RUHUN ŞAD OLSUN, USTAD ƏLİ SƏNGƏRLİ (1930-2009) Bolus, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı 27 февраля 2018 421 ƏLİ SƏNGƏRLİ (1930-2009)SÖZ VAR ONDAN ALIR ZİRVƏ DÖZÜMÜ...Müəllim-şair-tərcüməçi kimi tanınan Əli Səngərli (Məmmədov) 1930-cu ildə qədim Borçalı mahalının Bolus (indiki Bolnisi) rayonundakı axarlı-baxarlı Faxralı kəndində anadan olub. 1950-ci ildə həmin kənddəki orta məktəbi, 1957-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Bir müddət A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda (sonralar S.S.Orbeliani adına TDPİ-də) Azərbaycan şöbəsinin tələbələrinə dünya ədəbiyyatından mühazirə oxuyub. Sonra doğma kəndinə qayıdıb və buradakı orta məktəbdə ədəbiyyat müəllimi işləyib. 1947-ci ildən yaradıcılığa başlamış Əli Səngərli 1955-ci ildən mətbuatda çıxış edib. Onun əsərləri «Şərqin şəfəqi», «Sovet Gürcüstanı», «Azərbaycan müəllimi», «Ədəbiyyat və incəsənət», «Qələbə bayrağı» və s. mətbuat orqanlarında, «Çeşmə» (1980), «Dan ulduzu» (1987, 1989, 1990), «Ağır elli Borçalı» (Bakı, 1990; Ərzurum, 1996) və digər ədəbi məcmuələrdə özünə yer tapmış, Tbilisi, Bakı radio və televiziya verilişlərində səslənmişdir. Şeirləri gürcü, rus və başqa dillərə tərcümə olunmuşdur. «Hara çəksək, yurda çıxır,Mənim yolum, mənim köçüm.»- deyən, həyata, doğma Azərbaycan torpağına, müqəddəs ata yurduna, qədim Borçalıya qırılmaz tellərlə bağlı olan şairin yaradıcılğının əsas ruhunu Vətən, xalq məhəbbəti, el-oba sevgisi, dünyanı narahat edən problemlər, fitnə-fəsadlara nifrət, insanların düşüncələri və s. təşkil edir. Hətta onun ilk şeirləri baharın gəlişinə, gülə, bülbülə həsr olunsa da, nəticə etibarı ilə vətənpərvərlik motivləri ilə bağlıdır. On yeddi yaşlı gəncin yazdığı «Bülbül» (1947) şeirində oxuyuruq:Göylərin qucağındaOxuyan bülbülmüdür?Onun aşiq olduğuQönçəmidir, gülmüdür?Mən də o bülbül kimiİlk bahara vurğunam,Bir də bahar libaslıBu diyara vurğunam. Şairin «Xalqımız yüksəlir», «May gəlir», «Efirdən səs gəlir», «Mənim cəlalıma çatmaq olarmı?» kimi şeirlərində Vətənin cah-cəlalı, xariqələr yaradan əmək adamlarının rəşadəti, «Bahar», «Bahar sökülür», «Çinarda nə günah var?», «Payız gecəsi», «Qoca vələsin hekayəti», «Meşədəyəm», «Təbiətin zinəti», «A gözəl dağı», «Səkkizayaq» şeirlərində təbiətin gözəllikləri tərənnüm olunur. «Bu yer onun yeridir» kimi lirik şeirlərdə gənclərimizin saf məhəbbətindən söhbət açılır. «Kəndim», «Kənd səhəri» şeirlərində doğma kəndini tərifləyir. Hamımız kimi Əli Səngərlini də Arazın o tayında yaşayan qardaşlarımızın taleyi narahat edir:Nə vaxt açılacaq Cənubda səhər?!Təbrizin günəşi haçan doğacaq?!Bəsdir cavanları