-Bu evlilikdən qazandıqlarınız, yoxsa itirdikləriniz çox olub?Allahımdan razıyam. Qazandıqlarım çox oldu. İki gül balam Aydanım və Rəşadım həyatda ən böyük sərvətimdir.-Kiçik dövlət saydığımız ailədə təbii ki, söz-söhbət olur. Həyat yoldaşınızla münasibətiniz hansı səbəbdən dəyişə bilər və yaxud da dəyişir?-Həyat yoldaşım Rəşid Məmmədov Azərbaycan Dövlət Texniki Universitetini bitirib-ixtisasca mühəndisdir. Olduqca intelektli, ailəsini, övladlarını sevən qədirbilən bir insandır. Biz bir-birimizi yaxşı başa düşürük və qarşılıqlı hörmət hissi ilə yaşayırıq.-Sizcə ailə həyatı qurmaq üçün əsas nələr vacibdir? Sevgi, xarici gözəllik, yoxsa oğlanın və qızın əsilli-nəsilli, vəzifəli, var-dövlətli ailədən olmasımı?İki gəncin ailə həyatı qurması əgər sevgi adı arxasında oğlanın və yaxud da qızın atasının vəzifəsi, malı-pulu əsas götürülərək, baş tutursa, belə ailələrin özülü olmur. Onlar küləyə, yağışa, qara, əzaba-əziyyətə tab gətirə bilmirlər. Necə deyərlər "Toydan sonrakı toy"..başlayır. Təmiz, hörmətə, ehtirama söykənən ailə həyatı üçün nə xarici gözəllik, nə də ki var-dövlət, şan-şöhrət əsas deyil, insanın daxili aləmi, mənəviyyatı, dözümü, ləyaqəti, ən vacibi isə namusu olması vacibdir, lazımdır. Qeyd etmək istəyirəm ki, doğrudan da iki gənc bir-birini əsl məhəbbətlə sevirsə, onlar həm psixoloji, həm fiziki, həm də maddi cəhətdən birgə yaşamağa hazırdırlarsa və böyük Yaradanın hökmü, valideyinlərin razılığı ilə ailə həyatına başlamaq üçün toy məclisi qurulursa, burada xoşbəxt ailə həyatının təməlinin qoyulmasına ümüd etmək olar. Göstərilənlərdən hər hansı birinin olmaması və ya kifayət qədər olmaması isə bu ailəni ciddi sınaqlar gözlədiyindən xəbər verir. Nə qədər çətin olsa da, bu gün də saf hisslər üzərində qurulan ailələr çoxdur. Ancaq çətinliklərlə, problemlərlə dolu müasir dövrümüzdə ailə qurmaq istəyən gənclər daha çətin seçim qarşısında qalırlar. Qarşıya çıxan maneələr gənclərin bəzilərini daha rahat yol axtarmağa təhrik edir. Oğlan imkanlı qız, qız isə imkanlı oğlan axtarır. Əksər vaxtlar belə axtarışlar, səbəblər, üzərində köklənən, birləşən prinsiplər xoşagəlməyən qəribəliklər, peşimançılıq, məğlubiyyət hissləri yaradır. Bu gün ölkə ərazisində boşanmaq istəyən ailələrin sayı çoxalıb. Bunu statistik göstəricilər də təsdiqləyir. Boşanmaya cəhd edənlərin əksəriyyəti isə qadınlardır. Nədəndir ki, min illərlə möhkəm ailə ənənələrinə əsaslanan Azərbaycan ailələrinin əsasları sarsılır? Bu sualın cavabları hamımızı ciddi düşündürməlidir... -Qadağalara münasibətiniz... Kişinin qadına (məs.xanımına) nələri isə qadağan etməsinə necə baxırsınız? Bəzi qadınlar isə kişinin "qadın evdə oturmalıdır, onun yeri mətbəxdir" fikri ilə asanlıqla razılaşırlar.