Mətbuatımızın patriarxı (ŞİRMƏMMƏD HÜSEYNOV-95) Humanitar elmlər, Təbriklər 17 мая 2019 El arasında belə bir məsəl var: “İnsanın əsli-nəcabəti gərək olsun.” Şübhəsiz ki, bir insanın geni, qanı təmizdirsə, yəni yeddi arxa dönəni təmiz, pak insanlar olubsa, halal süd əmibsə, o insan mütləq vətənpərvər olur və hansı sahədə çalışırsa çalışsın, öz işində ön sırada gedir, nümunəvi olur, çox sevilir və onu tanıyanların məhəbbətini qazanır. Şirməmməd müəllim halal süd əmib, yeddi arxa dönəni halal insanlar olub. Söz yox ki, bütün bunları onun heyrətamiz yaradıcılığında, işgüzarlığında, eyni zamanda pedoqoji fəaliyyətində açıq-aşkar görmək olar. Şirməmməd müəllim Uca Allahın ona bəxş etdiyi zəkadan, istedaddan olduqca səmərəli istifadə edb və 95 illik ömründə ağlı kəsəndən bəri bir dəqiqəsini belə boşa verməyib. Nə mal-dövlətdə, nə rütbədə, nə vəzifədə, nə bir mükafatda gözü olmadan gecəsini-gündüzünə qatıb və hətta bacaracağından da artıq işlər görüb. Bəlkə də çoxlarının xatirindədir, 1988-ci ildə erməni cəlladları xalqımıza qarşı növbəti qətliam planı həyata keçirməyə hazırlaşarkən, Şirməmməd müəllim Azərbaycan xalqını bu barədə məlumatlandırmaqdan ötrü, ermənilərin nə qədər riyakar, minsifətli, qəddar, təxribatçı və yalançı olduqlarını öz olduqca ətraflı, mənalı çıxışları ilə bəyan eləyirdi. O vaxt bir sıra “beynəlmiləlçilər” Şirməmməd müəllimi araqızışdıran adlandırırdı. Lakin az zaman keçmədən o adamlar Şirməmməd müəllimin nə qədər uzaqgörən, nə qədər dərin düşünən bir ziyalı olduğunu gördülər. Əfsuslar olsun ki, həmin ərəfədə sosialist ideologiyası ilə dumanlanan adamlar hələ də üzdəniraq Mixail Qorbaçovun bu işə son qoyacağına, erməni qatillərini cəzalandıracağına inanırdı. Lakin “it-itin ayağını basmaz”,-deyiblər. Mixail Qorbaçov nəinki Azərbaycan xalqına qarşı işçğalçı siyasət aparan erməni faşistlərini cəzalandırmadı, əksinə Qərbi Azərbaycandan, sonra isə Qarabağımızdan xalqımızın övladlarını didərgin eləmələri üçün onlara əlindən gələn köməyi əsirgəmədi. Şirməmməd müəllim isə öz publisistik çıxışları ilə istər ermənilərin, istər onlara arxa duran kafirlərin iç üzünü açıb göstərir, xalqımıza ayıq olmağı, düşmənin işğalçı siyasətinə qarşı səfərbər olmağı tövsiyə edirdi. Şirməmməd müəllim Şəki şəhərində doğulub, atası o hələ üç yaşında ikən vəfat edib, anası Sara xanım altı övladını təkbaşına böyüdüb. Əsil müsəlman-azərbaycanlı qadınlara, olan bütün mənəvi keyfiyyətlərə malik olan bu ismətli ana övladlarına, o cümlədən Şirməmməd müəllimə çox gözəl tərbiyə verib. Şirməmməd müəllim isə anasının bütün ümidlərini doğrulıdaraq gecə-gündüz oxuyub, oxuyub, yenə də oxuyub. Təsadüfü deyil ki, Şəkidə 2 nömrəli orta məktəbin sonuncu sinifində oxuyarkən, yəni 1940-cı ildə onu əlaçı şagird kimi Soçi şəhərinə göndəriblər. Şəkidə orta məktəbi bitirəndən sonra Şirməmməd müəllim elmini artırmaqdan ötrü təhsilini davam etdirir, bu səbəbdən də 1941-1943-cü illərdə Şəkidə 2 illik Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil alır. 1943-cü ilin mart ayından 1944-cü ilin iyun ayınadək Zaqatalanın Varxian, Şəkinin Aşağı Göynük və Oxut orta məktəblərində fizika-riyaziyyat müəllimi işləyir. 