ASLAN MANSUROV (1919-1991) Başkeçid, UNUTSAQ, UNUDULARIQ!.... 13 августа 2018 ASLAN MANSUROV(1919-1991)Aslan İsmayıl oğlu Mansurov - 1919-cu ildə ulu Borçalımızın qədim Başkeçid elində - indiki Gürcüstanın Dmanisi rayonundakı Qızıl-Kilsə kəndində anadan olmuşdur. Təkcə Başkeçiddə deyil, bütövlükdə Borçalı mahalənda görkəmli ziyalı kimi tanınan, Gürcüstan pedaqoji ictimaiyyəti arasında böyük hörmət və nüfuz sahibi olan Aslan İsmayıl oğlu Tbilisidə İkiillik Müəllimlər İnstitutunu və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir.O, ikinci dünya müharibəsinin iştirakçısı olmuşdur.Əlli ildən çox əmək fəaliyyəti ilə məşğul olan Aslan Mansurov Başkeçidin Ormeşən, Az-Gəyliyən kənd məktəblərində dərs demiş, Səfərli kənd məktəbində direktor, Qızılkilsə kəndində dərs hissə müdiri, direktor vəzifələrində çalışmış, doğma kəndində seçki yolu ilə kolxoz sədri olmuşdur. 1968-ci ildə rayon rəhbərliyi onun təşkilatçılıq bacarığını, maarif işini dərindən bilməsini və zəngin təcrübəyə malik olmasını nəzərə alıb Başkeçid (Dmanisi) rayon Xalq Maarif Şöbəsinə müdir vəzifəsinə irəli çəkmişdir. Bu vəzifədə 1977-ci ilədək fəalliyyət göstərən Aslan İsmayıl oğlu Mansurov rayonda maarifin səviyyəsinin yüksəldilməsi, yeni məktəb binaları, uşaq bağçaları tikilməsi üçün əlindən gələni əsirgəməmiş və bu sahədə böyük uğurlar əldə etmişdir. Həmin dövrdə Dmanisi rayonundakı orta məktəblər respublika miqyasında tanınmış, məzunlarının sorağı keçmiş ittifaqın müxtəlif ali təhsil ocaqlarından gəlmişdir. Xalqın maariflənməsi naminə sözün əsl mənasında yorulmaz fəaliyyət göstərən Aslan müəllim maarif fədaisi kimi gənc müəllimlərə nümunə olmuşdur. O harada və hansı vəzifədə çalışmasından asılı olmayaraq heç zaman haqqı nahaqqa qurban verməmiş, işində prinsipial, əqidəsində dönməz, başqalarına münasibətdə səmimi və həssas olmuşdur. Elə buna görə də el ağsaqqalı kimi hər yerdə hörməti saxlanılmış, adı fəxrlə çəkilmişdir.Aslan Mansurovun fədakar əməyi hökumət və dövlət tərəfindən də layiqincə qiymətləndirilmişdir. O, keçmiş SSRİ-nin bir sıra orden və medalları ilə təltif olunmuş, "Gürcüstanın Əməkdar Müəllimi" fəxri adına layiq görülmüşdür. Fərdi təqaüdçü olmuşdur.1991-ci ildə vəfat edən Aslan Mansurovun əziz xatirəsi bu gün də onu tanıyanların qəlblərində yaşamaqdadır.Allah rəhmət eləsin!...ZiM.AZBax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid", II cild. Bakı, 2015. . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.