-Əgər qadın fərqi yoxdur harada olsa, özünün yerini bilirsə, səviyyəsini saxlayırsa, ləyaqətini qorumağı bacarırsa, Azərbaycan qadınına, anasına xas olan dəyərləri daim özündə, işində, gücündə əks etdirirsə, belə halda qadına heç bir qadağa qoymaq lazım deyil. Şəxsən mənə heç bir qadağa qoyulmur. Mən burada Məhəmməd Peyğəmbərin (s) kəlamlarından birini xatırlatmaq istəyirəm: "Qadının ən yaxşısı səni sevindirən, əmr edərkən əmrinə itaət edən, sən evdə olmayan vaxt sənin şərəfini, namusunu qoruyan qadındır"...Qadının daim evdə ev işləri ilə məşğul olması, cəmiyyətdə təmsil olunmaması ilə razılaşmıram. Qadının geniş ictimaiyyət, kollektiv arasında olması, çalışması müsbət cəhətdir. Belə olduqda onun gündən-günə dünyagörüşü genişlənir, həyat təcrübəsi artır, dərindən dərk edir, ətrafındakılara dəyər verməyi bacarır, gözüaçıq olur bir sözlə yaxşı nə varsa, öz ailəsinə gətirir, həyat yoldaşını başa düşür, övladlarını düzgün tərbiyə etməyi bacarır, onların təhsilli, ağıllı, mədəni olmaları üçün çalışır, mübarizə aparır.- Siz həyatınızda mühüm rol oynamış atanızdan hansı keyfiyyətləri əxz etmisiniz? Onunla ünsiyyət dünyagörüşünüzün formalaşmasına necə təsir göstərmişdir? -Əlbəttə mənim həm müəllim, həm də bir insan kimi formalaşmağımda valideynlərim-atam və anam böyük rol oynamışlar. Onların həyat tərzi, insanlara münasibəti, xeyirxahlığı mənim üçün böyük meyar olmuşdur. Anam heç vaxt işləməsə də çox güclü, iradəli qadın olmuşdur. Bu mənada Ağacan müəllim və Güləfərim xanım müdrik insan kimi bir-birini tamamlayırdılar. Mən atamdan ilk növbədə müqəddəs peşəmə sədaqət, işinə məsuliyyətli münasibət kimi keyfiyyətləri əxz etmişəm. Onun həyat təcrübəsi indi də gündəlik fəaliyyətimdə köməyimə çatır. Atamdan insanlara həssas münasibət bəsləməyi öyrənmişəm. Ehtiyacı olub üstümə diləyə gələnə imkanım daxilində kömək göstərməyi özümə borc bilirəm. Ağacan müəllimin həyat fəlsəfəsinin məğzini belə ifadə etmək olardı: Yaxşılıq etməyə tələsin. Bu həmişə bizim ailəmizin devizi olmuşdur. Kimin hansı sahədə çalışmasından asılı olmayaraq, biz övladları bu devizə həmişə sadiq qalmağa çalışırıq. Əlbəttə, atam çoxcəhətli şəxsiyyət idi. O, təhsil fədaisi olaraq çoxlu mütaliə edirdi, həmişə yenilik axtarışında idi, respublikada baş verən hadisələri yaxından izləyirdi, insanlarla ünsiyyət yaratmağı, dil tapmağı bacarırdı. Mən atamın məhz bu keyfiyyətlərini öz xarakterimdə yaşatmağa çalışıram. Bu baxımdan Ağacan Əliyev həmişə mənim üçün nümunədir.-Tanınmış həkim, professor Semaşkonun belə bir məşhur sözü var: "İnsanlar çox vaxt ürək çatışmamazlığından deyil, ürəyiyumşaqlıq çatışmamazlığından əziyyət çəkirlər". Təəssüf ki, bu gün cəmiyyətimizdə belə bir acı sindromla tez-tez rastlaşırıq. Amma nə yaxşı ki, öz xeyirxah əməlləri ilə insanlara daha yaxın olmağı bacaran insanlarımız da az deyil. Bununla razılaşırsınızmı?