YENİLMƏZ PƏHLƏVAN, AZƏRBAYCANIN XALQ ARTİSTİ RƏŞID PƏHLƏVANIN AZƏRBAYCAN SİRKİNİN İNKİŞAFINDA XİDMƏTLƏRİ

YENİLMƏZ PƏHLƏVAN, AZƏRBAYCANIN XALQ ARTİSTİ  RƏŞID PƏHLƏVANIN  AZƏRBAYCAN SİRKİNİN İNKİŞAFINDA XİDMƏTLƏRİ“Borçalı” İctimai Birliyi 28 yanvar 2017-ci ildə Beynəlxalq Mətbuat Mərkəzində millət vəkillərinin, tanınmış ziyalıların, media nümayəndələrinin iştirak etdiyi “Azərbaycanın milli-mənəvi dəyərlərinin formalaşmasında gürcüstanlı soydaşlarımızın rolu” mövzusunda dəyirmi masa keçirmişdir. Milli birlik mənbəyimiz olan milli dəyərlərimizin, mənəviyyatımızın inkişafında böyük rolu olmuş gürcüstanlı soydaşlarımızın zəngin mədəniyyətlərinin bir daha xatırlanması, borçalıların özünüdərk hissinin bir daha önə çəkilməsi, xüsusilə Azərbaycanın və Gürcüstanın müstəqilliklərinin əldə olunmasında, bu böyük tanrı nemətinin qorunmasında və inkişaf etdirilməsində Borçalının müxtəlif mədəniyyət, siyasət, hətta idman xadimlərinin əməyi bir daha vurğulanmışdır.  


ŞƏRİF KƏRİMLİ, yazıçı-publisist,
“Borçalı” İctimai Birliyi sədrinin
Elm, təhsil və mədəniyyət üzrə müavini



YENİLMƏZ PƏHLƏVAN, AZƏRBAYCANIN XALQ ARTİSTİ
RƏŞID PƏHLƏVANIN
AZƏRBAYCAN SİRKİNİN İNKİŞAFINDA XİDMƏTLƏRİ


Azərbaycan sirk mədəniyyətinin inkişafında, yeni forma və məzmun kəsb etməsində XX əsrin idman tarixində 60 il nə xalça üzərində, nə də sirk manejlərində arxası əsla yerə dəyməyən yenilməz pəhləvan, “Qafqaz Şiri” təxəllüslü Azərbaycanın xalq artisti Rəşid Pəhləvanın (1900-1982) misilsiz xidmətləri olmuşdur.
Güləş tarixən milli olmuşdur. Milli güləş xalqın ümumi mədəniyyəti ilə qırılmaz surətdə bağlıdır.
Mükəmməl güləş qaydalarının yaradıldığı və kütləvi şəkil aldığı xalqlar arasında misirlilər, yunanlar və romalılar qədim dövrlərdə məşhur idilər. Deyilənlərə görə, hətta misirlilər o qədər çox fənd bilirdilər ki, bunların əksəriyyəti indi də Amerika sərbəst güləşində qalmaqdadır.
XX əsrin başlanğıcında Azərbaycanda bir çox el pəhləvanları yetişməyə başladı. Bunlardan Sali Süleyman, Rəşid Yusifov, Eldar Göyçaylı, Məhəmmədəli Qazaxlı, Cümşüd Yusifov, Çingiz Göyçaylı, Qara Rüstəm elə nəhəng gücə malik idilər ki, tezliklə bütün ölkədə tanındılar. Onlar özlərinin mübariz və vətəndaşlıq keyfiyyətləri ilə sirk sənətinə yeni rəng və çalar verdilər, bir çox istedadları üzə çıxardılar və öz sənətlərini həvəslə onlara öyrətdilər.

Rəşid Yusifov 1900-cü ildə Gürcüstanın Borçalı mahalının Gorarxı (Alget) kəndində anadan olmuşdur.
XX əsrin əvvəllərində Tiflisdə Nikitin və Yesikovski qardaşlarının sirki tez-tez qastrolda olurdu. Rəşid bunların hər ikisinin tamaşalarında olmuşdu. Akim və Pyotr Nikitin qardaşlarının sirki o dövrlərdə ən mütərəqqi və inqilabi fikirlər təlqin edən milli kollektivlərdən idi. Bu sirk Rusiyanın əyalətlərində, Qafqazda sirk sənətinin inkişafına güclü təkan verdi.
XX əsrin əvvəllərində sirkdə güləş mühüm yer tuturdu. Yesikovski qardaşlarının sirkində tanınmış məşqçi Maysuradzenin yetirmələrindən olan Pavliaşvili ilə güləşən və onun kürəyini çox asanca yerə vuran Rəşidi Yemelyanov və Maysuradze öz dərnəklərinə qəbul etdilər. Rəşid böyük həvəslə burada məşqlərə başladı.
Az sonra Rəşid dünya çempionu, Parisin fəxri şarfının sahibi olmuş Konstantin Karazamukovla tanış oldu və məşhur pəhləvan onun sirkdə ilk məşqçisi oldu. Bir müddətdən sonra o, qocaman idmançı Lado Kavsadze ilə də tanış oldu. Sonralar L.Kavsadze Rəşidin əsas məşqçilərindən birinə çevrildi.
Artıq bütün Qafqazda məşhurlaşan Rəşid pəhləvan xalqın ona yaraşdırdığı “Qafqaz Şiri” adını öz əməlləri ilə də doğrultmalı idi. O, tez-tez kəndlərə səfərlər edir, maraqlı görüşlər keçirir, cavanlara dəyərli məsləhətlər verir, onlara müxtəlif fəndlər öyrədirdi. Bununla birgə rayonlarda, kəndlərdə hələ də fəaliyyət göstərməkdə olan zorxanalara baş çəkir, el pəhləvanları ilə güləşir, onlarla gücünü sınayır və belə zorxana mərasimlərində özü də çox şeylər öyrənirdi.
1924-cü ildə Tiflis sirkində Rəşid 17 saniyəyə “fransız güləşinin texniki” Pyotr Praşeki, 12 dəqiqəyə “Qazaxıstan səhrasının bahadırı” Batır Hacı Muğan Munaytpasovu, Avropa çempionu Abek Andersonu məğlub edərək nəinki idmansevərlərin, eləcə də incəsənət adamlarının diqqətini özünə cəlb etdi. Məşhur kinorejissor İosif Perestiani Rəşidi özünün üç filmində kinoya çəkdi. Bunlar “Üç həyat”, “Qaçaq Arsen” və “Tariyel Mklavadzenin işi” filmləri idi.
Elə həmin il Rəşid Bakı sirkinə dəvət olundu. Sovet dövləti onun qarşısında ciddi vəzifələr qoydu: onun gücü, mətanəti, bacarığı xalqa xidmət etməlidir, o, insanın necə xarüqələr yaratmağa qadir olduğunu nümayiş etdirməlidir.
Yeni təyinatla, yeni vəzifələrlə Rəşid möhtəşəm qastrol səfərlərinə çıxdı. 1929-cu ildə Aşqabad sirkində “fransız güləşinin yaraşığı” Nikolay Bredixin, Başkirov, Şatski üzərindəki qələbələrdən sonra Buxarada fransız güləşi üzrə keçirilən yarışlara dəvət aldı. Burada ölkənin iyirmi beş pəhləvanı mübarizə aparırdı. Rəşid Orta Asiyanın ən güclü pəhləvanı Namazı məğlub etdikdən sonra Özbəkistan pəhləvanı Cuma pəhləvana sübut etdi ki, o, özbək milli güləşini ondan yaxşı bilir.
Moskva Dövlət Sirkininin tərkibində SSRİ-nin onlarla şəhərində qastrolda olan Rəşidin Taqanroq səfəri onun həyatında silinməz iz buraxdı. O bu səfərdə dünya pəhləvanlarının qəniminə çevrilmiş İvan Poddubnı ilə görüşdü. Rəşidin afişalarını görüb onun tamaşalarına baxmağa gələn İ.Poddubnı ilə Rəşid Pəhləvan arasında səmimi bir münasibət yarandı və bu sonralar möhkəm dostluğa çevrildi.
Rəşid Yusifovun belə geniş şöhrət tapmasında təkcə qazandığı qələbələr deyil, eyni zamanda onun sirk səhnəsində yaratdığı orijinal nömrələr də böyük rol oynayırdı. Məsələn, Vladiqafqazda öküzlə, İrəvanda ilanla döyüş səhnələri, sinəsi üzərindən üçtonluq yük maşınını keçirməsi, əzələlərin rəqsi...
Böyük Vətən müharibəsi illərində Rəşid Yusifov da vuruşurdu – həm arxada, həm də ön cəbhədə. Lakin onun hesabında öldürülmüş faşist, yandırılmış təyyarə, vurulmuş tank, batırılmış tanker yox idi. Onun silahı nə tüfəng, nə pulemyot, nə də ağır toplar idi. Onun əsas silahı bahadırlıq sənəti, rəqibi isə insanlarda pessimist əhval-ruhiyyə, inamsızlıq idi. Pəhləvan təkcə öz gücünü nümayiş etdirməklə kifayətlənmir, eyni zamanda xalqımızın yadellilərə qarşı qəhrəmanlıq tarixinə aid mühazirələr oxuyur, Babəkin, Koroğlunun, Nəbinin Vətən uğrunda, haqq-ədalət işi uğrunda göstərdiyi misilsiz igidliklərdən, onların böyük zəfərlərindən söhbət açır, əsgərlərimizi alman-faşist işğalçıları üzərində qələbəyə ruhlandırırdı.
Müharibənin ilk günlərindən Rəşid qardaşı Cümşüdlə xüsusi repertuarla çıxış etməyə başladı. Tezliklə o, bir qrup artistlər və pəhləvanlar dəstəsinin rəhbəri təyin olundu. Onlar müdafiə fondu, cəbhəçi ailələrinə yardım fondu üçün pulsuz tamaşalar göstərir, işğalçı qəsbkarlara qarşı tank, təyyarə düzəldilməsinə minlərlə manat pul keçirirdilər.
1942-ci il iyunun 15-də Bakı Dövlət Sirkinin direktorunun 203 №li əmri ilə döyüşçülərə və arxa cəbhəyə xidmət göstərmək üçün bir qrup sirk kollektivindən ibarət briqada yaradıldı. Briqadanın rəhbəri Rəşid Yusifov təyin olundu.
Müharibənin qızğın çağları olmasına baxmayaraq, 1943-cü il martın 4-də SSRİ Xalq Komissarları yanında İncəsənət İşləri üzrə Komitənin sədri M.Xrapçenkonun əmri ilə Rəşid Yusifova yüksək kateqoriyalı sirk artisti fəxri adı verildi.
1944-cü ildə Rəşid Yusifova böyük etimad göstərildi. Ona Azərbaycanda ilk səyyar sirk təşkil etmək tapşırıldı. Sirk pəhləvanın təklifi ilə “Zorxana” adlandırıldı. Əslində belə bir sirkin yaradılması ideyası Rəşid pəhləvanın beynində 1929-cu ildən yaranmışdı. Onun arxivindən tapdığımız və pəhləvanın şəxsən öz əli ilə yazılmış bir səyyar sirk qurğusunun çertyojunun üzərində “1929-cu il 10 may” tarixi qoyulmuşdur. Görünür, bu fikrin reallaşmasına əvvəl maliyyə çətinlikləri, sonra isə müharibə mane olmuşdu.
Müharibədən sonra ölkədə Azərbaycan sirk kollektivi yaratmaq qərara alındı. Burada “Zorxana” və onun rəhbərinin qazandığı təcrübə mühüm rol oynadı. Proqramın yaradılmasında Azərbaycanın məşhur incəsənət ustaları iştirak edirdilər – bəstəkarlardan Üzeyir Hacıbəyov, Səid Rüstəmov, rejissor Soltan Dadaşov, rəssam Sergey Yefimenko, baletmeyster Əminə Dilbazi.
Və nəhayət, Azərbaycan SSR XKS yanında İncəsənət İşləri İdarəsinin rəisi A.İskəndərov 1944-cü il 11 aprel tarixində Bakı şəhərində Azərbaycan Dövlət Sirki yaratmaq məqsədi ilə belə bir əmr imzaladı:
Azərbaycan Konsert Birliyi yanında Azərbaycan Dövlət Təsərrüfat hesablı Səyyar Sirk yaradılsın;
Teatr Şöbəsi mayın 1-dən gec olmayaraq Rəşid Yusifovun ansamblı, Azərbaycan Konsert Birliyi və Sirkin yaradıcı işçıləri hesabına (əksəriyyətcə azərbaycanlılardan) ştatları müəyyənləşdirsin;
Səyyar Sirkin direktoru və bədii rəhbəri Rəşid Yusifov təyin olunsun.