1945-ci ilin avqustuna qədər “Nuxa fəhləsi” qəzetində ədəbi işçi kimi çalışır və 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsil alır. 1947-ci ilin aprel ayından 1950-ci ilin sentyabr ayına qədər ADU-nun “Lenin tərbiyəsi uğrunda” qəzetində redaktor müavini işləyir. Eyni zamanda 1948-1950-ci illərdə “Azərbaycan müəllimi” qəzetində şöbə müdiri vəzifəsində çalışır. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin aspiranturasında təhsil almış və 1954-cü il iyun ayının 25-də həmin universitetin jurnalistika fakültəsinin Elmi Şurasında, MDU Mətbuat tarixi kafedrasının müdiri, professor A.Portyanskinin rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə etmişdir. Uca Allah sevgili Peyğəmbərimiz Həzrət Məhəmməd (s.ə.s.) ilk olaraq nazil etdiyi müqəddəs Qurani-Kərimin “Ələq” (Qan laxtası) surəsinin ilk beş ayəsində buyurur: “İqrə-bismi-Rəbbikəlləzi xələq. Xələqəl insana min ələq. İqrə Rəbbukəl əkrəm. Əlləzi əlləməl bil-qələm. Əlləməl insanə mələm ya ələm.” Oxu Muhəmməd! Yaradan Rəbbinin adı ilə oxu! O Rəbbin ki, səni bir qətrə qan laxtasındanb yaratdı. Sənin Rəbbin əzəmət, kərəm sahibidir. O, insana qələmlə yazmağı öyrətdu. O, insana bilmədiklərini öyrətdi. Uca Allah 1450 il bundan öncə bu ayələrlə ilk olaraq Özünün Varlığını bəyan etdi. İnsanı bir qətrə qan laxtasından yaratdığını buyurdu. Hansı ki, embralogiya elminə bu 1973-cü ildə məlum olmuşdur. Bundan əlavə Uca Allah insana qələmlə yazmağı və bilmədiklərini öyrətdiyini buyurdu. İlk olaraq “oxu” dedi Uca Yaradan, “oxu”. İnsana oxumağı buyurdu. Quran sözünün mənası da elə “oxumaq”, “mütaliə eləmək” deməkdir. Bu hər bir insana çox vacib olan sözə rəğmən insanlar oxudular, elmlər öyrəndilər, bir çox mətləblərdən hali oldular, bilgilər aldılar və bildiklərini kağız üzərinə yazıb başqalarını da maarifləndirdilər, eyni zamanda gələcək nəsillərə ötürdülər. Bütün tarixlər, ədəbiyyatlar, elmlər oxuya bilən insanlar vasitəsilə qələmə alındı və gələcək nəsillərə ərməğan edildi. Oxumağı bacaran insanlar hər cür çətinliklərə qatlaşıb öz xalqlarının başına gələn hadisələri, alimlərinin kəşflərini, ədiblərinin nəfis əsərlərini, qəhrəmanlarının igidliklərini, düşmənlərinin məkrini, riyakarlığını, cəlladlığını cürbəcür kitablardan oxuyub xalqı maarifləndirdilər. Bununla da xalqın gözünü açdılar, milli oyanışa xidmət göstərdilər, xalqa dostu ilə düşmənini tanıtdılar, ona yeddi arxa dönəninin kim olduğunu anlatdılar. Şirməmməd müəllim də Uca Allahın ona verdiyi işıqlı zəkaya dayanıb oxudu, oxudu, oxuduqca öyrəndi və Həsən bəy Zərdabidən başlanan sələfləri kimi hər zaman xalqının ağı-qaradan seçməsinə xidmət elədi. XIX əsrin ən böyük maarifçisi sayılan Həsən bəy Zərdabi hələ o zamanlar əksəriyyəti savadsız olan xalqını maarifləndirməkdən ötrü nəinki onsuz da çox olmayan varidatını xərcləmişdi, lazım olarsa həyatını belə xərcləməyə hazır idi. O zamanlar el