Gürcüstan Prezidenti Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edib Gürcüstan, Tiflis, Diaspora 20 января 2017 Gürcüstan prezidenti Giorgi Marqvelaşvili bu gün Azərbaycanın Gürcüstana yeni təyin olunan səfiri Dursun Həsənovu qəbul edib. Azərbaycanın Tiflisdəki səfirliyindən ZiM.Az-a verilən məlumata görə, Gürcüstana yeni təyin olunan Azərbayan səfiri Dursun Həsənov etimadnaməsini prezidentə təqdim edib. Etimadnamə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili tərəfindən qəbul edilib. Sonra Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili və səfir Dursun Həsənov arasında görüş keçirilib. Gürcüstan prezidenti Giorgi Marqvelaşvili öncə səfir Dursun Həsənovu yeni təyinatı münasibəti ilə təbrik edərək, diplomatik fəaliyyətində uğurlar arzulayıb. Səfir Dursun Həsənov Azərbaycan prezidenti İlham Əliyevin salamını Gürcüstan prezidenti Giorgi Marqvelaşviliyə çatdırıb. Səfir Azərbaycanın strateji tərəfdaşı olan, dost ölkə Gürcüstana təyin olunmasında yüksək etimadı doğrultmaq üçün çalışacağına söz verib və bunun üçün bütün səylərini, gücünü səfərbər edəcəyini bildirib. Gürcüstan prezidenti G.Marqvelaşvili iki ölkə arasında yüksək səviyyəli siyasi, iqtisadi əlaqələrin, eləcə də bir çox energetika, nəqliyyat, ticarət layihələrinin mövcud olduğunu bildirərək, mədəni və turizm əlaqələrinin də inkişaf etdirilməsinin zəruriliyini bildirib. Prezident xalqlar arasında mədəni tədbirlərin - Azərbaycanda gürcülərin, Gürcüstanda azərbaycanlıların yaşadığı bütün bölgələrdə mədəni tədbirlərin təşkil edilməsinin vacib hesab olunduğunu qeyd edərək, həyata keçiriləcək bu cür tədbirlərin həm xalqalar arasında əlaqələrin inkişafına, həm də turizm əlaqələrinin genişlənməsinə yol açacağını bildirib. O, həmçinin turizm sahəsində Qara dəniz və Xəzər hövzəsi ölkələri ilə, xüsusi ilə Azərbaycanla Gürcüstan arasında yeni turizm layihələrinin təşkil edilməsi istiqamətində müvafiq işlərin görülməsinə böyük ehtiyac olduğunu deyib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.