Bitmədi fələyin ayrılıq dəmi... (Ahıskalı el şairi Məhəmməd Paşalioğlunun qürbət şeirləri) Humanitar elmlər, Elmi Məqalələr, Turan 4 июля 2022 Ahıska türklərinin çağdaş yazarlarından Məhəmməd Paşalioğlu (Paşaliyev) sürgün dövründə dünyaya gəlmiş nəslin nümayəndəsidir. 1954-cü ilin 18 yanvarında Özbəkistanın Səmərqənd vilayətində kəndli ailəsində anadan olub. 1961-ci ildə orada birinci sinfə getmiş, ibtidai məktəbi burada bitirmişdir. 1966-cı ildə ailəsi ilə birlikdə Azərbaycana köçüblər, Saatlı rayonunda, Fətəlikənddə məskunlaşmışlar. 1971-ci ildə Fətəlikənd kənd orta məktəbini bitirən Məhəmməd Bakı Plan-Uçot Texnikumunun mühasibat uçotu fakültəsinə qəbul olmuşdur. 1972-74-cü illərdə Sovet ordusu sıralarında xidmət etmiş, 1974-cü ildə ordudan tərxis olunaraq texnikumda təhsilini davam etdirmiş və 1977-ci ildə həmin texnikumu mühasib ixtisası üzrə bitirib, Fətəlikənddəki M.F.Axundov adına kolxozda ixtisası üzrə fəaliyyət göstərmişdir. Onunla ilk tanışlığımın ən azı 30 il əvvələ təsadüf edir. Saatlı rayonunun Fətəlikəndində 1980-ci illərin sonlarında rəhmətlik dostum, gözəl şair Güləhməd Şahinin evində Məhəmmədlə görüşüb xeyli söhbət etmişdik. Sonradan, 1989-cu ildə “Ulduz” jurnalındakı məqaləmdə və 1992-ci ildə dərc olunmuş, ahıskalılara həsr olunmuş “Qəribəm bu vətəndə. Ahıska türklərinin etnik mədəniyyəti” adlı ilk kitabımda (ümumiyyətlə, Ahıska türklərinin etnik tarixi və mədəniyyəti haqqında ilk kitabda) onun “İçənmisin?” adlı şeirini dərc etmişdim. Sonralar görüşmək qismət olmadı, bu yaxınlarda telefonla əlaqə saxlayıb söhbətləşdik. Məhəmməd təvazökarlıqla şair olmadığını, şeirlə cavanlıqda məşğul olduğunu və bəzi yazılarının dəftərdə qaldığını söylədi. Onu, övladlarının bu şeirlərin şəklini çəkib göndərmələrinə razı sala bildim... Məhəmmədin atası Paşali Müzəffər oğlu Paşaliyev Gürcüstan Respublikasının Adıgün rayonunun Çurçuto kəndindəndir. Anası Nahidə Alisultan qızı Gürcüstan Respublikasının Adıgün rayonunun Dersel kəndində anadan olmuşdur. Qədim Qurdoğulları nəslindəndir. Hal-hazırda Saatlı rayonunun Günəşli kəndində yaşayan Məhəmməd Paşalioğlu üç oğul, bir qız atasıdır.Məhəmmədin kökü ata tərəfdən Çurçuto, ana tərəfdən Derselə bağlıdır. Ahıskanın Koblıyan bölgəsinə aid türk yurdlarından olan bu iki kəndin əhalisi dini inanc və etnik mədəniyyətin zənginliyi ilə seçilmişdir. Klassik şair, aşıq, üləma Pulateli Molla Məhəmməd Səfilinin 1926-cı illdə yazdığı, Axısqa mahalının Koblıyan bölgəsinin türk kəndlərinin böyük bir hissəsini (91 kəndi) mədh etdiyi 41 bəndlik “Kobliyan kövlərinə olan qoşma”sı məhz Derselin mədhi ilə başlayır:Ağalar, Derseldən başladım mətə, Qavği gördüm dilindən çıxmaz xətə, Namniyavur, Ququnaur, yapi