Sirkin rəhbərliyi Rəşid Yusifova təsadüfi tapşırılmamışdı. Onun bu işdə zəngin təcrübəsi vardı, müxtəlif peşə sahibləri ilə, müxtəlif dünyagörüşlü adamlarla işləməyi bacarırdı.
Rəşid pəhləvan deyirdi ki, mən sirkin yaradılması üçün çox əziyyət çəkdim, akrobatlar və artistlər topladım, çoxlu gənc cəlb etdim, onları yetişdirdim. Böyük əksəriyyəti azərbaycanlı idi. Elə sirki yaratmaqda da məqsədimiz bu idi ki, milli ənənələri, xalq yaradıcılığını dirçəldək, milli kadrlar hazırlayaq.
Rəşid Yusifovun arxivində məktublarla dolu böyük bir qovluq var. Burada yüzlərlə musiqiçinin, rəqqasın, kəndirbazın, idmançının ərizəsi var. Rəşid Yusifov bu imza sahiblərinin ən qabiliyyətlisini seçirdi. O, sirkdə güclü və bacarıqlı pəhləvanlar dəstəsi də yarada bilmişdi: Eldar Göyçaylı, Məhəmmədəli Qazaxlı, Cümşüd Yusifov, Çingiz Göyçaylı, Məmməd Hüseynov, Əşrəf Sultanov, Sabir Məmmədov, İskəndər Hacıyev, Qiyas Nuriyev, Məmməd Abdullayev və başqaları. Azərbaycan bahadırlarının çıxışı (“Zorxana”) tamaşaçılar arasında o qədər rəğbət qazanmışdı ki, bütövlükdə bu sirkə el arasında “Zorxana” deyirdilər.
Lakin bu sirk az yaşadı... Sağlam olmayan meyllər və subyektiv səbəblər təcrübəli Rəşid pəhləvanı bu işdən soyutdu. Ən başlıca səbəb isə pəhləvanın dediyi kimi, onun həddən artıq “milli” olması idi...
“Zorxana”nın belə tezliklə sönməsinə baxmayaraq, o, Azərbaycan mədəniyyəti tarixində parlaq bir meteor kimi iz buraxdı. Azərbaycan sirk mədəniyyəti tarixinin səhifələrində “Zorxana” və onun rəhbəri Rəşid pəhləvanın adı qızıl hərflərlə əbədi həkk olundu. Milli idman tariximizin, milli sirk sənətimizin ən şərəfli səhifələri qüdrətli bahadırın və onun yetirmələrinin adı ilə bağlandı.
Rəşid Yusifovun Vətən qarşısındakı xidmətləri hədər getməmişdir. Ona 1957-ci il aprelin 20-də Azərbaycan Əməkdar artisti fəxri adı verilmişdir.
Yevgeni Kuznetsovun 1957-ci ildə “İsskustvo” nəşriyyatı tərəfindən buraxılan “Sovet sirkinin ən güclü pəhləvanları” adlı kitabında yazılmışdır:
“SSRİ-də Azərbaycan pəhləvanı Rəşid Yusifov kimi ikinci bir ağır atlet yoxdur. Onun ağır çəki daşları ilə göstərdiyi proqramlar təkrarolunmazdır. Rəşid Yusifov həm də qüvvətli pəhləvandır. Ölkənin, eləcə də dünyanın bir çox pəhləvanları onun qarşısında məğlub olmuşdur. Rəşid bu gücü, qüvvəti doğma Azərbaycan torpağından və peşəsinə bəslədiyi hədsiz məhəbbətdən almışdır. Ona “Azərbaycan Poddubnısı” demək bizim üçün necə də xoşdur!”
1981-ci ildə Rəşid Yusifova Azərbaycan Xalq artisti fəxri adı verildi. Onun sənəti, şəxsiyyəti haqqında şairlərimiz, yazıçılarımız, elm-incəsənət xadimləri yüzlərlə maraqlı yazılar dərc etdirmişlər. Həyatının son beş ilində mən də bu böyük insanla ünsiyyətdə olmuş və tez-tez görüşərək maraqlı söhbətlər etmişik. Bu görüşlərin nəticəsində mənim “Rəşid Pəhləvan” adlı kitabım ərsəyə gəlib və kitab 40 min tirajla üç gün ərzində satılıb!

