ZAHİD QƏHRƏMANOV (1938) Gürcüstan » Başkeçid 11 октября 2023 1412 0 1 2 3 4 5 MÜƏLLİMLƏRİMİZİ TANIYAQ və TANIDAQ!.. 5 Oktyabr -Beynəlxalq müəllimlər günüdür!..Qədim və Ulu Borçalımızın sazlı-sözlü Başkeçid bölgəsindəki (indiki Gürcüstanın Dmanisi rayonundakı) cənnət-məkan Səfərli kəndinin sayılıb-seçilən, el içində böyük hörmət və nüfuz sahibi olan, müdrik el ağsaqqalı, kəndin ən qocaman sakini, nəslinin dəyərli başqanı, el-oba qədri bilən, böyüyünə də, kiçiyinə də həmişə hörmətlə yanaşan, gənclərin məsləhət yeri, kəndinin canlı tarixi pasportu, ziyalılar cərgəsinə çatdırdığı bütün şagirdlərinin sevimlisi olan Zahid müəllim!.. Zahid Mahmud oğlu Qəhrəmanov - 1938-il sentyabrın 20-də elə həmin bu kənddə dünyaya göz açmışdır. Atası 1941-ci ildə 2-ci dünya müharibəsinə gedəndə onun 3 yaşı vardı. Qardaşı Səmədlə birlikdə yaşlı anası Nazxanımla birlikdə qanlı, qadalı, ağır zəmanənin ümidinə qalıblar. Zahid Mahmud oğlu 1945-ci ildə 8 illik Səfərli kənd məktəbinin 1-ci sinifinə gedib. Nizamlı-intizamlı, dərsə hazırlıqlı, yaxşı oxuyan şagird olaraq sinif yoldaşlarından fərqlənib. Həmişə dərsə hazırlıqlı gəlib, yaxşı oxuyub. Məktəb illərindən şeirlər də yazmağa başlayıb, lakin yazdıqlarını toplamayıb. Ali təhsil almaq arzusunda olan Zahid Qəhrəmanov kamal atestat almaq üçün Qızılkilsə kənd 11 illik orta məktəbinin 9-cu sinfinə daxil olub.O zaman elə bir dövr idi ki, maşın azlığına görə hamı əziyyət çəkirdi. Odur ki, Zahid Qəhrəmanov da Səfərlidən Qızıl kilsəyə qədər olan on km-lik yolu piyada qət edərmiş. Həftə sonu anasına baş çəkməyə gələrmiş, bazar günü yenə piyada, içində həftəlik qida məhsulları olan xurcun da çiynində, qışın şaxtalı, boranlı havasında, yazın, payızın leysan yağışlı günlərində, özü kimi bir dəstə gənclə geri Qızıl kilsəyə qayıdarmış.1958-ci ildə Qızılkilsə məktəbini əla qiymətlərlə bitirən Zahid Qəhrəmanov ailə vəziyyətinə görə, xüsusilə də anasına əziyyət olmasın deyə, ali təhsil almaqdan imtina etmiş və əmək fəaliyyətinə başlamışdır. Bir müddət rayon mərkəzi Dmanisidəki kolxozda, bir müddət isə respublikanın paytaxtı Tbilisidə tikinti sahəsində çalışmış, qardaşı Səmədlə birləşərək doğma kəndlərində ev tikmişlər. 1962-ci ildə ixtisasca dil-ədəbiyyat müəllimi olan dayısı Şahmərdan Əlləz oğlunun təkidi ilə Bakıya gəlmiş, “Qırmızı Əmək Bayrağı” ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutu-na sənəd vermiş, imtahanlardan uğurla çıxmış və ali məktəbə qəbul olmuşdur. Qrupun ən aktiv, ən fəal tələbəsi olan Zahid Qəhrəmanov 1966-cı ildə həmin institutun pedaqogika fakültəsini əla qiymətlərlə bitirmiş, lakin ibtidai sinif müəllimi kimi fəaliyyət göstərmək istəmədiyindən, həmin il yenidən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə qəbul imtahanları vermiş, bütün fənnlərdən beş alaraq qəbul olmuşdur. 2-ci ali təhsilini də qiyabi yolla fərqlənmə ilə, qırmızı diplomla bitirən Zahid Qəhrəmanovu rektorluq İnstitutda aspiranturada saxlamaq istəmişdir. Lakin Zahid müəllim bu təklifdən imtina etmiş, anasını, qardaşını kənddə tək qoymamaq üçün geri doğma el-obasına qayıtmış və pedaqoji fəaliyyətə başlamışdır. İşlədiyi müddət ərzində səbrli, təmkinli, əla bacarıqlı pedaqoq kimi məktəblilərin, elin, obanın dərin hörmətini qazanmışdır. Tarix fənnini şagirdlərə sevdirmiş, ali təhsilli, ictimai dəyərli ziyalılar yetirmişdir. Ədəbli-ərkanlı gənclər ordusu yaratmışdır. Şərəfli, vicdanlı pedaqoji fəaliyyətinə görə 1977-1978-ci ildə özünün belə xəbəri olmadan Başkeçid rayon Maarif şöbəsi və rayon partiya komitəsinin təklifi ilə Səfərli məktəbinə direktor təyin edilmişdir. O, öz direktorluq vəzifəsinin məsuliyyətini vicdanla daşımış və ləyaqətlə icra etmişdir. O illərdə Səfərli orta məktəbini rayon üzrə qabaqcıl, öndə gedən məktəblər səviyyəsinə yüksəltmişdir. Rayon daxili toplantılarda, iclaslarda Zahid müəllimin adı həmişə hörmətlə çəkilmiş, nümunəvi direktor kimi başqalarına örnək göstərilmişdir. Bir neçə dəfə onun haqqında rayon qəzetində ürək açan məqalələr, oçerklər yazılmışdır. Həm müəllim, həm də direktor işlədiyi müddət ərzində qüsursuz fəaliyyətinə görə dəfələrlə fəxri fərmanla təltif edilmişdir. Səfərli məktəbini möhtəşəm qayda, qanunla idarə edən Zahid müəllim, nəhayət, 1987-ci ildə dincəlmək qərarına gəlmiş, Maarif şöbəsinin haqqlı etirazına baxmayaraq öz istəyi ilə şərəfli peşəsindən ayrılmış, təqaüdə çıxmışdır.Hazırda Bakıda yaşayır. Dörd övlad atasıdır. Zakir bəy, Mübariz bəy, Surxay bəy və Qətibə xanım. Övladlarının və nəvələrinin hamısı ali təhsillidir. Xoşbəxt yaşayırlar. Allah hamısını qorusun.Qeyd etdiyimiz kimi, orta məktəbdə ikən şeirlər yazan Zahid müəllim təqaüdə çıxandan sonra son illərdə yazdıqlarını toplamış, "Unudulmaz Xatirələr" adlı ilk kitabını 2017-ci ildə oxucuların ixtiyarına təqdim etmişdir. Şeirlər və qəzəllər də daxil olmaqla "Dahilərin kəlamı" adlı ikinci kitabı da artıq nəşrə hazırlanır.Onu da qeyd edim ki, Zahid müəllim hələ Borçalıda yaşa-yarkən dünya şöhrətli alim, Darvaz elinin dəyərli oğlu, akade-mik Mədəd Namaz oğlu Çobanovla möhkəm dost olmuş, Bakıya köçəndən sonra da bu dostluq davam etmiş və daha da möhkəmlənmişdir. Dostlar tez-tez zəngləşir, görüşür, ailəvi söhbətlə-şirdilər. Bu günlərdə Darbaz elinin çox dəyərli alim oğlu, insanpərpər Mədəd Namaz oğlu vəfat etmişdir. Allah ona rəhmət eləsin, nurlar içində uyusun. Amin.Sonda Səfərlinin fəlsəfi düşüncəli, fəlsəfi danışıqlı, ömür xatirələri folklor nümunəsi olan, nümunəvi müəllim, numunəvi insanlıq abidəsi, elin müdrik qocamanı, canlı tarixi olan Zahid müəllimi 5 Oktyabr - Beynəlxalq müəllimlər günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı arzulayırıq!.. Ürəyi nə qədər istəyir, o qədər yaşasın. Amin.Sevgül SƏFƏRLİ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.