qat-qata, Cani oğli Kortsox qalsin bir yana.Cəlbedici təbii məkanları – uca dağları, dərin dərələri, soyuq puvarları, Həzəm türbəsi, İskəndərin türbəsi kimi mənəvi tapınaqları ilə tanınan Dersel kamil aşıqları və şeiri-sənəti ilə də məşhur olmuşdur. Qafqaz aşıq sənətinin böyük ustadı, əslən Axılkələk sancağının Lebis kəndindən, qarapapaq türklərinin Cavax tərəkəmələri boyundan olan Xasta Hasan sonradan Dersel kəndinə köçüb, burada yaşayıb yaradıb. XVIII əsrin sonu – XIX əsrdə yaşamış aşığın qız nəvəsi 1982-ci ildə Qazaxıstanın Talqar şəhərində 90 yaşında vəfat edib. Qız nəvələri Məhərrəm, Kazım Müzəffərovlar Talqarda yaşayıb, başqa qohumları Azərbaycanda yaşayır. Bu ustad aşığın lirik şerləri xalqın hafizəsində indiyədək qorunub. Deyilənə görə, orijinal bir dastanın da yaradıcısı olan Xasta Hasan Aşıq Şenliyin və Lebisli Aşıq Nurunun ustadı olub. Vaxtilə qaçqın və səfil erməniləri Axılkələkdəki Dırqına kəndində ürək genişliyi ilə qarşılamış, onlara öz torpağında yer vermiş, əvəzində şairin otlağına yiyələnmiş təzə qonşuların həyasız nankorluğu ilə üzləşmiş məşhur el şairi Xasta Hasanın erməni şərəfsizliyi haqqında söylədikləri bu gün də aktualdır: Erməniyə yol açıldı,Yuva saldı DırqınadaYerli getdi, yersiz qaldı,Əcəb haldı Dırqınada.Adına deyirlər Tigrən,Üzündəki ətdən igrən,Əlindəki dəmir dirgənÇalhaçaldı Dırqınada.Çayırları düz gördülər,Özlərini yüz gördülər,Xəstəni yalnız gördülər,Qalmaqaldı Dırqınada,Yersiz gəldi, yerli qaç.Dersel Ahıskanın ünlü şairi, mədəniyyət xadimi Cabir Xalidin də ana yurdudur. Məhəmməd Paşalioğlunun dayısı olan Cabir müəllim də qədim Qurdoğulları sülaləsindəndir və Dersel həsrətini öz şeirində belə ifadə edir: Bu dərənin başi Dersel, Yürəgimin başi tel-tel. Nə hekmatdur – kavuşsam da, Ayrılsam da yaşi sel-sel.Dersel həsrəti Ahıska xalq şeirinə də dərindən sirayət edib:Derselin iraxluği,Cefimdə daraxluği,Nə canıma kər etdi,Derselin iraxluği.Məhəmməd Paşalioğlunun ata yurdu Çurçuto da tarixi türk-islam torpağı kimi həm klassik, həm də müasir şairlərin əsərlərində anılıb. Molla Məhəmmədin adını çəkdiyimiz Koblıyan qoşmasında bu kənd belə xatırlanır:Çixelinən-Çurçuto bir-birin ötər,Faxir Parexay həp toli dögər, Şərəfi minara, Sulisa degər, Yarabbi, nəsib et Ali Osmana.Çurçuto kəndi həm də islam inancının və türk etnik mədəniyyətinin tarixi məskənlərindən olub. Hələ 1980-ci illərin ortalarında – 90-ların əvvəllərində Mil-Muğan ərazisinə folklor-etnoqrafik ekspedisiyalara gedəndə, sovetin basqılarına baxmayaraq, Ahıska türklərinin dini mərasimləri, xüsusən, Ramazanı necə şövqlə keçirdiyinə şahidlik etmişəm. Orucluğu yekunlaşdıran Ramazanı Ahıska türkləri böyük el şənliyi kimi keçirirdi. Sabirabad və Saatlıdakı turklər Ramazan bayramına Adıgün kolxozuna toplaşar, musiqi, cəng, rəqs, mahnılar, şeirlər bu el şənliyinə gözəllik verərdi. Ramazan bayramında qədim dualar, melodik deyimlər da səslənərdi.Bu nəğmələr, dualar sürgünlərdə, vətəndən uzaqlarda qorunub saxlanmışdı. Sabirabadın keçmiş Tinglik sovxozunda yaşayan Çurçutolu Molla Muxtəsim Kərəmovun dilindən 1990-cı ilin aprelində yazıya aldığım və dərc etdirdiyim təsirli Ramazan duaları, ilahilər xüsusi ovqat yaradırdı. Türklər indi də Ramazana qədər orucluğun hər gecəsi bir evə «iftar açmağa» yığılır, iftar gecələri ümumi söhbətlər də olur, müşküllər həll edilir, xeyir şlərin təməli qoyulur, namaz qılınır, dualar oxunur. Orucluğun ilk 15 günü iftar açanda “Mərhəba” qəsidələri söylənilir, son on beş gündə isə Ramazana “Əlvida” deyilir. Bütün bu mərasim və duaların başlıca amallarından biri isə, təbii ki, doğma Vətənə, ana yurda qovuşmaq diləyi olur. Vətənpərvər ziyalı, lirik şeirlər müəllifi Məhəmməd Paşalioğlu bir şəxsiyyət, ziyalı, şair kimi məhz bu munis türk mühitində formalaşıb və əsərlərində də türk ruhunu ifadə edir, türk sözünün ilkinliyini aşkarlayır:Vətən, sənin həsrətindənNeçə canlar köçdi getdi.Sellər kimi göz yaşıniDamla-damla tökdi getdi.Lirik və satirik şerlər müəllifi olan Məhəmməd Paşalioğlunun yaradıcılığının əksər hissəsi vətən mövzusuna həsr olunub. Şair əsərlərində vətən həsrətini, qürbət acısını ifadə edir, oxucularına itirilmiş ocaqları, doğma yurdları xatırladır, onlarda vətənpərvərlik duyğuları oyadır: Bitmədi fələgin ayrilux dəmi,Qucağında yaşamadım, Vətənim.Nə aşk ilə puvarlardan su içdim,Nə ilhamsız coşamadım, Vətənim!..Bir baxan yox, yürəkdəki dağlara,Ölən öldi, mərəz qaldi sağlara.El arxasi başi qarli dağlara,Bir-iki söz qoşamadım, Vətənim!Vətənsizlik şairi bəzən çarəsizliyə düçar edir, sürgün şairi Məhəmməd çarpaşıq duyğular yaşayır, nə edəcəyini, nə deyəcəyini anşaya bilmir, ümidsizliyə qapanır:Ana vətən, qismət oldi görüşdux,Çağliyerim, çağlamiyem nə edem?Qollarımi sarmalayıb boynuna, Bağliyerim, bağlamiyem nə edem?Həsrətinən baxa-baxa uzaxdan,Buz bağladi qaş-kipriyim sazaxdan.Misəfirim gözüm doymaz baxmaxdan,Baxiyerim, ya baxmayım nə edem?Vətənim, qınama, qınama bəni,Bu həsrət böğuyer, qınama bəni,Qoymazlar görüşem anamla bəni,Ağliyerim, ağlamayım nə edem?Yürəgimdə ataşım var, közüm var, Söndürməyə sularında gözüm var,Yazılacax bir xəzinə sözüm var, Saxliyerim, ya saxlamiyen nə edem?Qırx beş yildür tökər gözdən yaşıni,Yetim gördüm toprağıni, taşıni,Ataşliyim, yürəgimin başıni, Daağliyerim, dağlamiyem nə edem? Şair üçün vətən əvəzi olmayan ali dəyərdir, müqəddəs ana qucağıdır, əzəli ata ocağıdır. Şair sürgünü, qərib həyatını məcnunluğa bənzədir (“Çox dolandım Məcnun kimi, Hər görduğun bənim kimi, Bulamadım bir təbibi, Bağrı yara yenə gəldim”), yurdsuzluğun, sönmüş ocaqların, bitməz intizarın acısını yaşayır, dərdinə çarə axtarır. Lakin müəllif bu qara sevdadan usanmır, yaralı qərib könlü onu daim vətənə səsləyir (“Bir zamanlar su içduğum, Bir puvara yenə gəldim, O idi yaraya məlhəm, Dərdə çarə yenə gəldim. // Od vurdum ocax yanmadi, Duyğularım oyanmadi, Qərib könlüm dayanmadi, İntizara yenə gəldim”).Şair bu acı taleyin milli mahiyyətini gözəl anlayır və buna görə də öz həyat amalını, Vətən eşqini və yurddaşlıq missiyasını övladına aşılayır, yurda dönüş əzmini bir əmanət kimi yeni nəslə ötürür: Məhəmməd der, eşid əvlət, Oxudum şeytana nəhlət, Aramadım qeyri dövlət, Böylə vara yenə gəldim. Məhəmməd Paşaliyev türk düşmənlərinin törətdiyi, bədnam Qdlyan başda olmaqla ermənilərin mafioz şovinist-terrorçu dairələrinin fəal iştirak etdiyi digər faciəni – Fərqanədə baş vermiş, iki qardaş xalqı üz-üzə qoymuş qırğını da ürək ağrısı ilə anır, bu qırğının nəticəsində xalqın müxtəlif ölkələrə səpələndiyini, əslində yeni qanlı sürgün faciəsinin baş verdiyini əsərlərində ifadə edir. Bu mövzuya həsr olunmuş “Var isə” şeirinə qeyddə bu məramını belə ifadə edir: “Özbəkistanda baş vermiş Fərqanə və Kuvasa çaxnaşmalarından sonra millətimizin şaşqınlığı, onun dünyanın hər yerinə səpələnməsinə səbəb oldu. Hətta Qərb ölkələrinə, Amerikaya qədər gedənlər oldu. Millətimizin düşdüyü bu halini qələmə aldım və yazdım”. Şair Məhəmmməd Paşalioğlu bu qanlı olaylar haqqında “Var isə” şeirində belə deyir: “Ey könül, söylə nəsil, qəyrət edəx biz bu işə, Başı üstündə elin bir türlü tufan var isə, Söylə ki, məlhəm nədür, qəlblər yanar bu təşvişə, Tökülən göz yaşından dəryayi uman var isə // Gün çıxandan batana səpələnmiş millətimiz, Dünyaya oldu bəyan hər çəkilən zillətimiz, Dil nəsil vəsf edəcax, var bizim də sərvətimiz, Doğma yurdunda onun peglə (xaraba) viran var isə. // Hər dəfə duz basılıb bir sızı verduxca yara, Eşidilməz naləsi, çox da ki fəryad qopara, Varmı ki bir cəngavər cəngindən o can qurtara, Baş kəsən bir fələgin əlində fərman var isə!? // Edəcax bilduğuni, kimsəyə verməz məcəli, İlk bahardan tökdürür baxçasını yel xəzəli, İcadi fitnə-fəsad, belə olmiş əzəli, Olamaz qeyri çeşid, ah ilə fəğan var isə! // Məhəmməd, seyr edəgin cənnəti ridvanda deyə, Yüklənib qəm yükünü könül adlı bir gəmiyə, Niyə gəldin baqidən sən bu yalançı faniyə, Əvvəli həm axıri təğdiri üryan var isə!”Ahıskalı şair Məhəmməd Paşalioğlu bütün axısqalılar kimi, türk ruhuna, türk birliyinə, Azərbaycan-Türkiyə qardaşlığına sadiqdir. Axısqa türkləri doğma vətən qədər sevdikləri Azərbaycanın bütün taleyüklü məsələlərinin həllində, o cümlədən Qarabağ müharibəsində fəal iştirak etmiş, onlarla şəhid vermiş, qəhrəmanlıq göstərmiş, bir çox mükafatlar almış, Milli Qəhrəman və qazi mənsəbinə yüksəlmişlər. Şair Məhəmməd Paşaliyev Qarabağ uğrunda gedən döyüşlərdə Murovdağda şəhid olmuş bir əsgərin dilindən son söz olaraq yazdığı şeirdə bu vətənpərvərlik hisslərini, şəhid acısını dərin səmimiyyət, ağılara xas kədər və həm də döyüşçü vüqarı və zəfər təntənəsi ilə ifadə edir: Vətən, sənin qucağında boy atdım,Sinən üstə min-bir izim qalıbdır,Səni sevdiyimi çox demişəm mən,Yenə deyiləsi sözüm qalıbdır.Kükrəyib qan seli hey daşa-daşa,Qırmızı rəng vurub torpağa daşa,Gəncliyim düşübdü şaxtalı qışa,Qarşıda çiçəkli yazım qalıbdır.Sənin övladınam, Hilaldır adım,Ey ana vətənim, ana torpağım,Halaldı uğrunda tökülən qanım,Səninsə payına dözüm qalıbdır.Son döyüş meydanım Murov dağıdır,Güllələr zülmətin şəm-çırağıdır!Hər gələn dünyanın bir qonağıdır,Mənim də yadigar qızım qalıbdır!..Axısqalı şair Məhəmmədə türk müdriklərinə, iman və irfan əhlinə aid müdriklik xasdır. Hələ də bitməyən sürgün, Fərqanə olayları, Qarabağ acıları, xalqının dünyanın ondan çox ölkəsində didərgin yaşaması onun qəlbində daim qövr edən ağrı-acı olsa da, o, ilahidən verilmiş həyat eşqini, mənəvi gücünü, vüqar və inamını itirmir. Əsərlərində ifadə etdiyi bədbin qürbət duyğuları şairin həyata olan sevgisini, gözəllik, sevinc duyğularını sarsıtmır. Məhəmməd Paşalioğlu öz şeirlərində insani eşqi, həyatın, təbiətin, bəşərin gözəlliyini də şövqlə vəsf edir. Ancaq bu anlayışlar, emosiyalar da onu əsas amalından – vətən mövzusundan ayırmır, vətən sevdasına köklənir, məhəbbət mövzusu xalq şeirinə xas şaqraq motivlər, təşbehlər, rəmzlər, ibarələrlə və ana vətən, doğma yerlər anılmaqla (“Əcəb bizim yerlimisin?”) ifadə olunur: Qaş tərpəndi, gözlər güldi,Əcəb bizim yerlimisin? Baxışların yürək dəldi, Sən kimsəyə gəlinmisin?Maral kimi süzüb baxan, Ceyran kimi tordan çıxan, Neçəsini yaxıb yıxan, Canlar alan de sənmisin?Bir baxışda səvdüm səni, Yolan qoydum tatli cani, Şindi qandım günəhimi, Sən günəhdən keçənmisin?Məhəmməd aşıxdur sana, Qəsd etmə gəl tatli cana, Kövlümi qoydun virana, Yoxsa, qanlar içənmisin?Ahıska türklərinin xalq müdrikliyi ilə, mani, qoşma, gəraylı, dastanla ədəbiyyata gəlmiş el şairi Məhəmməd Paşalioğlunun qələmi bu gün də əlindədir. Könlü yazmaq, yaratmaq yanğısı ilə alovlanan ilhamlı şair Məhəmməd Paşalioğluna bu ağsaqqal yaşında yaradıcılığının başlıca mabədi olan sevgili Vətəninə qovuşmağı və doğma yurdu elə yurdunda vəsf etmək sevincini arzulayıram... Asif Hacılı,Filologiya elmləri doktoru, professorZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.