AŞIQ KAMANDAR QURBANOV (1982) Başkeçid, Müşfiq Borçalı 27 октября 2016 Borçalı aşıq məktəbinin layiqli davamçısıƏsrarəngiz gözəlliyi ilə göz qamaşdıran, hər qarışı qoçaqların-qaçaqların həyatından dastan danışan, torpağının altı altun dolu, bundan da böyük sərvəti qızıldan dəyərli insanları olan, Borçalı yaylaqlarının ətəyində yerləşən Məmişlər obasının Qurbanovlar ailəsində 1982-ci ilin avqust ayının 5-də bir oğlan uşağı dünyaya gəldi. El adətinə görə qohum-əqraba yığışıb uşağa ad verən zaman ən məqbul təklif Saat mamasından atasının bacısından oldu: Kamandar. Bəli, əzəmətli ustad aşığımız Kamandar Əfəniyevin şərəfinə.Təhsil sarıdan bu uşaq bəxti gətirməyənlərdəndir. Orta məktəb dövrü ötən əsrin 90-cı illərinə düşən Kamandar Qurbanov yalnız doğma kəndində ibtidai təhsil ala bildi. Yəqin elə bu səbəbdəndir ki, sənəti daha çox oxuyub öyrənməklə deyil, eşidib öyrənməklə əxz edir.Dmanisi mədəniyyət evində təşkil olunan nağara dərnəyində əmisi Selimxandan dərs almağa başlasa da, sazın sehri və İlahinin işi ilə meyli daha çox aşıqlığa doğru yön almağa başlayırdı. Nədənsə valideynləri bu işdə ona mane olmaq istəyirdi. Lakin Kamandarın iradəsi qalib gəldi. Qonşu kəndlərin hansı toy şənliyində aşıq olardısa, gecənin nə vaxtı olsa da atı minib ora çapardı. Tükənməz məhəbbət və eşq, dərin huş-guşla aşığa qulaq asardı. Atası briqadir Lətif arandan gəlib biçinçilərə yemək aparmağı ona tapşıranda sevincinin həddi-hüdudu olmazdı. Axı Dəmirli kəndindən gələn həvəskar aşıq - Qiyas da öz cürə sazı ilə onların arasında idi. Və nahar istirahətində bənzərsiz və şirin ifaları ilə məlahətli səsini dağlara yayırdı ki, bu da Kamandarın uşaq dünyasına əvəzsiz hakim kəsilirdi. İndi ömrünün ahıl dövrünü yaşayan həmin biçinçilər bu uşağı belə xatırlayır. Lətifin oğlu öz əlləri ilə taxta parçasına simlər bağlayıb barmaqları damana qədər dınqıldadardı. Beləliklə, bir tərəfdən ana babası Qarabudaqlı Aşıq İvrahamdan gələn gen, digər tərəfdən gözəl saz ifaçısı-əmisi rəhmətlik İslamın yanında böyüməsi, o biri tərəfdən isə dünyaya gələn zaman uşağa bəslənən arzular işini görməyə başladı.Amma ən başlıcası ürəyində böyük İlahi eşq gəzdirən bir kişi ailənin qonağı olur. Düzənlənən məclisdə qonağa deyilir ki, burada 13 yaşlı bir bala “beçə” var. Qonaq buyurur ki, eşidək körpəni. Kamandar düzəltdiyi simli taxtanı, - “Saz”ını döşünə basıb oxumağa başlayır. Heyranlıqla uşağı dinləyən qonaq Kamandarın alnından öpüb xeyir-dua verir. Üzünü məclisə tutub deyir ki, bu uşağın çox böyük gələcəyi var. Daha bundan sonra Kamandar aşıq olmaya bilərdimi?.. Lakin peşakarlığı daha çox Başkeçiddə ustad aşıq kimi tanınan aşıq Həmzənin şagirdi: aşıq Haqverdidən öyrəndi və bu gün də öyrənir. Sazı solaxay çalsa da havacatları solaxay getmir.Qaraçöpdən, Qabaldan tutmuş Yırğançaya qədər, Sadaxlıdan tutmuş Ərcivan-Sarvana qədər Gürcüstanın elə bir kəndi yoxdur ki, onlar Kamandar Lətif oğlunu ən əziz günlərində çağırmasınlar. Çünki, o böyük bir ürəyə malikdir. Elə bu ürəklədə məclisə girib, iştirakçıların ürəyini ələ ala bilir. Aşıq havalarının mükəmməl ifaçısı olduğu kimi muğamı da gözəl dərk edir. Musiqinin ən müxtəlif janrlarında məharətini sınaya bilir.Kamandar Qurbanov 2003-cü ildən Marneuli şəhərində yaşayıb, fəaliyyət göstərir. Gürcüstan Aşıqlar Birliyinin üzvüdür.Ömrünün 8 ilini Qarayazının Nəzərli Kəndində yaşayan Kamandar elə bu eldən olan Esmira xanım ilə ailə qurub. Qızına anasının adını verib: Nərgiz. Oğluna isə atasının adını: Lətif.XX əsrin axırı, XXI əsrin əvəllərində Azərbaycan poeziya dağlarında ən uca zirvəni fəth etmiş “alpinist”imiz, dünyalar durduqca duracaq şairimiz, - Zəlimxan Yaqub necə də gözəl demişdir. Saz yaşayır, zillər, bəmlər içində, Bir aləmdir bu aləmlər içində, Ötən günlər, gələn dəmlər içində, Bizdən sonra qalana bax, qalana.Nə xoşbəxtdir ki, Borçalılar Borçalı yaşayır. Nə xoşbəxtdir Borçalı aşıq akademiyası ki, onun bu qoca yurdda təkcə adı yaşamır, sənəti də yaşayır. Burada isə Kamandar Lətifoğlunun zəhmətini kim dana bilər ki.Bu günlərdə “Lider TV”-də təşlik olunan “Aşıq deyişməsi” yarışmasının iştiraçısı olan Kamandar Lətifoğlunu, çox ümidvaram ki, sənətə və sənətkara qiymət verən qədir bilən xalqımız dəstəkləyib layiq olduğu mərtəbəyə qaldıracaqdır!.. Rövşən DəmirliQardaşım Kamandara həyatında və sənətində böyük müvəffəqiyyətlər arzusu ilə Öz çiçəyi, öz gülüdür, Borçalının bülbülüdür, Görkəmlidir, görkülüdür, Ona qurban yoxum-varım, Qoy oxusun Kamandarım. Ağ bənizdə xal kimidir, Yaşıllığa al kimidir, Yağ üstündən bal kimidir, Saz qarışıq kaman-tarım, Qoy oxusun Kamandarım. Başkeçidin baş aşığı, Toylarının yaraşığı, Parlayacaq gur işığı, Sönməyəcək etibarım,Qoy oxusun Kamandarım.(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid", III cild, Bakı, 2015, səh.742-744). Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.