dözdü ürəklər,İnsanın taleyi deyil oyuncaq,Təbrizin günəşi haçan doğacaq?!Vətənpərvərlik, nikbinlik, yığcamlıq əsas xüsusiyyətlərindən olan Ə.Səngərlinin dili sadə, rəvan və ifadəli olub, oxucuya emosional təsir bağışlayır:«Sara xatun, hardan alım sənin kimiTanrı xislət bir ananı…Həsən kimi oğul doğa əsrimizə.Uzun Həsən köçən gündən,Şah İsmayıl yer üzündən keçən gündən,Qarğa-quzğun hakim olub qalamıza, qəsrimizə.Sara Xatun, bir peyda ol,Bir oğul doğ yenə bizə,Şahin kimi qanad gərsin üzümüzə!..»(«Sara Xatun»).Və yaxud:«… Bağ saldım, həsrətəm barına…Bağ saldım ki, divlər bata barına..Dəyirman daşını qaldıran oğul,Divlərə ot yolduran oğul.Almanı düşmənlərdən saldıran oğul,Gözüm yolda qaldı, gəl!Köhlənim nal saldı gəl!..».Şairin «Süleymana qalan dünya», «Qıpçaq Məlik», «Dərviş», «Vədəçıx» və s. şeirləri bu qəbildəndir. «Əli Səngərlinin «Şair ürəyi» adlanan şeiri adına layiq süjeti ilə gözəl və mənalıdır» (Əkrəm Cəfər).Ta qədimdən yaylıq, örtük qadınlarımızın isməti olduğu kimi, papaq da, şairin dili ilə desək, «kişilərin əzəməti»dir:Atamın namusu, adı,Babam onsuz yaşamadı.Namus, qeyrət, ad apardı.Gedəndə də gora papaq.Ə.Səngərlinin «Atalar cəbhədən gələnə qədər», «Müharibə illərində», «Bacım», «9 may» və s. şeirlərində ikinci dünya müharibəsinin vurduğu yaralardan, ağrı-acılardan, xalqımızın göstərdiyi qəhrəmanlıqlardan və nəhayət, qələbənin bəxş etdiyi sonsuz sevinc və şadlıqdan ürəkdolusu şairanə bir dillə söhbət açılır.«Arzular, arzular, şirin arzular…» Əli Səngərlinin də arzuları sonsuzdur:Nə olaydı, arzumun meyvəsini dərəydim,Bütün bəşər yolları açılaydı üzümə.Silahları əlimlə sulara endirəydim,Sevinəydim, güləydim, yaş gəlincə gözümə…Köhnə xəritələri muzeylərə ataydım,Lüğətlərdən siləydim müharibə sözünü…(«Arzu»)Və yaxud:«Zirvəyə yazaydım bircə sözümü…»«Daşlardakı yazılar qazılıb oxunaydı…»(«İllərin sabahında»)«Könüllərdə cücərəsən, ay çiçək».(«Çiçək»);- kimi arzularla yaşayan,«Qarışqadan ibrət götür,Halal qazan, halal gətir».«Söz var sahibindən əvvəl gordadır,Söz var ondan alır zirvə dözümü»,- kimi aforizmik aksiomalar söyləyən,«Əvvəl dərinlikdən başlar ucalıq,Hələ ümmanlara yetəsiyəm mən.Dərinlik təkindən şeirlərimə Zirvə vəsiqəsi alasıyam mən».- kimi qarşısına məqsəd qoyan və öz məqsədinə doğru yorulmadan irəliləyən şair şeirlərindən birində «Şair tək doğuldum», bir az sonra başqa bir şeirində «Balaca bir şeir qitəsiyəm mən!», - söyləyir.Bəli, Ə.Səngərli şeir qitəsidir. Tənqidçi Süleyman Süleymanlının dili ilə desək, «Əli Səngərli qələmə aldığı şeiri poetik ümumiləşdirmə səviyyəsinə qaldırmağı bacaran, yeni söz, yeni fikir söyləməyə səy göstərən, təkrardan, ritorikadan qaçan şairdir».Əli Səngərli həm də gözəl tərcüməçidir. O, hələ 1960-cı ildə gürcü şairi Akaki Seretelinin «Əmək nəğməsi», «Bahar» şeirlərini tərcümə edib «Sovet Gürcüstanı» qəzetində dərc etdirmişdir. Şair-tərcüməçi Əli Səngərli professor Pənah Xəlilovun tərtib etdiyi «SSRİ xalqları ədəbiyyatı müntəxəbatı» (Bakı, 1956) kitabındakı bir sıra tərcümələri - Qafur Qulamın «Türksib yollarında», Lesya Ukrainkanın «Ümid», «Dostlar», «Məhv olmadı göy yarpaqlar», «Qızıl göyəmlər» şeirlərini və Əli Sultanlının tərtib etdiyi «Roma ədəbiyyatı müntəxəbatı» (Bakı, 1959) kitabındakı Publi Vergili Maronun «Melebey, Titer», «Lüssi Anney Senekanın «Fedra» əsərlərini isə hələ tələbəlik illərində ana dilimizə çevirmişdir. Oxucular Əli Səngərlinin tərcüməsində neçə-neçə gürcü şairinin əsərlərinin tərcüməsini də böyük maraqla oxumuşlar…Süzülür qələmdən söz axın-axın,Şeirdir ruhuna yaxından yaxın.İlhamdan yoğrulmuş misraya baxın,Çeşmə yatağında lillənərmi heç?İlhamı qaynayan göllənərmi heç?Şair yazır-yaradır, biz də ona cansağlığı diləyir, ondan yeni-yeni şeirlərini gözləyirik. Şair özü demişkən: «Ölüm nədir, kül ələyim gözünə…Tez-tez onu yada salıb əsəsən.Yazıq-yazıq baxıb dünya üzünə,Yaşamaqdan, yaratmaqdan bezəsən.Qarşı gəlsə sənə harda o idbar,De ki, hələ görüləsi işim var.Mahnı oxu, zümzümə çal, odun yar,Qulaq vermə «gözləyirəm» desə, sən…»…Borçalıda bir qitə var. Şeir qitəsi!.. Borçalıda elə bir oxucu, poeziya həvəskarı tapmaq çətindir ki, o bu şeir qitəsinin havasını udub, günəşindən isinməmiş, suyundan içməmiş olsun… Doğrudur, qədimdən saz-söz beşiyi olan ağır elli Borçalıda istedadlı şairlər çoxdur… Amma Əli Səngərli öz səsi və öz nəfəsi ilə seçilir. Lirik şeirləri ilə neçə-neçə ürəklərə yol tapıb, könülləri oxşayır Əli Səngərli.. .Müşfiq BORÇALI.«Sovet Gürcüstanı» qəzeti, 1990;«Gənc müəllim» qəzeti, 1991;(Bax: Müşfiq MƏDƏDOĞLU (Çobanlı). Çağdaş Borçalı Ədəbi Məktəbi". Bakı, "Azərbaycan" nəşriyyatı, 1994, səh.94-98.)===========================P.S.: Əli Səngərli 2009-cu ildə vəfat etmişdir. Allah rəhmət eləsin!...===========================AĞLIMA GƏLƏNLƏR...“Çağdaş Borçalı ədəbi məktəbi” kitabının müəllifi Müşfiq ÇobanlıyaAğlıma gələnlər başıma gəlib,Başıma gələnlər xoşuma gəlib.Bu qoca yaşımda ruhum gəncləşib,Baharım qayıdıb qışıma gəlib...Məni yada salıb Müşfiq Çobanlı,Təzə bir kitabı qarşıma gəlib.Sanki yuxu imiş cavan Səngərli, İllər arxasından tuşuma gəlib.Əli SƏNGƏRLİ,12.04.1995. (Bax: Əli Səngərli. Uzaqlarda qalan dünyam. Bakı, “Nurlan”, 2008, səh.76.)"ŞƏRQİN SƏSİ" qəzeti,Dekabr, 2011.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.