Mən bu gün də onun xırıltılı, bariton səsini, damarları dolub-boşalan, barmaqlarının buğumlarının dəvə beli kimi qabaran sümüklərini, qırğı baxışını, xoş təbəssümünü, ağır yerişini, qayğıkeş rəftarını, duzlu-məzəli zarafatlarını, dərin savadını, geniş dünyagörüşünü... unuda bilmirəm. O, yenilməzlik timsalı kimi tarixləşən şəxsiyyətlərdəndir!
Rəşid Pəhləvanın üçüncü nəsil yetirmələrinin bəzifələri bu gün həyatdadırlar. Ona görə “həyatdadırlar” deyirəm ki, onlar da artıq bu peşənin praktik icrası ilə məşğul olmaq iqtidarında deyillər. Pəhləvanlıq ömrü gəncliklə, cavanlıqla bağlıdır. Lakin indi bizim bu zalda əyləşən və özlərini Rəşid Pəhləvanın mənəvi övladları sayan milli güləş ustalarımız Borçalı balası Müsəllim Həkimovun, Azərbaycanın ən güclü pəhləvanlarından biri olmuş mərhum qubalı Əli Abdulhüseynovun, şəkili pəhləvan mərhum Gəray Löymanovun, Borçalıdan Söhrab Saraclının və başqalarının yetirmələri bu gün az da olsa müxtəlif tədbirlərdə görünürlər.
Böyük sənətkarın ana vətənindən pərvazlanan və onun qələbələrindən ilham alaraq adını Azərbaycanın şanlı idman tarixinə yazdıran sərbəst güləş üzrə ilk azərbaycanlı Olimpiya çempionu, 1988-ci il Seul Olimpiadasının qalibi Kamandar Məcidov (yeri gəlmişkən deyim: Kamandarın təhsil aldığı Başkeçidin Hamamlı kəndindəki məktəb indi onun adını daşıyır), klassik güləş üzrə 2004-cü il Afina Olimpiadasının çempionu Fərid Mansurov, neçə-neçə dünya və Avropa çempionları, o cümlədən bu gün bizimlə bu tədbirdə iştirak edən sərbəst güləş üzrə SSRİ idman ustası, bir sıra mötəbər ölkə və beynəlxalq yarışların qalibi, tələbələr arasında SSRİ çempionu İsmayıl Həkimov və onlarla idman cəngavərlərimizlə təkcə Borçalılar deyil, bütövlükdə Azərbaycan xalqının fəxr etməyə mənəvi haqqı var.


