Gürcüstandakı orta məktəblərdə son zəng keçirilib Gürcüstan » Borçalı 16 мая 2015 Mayın 17-də Gürcüstanda fəaliyyət göstərən ümumtəhsil məktəblərində son zəng keçirilib. Son zəng ilə bağlı Marneulidəki orta məktəblərdə də tədbirlər qeyd olunub. Son zəng Marneulidəki 3 nömrəli Azərbaycan orta məktəbində də böyük bayram proqramı ilə təşkil edilib. Tədbirdə həmçinin Marneuli 3 nömrəli orta məktəbin 63 illiyi də təntənəli şəkildə qeyd olunub. Tədbiri məktəbin direktoru Gülnarə Darğallı açaraq bu gün keçirilən əlamətdar və tarixi gün münasibətilə bütün məktəb müəllimlərini və şagirdləri, valideynləri təbrik edib və məktəbi bitirən 28 nəfər məzuna həyatda və ali məktəb yollarında uğurlar arzulayıb.Sonra məktəbdə riyaziyyat müəllimi işləmiş qocaman müəllim Ənvər Kərimov, Müəllimlərin Rayon Həmkarlar təşkilatının sədri Yaşar Çıldırlı, ziyalı Tofiq Hacıyev, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, Gürcüstan barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Kvemo Kartli bölgəsi üzrə müşaviri Zaur Darğallı, AMM-in gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva və başqaları çıxış edərək məktəb məzunlarına gələcək təhsillərində uğurlar arzulayıblar. Məktəbin məzunları bildiriblər ki, 28 nəfər məzunun 80%-i ali məktəbə qəbul üçün qeydiyyatdan keçiblər.Tədbirdə Marneuli 3 nömrəli Azərbaycandilli orta məktəbin 1952-ci ildən fəaliyyət göstərdiyi bildirilib. Qeyd olunub ki, məktəbin fəaliyyəti illərində neç-neçə elm adamları, görkəmli şəxslər və ziyalılar, ölkədə təhsil sahəsində yüksək adlara layiq görülən və mükafatlarla təltif olunan müəllimlər də bu məktəbi bitiriblər.Sonda məktəbin məzunlarının iştirakı ilə Azərbaycan, gürcü, rus dillərində şeirlər, mahnılar, rəqslərdən ibarət konsert proqramı nümayiş edilib və səhnəciklər göstərilib.Marneuli rayon təhsil resursları mərkəzinin direktoru Ruslan Hacıyevin məlumatına görə, bu gün Marneuli rayonundakı 57 orta məktəbdə son zəng keçirilib: "Bu gün 57 orta məktəbdə son zəng keçirilib, bundan 35-i Azərbaycandilli orta məktəbdir. Bu gün Marneulinin məktəblərində 1250 nəfər orta məktəbi bitirib. Onlardan 800-dən çox şagird bu gün orta məktəbi uğurla başa vuran azərbaycanlı şagirdlərdir."Nizami Məmmədzadə Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.