-Professor Semaşkonun fikrini dəstəkləyirəm. İnsanlarda mənəvi dəyərlərin, xeyirxah hisslərin kasadlaşmasını biz gündəlik həyatımızda hiss etməkdəyik. Amma... Dahi N.Gəncəvinin kəlamlarından birini xatırlatmaq yerinə düşər: "İnsan öz təbiətilə səxavətli bahar buludu kimi olub, leysan yağışı kimi hamıya can bağışlamalıdır"... Müdriklərimizdən biri deyib ki,: "Kamil insan gütəşdən, aydan, ulduzlardan da əzəmətlidir. Bütün varlıq insanın vücudundadır"... -Elə bu məqamdaca, gəlin, dostluq və dost haqqında danışaq. Dostluğu və dostunuzu necə xarakterizə edərdiniz?-Dünyada fəxr ediləsi bir şey varsa, o da sədaqətli dostdur. Mənim Yevgeni Yevtuşenkonun bir şeiri yadıma düşür. Şeirdə deyilir ki, bu gün dostu çətində, darda sınamaq kifayət deyil. Bəzən ağır günlərin sınağından çıxmış dostlar sənin xoş gününə tab gətirə bilmirlər. Kədərinə, qəminə şərik olsalar da, sevincinə, qələbənə şərik ola bilmirlər, müvəffəqiyyətinə dözmürlər. Sən demə başqasının səadətinə sevinmək, sevincinə şərik olmaq bugünkü dünyamızın ən böyük sınağıdır. Bəzən illərin dostu belə sınaqdan çıxa bilmir.Mənim sevincimə mənim özümdən də artıq sevinən hər mənada sınaqdan çıxartdığım vəfalı dostlarım var. Mən dostlarımla fəxr edirəm. -Deyirlər ki, ən acı kədərin özündə də bir ümid işartısı var. Onu tapıb, bu sap qədər nazik ümid işığından tutub irəliləməyi bacaran insan zənnimizcə, ən səbirli, ən güclü bəşər övladı sayılmalıdır...-İnsanın özünü toplaması, qəddini düzəltməsi özü ondan həm səbr, həm də iradə tələb edir. Kiçik və böyük ümidlər insanın gələcək arzularına doğru cəhd etməsinə stimul yaradır. Ona görə də optimist insanlar həyatda daha çox uğurlara nail olurlar. -Çalışdığınız Pedaqoji Kollecdə təhsil alan tələbələrin 90 faizi qızlardır. Yeri gəlmişkən: Azərbaycan qadınlarının, qızlarının bir hissəsi baş örtüyü - "hicab" örtməyə üstünlük verirlər. Ənənəvi tolerantlığın mövcud olduğu Avropa ölkələrində bu məsələ ilə bağlı ikili münasibət yaranıb: "hicab örtülsün, yoxsa yox?" bəs sizin bir müəllim kimi bu məsələyə münasibətiniz necədir?-İnsanın mənəvi dünyasının heç bir örtüyə ehtiyacı yoxdur. Əqidəsi saf, əməlisaleh olan insanlar "hicab"-sız da Tanrının sevimli bəndələridirlər. Mən tələbələrimizin baş örtüyündən istifadə etmələrinə razı deyiləm. Lakin "hicab"-dan istifadə edən hər bir tələbəyə də hörmətlə yanaşıram. Bu hər bir insanın şəxsi seçimidir. Lakin təəssüf ki, bizim cəmiyyətimizdə əksər hallarda "hicab" örtülməsi heç də şəxsi seçim kimi çıxış etmir, kiminsə təsiri altında baş verir. Bəzən hətta bu məqsədlə təzyiq göstərilməsi hallarına da rast gəlinir. Məsələn, 13-14 yaşlı yeniyetmələrin müstəqil şəxsi seçimindən söz açmaq çox çətindir. Mənim bir müəllim kimi vəzifəm gənclərin, ələlxüsus da gələcəyin anası olan qızların müasir ruhda formalaşmasını dəstəkləməkdən ibarətdir. Lakin müasirlik heç də Qərb dünyasında yayılmış meyllərin kortəbii təqlidi kimi başa düşülməməlidir. Bu gün Azərbaycan milli-mənəvi dəyərlərin müasir qərb texnologiyaları ilə tolerant bir şəkildə uzlaşmadığı nadir ölkələrdən biridir. Bu baxımdan ölkəmiz Şərqlə Qərbin ahəngdar sintezini təcəssüm etdirir. Biz müəllimlər cəmiyyətdə bu yanaşmanı qoruyub saxlamalıyıq. Müasir Azərbaycan qadını indi cəmiyyətdə malik olduğu mövqeyi böyük çətinliklər bahasına əldə etmişdir. Elə isə biz niyə yenidən orta əsrlərə qayıtmalıyıq? Əgər milli köklərimizə müraciət etsək, islama qədər ki dövrdə Azərbaycan qadınları heç bir baş örtüyündən istifadə etməmişlər. Buna görə də yanlış vərdişlərdən, sözə getmələrdən, stereotiplərdən əl çəkmək lazımdır. Əksinə, "hicab" örtülməsi qadınların azadlığını, təhsil və peşə inkişafı ilə bağlı perspektivlərini məhdudlaşdırır. Bəzi ahıl yaşlı qadınların müəyyən amillərin təsiri altında "hicab"-dan istifadə etməsi başa düşüləndir. Buna görə onları qınaya bilmərik. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin vəzifəsi müvafiq mərkəzlər vasitəsilə qadınlara psixoloji, hüquqi və digər məsələlər üzrə yardımçı olmaqdır. Məhz bunun sayəsində həyatın mürəkkəb sualları qarşısında qalan qadınları özünə qapılmaqdan qoruya bilərik. Buna nail olmaq üçün biz hamımız birgə çalışmalıyıq.-Övladlarınızın arzusu hansı sahəyədir. Onların gələcəkdə müəllim olmalarını istərdinizmi?-Qızım kiçik yaşlı olsa da, indidən müəllimliyi sevməyini söyləyir. Onların hansı sahəni sevmələrini hələ gələcək göstərər. Əsas odur ki, övladlarımızı sağlam, tərbiyəli və ağıllı böyüdək. -Qəzetimizin oxucularına və qadınlarımıza nə kimi arzularınız var?-Sonda xüsusi qeyd etmək istərdim ki, problemlərlə yaşamasından harada işləməsindən asılı olmayaraq qadın zərif məxluq kimi qadın olaraq da qalmalıdır. Onun daxili zənginliyinə, mənəvi saflığına, incə təbiətinə heç nə xələl gətirməməlidir. Qadın anadır, həyat yoldaşıdır, zəriflik rəmzidir. Mən bütün xanımlarımıza qadın səadəti və özlərinin Azərbaycan qadınlarına xas olan dəyərlərini qoruyub saxlamalarını arzulayıram. Bir də arzu edirəm ki, onlar təşəbbüskar olsunlar, cəmiyyətin həyatında daha fəal iştirak etsinlər. Bütün oxucularımıza cansağlığı, işlərində yeni-yeni uğurlar, ailə səadəti, övlad sevinci arzulayıram. -Maraqlı müsahibə üçün təşəkkür edir və biz də Sizə işlərinizdə uğurlar arzulayırıq!..Müşfiq MƏDƏDOĞLU,Xanım BİLALQIZI. "ŞƏRQİN SƏSİ" və "TƏHSİL" qəzetləri,Oktyabr, 2008P.S.: REDAKSİYADAN:Bu günlərdə daha bir şad xəbər almışıq. Hörmətli Rəna xanım Əliyeva neçə illərdir ki, yazdığı dissertasiya işini tamamlamış və müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür. Rəna müəlliməni ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!.."ELM və TƏHSİL" qəzeti, mart, 2014.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.