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
RƏŞİD PƏHLƏVAN

RƏŞİD PƏHLƏVAN

Borçalı, İdman
Tanınmış heykəltəraş-rəssam Cümşüd İbrahimli

Tanınmış heykəltəraş-rəssam Cümşüd İbrahimli

Mədəniyyət, Borçalı, Təbriklər
RƏŞİD İSMAYILOV  (1938)

RƏŞİD İSMAYILOV (1938)

"XXI əsrin Ziyalıları", Başkeçid
Ruhun şad olsun, Rəşid Bədəlov !..

Ruhun şad olsun, Rəşid Bədəlov !..

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
AzTU kitabxanasının məsul işçisi 50 il səmərəli fəaliyyətinə görə Fəxri Fər ...

AzTU kitabxanasının məsul işçisi 50 il səmərəli fəaliyyətinə görə Fəxri Fər ...

AzTU
RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜB

RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜB

Ədəbi əlaqələr, Bədii Tərcümə, Bolus, Müşfiq Borçalı
Şaiqi nəğmələrində yaşadan bəstəkar

Şaiqi nəğmələrində yaşadan bəstəkar

MEDİA, Köşə yazılar
Rəşid Vəkil ALLAHYAROV:

Rəşid Vəkil ALLAHYAROV: "Nə yaxşı saxlayıb gözəllər, səni?!."

AzTU-nun MƏZUNLARI, Müsabiqə
Sərbəst güləş üzrə ilk azərbaycanlı dünya və Avropa çempionu Aydın İbrahimo ...

Sərbəst güləş üzrə ilk azərbaycanlı dünya və Avropa çempionu Aydın İbrahimo ...

Gəncə, İdman
Gürcüstan paytaxtının azərbaycanlı fəxri vətəndaşları - ARAŞDIRMA

Gürcüstan paytaxtının azərbaycanlı fəxri vətəndaşları - ARAŞDIRMA

Gürcüstan
Stomatoloq cərrah - Rəşid Vilayət oğlu Mursaqulov

Stomatoloq cərrah - Rəşid Vilayət oğlu Mursaqulov

Səhiyyə, "Ümid", Borçalı
Elçin Rəşid oğlu Səfərzadə (02.08.1989 - 05.08.2021)

Elçin Rəşid oğlu Səfərzadə (02.08.1989 - 05.08.2021)

UNUTSAQ, UNUDULARIQ!....
İki qat Dünya, üç qat Avropa və nəhayət Olimpiya çempionu Kamandar Məcidov

İki qat Dünya, üç qat Avropa və nəhayət Olimpiya çempionu Kamandar Məcidov

Başkeçid, İdman
DARVAZLI Muraz Əhmədova BAŞSAĞLIĞI

DARVAZLI Muraz Əhmədova BAŞSAĞLIĞI

Darvaz, Nekroloqlar
Tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş t ...

Tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş t ...

Bakı, Mədəniyyət, UNUTSAQ, UNUDULARIQ!....
“Borçalı” İctimai Birliyinin növbəti tədbiri: “Azərbaycanın milli-mənəvi də ...

“Borçalı” İctimai Birliyinin növbəti tədbiri: “Azərbaycanın milli-mənəvi də ...

"Borçalı" Cəmiyyəti
AD GÜNÜN MÜBARƏK, CAVANŞİR!...

AD GÜNÜN MÜBARƏK, CAVANŞİR!...

Bolus, Təbriklər
RƏŞİD  QOCA OĞLU  ÇERPANOV  (1971)

RƏŞİD QOCA OĞLU ÇERPANOV (1971)

Başkeçid
ƏBƏDİ YAŞAR LİDER

ƏBƏDİ YAŞAR LİDER

Siyasət
Görkəmli azərbaycanlıların adını daşıyan Tbilisi küçələri: Bu küçələrin əks ...

Görkəmli azərbaycanlıların adını daşıyan Tbilisi küçələri: Bu küçələrin əks ...

Tiflis
Rəy yazın: