HƏYACAN TƏBİLİ: Gürcüstanda 100 illərdi yaşayırlar, haqlarında heç kim heç nə bilmir - LAHICDAN GEDİBLƏRMİŞ... Amma bəziləri özlərini "AZƏRBAYCANLI" hesab etmirlər... NİYƏ?... Oxumaq və düşünmək lazımdır!!! ... SOSSS!... Gürcüstan, Qaraçöp, Tarix 18 мая 2017 Bu insanlar artıq yüz ildən çoxdur ki, Gürcüstanda yaşayırlar. 150 nəfərdən ibarətdirlər. Özlərinə məxsus dildə danışır və özlərini "lahıc" adlandırırlar. Əvvəllər tatar xalqı kimi tanınan bu xalq heç yerdə qeydə alınmayıb. Lakin, 1939-cu ildə əhalinin ümumi siyahıya alınmasından sonra hər kəs onları azərbaycanlı hesab etməyə başlayıb. Bu insanlar isə israrla iddia edirlər ki, azərbaycanlı deyillər.Publika.az xəbər verir ki, bu xalqın kəndi Tbilisini Kaxeti ilə birləşdirən Qombori aşırımında yerləşir. Kənd ilə paytaxt arasındakı yol təxminən 55 kilometrdir. Qalın meşəliklərlə əhatə olunmuş kənd dəniz səviyyəsindən 1,130 metr yüksəklikdə yerləşir. Gürcüstanda yerləşən məhz bu meşəlik ərazilər o vaxt Bakı quberniyasından gələn insanların sığınacaq üçün seçdiyi yerlərdən olub. Özlərini lahıc xalqı adlandıran bu insanlar hazırda Azərbaycanın İsmayıllı rayonunda yerləşən Lahıc kəndinin sakinləridir.Köçkünlərin sözlərinə görə, əvvəlcə kişilərdən ibarət qrup buraya gəlib. Regionun demək olar ki, hər yerində, iş və ev tapdıqları yerlərdə məskunlaşıblar. Yerlərini rahatlayıb şərait qurduqdan sonra isə yavaş-yavaş ailələrini də gətirməyə başlayıblar. Nəticədə İkinci Dünya Müharibəsinə qədər lahıclar birdəfəlik Qombori kəndində məskunlaşıblar.Kənd sakinlərindən biri, həm də ehtiyatda olan gizir Ayvaz Cəfərov deyir ki, özlərini azərbaycanlı hesab etmirlər:"Bizim öz dilimiz hələ yaşayır. Düzdür, sayımız get-gedə azalsa da, məhv olmamışıq. Bəlkə də, bir müddət sonra bu dildə danışmağa adam belə olmayacaq. Əlbəttə, etnik qrupumuzu rəsmi şəkildə qeydə almaq yaxşı olardı, amma kim bununla maraqlanacaq ki?”O, meşəlik əraziləri seçmələrinin səbəbini belə izah edib ki, meşə köçkünlərə pis havadan gizlənmək, yemək tapmaq və ən əsası pul qazanmaq üçün yaxşı imkanlar verib. Ağacları kömürə çevirib, satıb dolanışıq qurmaq olur:"O vaxtlar ağac kömürü dəmirçixanalarda və əritmə sobalarında geniş istifadə olunurdu. Hərçənd kömür elə ev məişətində də çox istifadə edilir. Samovar qalamaq və ya kabab çəkmək üçün istifadə olunurdu. Yəni tələbat vardı, insanlar da bundan istifadə edib dolanışıqlarını qururdular.Bu insanlar “Lahıcdan niyə köçdünüz?" sualına cavab vermək üçün 17-ci əsrdən, İran hökmdarlarının vaxtından başlamalıdırlar. Ayaz Cəfərov deyir ki, o vaxt babaları İranın ərazisindən köçüblər:"17-ci əsrdə Lahıc çiçəklənən sənət mərkəzi idi. Orada soyuq silah və mis əşyalar hazırlayırdılar. Ticarət inkişaf edir, insanların yaşayış səviyyəsi sürətlə yaxşılaşırdı. Bu güzəran 19-cu əsrə qədər davam etdi. Texnologiyanın inkişafı, maşınların meydana gəlməsi misdən əllə hazırlanan məmulatların dövriyyəsini kəskin azaltdı. İşsizlik baş qaldırdı. Tez-tez iğtişaşlar olurdu. Lahıclar yavaş-yavaş qəsəbəni tərk etməyə və yeni yaşayış yerləri axtarmağa başladılar. Elə o vaxtdan onların bir hissəsi bizim kimi Gürcüstana gəldi”.Ayvaz Cəfərovun valideynləri başqa 20 ailə ilə birlikdə Qombori kəndinə 1930-cu illərdə gəliblər. Kənddə birlikdə yaşamağa qərar verən əhali iki qrupa ayrılıb. Kişilər bir komanda kimi kömür yandırır, qadınlar isə ev təsərrüfatıyla məşğul olurdular. “Ev təsərrüfatı” anlayışı bir az nisbi qalır. Çünki o vaxtlar əhali meşələrdə samandan hazırlanmış komalarda yaşayırdı. Meşə onları qida ilə təmin edirdi.Uzun müddət əzab-əziyyətli həyatdan sonra kəndlilər yığışıb, pul toplayıb mal-qara saxlamağa başladılar. Bundan əldə etdikləri gəlirlərlə isə özlərinə kənddə kiçik evlər tikməyə başladılar.İkinci Dünya Müharibəsi başlayanda bütün kişilər cəbhəyə aparılıb. Çoxları elə müharibədə həlak olub. Ayaz Cəfərov deyir ki, onun atası da müharibədə dünyasını dəyişib:"Atam da müharibəyə aparılanlar sırasında olub. Mən onu heç vaxt görməmişəm, atamı 1942-ci ildə aparıblar, mən isə 1943-cü ildə anadan olmuşam. Kənd sovetində doğum haqqında şəhadətnamə verilən zaman anamdan yoldaşı haqqında sənəd istəmişdilər. Onun isə heç bir sənədi yox idi. Gürcü dilini bilmədiyi üçün heç nə başa düşmürdü. Anam adımın Ayaz, atamın adının isə Cəfər olduğunu deyib. Onlar da məni "Ayaz Cəfərov" deyə qeydiyyata alıblar".Demək olar ki, buraya gələn bütün lahıclılar soyadlarını belə alıblar. Bu gün onların arasında geniş yayılmış İsmayılov, Məmmədov, Əliyev kimi soyadlar beləcə yaranıb.Rus hərbçiləri həmişə bu yerə maraq göstəriblər. Gürcüstan Rusiya İmperiyasının tərkibinə keçən kimi burada hərbi bölmələr yerləşdirməyə başladı: 1801-ci ildə artilleriya, sonra isə atıcı batalyon gəldi. Rus zabitləri öz ailələrini gətirir və “sloboda” adlandırdıqları kəndi abadlaşdırırdılar.19-cu əsrin sonlarında, yəni lahıclar köçürülənə qədər Qombori kəndinin əhalisinin sayı 600-ə yaxın idi, onların demək olar ki, hamısı ruslar idi. Sovet dövründə burada kifayət qədər inkişaf etmiş infrastrukturu olan, hətta tərkibində raket briqadası olan iri hərbi bazalar olub.O dövrdə Lahıcdan gələn kişilərin çoxu könüllü şəkildə daimi hərbi qulluğa düzəlmişdilər. Qadınlar isə hospitallarda təsərrüfat sahələrində işləyirdilər. Get-gedə lahıclıların sayı artırdı. 1989-cu ildə Qombori kəndində 400-dən çox Lahıc sakini yaşayırdı. Həyat öz axarına düşməyə başlayırdı.Sovet İttifaqının dağılması ilə hərbi bazanın ləğv olunması gözlənilməyən dəyişikliklərə səbəb oldu. Rus hərbçiləri öz ailələri ilə birlikdə kəndi tərk etməyə başladılar. Bazada yerləşən bütün hərbi əmlakı Rusiyaya daşımaq mümkün olmadığı üçün onlar, raketləri və iri texnikanı göndərib, yük maşınlarını isə yerli sakinlərə satdılar. Qombori kəndində həmin maşınlardan təsərrüfatda hələ də istifadə olunur.Sovet kolxozu bağladı və lahıclar yenə işsiz qaldı. Belə olan halda gənclər çörək pulu qazanmaq üçün bir-bir kəndi tərk etməyə başladılar.Kəndin 83 yaşlı sakini Sənəm Bəhramovanın sözlərinə görə, gənclər getdikdən sonra kənddə demək olar ki, təqaüdçülər qaldı:"Mən Qomboridə anadan olmuşam. Əvvəlcə bura babam gəlib və meşədə kömür yandırmaqla özünə dolanışıq düzəldib. İşlər yaxşı getmirdi, xirtdəyə qədər borca batmışdı. Borcunu ödəmək üçün babam öz oğlunu-mənim atamı Lahıcdan çağırıb borclandığı kişiyə pulsuz işlətmək üçün satdı. Sonra babam getdı və ondan bu günə qədər heç bir xəbər yoxdur".Atasından danışan Sənəm xanım deyib ki, o, müharibədən heç bir yara almadan qayıtmışdı:"1940-cı illərdə müharibədə olub. Atamın adı Bəhram idi.Uzun və sağlam həyat yaşayıb. 102 yaşının tamam olmasına az qalmışdı ki, dünyasını dəyişib. Biz ailədə 4 uşaq idik. Atam müharibədən gələndən sonra anam ağır xəstələndi və dünyasını dəyişdi. Atam ikinci dəfə ailə həyatı qurdu və ikinci ovladından da 5 uşağı var. Biz ümumilikdə 9 bacı-qardaşıq. Evin böyük uşağı mən idim. Cəmi 2-ci sinifə qədər oxudum. Sonra atam məni məktəbdən çıxartdı. Bacı-qardaşlarıma baxmaq lazım idi. Beləcə mən təhsilsiz qaldım".Sənəm Bəhramova 41 il hospitalda sanitar işləyib. Tək yaşayan Sənəm xanım aldığı kiçik pensiyasını da öz qızına verir:"Qızım Tbilisidən kənarda yerləşən Lilo qəsəbəsində yaşayır. Ərini çox tez itirib və iki körpə övladı var. Uşaqlardan biri anadangəlmə qüsurludur".Ötən əsrin 60-cı illərində Qomboriyə Gürcüstanın şimal-şərqində yerləşən yüksək dağlıq regionu olan Pşav-Xevsuretiyadan ekoloji mühacirlər köçüb. 1964-cü ildə Qombori kəndinin əhalisinin əksəriyyəti gürcülərdən ibarət idi. Lahıclar deyirlər ki, bir çox mədəni və məişət elementlərini məhz gürcülərdən götürüblər. Onlar gürcü qonşuları ilə birlikdə xristian kilsəsinə gedir, bayramlar keçirirlər. Gürcülər də həmçinin onlarla birlikdə Qurban bayramını qeyd edir.Üç uşağı və altı nəvəsi olan Şabacı Paşayeva deyir ki lahıclar da gürcülərdən nümunə götürərk qohum nikahlarından imtina ediblər. İslam qanunları buna imkan versə də, lahıclılar öz iradələri ilə bundan imtina edib:"Necə ki, Azərbaycanda yaşayanda oranın qanunlarına riayət edir, donuz əti yemir, alkoqollu içki qəbul etmirdik, indi də gürcülərin adətlərinə əməl edirik. Əslində Gürcüstanda belə qadağalar yoxdur və biz kulinariyada daha sərbəstik. Müxtəlif üsullarla hazırlanmış düyü və qoyun, mal və donuz əti olur. Bəli, təəccüblənməyin, demək olar ki, bütün lahıclar donuz əti yeyir. Bir də bizdə şəkərli kökə və turş süddən hazırlanmış göyərtili şorba olur. Gürcülər bunun dadını çox sevir".Qombori kəndində iki məktəb olub: gürcü və rus. Lahıclar özləri uşaqlarını hansı məktəbə qoymaq istədiklərinə qərar veriblər. Ümumiyyətlə, lahıclar dörd dildə sərbəst danışa bilirlər.Əhali deyir ki, gürcülərlə gürcü dilində, ruslarla rus dilində rahat danışırlar. Azərbaycan dilində yalnızca kənddə yaşayan tatarlarla danışırlar. Tatarlarında dədə-babaları iranlı olduğu üçün dili bilirlər. Onları da azərbaycanlı kimi qeyd ediblər. Amma elə deyil. Bu səhvdir. Onlar "İran Azərbaycanlıları" gedir. Biz isə "Lahıc xalqı". Heç birimiz azərbaycanlı deyilik.Şabacı Paşayeva deyir ki, evdə öz dillərində danışırlar:"Bizim heç vaxt öz yazımız olmayıb. Amma dilimiz hələ unudulmayıb. Ailədə hamı bir-biri ilə lahıc dilində danışır. Uşaqları da öyrədirik, amma gənclər artıq bu dildə həm evdə, həm də həmkəndli lahıclarla danışmağa utanır. Mənsə çox istərdim ki, əcdadlarımızın dilini itirməyək”.Gürcüstanda müstəqillik bərqərar olandan və dini azadlıq əldə ediləndən sonra əhali kənddə yerləşən evlərdən birində kiçik ibadətxana yaradıb. Lahıclılar şiədir. Onlar buranı məscid adlandırırlar. Burada onlarla yanaşı, Qombori kəndində yaşayan bütün müsəlman əhali namaz qılır, dini mərasimlər keçirir, dini bayramları qeyd edirlər.2014-cü ilin siyahıya alınmasına əsasən, Qombori kəndində 304 şərti “azərbaycanlı” yaşayır. Onların yarısı lahıclar, yarısı da tatlardı. 1989-cu illə müqayisədə müsəlman əhalinin sayı iki dəfə azalıb.Lahıclar Gürcüstanın müxtəlif regionlarına, eləcə də xarici ölkələrə köçdüyü üçün onların dəqiq sayını müəyyən etmək mümkün deyil. Kəndi tərk edən sakinlər əsasən sosial-iqtisadi amillər üzündən gediblər. 100 il qabaq gəldikləri bu yerlər artıq onların normal dolanışığını təmin etmək üçün yararlı deyil. Yeni qanunlara görə, meşədə ağac kəsmək qadağandır. Bundan əlavə, artıq kömür yandıran yoxdur, işlədikləri hərbi hissələrdən heç nə qalmayıb. Bircə şey qalır: meşəyə gedib, satmaq üçün giləmeyvə və göbələk yığmaq. Bununla isə kəndin təzə ailə quran kişiləri məşğul olur.Könül CəfərliZiM.Az5 gün bir Gürcü kəndində (?.. - red.)Əmək məzuniyyətimdə Gürcüstana getmişdim. 3 gün paytaxt Tbilisidə, 5 gün isə rayon mərkəzi Tbilisdən 34 km uzaqlıda olan Saqareco rayonunun Qombori adlı kəndində qaldım. Deyim ki, paytaxtdan kəndə qədər olan məsafə 65 km-dir. İndi Qomboridən yazmaq istəyirəm. Bu kənd Gürcüstan ərazilərində olan Sadaxlo, Marneuli kimi azərbaycanlıların kompakt yaşadıqları yer deyil. Kənd əhlinin dediyi kimi desəm “musurman kəndi” deyil. Burada gürcülər üstünlük təşkil edir. Həmçinin azərbaycanlılar, tatarlar, koxollar, ruslar, etnik gürcülər olan xepsurlar və digər millətlərdən olan adamlar yaşayır. Belə desək mədəniyyətlərin qarışığı var bu kənddə. Dəniz səviyyəsindən 1200-1500 metr hündürləkdə olan Gombori kəndinsə sakinlər gürcü, rus, azərbaycan dillərini yaxşı bilirlər. Hər evdə demək olar ki, iki peyk anteni var. Birisi Turksat’a (Türkiyə) digəri isə Yamal’a (Rusiya) köklənib. Hər evdə bir neçə adamda mobil telefon var. Kənd hündür dağlarla əhatə olunmasına baxmayaraq mobil şəbəkə superdir. Nəinki zəng və sms hətta sürətli GRPS-dən də istifadə etmək imkanı var. (Gürcüstanda bizdəkinə nisbətən GRPS ucuzdur) Geocell və Magti mobil operatorları kənddə hər yeri əhatə edir. Peyk antenləri və mobil şəbəkəni insanların informasiyaya çıxış imkanları hesab etmək olar. İndi mən Sizə kəndi təsvir etmək istəyirəm. Əvvəllər kitablarda yazıldığı kimi hündür dağlar, sıx meşələr, təmiz, sərin, oksigenlə dolu hava, ekoloji təmiz mədəni bitkilər və s. əsl bu kəndə xarakterik sözlərdir. Bir sözlə kənd deyəndə ağlınıza Aran rayonlarının kəndləri gəlməsin, burada söhbət tamamilə dağ kəndindən gedir. O dağ kəndindən ki, burada ən çox işləyən eşşəklər bizdəki kimi hörmətsiz deyil, digər heyvanların içərisində. Əhali tamlığıyla hazırki prezident Mixeil Saakaşvilinin tərəfdarı olmasa da Qomboridə pensiyaçılar Saakaşvilini sevir. Bu məlumatları kənddə olduğum müddətdə çoxsaylı suallarım əsasında əldə etmişəm. Əvvəllər pensiyalarını altı-yeddi aydan bir alan təqaüdçülər indi hər ayın tamamında pensiyaları rahat ala bilirlər. Bu Saakaşvili hakmiyyəti dövründə belə olub. Sadə azərbaycanlı kəndlilər arasında da Saakaşviliyə dua edənlər az deyil. Kənd sakinlərinin dediyinə görə əvvəllər su ilə bağlı çətinlik çəkirmişlər. Ya öz hesabına dağlardan evinədək su çəkdirməli ya da suyu bidonlarla daşımalı idilər. İndi isə 3 evə 1 krant olmaq şərti ilə bütün kənddə su xətti var. Bu işgüzar gomborililərin işini xeyli yüngülləşdirib. Amma Rusiya ilə münasibətləri pozduğunu düşünərək Saakaşvilidən zəhləsi gedənlər də var. Bunlar Rusiya ilə xüsusilə də Rostov şəhəri ilə sıx əlaqələri olanlardır. Bütün bunlarla yanaşı hər cəmiyyətdə olduğu kimi əhalinin hökümətdək dolayısıyla da Mixeil Saakaşvilidən gözləntiləri heç də az deyil. Həmişəki kimi insanlar dövlətdən onların həyat şəraitini yaxşılaşdıracaq qərarlar – tutuarlı işlər gözləyirlər (bəlkə haqlıdırlar da).Saqareco rayonunun Qombori kəndi xəbərlərdə adını tez-tez oxuduğum Vaziani hərbi bazasına çox yaxındır. Ümumiyyətlə Gürcüstan çox da böyük olmadığından rayonlar arası məsafədə azdır. Vaziani rayondur və rayonun adından da Vaziani hərbi bazası adlandırılb bu məkan. Hansı ki, Vazianidə NATO hərbi təlimlər keçirirdi. Azərbaycandan da hərbiçilər təlimlərdə iştirak edirdilər – NATO ilə hərbi əməkdaşlıq proqramı çərçivəsində. Yerigəlmişkən deyim ki, Gürcüstanda azərbaycanlılara münasibət olduqca yaxşıdır. Heç də ağlınıza gəlməsin ki, bu Azərbaycan şirkətlərinin Gürcüstan iqtisadiyyatına iri sərmayələr qoymasından, qonşu ölkədə ən iri vergi ödəyicilərinin Azərbaycan şirkətləri olmasından, Gürcüstanın hardasa Azərbaycan iqtisadi asılılığından, neft faktorundan, iki hökümət arasındakı münasibətlərdən və ya Tbilisidə geniş yayılmış SOCAR-ın yanacaq doldurma məntəqələrindən bilavasitə asılıdır. Düzdür bu faktorlar yetərincə tutarlı əsasdır ki, hökümət səviyyəsində azərbaycanlılara diqqət yetirsinlər, onalara dəyib-dolaşan olmasın. Amma elə buradaca qeyd etməliyəm ki, onsuzda əvvəlcədən də bu yerlərdə iki xaqlın bir birinə münasibətləri yaxşı olub. Zaman-zaman məişət probləmləri olsa da. Bunu isə mənə kəndin qocaman azəriləri dedi. Bunları yazarkən ağlıma bir fikir gəlir – “Bəlkə də Qafqazda xalqlar mehriban yaşayar əgər ortada Rusiya boyda faktor olmasa.”TelmansoyREDAKSİYADAN:Biz Könül xanım Cəfərlinin və Telmansoyun yazılarındakı bəzi məqamlarla razılaşmasaq da, müəllif hüquqlarına hörmət əlaməti olaraq olduğu kimi dərc etdik... Amma aşağıdakı məqamları da dəyərli oxucularımızın diqqətinə çatdırmağı özümüzə borc bilirik.1. https://az.wikipedia.org/wiki/Gömbər - də oxuyuruq:Gömbər (gür.: g.ə. გომბორი, l.ə. qombori) - Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 17-24 yanvar, 2002-ci il siyahıyaalınmasına əsasən kənddə 50%-i gürcülərdən, 40%-i isə azərbaycanlılardan ibarət olan 775 nəfər (345 nəfəri kişilər, 430 nəfəri qadınlar) əhali yaşayır.[1]1. საქართველოს სტატისტიკის ეროვნული სამსახური (ing. National Statistics Office of Georgia): 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები, გვერდი 1062. "BORÇALI TOPONİMLƏRİ" (Bakı, 2012) kitabından:QARACA YURDU - QARAÇÖP (SAQARECO RAYONU): Qədim Qaraca yurdu - QARAÇÖP eli (indiki Saqareco rayonu) - Gürcüstanın şərqində, Tbilisidən 47 km aralıda yerləşir. 1933-cü ilədək Qare-Kaxet (Qara-Kaxet) adlanıb. Ərazisindən Yor çayı keçir, Tbilisi-Balakən avtomobil yolu, Tbilisi-Telavi dəmir-yolu keçir. Hüdudları: cənubda Azərbaycan Respublikası, qərbdə Qarayazı (Qardabani) və Msxeta rayonları, şimalda Tianeti, Axmeta, Telavi rayonları, şərqdə Gürcüani və Siğinaxi rayonları. Əhalisi 59.000 nəfər olan Qaraca yurdunda (indiki Saqareco rayonunda) hazırda təxminən 20.000 nəfərə yaxın soydaşımız yaşayır. Bütövlükdə «Qaraçöp» elatı adlanan 8 kənddə - Düz-Əyrəm, Keşəli, Qarabağlı, Qazlar, Ləmbəli, Paldı (Baldoy-Baldöy), Tüllər və Yor-Muğanlı kəndlərində elliklə, eləcə də Qombor kəndində gürcüklərlə birlikdə məskunlaşmış soydaşlarımız rayon əhalisinin təxminən 32%-ni təşkil edirlər.QARACA YURDU - bu oykonim nəsil-tayfa adı əsasında yaranıb. «Kitabi-Dədə Qorqud» dastanındakı Qaraca Çobanı yada salır. «Qaraca yurdu» gürcü dilində «Saqareco» kimi tərcümə olunub. «Saqareco» oykoniminin əsasında Azərbaycan dilinə məxsus olan «Qaraca» şəxs adı, gürcü dilində «məkan, yer» mənasını bildirən «sa» ön şəkilçisi durur. Mənbələrə görə, «Qaraca yurdu» toponimi indiki Gürcüstan ərazisində «Didi Turkoba» (Böyük Türklük) dövründə yaranan toponimlərdən biridir. «Saqareco» toponimi isə, gürcü mənbələrində XIV əsrin sonuncu onilliyində qeyd olunub. Qaraca yurdu - sonralar Qaraçöp (indiki Saqareco) rayonu 1880-ci ilə qədər Borçalı sultanlığının tərkibində olub. «Saqareco» toponimi indi həm rayon-inzibati ərazinin, həm də rayon mərkəzinin - şəhərin adını bildirir. QARAÇÖP - bu oykonim Türk dillərində «qara camaat» mənasında işlənən «qara» sözü ilə «çöp» tayfa adı əsasında yaranıb. Mənbələrdə bu tayfanın eramızın ilk əsrlərində Qafqazın bu üzündə - Güney Qafqazda məskunlaşdığı qeyd olunub. İndi Qaraca yurdunun - «Saqareco» rayonunun bir hissəsi Qaraçöp adlanır. Xalq arasında Qaraçöpü Yor Muğanlı da adlandırırlar. Bu da həmin kəndlərdə Muğanlı elinə məxsus əhalinin məskunlaşması ilə əlaqədardır. Qaraçöp icmasına 8 kənd aiddir, geniş ərazisi vardır: Düz-Əyrəm (Ayrım), Qazlar, Qarabağlı, Keşəli, Ləmbəli, Paldı (Baldoy-Baldöy), Tüllər, Yor-Muğanlı. DÜZ-ƏYRƏM - Tiflis quberniyasının Sığınaq (Siğnaxi) qəzasının sabiq Qaraca yurdu - Saqareco rayonunda kənd adıdır. Bu oykonim türkköklü «düz» sözü ilə mənası aydın olmayan «əyrəm» sözünün, bəlkə də, «ayrım» tayfa adının birləşməsindən yaranıb. El arsında «Əyrəm» də deyirlər. Yor yaylasında, Yor çayının sağ sahilində, rayon mərkəzindən 35 km gündoğarda, dəniz səviyyəsindən 450 m yüksəklikdə yerləşən bu kəndin əhalisi 1506 nəfərdir. Kəndin məscidi XIX əsrdə tikilib. Kənddəki Azərbaycan orta məktəbi 1921-ci il-dən fəaliyyət göstərir. Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktyor-rejissor-şair-dramatuq İftixar Piriyev, tanınmış professorlar Loğman Məmmədov, Vəli Qurbanov, yazıçı-jurnalist Həmzəli İlyas, Zülü İlyasov, el şairləri Misgin Vəli, Molla Qasım, Teymur Qurbanov, Həsən Sadıqlı, Həsənəli Təhməzoğlu, Aşıq Şahsənəm, Aşıq Aidə Gülzar, rəssam Sumannı Məmmədov, və b. həmin məktəbin yetirmələridir.KEŞƏLİ - Tiflis quberniyasının Sığınaq (Siqnaxi) qəzasının sabiq Qaraca yurdu - Saqareco rayonunda kənd adıdır. Bu oykonim türkköklü «Keşlə» tayfasının adı əsasında yaranıb. Yor yaylasında, Yor çayının sağ sahilində, rayon mərkəzindən 37 km gündoğarda, dəniz səviyyəsindən 470 m yüksəklikdə yerləşən bu kəndin əhalisi 3000 nəfərdir. Kənddəki Azərbaycan orta məktəbi 1925-ci ildən fəaliyyət göstərir. Azərbaycanın Gürcüstanda səfiri olmuş Hacan Hacıyev, professor Lətif Talıblı, şair Səməd Qaraçöp, vitse-polkovnik Məhəmməd Talıbov, şair-aktyor İftixar Piriyev və b. həmin məktəbin yetirmələridir.QARABAĞLI - Tiflis quberniyasının Sığınaq (Siqnaxi) qəzasının sabiq Qaraca yurdu - Saqareco rayonunda kənd adıdır. Bu kəndin əhalisi, güman ki, Qarabağdan gəliblər. Ona görə də, yeni yurdlarını Qarabağlı adlandırıblar. Son vaxtlar həmin kənd gürcücə «Cicmatiani» («Vəzərili») adlandırırlar. Yor yaylasında, Yor çayının sağ sahilində, rayon mərkəzindən 34 km gündoğarda, dəniz səviyyəsindən 450 m yüksəklikdə yerləşən bu kəndin əhalisi 700 nəfərdən çoxdur. El şairi Bəyzadə, yazıçı-jurnalist, kinoşünas Nəriman Əbdülrəhmanlı və b. məhz Qarabağlı kəndinin yetirmələridir.QAZLAR (QUZLAR) - Tiflis quberniyasının Sığınaq (Siqnaxi) qəzasının sabiq Qaraca yurdu - Saqareco rayonunda kənd adıdır. Bu oykonim, çox güman ki, «Xəzər» etnonimi ilə əlaqədardır, «oğuz» və ya «quz» tayfalarının adları əsasında yaranıb. Yor yaylasında, Yor çayının sağ sahilində, rayon mərkəzindən 40 km gündoğarda, dəniz səviyyəsindən 440 m yüksəklikdə yerləşən bu kəndin əhalisi 1200 nəfərdən çoxdur. Kənddə Azərbaycan məktəbi fəaliyyət göstərir.LƏMBƏLİ - Tiflis quberniyasının Sığınaq (Siqnaxi) qəzasının sabiq Qaraca yurdu - Saqareco rayonunda kənd adıdır. Bu oykonim, çox güman ki, «Lamıbəyli» nəsil adı əsasında yaranıb. Yor yaylasında, Yor çayının sağ sahilində, rayon mərkəzindən 35 km gündoğarda, dəniz səviyyəsindən 450 m yüksəklikdə yerləşən bu kəndin əhalisi 6500 nəfərdən çoxdur. Kənddə Azərbaycan orta məktəbi fəaliyyət göstərir. Professorlar Sədi Bayramov, cərrah Fərman Ceyranov, Qabil Gülgəzli, vitse-polkovnik Novruz Qəribov, şair Xaqani Qayıblı və b. həmin məktəbin yetirmələridir.PALDI (BALDOY - BALDÖY) - Tiflis quberniyasının Sığınaq (Siqnaxi) qəzasının sabiq Qaraca yurdu - Saqareco rayonunda kənd adıdır. Bu oykonim, çox güman ki, qədim türk «paldı» və ya «baytalı» tayfa adları əsasında yaranıb. Yor yaylasında, Yor çayının sağ sahilində, rayon mərkəzindən 37 km gündoğarda, dəniz səviyyəsindən 470 m yüksəklikdə yerləşən bu kəndin əhalisi 1000 nəfərdir. TÜLLƏR - Gürcüstanın Şərqində Tiflis quberniyasının Sığınaq (Sığınacaq yeri mənasında) - Siqnaxi qəzasının qədim Qaraca yurdunda (indiki Saqareco rayonunda) kənd adıdır. Yor yaylasında, Yor çayının sağ sahilində, rayon mərkəzindən 43 km gündoğarda, dəniz səviyyəsindən 450 m yüksəklikdə yerləşən bu kəndin əhalisi 3800 nəfərdir. Kənddə Azərbaycan orta məktəbi fəaliyyət göstərir. Professor Həmzə Xəlilov, «Şərəf» ordenli Ağabala Azəri, Nəsib Xeyirxəbərov, vitse-polkovnik Vahid Ocaqverdiyev, rəssam Zahid Şəmirli və b. həmin məktəbin yetirmələridir.Azərbaycanın Quba rayonunda