Asif Hacılı: "Olmasın həyatım sənsiz, Axısxam!"

Asif Hacılı: "Olmasın həyatım sənsiz, Axısxam!" El ağsaqqalı,
şair və memar
Nurəddin Sasıyevin
vətən mücadiləsi


Ahıska türklərinin vətənpərvər ziyalısı, əməkdar memar, publisist, nasir, lirik şeirlər və poemalar müəllifi Nürəddin Hasan oğlu Sasıyev 1931-ci il fevralın 19-da Ahıskanın mühüm mədəniyyət mərkəzlərindən olan, bir çox milli öndərlərin, üləmaların və ağa-bəylərin, ziyalıların, o cümlədən Nemanzadələr, Əfəndizadələr, Şeyxzadələr, Ədhəmovlar, Məhəmmədzadələr kimi məşhur sülalələrinin yetişdiyi Azqur kəndində anadan olub. Sürgünə yaxın təxminən 600 evlik kənd, əslində dar küçəli qəsəbə olan Azqur, Kür sahillərində yerləşən əzəmətli qalası, üç camesi, xüsusən məşhur Ulu camesi, dükan-bazarı, emalatxanaları ilə tanınıb.

Azqurun şivəsi türk ədəbi dilinə yaxın, əhalisi maarifpərvər olub. Zəngin təsərrüfatı, tanınmış sənətkarları, tacirləri ilə tanınan Azqurun təbii mühiti də əsrarəngiz olub, xüsusən Azqur bağları – meyvə bağları və gülbaxçaları bütün mahalda tanınıb. Deyilənə görə, Azqur gülbaxçasından Kərəm gəlib keçib və “Əsli-Kərəm” dastanındakı məlum vaqeə məhz burada cərəyan edib.
Azqur əhalisi həm də kübar həyatı, savadı, biliyi, səliqəsi, geyim-keçimi ilə də seçilib, gözəllər xalq şeirində vəsf olunub:

Bu dərənin uzuni,
Kıramadım buzuni,
Aldım Azqur qızıni,
Çekəmədim nazıni...


Azqurlular hazırcavablıqları, avropalaşmaları ilə də tanınıb. Azqur və Xırtız kəndləri hazırcavablıqda bir-biri ilə rəqabət apararmış. Bu yerlərdə, eləcə də Qazax-Borçalıda belə bir söz var: şoşi (şoşu, şorşax), yəni acgöz. Tut təzə dəyəndə hücum çəkən quşlara da şoşi quşlar deyərlər. Xırtızda isə böyük tut bağları var imiş və tut dəyəndə xırtızlılar tutu quşlardan qoruyarmış. Daha çox «şəhərliləşmiş» azqurlular da bu tut məsələsinə görə xırtızlılara sataşar və belə söyləyərlərmiş ki, bir dəfə bir şoşi quş ağzında tut Xırtızdan uçub Azqura gəlir. Elə onun dalınca da xırtızlılar özlərini təngnəfəs yetirib azqurlulardan soruşurlar ki, bəs, şoşi görmədizmi, tut aparmış?!
Xırtız camaatı da, əksinə, azqurluların «şəhərliləşməsinə», təzə «firəng» libaslarına, şəhərli ədalarına gülürmüş və xırtızlıların atmacalarından biri məşhur Aşıq Molla Məhəmməd Səfilinin – Matos Xocanın da dilinə düşüb:

Azqur ağaları palto geyinmiş,
Əgdürmiş papaği, faytona binmiş,
Eşitdim Ramazan üç günə enmiş,
Ömər Əfəndi qoymiş əhdi-peymana.


Azqur öz tacirləri və sənətkarları ilə də tanınıb. Nurəddinin mənsub olduğu Sasıyevlər taxımının nümayəndələri də nəsillikcə dülgər olublar. İri torpaq sahəsi olan atası Hasan Yusif oğlu yazda tarla işləriylə məşğul olar, qışda isə dülgərlik edərmiş. Nurəddinin anası – məşhur pəhləvan Entelli Bədəl ağanın nəvəsi Ağalidədənin qızı Əzəmət xanım da yaz ayları Hasan kişi ilə birlikdə mülklərində çalışar, qış aylarında isə ailə işləri ilə məşğul olardı.
Ahıska həm də pəhləvanlar diyarı olub. Sakunetli Məhəmməd, Varxanlı Nədim, Balabek, Niyaz, Sürlü Türən, Kikinetli Cavad, Qorqisimdalı Abbas kimi, Nurəddin Sasıyevin ana tərəfdən ulu babası Entelli Bədəl ağa da güclü pəhləvanmış. Deyilənə görə, Entelli Bədəl ağanın sorağını eşidən bir Osmanlı pəhləvanı Entelə gəlib çıxır ki, onunla güləşsin. O, kəndə çatan vaxt Bədəl ağa tarlada yer şumlayırmış. Bədəl ağanı tanımayan Osmanlı pəhləvanı ona yanaşıb Bədəl pəhləvanın evini soruşur. Məsələdən duyuq düşən Bədəl ağa ağır kotanı yerdən qaldırıb onunla evi göstərir. Bunu görən pəhləvan geri dönür… Bir dəfə də Bədəl ağa şəhərə gedib sel (böyük araba) sifariş edir, yüz kilo lazut (qarğıdalı) alır. Gəlir ki, araba kiçikdir, deyir, “ola, bunu özüm götürrəm, bən sənə sel demişdim”. O da deyir: “götürə bilsən, sənə bağışlarım”. Bədəl ağa götürüb lazutla birgə arabanı aparır.
Sovet hakimiyyəti gəldikdən sonra Ahıska türklərinin də güzəranı dəyişir. 1933-ci ildə Azqurda kolxoz qurulur və Sasıyevlərin ata mülkü də kollektiv təsərrüfata qatılır. Hasan kişi kənd təsərrüfatı alətləri və bir cüt öküzü ilə kolxoza üzv olur. Sürgünə qədər hamılıqla dinc kəndli güzəranlarını sürürlər. Çocuqluğunu yaxşı xatırlayan Nurəddin müəllim həmin dövrü həyatının ən gözəl çağları kimi anır:

Keyifli günlərim geçdi vətəndə,
Dönərmi o günlər bir daha geri?
O xoşbəxt çağların xəyal hər biri,
Bəxtəvər günlərim, çocuxlux dəvri.


Asif Hacılı: "Olmasın həyatım sənsiz, Axısxam!" Nurəddin müəllim söyləyir ki, 1938-ci ildə, latin əlifbasından kirilə keçən il, məktəbin birinci sinfinə gedir, dördüncü sinifdə oxuyanda atasını müharibəyə aparırlar. Atası müharibəyə qədər kolxozun öküzlərinə baxdığından, briqadir on yaşlı şagirdi, əsgər oğlu Nurəddini məktəbdən ayırıb, atasının əvəzinə öküzləri otarmağa məcbur edir. Nurəddin məktəbdən aralanıb sürgünə qədər tək başına 54 öküzü qış-yay Azqurdan 4-5 kilometr qıraqda otarır. Lakin dövlətə canı-qanı ilə xidmət edən, ataları, ərləri, oğulları müharibədə döyüşən bu zəhmətkeş çocuqlar, qadınlar, qocalar, guya sovet hökumətinə təhlükə törətdikləri bəhanəsi ilə 1944-cü ilin soyuq qış günü xüsusi amansızlıqla yurdlarından sürgün edilirlər.
Bu insanlıq cinayətinin şiddəti haqqında onun qurbanı olmuş Nurəddinin uşaqlıq müşahidələri aydın təsəvvür yaradar: “1944-ci yilin 14 noyabrı səhər sahat 4-də qapıləri dögüb milləti yuxidən ayıldıb, kəndimizin klubuna yığdılar, sürgünə götürəcaxlarıni elan etdilər, hazırlux görməyə cəmi üç sahat vaxt verdilər... Dekabr ayının 8-i Özbəkistanin Taşkənd oblasti Ak-Kurgan rayonunun kəndlərinə bizləri paylaşturdilər. 1950-ci yilə qədər pambux takalarında, kanallarda, o cümlədən Fərhad kanalının inşaatında işlədim. 1950-ci yıli Alimkəndin məktəbinə dülgər usta lazım oldı, bən kolxozinən vidalaşıb, orta məktəbə işə girdim. Bir yil işliyəndən sora bəndə oxumağa elə maraq yarandi ki, gəndimi məcbur etdim məktəbin direktoruna yalvarmağa ki, bəni oxumağa qabul etsin. 1952-ci yıli bəni məktəbə qabul etdi direktor, bir şərtinən ki, həm oxiyəcam, həm işliyəcam, birinci rübdə əgər qiymətlərim ey olsa oxurum, olmasa zati işliyerim, işimi davam edərim”...
Çocuqluğundan həyatın hər üzünü görmüş, ağır zəhmətə qatlaşmış Nurəddin əzmlə həm işləyir, həm də oxuyur və 1955-ci ildə məktəbi yaxşı qiymətlərlə bitirir. Lakin türklər sürgündə xüsusi komendant rejimində yaşadıqlarından, qırağa çıxmaları yasaq idi və Nurəddin iki il təhsilini davam etdirə bilmir. 1957-ci ildə ahıskalılara bəraət verildikdən sonra Daşkənddə ali məktəbə daxil olub, memarlıq ixtisasına yiyələnir. Fərqanə şəhərində ixtisası üzrə çalışır, sonradan Namanqan şəhərinin baş memarı işləyir. Ailə qurur, ev alır.
Sovetlərdə bu yaşda belə karyera ilə Nurəddin müəllimi böyük perspektivlər gözləyirdi. Lakin on yaşında tərk etdiyi cənnət vətənin xatirələri onu rahat buraxmır, özünün söylədiyi kimi, yurd yerləri yuxularına girir, onu vətənə səsləyir. Ahıska türklərini doğma yurda buraxmadıqlarından, 1974-cü ildə ailəliklə Bakıya köçür və 1995-ci ildə təqaüdə çıxana qədər Layihə İnstitutunda baş mühəndis vəzifəsində işləyir. Qaz mühəndisi işləmiş xanımı Sevillə ali təhsilli, müxtəlif sahələrdə uğurla çalışan üç övlad, doqquz nəvə böyüdüb tərbiyə edirlər.
Lakin vətən qədər sevdiyi Azərbaycanda da doğma yurd həsrəti Nurəddin müəllimi rahat buraxmır. Bakıya gəldiyi ilk günlərdən ahıskalıların milli mücadiləsinə qatılır, yurda dönüş hərəkatına qoşulur. Keçən əsrin 80-ci illərindən onun Bakıda “Vətən” cəmiyyətində Vətən mücahidləri Xalid Taştanov, İbrahim Burxanov, Bəkir Mamoyev, Kamal Beridze ilə birgə ciddi fəaliyyətinin şahidi olmuşam və onlarla əməkdaşlıq etmişəm...
“Vətən” cəmiyyətin siyasi fəallarından olmuş Nurəddin müəllim həm də zəhmətkeş qələm əhlidir, vətən sevgisini bədii yaradıcılığında ifadə edən şair və nasirdir. Vətən mövzulu nəsr əsərləri, şeir, poema, dastan, oçerklərdən ibarət bir neçə kitab müəllifidir. Yaradıcılığında Azərbaycan, Qarabağ mövzusu xüsusi yer tutur. Nurəddin Sasıyevin şeirlərində vətən həsrəti nakam sevgiyə bənzədilir, onun lirik qəhrəmanı əlçatmaz vətənin qara sevdasına mübtəladır: “İnsan həsrət qalur səvgüllüsünə, Yazux canım, bən həsrətim vətənə!” – deyən şairin yeganə arzusu vətənə qovuşmaqdır:

Allah qismət etsin, dönax vətənə,
Qismət olacaxdur ömri çatana.
Rəhmət olsun qərib eldə yatana,
Həsrət ruhlarına qurbanım vətən.


Onillərlə davam edən sürgün şairi bəzən bədbinləşdirir, qəriblik əlacsız dərdə, çarəsiz mərəzə çevrilir, müəllif bu dərdi bölüşəcək həmdəm tapmır:

Nasıl diyem bən dərdimi dərtsizə,
Dərtsiz bəndə olan dərdi nə bilsin?
Ataşda yanmiyan, külə dönmiyan
Yanıb-yanıb kül olmağı nə bilsin?

Xəstənin halından ayniyer xəstə,
Bülbül bülür gül qədrini qəfəsdə.
Səvən səvgisini hər bir nəfəsdə,
Səvmiyən səvgidən, yardan nə bilsin?

Şair məsum soydaşlarının erməni-bolşevik fitnəsinin qurbanı olduqlarını, totalitar rejimin türk xalqını məqsədyönlü şəkildə müxtəlif yerlərə səpələyərək milli-mənəvi məhvə düçar etdiyini dilə gətirir:

Nurəddin, qusursuz bir millətux biz,
Qatdilər zamanın fitnə-felinə.
Bir ölkədən gəlmiyer ki, səsimiz,
Dağıldux dünyanın doxxuz elinə.


Sürgünün milli varlığa, ana dilinə, etnik mənliyinə təhlükə olduğunu anlayan şair, soydaşlarını məsuliyyətə səsləyir: “Doxxuz ölkəyə yayılmiş, Doxxuz dildə, taşda yazi. Kim ayniyer doxxuz dili, Səçsin qaradan bayazi?”
Müdrik ağsaqqal bəzən ədalətə olan inamını itirir: “Dögməmiş qapi qalmadi, Yürəgim açmamış insan. Dünyaya inanc qalmadi, Hangi bir tərəfə baxsan”. Lakin soydaşlarının adilliyinə və vəfasına, vətən sevgisinin sarsılmazlığına olan güvənci ona güc verir, qonaq tək görüşdüyü doğma yurduna əbədi qayıdacağına inamını aşkarlayır:

Gəlmişim öpməyə toprağın sənin,
Ey gözəl vətənim canım Axısxam.
Nə qədər ömrüm var bağliyim sənə,
Olmasın həyatım sənsiz Axısxam.

Anamın südidür tamarda qanım,
Həyatım, vicdanım, sinəmdə canım.
Uzaxda olsam da sənə qurbanım,
Qüdrətim, şöhrətim, şanım Axısxam.


Ahıskalı el ağsaqqalı, şair və memar, vətən mücahidi Nurəddin Sasıyevə bu nikbinliyi aşılayan qüvvə xalqların müdrikliyinə və əzəli qardaşlığına, Azərbaycan-türk-gürcü dostluğunun əbədiliynə olan inamı, xalqlarımızın Allah-Təalanın “bir-birinizi yurdlarınızdan çıxarmayacaqsınız!” əhdinə sədaqətidir. Ömrünün ahıl çağını yaşayan Nurəddin müəllimin öz ülvi istəyinə çatmasını, sevgili yurdunun vüsalına qovuşmasını arzulayıram.


Asif Hacılı,
professor

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ŞƏRƏFLİ MÜƏLLİM ÖMRÜ YAŞAMIŞ NURƏDDİN MƏMMƏDOV

ŞƏRƏFLİ MÜƏLLİM ÖMRÜ YAŞAMIŞ NURƏDDİN MƏMMƏDOV

Regionlar, Məktəblər, UNUTSAQ, UNUDULARIQ!....
Bitmədi fələyin ayrılıq dəmi... (Ahıskalı el şairi Məhəmməd Paşalioğlunun q ...

Bitmədi fələyin ayrılıq dəmi... (Ahıskalı el şairi Məhəmməd Paşalioğlunun q ...

Humanitar elmlər, Elmi Məqalələr, Turan
Mayor Oqtay Bədəl oğlu NƏBİZADƏ (1947-2019)

Mayor Oqtay Bədəl oğlu NƏBİZADƏ (1947-2019)

Darvaz, Nekroloqlar
Borçalı aşıqları Bakıda. 1979-cu il.

Borçalı aşıqları Bakıda. 1979-cu il.

Borçalı
Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Yeni nəşrlər, Digər ali məktəblər, Rusiya
Ruhun şad olsun, Rəşid Bədəlov !..

Ruhun şad olsun, Rəşid Bədəlov !..

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
RAFİQ ZƏBANİ

RAFİQ ZƏBANİ

Poeziya, Müsabiqə
ELDƏN GEDƏN SƏNƏTKAR - AŞIQ NURƏDDİN QASIMLI

ELDƏN GEDƏN SƏNƏTKAR - AŞIQ NURƏDDİN QASIMLI

Folklor, Borçalı
Sabir İSAYEV (1919-1997)

Sabir İSAYEV (1919-1997)

Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
Ahıska türklərinin sürgün teatrı:  “Miko – Şou” teatrosu

Ahıska türklərinin sürgün teatrı: “Miko – Şou” teatrosu

Mədəniyyət, Turan
MOLLA NAMAZ (1882-1962)

MOLLA NAMAZ (1882-1962)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Beynəlxalq simpoziumda “Ahıska türkləri Azərbaycanda” mövzusunda məruzə din ...

Beynəlxalq simpoziumda “Ahıska türkləri Azərbaycanda” mövzusunda məruzə din ...

Turan
ALLAH RƏHMƏT ELƏSİN, ƏNVƏR MÜƏLLİM!..

ALLAH RƏHMƏT ELƏSİN, ƏNVƏR MÜƏLLİM!..

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Mənim doğma məktəbim

Mənim doğma məktəbim

Məktəblər
EL AĞSAQQALI ADİL MƏHƏMMƏD OĞLU MUSAYEV (1926)

EL AĞSAQQALI ADİL MƏHƏMMƏD OĞLU MUSAYEV (1926)

Başkeçid
ALLAH RƏHMƏT ELƏSİN, ARİF NƏBİZADƏ!..

ALLAH RƏHMƏT ELƏSİN, ARİF NƏBİZADƏ!..

Darvaz, Nekroloqlar
AYDIN HÜSEYNOV (1936-2002)

AYDIN HÜSEYNOV (1936-2002)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
NƏRİMAN QURBANOV (1937-2024)

NƏRİMAN QURBANOV (1937-2024)

Qarayazı, TDPİ-nin Azərbaycan bölməsi, Nekroloqlar
Yəhya Mustafa oğlu Məmmədov (1932)

Yəhya Mustafa oğlu Məmmədov (1932)

Başkeçid
Dəyərli ziyalı, müdrik el ağsaqqalı BAĞMAN FƏRZALI oğlu PİRİYEV (1933-2020)

Dəyərli ziyalı, müdrik el ağsaqqalı BAĞMAN FƏRZALI oğlu PİRİYEV (1933-2020)

"XXI əsrin Ziyalıları", UNUTSAQ, UNUDULARIQ!...., Qərbi Azərbaycan
Rəy yazın: