Borçalıda Ozanlar ozanı TƏHLƏLİ NOVRUZun xatirəsi anılıb Borçalı, Qarayazı 13 марта 2016 Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları qədim Borçalı mahalında sufizmin davamçılarından hesab olunan fəlsəfi şair Təhləli Novruzun xatirəsinə həsr olunan ozan məclisi təşkil olunub. “Anım günü” adı altında keçirilən məclis, sufi şair Təhləli Novruzun doğulub boya-başa çatdığı Qarayazı (indiki Qardabani) rayonundakı Qaratəhlə kəndində baş tutub. Ozan məclisində Azərbaycandan və Gürcüstanın müxtəlif bölgələrindən gəlmiş elm, mədəniyyət xadimləri, ədəbiyyatşünaslar iştirak ediblər.Tədbiri açıq elan edən şair Ziyadxan Seyidəhmədli saz və söz dühası, tanrı sevdalı aşiq, dərviş Təhləli Novruzun məclisində iştirak edənləri salamlayaraq, sözü kəndin orta məktəbinin 8-ci sinfində oxuyan şagirdlərə verib. Gənclər, hər zaman haqqı deyib, həqiqəti söyləyən şair Novruzun yaradıcılığından şerlər söyləyib. Şairin ustadnaməsi ilə davam edən məclisdə uzun illərdir Təhləli Novruzun irsini araşdıran, ünlü ozanın qoşqularından ibarət “Dağlar, əyil, yar görünsün...” kitabının tərtibçisi, Təhlə kəndində yerləşən şair Novruzun ev muzeyinin yaradıcısı tanınmış şair-tədqiqatçı-ədəbiyyatşünas Allahverdi Təhləli onun həyatı və yaradıcılığı ilə bağlı geniş məlumat verib. O, bildirib ki, şairin yaradıcılığında böyüklərə, Allaha, torpağa, Vətənə bağlılıq mühüm yer tutur. Sonra Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsini rəhbəri Rafiq Hümbət və başqalarıda çıxışlarında Təhləli Novruzun irsindən söz açıb, onun şeirlərini təhlil ediblər. Bildirilib ki, Təhləli Novruz 1912-ci ilin martın 22-də Qarayazı bölgəsində, indiki Qardabani rayonunun Təhlə kəndində anadan olub. Şairin atası və əmiləri repressiya qurbanları olublar. 1944-cü ildə isə fəlsəfi baxışlarına, irfani şeirlərinə görə şairin özü repressiyaya məruz qalıb. 1953-cü ildə azadlığa çıxan şairin 300-dən çox şeiri və iki dastanı bu günədək qorunub saxlanılır.Təhləli Novruzun şeirləri və bir dastanı ilk dəfə ədəbiyyatşünas Əbdüləli İbrahimsoy tərəfindən 1991-ci ildə çap olunub. Daha sonra Allahverdi Təhləli tərəfindən şairin şeirlər kitabı çapdan çıxıb. Kitabda şairin 360-a yaxın şeiri toplanıb. Təhləli Novruzun “Zərqam uşaq” və “Sam şahzadəsi” dastanları "Azərbaycan dastanları" toplusunun 5-ci cildində çap olunub.Qeyd olunub ki, Təhləli Novruz təkcə Borçalıda, Gürcüstanda deyil, Azərbaycanda, Türkiyədə və İranda da tanınan və sevilən şairlərdən olub. Təhləli Novruz deyirdi: “Şəriəti öyrənən mərifəti, təriqəti və sonunda haqqı və həqiqəti öyrənib kamil insan olur”.Onun yaradıcılığında böyüklərə, Allaha, torpağa, Vətənə bağlılıq mühüm yer tutub.Məclisdə növbəti il şairin 105 illiyini Bakıda və Borçalıda təmtəraqlı şəkildə qeyd olunması qərara alınıb. Həmçinin, tədbir iştirakçıları gələn ilə kimi şairin ev muzeyinin əsaslı təmir edilməsi üçün müvafiq addımların atılmasının vacibliyindən danışıblar. Aşıq Ramin Borçalı, aşıq Ziyəddin, aşıq Əflatun Hüseynov, aşıq Zindofil, aşıq Elşad və aşıq Astan Hüseynov məclisdə “Orta sarıtel”, “Dübeyti” havaları ilə yanaşı, şairin təcnislərinə həsr olunan saz havalarını ifa ediblər. Sonra məktəblilər şairin şeirlərini, yerli aşıqlar isə mahnılarını ifa ediblər.Araz Əhmədov. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.