Tüllər, Balakən və Lerik rayonlarında isə Tülü adlı kəndlər vardır. Bu oykonimlər qədim türk tayfalarının bir qrupunu təşkil edən «Tulu-tülü-tolu» tayfasının adı ilə bağlı olaraq yaran-mışdır.YOR MUĞANLI - Tiflis quberniyasının Sığınaq (Siqnaxi) qəzasının sabiq Qaraca yurdu - indiki Saqareco rayo-nunda kənd adıdır. Bu oykonim, güman ki, «Loru» sözünün təhrif olunmuş «Yor» variantı ilə «muğ» (Muğanlı) tayfa adının birləşməsindən yaranıb. «Yor Muğanlı»nın qədim adı «Qaraçöp» olub. Yor yaylasında, Yor çayının sağ sahilində, rayon mərkəzindən 33 km gündoğarda, dəniz səviyyəsindən 460 m yüksəklikdə yerləşən bu kəndin əhalisi 2100 nəfərdir. Kənddə Azərbaycan orta məktəbi 1919-cu ildən fəaliyyət göstərir. Alimlər Hidayət Novruzov, İbrahim Nəbiyev, Fərhad Xubanlı, polkovnik Nəbi Həsənov, jurnalist İlqar İlkin, igid şəhidlər Ələsgər Qayıbov, Yusif Şirinov və b. həmin məktəbin yetirmələridirlər.QOMBOR - Tiflis quberniyasının Sığınaq (Siqnaxi) qəzasının sabiq Qaraca yurdu - indiki Saqareco rayonunda Qombor dağ silsiləsinin yamacında, Qombor çayının sağ sahilində, dəniz səviyyəsindən 1070 m yüksəklikdə yerləşən kəndin adıdır. Həmin kəndin əhalisinin əksəriyyəti əvvəllər Azərbaycan türkləri olmuşdur. Oraya başqa xalqların nümayəndələri Sovet dövründə Hərbi hissə şəhərciyi salındıqdan sonra gəlmişlər. Hazırda gürcülər (500 nəfər) və azərbaycanlılar (300 nəfər) yaşayırlar. Yerli camaat Gömbər deyir.Dünya mədəniyyətinin möhtəşəm incisi sayılan «Kitabi-Dədə Qorqud» dastanlarındakı hadisələr Qazlıq dağlarında cərəyan edir. Bu mənada, Gürcüstanda Qazlıq (Qafqaz) dağının ətəyində indi də Qombori adlı oykonim (yaşayış məntəqəsi) və oronim (dağ) vardır. Bu oykonim və ya toponimlər iki türkköklü sözün birləşməsindən əmələ gəlib və Dədə Qorqud dünyasını xatırladır. Beyrəyin atasının adını Qambura kimi qəbul etsək, deməli, bu toponimin birinci komponenti qədim oğuzların şamanı mənasında işlənən «Qam» (Bayandır xanın atasının adı da «Qam» xandır), ikinci komponenti isə, qədim türk dilində «qurd, canavar» mənasında işlədilən «Borü» sözündən ibarətdir. Qamborü ümumilikdə «müqəddəs qurd» anlamını bildirir. Oğuzların qədim mifoloji görüşlərini nəzərə alsaq, bu toponimin şamanlıqla əlaqədar olaraq, yaranmasına şübhə yeri qalmır. Güman ki, köçəri oğuzlar, qədim gürcü mənbələrində deyildiyi kimi, hələ II-V əsrlərdən bu yerlərdə olmuş və Qamborü toponimini yaratmışlar. Bu toponim indi gürcü dilində nisbətən təhrif olunmuş Qombori şəklində işlənməkdədir. Bu təhrif, hər şeydən əvvəl, gürcü dilində «ö, ü» səslərinin olmaması ilə bağlıdır. P.S.: ƏZİZ OXUCULARIMIZ!.. ULU BORÇALImızdakı, eləcə də Gürcüstandakı bu və ya digər QƏDİM KƏNDLƏRİMİZLƏ,EL-OBALARIMIZLA, bir sözlə TOPONİMLƏRİMİZLƏ, həmçininBU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlıÖZ QEYDLƏRİNİZİ və DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİR VƏ SİZLƏRƏ UĞURLAR ARZULAYIRIQ!..Böyük hörmət və ehtiramla, MÜŞFİQ BORÇALI.Ünvanlarımız:[email protected]və ya:[email protected]P.S.: Xatırladırıq ki, polkovnik İsa Sadıqov da Qombor kəndində anadan olmuşdur.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.