AzTU-da “Enerji istehsalı və effektliyi” mövzusunda beynəlxalq elmi seminar keçirilib Əsas xəbər, AzTU 22 сентября 2015 Sentyabrın 22-də Azərbaycan Texniki Universitetində (AzTU) Almaniya Brandenburq Texniki Universiteti (BTU) ilə birgə təşkil edilmiş “Enerji istehsalı və effektliyi” mövzusunda Beynəlxalq elmi seminar keçirilib.Tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “Şərq əməkdaşlığı” proqramı çərçivəsində maşınqayırma sahəsi üzrə universitetlərarası əlaqələrdənn danışıb. Rektor Azərbaycan Texniki Universiteti ilə Brandenburq Texniki Universiteti arasında əməkdaşlıq yaradılması haqqında 2010-cu ildə imzalanmış müqavilənin hər iki ali məktəbdə uğurla həyata keçirilməsindən məmnunluğunu bildirib. Qeyd olunub ki, AzTU-nun əməkdaşları, magistrləri dəfələrlə Brandenburq Texniki Universitetində elmi-texniki konfranslarda məruzələrlə çıxış ediblər. Qarşıdakı illərdə də digər tərəfdaş universitetlərin iştirakı ilə belə elmi-texniki konfransların, tədris-metodik seminarların və yay məktəblərinin keçirilməsi nəzərdə tutulur.Seminarda Brandenburq Texniki Universiteti maşınqayırma fakültəsinin dekanı, professor S.Simon, professor P.Biegel, Rusiya Milli Tədqiqat Universitetinin dosenti N.Savçenkova, Dnepropetrovsk Milli Dağ-mədən Universitetinin dosenti L.Polekova və başqaları enerji istehsalı, alternativ enerji mənbələri, enerji istehsalının səmərəliliyi və maşınqayırmanın müasir problemləri mövzularında məruzələr ediblər.Tədbirdə universitetlər tərəfindən ikili diplom verilməsi ilə nəticələnən birgə magistr hazırlığı üçün tədris planının işlənib hazırlanması və bu sahədə fəaliyyətin daha intensiv davam etdirilməsi prioritet məsələ kimi qarşıya qoyulub.Daha sonra enerji istehsalı və onun səmərəliliyinə zəmin yaradan elmi-texniki tərəqqinin ən son nailiyyətləri barədə fikir mübadiləsi aparılıb.Seminarda Rusiya Milli Tədqiqat Universiteti və Ukrayna Dnepropetrovsk Milli Dağ-mədən Universitetinin əməkdaşları da iştirak ediblər.Seminar iştirakçıları Azərbaycanın bir sıra qabaqcıl müəssisələri, o cümlədən Sumqayıt Texnologiyalar Parkı, “Azərenerji” Səhmdar Cəmiyyətinin istehsalat sahələri ilə tanış olacaq, texnoloji proseslərin təşkili məsələləri ilə maraqlanacaqlar.Seminar sentyabrın 27-dək davam edəcək. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.