Bolnisi əhalisi şəhid həmyerliləri ilə fəxr edir Gürcüstan » Bolus 20 января 2016 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunun Faxralı kəndində də ehtiramla yad olunub. Faciə nəticəsində şəhid olmuş Faxralı kənd sakini İlqar Əhmədovun məzarı önündə anma mərasimi keçirilib.Mərasimdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin, SOCAR-ın bu ölkədəki nümayəndəliyinin əməkdaşları iştirak ediblər.Faxralı kənd Asif Əliyev adına 1 nömrəli orta məktəbin direktoru Cümşüd Gülməmmədov şəhid İlqar Əhmədovla bağlı xatirələrini danışıb. Deyib ki, İlqar məktəbdə oxuduğu illərdə də Vətənə, xalqa məhəbbəti ilə seçilirdi. Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universitetində - zim.az) oxuyarkən tələbə dərnəyinin fəal üzvlərindən olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə digər vətənpərvər oğlu və qızlar kimi, ön sıralarda dayanıb. Onun qəhrəmanlığı digər gənclər üçün də örnəkdir. Bütün rayon əhalisi onunla fəxr edir.Səfirliyin birinci katibi Vüsal Məmmədov 20 Yanvar faciəsinin səbəbləri, xalqımızın azadlıq mücadiləsi və nəticələri barədə məlumat verib. Qanlı yanvar faciəsinə siyasi qiymət verilməsində ulu öndər Heydər Əliyevin xidmətlərini xatırladıb.Mərasimdə məktəbin müəllimləri Fatimə Əliyeva, Səyyad Allahverdiyev və başqaları çıxış ediblər. Şagirdlər şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.Sonra şəhid İlqar Əhmədovun ata evində ehsan süfrəsi açılıb. Şəhidlərin ruhuna dualar oxunub.Səfilik adından şəhid ailəsinə ərzaq yardımı göstərilib.Şəhidin yaxınları, kənd ağsaqqalları ilə keçirilən görüşdə səfirliyin məsul işçisi İlyas Məmmədov onların problemləri ilə maraqlanıb, Azərbaycan Prezidenti İlham Əliyevin xarici ölkələrdə, eləcə də Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərdiyini bildirib.Kənd ağsaqqalları bu diqqət və qayğıya görə minnətdarlıq ediblər.Xətayi Əzizov,AZƏRTAC-ın xüsusi müxbiri,Bolnisi, 20 yanvar, 2016.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.