atası, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev xalqın rifahının yüksəlməsindən ötrü bütün işlərində ona hər cür köməklik göstərdi və çar məmurları tərəfindən 1875-ci ilin 22 iyulundan buraxdığı “Əkinçi” qəzeti iki ildən sonra bağlandığına görə olduqca pərişan olan Həsən bəy Zərdabinin xalqın maariflənməsindən ötrü bütün təşəbbüslərinə maliyyə yardımı edərək qəzet-jurnalların dərc olunmasına, rüşdiyyə oğlan məktəblərinin, ünasiyyə qız məktəblərinin açılmasında rus məmurlarının qarşısında inanılmaz əzmkarlıq nümayiş etdirərək olduqca böyük işlər gördü. Möhkəm dost idilər Hacı Zeynalabdin Tağıyevlə Həsən bəy Zərdabi. Hətta o qədər yaxın idilər ki, Hacı öz malikanəsində Zərdabiyə ev vermişdi. Çünki bu iki dahinin fikirləri, düşüncələri, ideyaları bir-birini olduqca gözəl bir şəkildə tamamlayırdı, xalqı xoşbəxt görmək. Həsən bəy Zərdabi 1908-ci ildə dünyasını dəyişsə də, Hacı Zeynalabdin Tağıyev 1924-cü ildə dünyasını dəyişdi və məhz bu ildə də Şirməmməd Hüseynov dünyaya gəldi. Sanki el atası Hacı Zeynalabdin Tağıyev Həsən bəy Zərdabi ilə Şirməmməd Hüseynovun arasına möhkəm, qırılmaz, dağılmaz bir körpü salmışdı. Sanki Həsən bəyin vəfatından on altı il keçəndən sonra yeni bir Həsən bəy Zərdabi doğuldu. Əlbəttə, dövr başqa, quruluş başqa idi. Lakin fərqi yoxdur, hər iki dövrdə rus məmurları ağalıq eləyirdi. Kimsə onların qoyduğu qadağaları poza bilməzdi, kimsə onların qandallı qanunlarından ötə bilməzdi. Fəqət qətiyyətli, əzmkar, əqidəli sənətkar xalqına qarşı aparılan ayrı-seçkilik siyasətinə qarşı sözaltı mənalarla cavab verir, bunu elə edir ki, əbləh heç cürə anlamır, ağıllı, dərrakəli insan isə dərhal başa düşür və müəllifi alqışlayır. Həsən bəy Zərdabi bu üsullardan çox istifadə eləmişdi və məhz bu üsullarla da Çar Rusiyasının işğalçılıq siyasətini, şovinizmini, İslam dininə, eyni zamanda müsəlmanlara qarşı olan mənfi münsibətini daim ifşa etmişdi. Şirməmməd müəllimin də sosializm ideologiyası dövründə, rejimin acı zəhərinə qarşı özünə məxsus üsulları var idi. Lakin bu hamısı deyildi. Şirməmməd müəllim sosializm ideologiyasının tüğyan etdiyi vaxtlarda ən yaxın dostları Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Nurəddin Rzayevlə birlikdə Novxanı kəndində Məhəmməd Əmin Rəsulzadənin atası Hacı Ələkbər ağanın məzarını ziyarət eləməyə gedirdi. Təsadüfi deyil ki, Şirməmməd müəllimlə bağlı Rusiyada yerləşən “Sputnik Azərbaycan” kanalı xəbər verir ki, professor bu fikirləri “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” adlı kitabının III cildinin təqdimatında səsləndirib: “Biz onlara borcluyuq. Mən 50 ildir o kişilərlə ünsiyyətdəyəm. Mənim ən yaxşı vaxtım o kişilərin yazdıqlarını oxumaqdır. XX əsrdə bizim iki böyük dahimiz var. Onlardan biri dövlətimizi, o biri isə musiqimizi yaradıb.” “Maarifçilik” termini dünya dillərində müxtəlif şəkildə izah olunur. Lakin onun əsil mənası “işıq” deməkdir. Maarifçilər əsasən milli oyanışa xidmət edərək öz xalqlarını maarifləndirməklə onların zəkasının işığını artırırlar. Bu baxımdan Azərbaycan maarifçiləri xalqın zəkasının işıqlanmasında çox işlər görmüşlər. Xalqın zəkasını işıqlandıran insanlardan biri də məhz Şirməmməd Hüseynovdur. Publisist-alim Rafael Hüseynov, Şirməmməd Hüseynov haqqında 2018-ci ildə “Elm və Təhsil” nəşriyyatında nəşr etdirdiyi kitabının adını “Millət yaddaşının keşikçisi” qoymuşdur. Bu, həqiqətən də belədir. Şirməmməd müəllim millət yaddaşının keşikçisidir. O, yaradıcılığa başlayandan millətin qabaqcıl ziyalılarını, millət uğrunda canlarını, ailələrini fəda edənləri, millətin istiqlalı, istiqbalı üçün hər cür zillətlərə, məşəqqətlərə qatlaşmış insanlarını, eyni zamanda daim millətin ayağının altını qazıyan, ona arxadan zərbələr endirən, böhtan atan, ona qarşı qətliam törədən düşmənlərini öz kitablarında, məqalələrində, çıxışlarında bir ayna kimi göstərərək millətin yaddaşının keşiyində durmuşdur və durmaqdadır. Uzun illərdir Şirməmməd müəllim 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətini yaradanların lideri Məhəmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığına işıq tutur. Şübhəsiz ki, Şirməmməd müəllimin Məhəmməd Əmin Rəsulzadəyə olan sevgisi Məhəmməd Əmin bəyin Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizədir. Şirməmməd müəllim Məhəmməd Əmin Rəsulzadəyə beş dənə kitab həsr etmişdir. Bu kitablar həm də Məhəmməd Əmin Rəsulzadəyə böhtan atanlara, onu sevməyənlərə, onun haqqında cürbəcür şaiyələr yayanlara bir mesajdır. Çünki Şirməmməd Hüseynov bu beş kitabda heç bir şeyi özündən uydurmamışdır. Tarixi sənədlərə və arxiv materiallarına əsasən bunları qələmə almışdır. Haqqı nahaqqa verməyən insanlar çox yaxşı bilirlər ki, Məhəmməd Əmin Rəsulzadə daim xalqının azadlığı, müstəqilliyi, iqtisadi rifahı, xoşbəxtliyi, hürriyyəti uğrunda mübarizə aparmışdır və bu yolda məşəqqətlərə, zillətlərə, əzablara qatlaşmış, hətta ailəsini belə qurban vermiş, lakin heç zaman qorxub çəkinməmiş, qardaş Türkiyənin Ankara şəhərindəki xəstəxanada 1955-ci ildə dünyasını dəyişərkən üç dəfə “Azərbaycan” demiş, sonra Allah rəhmətinə qovuşmuşdur. Bu da bütün vətənpərvər insanlara çox yaxşı məlumdur ki, hər bir vətən, torpaq aşiqi, həm də Məhəmməd Əmin Rəsulzadəni, eyni zamanda onun məsləkdaşlarını sevir. Məhəmməd Əmin Rəsulzadəni və onun məsləkdaşlarını sevməyənlər şübhəsiz ki, ana vətəni, torpağı da sevə bilməz. Məhəmməd Əmin Rəsulzadənin siyasi fəaliyyətini dəyərəndirməmək əslində ermənipərəstlikdən doğan bir şeydir. Kimsə bunu da unutmamalıdır ki, Məhəmməd Əmin Rəsulzadə 1918-ci ilin may ayının 28-də öz məsləkdaşları ilə birlikdə təkcə “Azərbaycan Demokratik Cümhuriyyəti” elan eləməmişdi. Onun doğma vətəni bu ərəfədə erməni daşnaklarının, bolşeviklərin, eser-menşeviklərin, “Sentrakaspi diktaturası” hökumətinin işğalı altında olan vətəni azad etməkdən ötrü Türkiyəyə gedir və burada vaxtilə jurnalistikada onun ustadlarından biri olmuş Əhməd bəy Ağayevlə birləşib çox əziyyətlə “Qafqaz İslam Ordusu”nun yaranmasına nail olur və məhz bundan sonra “Qafqaz İslam Ordusu” başlarında Ənvər paşa, Nuru paşa, Qara Bəkir paşa Qafqaza girərək minlərlə şəhid verib ana yurdumuzu yüz minlik kafir ordularından təmizləyir. Bundan sonra Azərbaycanın üç rəngli bayrağı ana vətənin hər guşəsində dalğalanır və Azərbaycan daha kağız üstündə deyil, gerçək şəkildə hürriyətinə qovuşur. Şirməmməd müəllim yuxarıda qeyd olunduğu kimi Məhəmməd Əmin Rəsulzadə haqqıında onun 1920-ci ilə qədərki yaradıcıığını əhatə edən beş kitab, daha doğrusu beş cildliyini nəşr etdirmişdir. Lakin qocaman alimimiz bununla kifayətlənmir. O, Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə yaşadığı dövrlərdə də yazdığı əsərləri, məqalələri tapıb üzə çıxarmaq fikrindədir. Şirməmməd müəllim Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə olduğu dövrlərdə redaktoru olduğu məcmuələri-“Yeni Qafqasiya”, “Azəri türkü”, “Odlu yurd” və başqa dərgiləri, qəzetləri toplayıb tərtib edərək nəşr etdirmək istəyir. Hələlik zaman-zaman “Yeni Qafqasiya”, “Odlu yurd”da dərc olunmuş məqalələri “525”-ci qəzetin şənbə nömrəsində dərc etdirən Şirməmməd müəllim deyir ki, o məcmuələrdə Azərbaycan milli istiqlal hərəkatına, Azərbaycanın gerçək tarixinə dair o qədər dəyərli sənədlər, yazılar, məqalələr var ki, bunların burda olması bizim tariximizi öyrənmək üçün vacibdir. Məhəmməd Əmin Rəsulzadənin redaktoru olduğu “Odlu yurd” qəzetindən bir parçanı göstərmək kifayətdir ki, Moskvada məhz azərbaycanlıları əzməkdən ötrü o zamanlarda Azərbaycan maarifini idarə edən erməni Mirzoyanın necə riyakar olduğu və Azərbaycan xalqına qarşı məkrli mövqe tutduğu aşkara çıxsın. “Fəqət Azərbaycan maairifini idarə edən Mirzoyan, Rot Hauzer Mişel kimi Moskva mümməsilləri Azərbaycan xalqının gözünü boyamaq məqsədilə ali məktəblərə qəbul ediləcək tələbələrdən 60 nisbətinin türk olmasına qərar vermişdilər. İştə tam bu sırada firqə xəttindən inhirat (sapma) cürmilə (təqsirilə) Azərbaycan kommunist firqəsində iflas və inhilal özünü göstərincə məsələ şəklini dəyişərək sinfi bir mahiyyət aldı. Ali məktəblərə girmək istəyən 1500 türk tələbədən yalnız 5 faizi qəbul edilərək yerdə qalanı burjua, qolçomaq, tacir uşağı yabançı ünsür qulpu taxılaraq rədd edildi.” Lakin bu qəzetlərin orijinal saylarını hələ də əldə eləyə bilməyən Şirməmməd müəllim belə bir təklif irəi sürür ki, Azərbaycanda Məhəmməd Əmin Rəsulzadənin irsini öyrənən xüsusi bir rəsmi təşkilat, yer olmalıdır. Bu bizim tariximizdir. Keçən il Türkiyədə Əli Yavuz Akpınar və onun dostları “Yeni Qafqasiya yazılar Məhəmməd Əmin Rəsulzadə 1923-1927” kitabı buraxdılar. 1923-1927-ci illər ərzində “Yeni Qafqasiya” jurnalının 95 nömrəsi çıxıb. Bu 95 nömrədə Məhəmməd Əmin bəyin 144 yazısı dərc olunub. Türkiyəli dostlarımız da bunu ayrıca kitab şəklində çap ediblər. Özü də kitab 390 səhifədən artıqdır. Bu hələ bir jurnalda çap olunan yazılardır. Mən 5 cild nəşr etdirdim. Sonra onun parlamentdəki çıxışlarını ayrıca çap etdirmək istədim, amma etmədim. “Azərbaycan” qəzetindəki parlament hesabatları və şərhlərdən ibarət 5 cild buraxmışam. Orda onun parlamentdəki bütün fəaliyyəti əks olunub. Deməli, Azərbaycanda 1920-ci ilə qədər Məhəmməd Əmin Rəsulzadə və cümhuriyyətçilərlə, müsavatçılarla bağlı nə olubsa bunlar üzdədir, öyrənilib və öyrənilir. Mühacirət dövrü ilə məşğul olanlar var, mən onları bilirəm. Türkiyədə xüsusilə məşğul olanlar çoxdur. Mənim bu saat məşğul olduğum “Yeni Qafqasiya”dır. Sağ olsunlar türk qardaşlarımız, mənə göndəriblər. 1929-1931-ci illərdə “Odlar yurd”un 32 sayı çıxıb. İki kitab şəklində buraxıblar. Bütün nömrələri, bütün yazıları olduğu kimi. Biz necə “Əkinçi”ni, “Molla Nəsrəddin”i çap etmişik,o cür, özü də bizdən də yaxşı çap ediblər. Hərəsi 800-dən artıq səhifədir. İndi bunu bizim respublikada çap etmək olmazmı?! Bir sözlə, Şirməmməd müəllim Məhəmməd Əmin Rəsulzadənin bütün irsini çap elətdirib xalqa çatdırmaq fikrindədir. Onu da qeyd etmək mütləq lazımdır ki, Şirməmməd müəllim Məhəmməd Əmin Rəsulzadəyə aid bütün yazıları öz vəsaiti, daha doğrusu maaşı hesabına çap elətdirib. Bu da qocaman alimimizin bir insan kimi yüksək mənəvi keyfiyyətlərini, nəcib sifətlərini göstərir. Normal insanlar bilirlər ki, əgər bir insan saleh bir iş görmək uğrunda pulunu, parasını xərcləyirsə, bu insan əsil vətənpərvərdir, xalqını, millətini, torpağını, bayrağını, dövlətini təmənnasız sevir və nəinki təmənnasız sevir, xalqın maariflənməsi yolunda sonuncu qəpiyini belə xərcləyir. Müdrik insanlarımız belə bir söz də işlətmişlər ki, vətənpərvər insan gününü bir parça quru çörəklə də başa vurar, vətən satana isə haram yollarla qazandığı milyonlar belə bəs eləməz. Şirməmməd müəllim eyni zamanda mühafizəkardır. Bir qisim insanlar hökmdarın mühafizləridir. Əsgərlərimiz vətənin mühafizləridir, polislərmiz asayişin keşiyində dayanıblar. Alimlərimiz elmlərimizin mühafizləridir. Şirməmməd müəllim kimi insanlarımız isə gerçək tariximizin mühafizləridir. Şirməmməd müəllim uzun illərdir ki, həqiqətin qarşısındakı pərdələri yırtaraq xalqa gerçəyi anladır. Şirməmməd müəllim bütün bunlarla yanaşı öz çıxışlarında vaxtilə Azərbaycanda jurnalistikanın təməlini qoyan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetində dərc etdirdiyi məqalələrdən sitatlar gətirərək, eşşəklə su satan adi bir erməninin, ermənilərin “Böyük Hayastan” yaratmaq niyyətinin həyata keçməsindən ötrü qazandığı qəpik-quruşu belə erməni icmasının hesabına keçirtdiyini, azərbaycanlı bəylərin isə xalqın kasıb zümrəsindən ötrü, gənclərin savadlanmasına görə bir qəpik xərcləməmələrini söyləyərək, bir sıra pulu-parası olan imkanlı adamlarda vicdan hissinin oyanması üçün olduqca obrazlı natiqlik məharətindən istifadə edir. Uca Allahın bizə misilsiz ərməğanı olan müqəddəs Qurani-Kərimdə tez-tez vurğulanan bir kəlam var: - “Və tu salata, və tu zəkata.” Yəni ey imkanlı adamlar, namaz qılın, zəkat verin! Söz yox ki, sosializm ideologiyasının 70 illik zəhərindən sonra insanlarımızın əksəriyyəti namaz qılmaq iqtidarında deyil. Buna görə hələ zaman lazımdır. Lakin hər bir imkanlı insan, xalqın bütünlüklə firavan yaşaması üçün qazancının cəmisi qırxdan birini verə bilər. Bu “zəkat” özü də təkcə kasıb-kusubun, ehtiyac içində yaşayanların qarnını doyuzdurmaqdan, xəstələrin şəfa tapmasından ötrü deyil. Bu “zəkat” həm də xalqın bütünlüklə maariflənməsindən, dostu ilə düşmənini tanımasından, ağı-qaradan seçməsindən, haqqı nahaqqa verməməsindən ötrüdür. Şirməmməd müəllimin çoxsaylı məqalələrində bu da öz əksini tapıb ki, dünyanın başqa-başqa ölkələrində yaşayan ermənilər, istər Ermənistanda, istərsə də dünyanın başqa yerlərində yaşayan ermənilərin yüz faiz savadlanmasından, eyni zamanda işğalçı siyasətlərini davam elətdirməkdən ötrü erməni ordusunun silahlanmasına görə varidatlarının ən azı 90 faizini xərcləyirlər. Lakin Azərbaycandakı imkanlı adamlar bu işdə, daha doğrusu ermənilər kimi yalanı yox, həqiqəti bəyan eləməkdə vətənpərvər insanlara köməklik göstərməkdə çox xəsisdilər. Son illər ərzində Şirməmməd müəllimin “Milli haqq və ədalət axtarışında” (Bakı-“Adiloğlu”-2004), “Mətbu irsimizdən səhifələr” (Bakı-“Çənlibel”-2007), “Publisistik miraz və müasirlik” (Bakı-“Elm”-2007), “Mütəqilliyin çətin yolu... Reallıqlar, düşüncələr” (Bakı-“Elm”-2009), “Üzeyir Hacıbəyli. Nəşrlərdə kənarda qoyulmuş mətbu əsərləri” (İki cilddə. Bakı-“Elm”-2009-2010), “Məhəmməd Əmin Rəsulzadə. Əsərləri” (Beş cilddə. Bakı-“Təhsil”-2014), “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” (Üç cilddə. Bakı-“Qanun”, 2012, 2015, 2016, 2017) kimi kitabları çapdan çıxıb. Uca Allah yaratdığı bütün məxluqatdan fərqli olaraq yalnız insanı şuurlu olaraq yaratmışdır. Özü də beyni düz işləməyən Çarlz Darvinin uydurduğu kimi insan meymundan əmələ gəlməmişdir, Uca Allah insanı, daha doğrusu ilk insan və ilk peyğəmbər Həzrəti Adəm əleyhəssalamı torpaqdan xəlq edərək insan olaraq yaratmış və ona şuur vermişdir. İnsan yaranandan bəri bir qisim insanlar Uca Allahın onlara verdiyi şüuru düzgün istiqamətləndirməyib, nəfslərinə uyaraq murdar işlər görmüş, fitnə-fəsad törətmiş, möhtəkirliklə, fırıldaqla məşğul olmuş, yalan danışmış, böhtan atmış və daim ilk növbədə Uca Yaradana üsyan etmişdir. Bu, indi də belədir. Lakin bir qisim insanlar Uca Allahın qoyduğu qadağaları pozmamış, Ulu Yaradan tərəfindən onlara verilən şüuru saleh əməllərə isiqamətləndirmiş, Uca Yaradan tərəfindən onlara verilən ömrün hər saniyəsini belə boşa verməmiş, tək özlərindən və yaxud ailələrindən ötrü deyil, xalqından, millətindən, eyni zamanda bütün bəşəriyyətdən ötrü gecələrini gündüzlərinə qataraq çalışmış və dünya xəzinəsinə qiyməti heç bir şeylə ölçülməyən ləllər, gövhərlər bəxş etmişlər. Bu insanlardan biri də məhz Şirməmməd Hüseynovdur. Şirməmməd Hüseynov Uca yaradanın ona bəxş etdiyi şüuru ancaq saleh işlərə yönəltmişdir və yönəltməkdədir. O, heç zaman qadağaları pozmamışdır, vətənin təəsübünü çəkmiş, namusu ilə yaşamış, xalqını sevmiş, ona əllərini uzadan hər kəsə qayğı göstərmiş, kimsənin əlini boş qaytarmamışdır. Təkrar da olsa, bunu deməyə borcluyuq ki, Şirməmməd müəllim hər saniyəsini qızıldan, brilyantdan qat-qat dəyərli sayaraq, həm də böyük həvəslə çalışmışdır və 95 yaşı olmasına baxmayaraq cavanlığındakı enerji ilə çalışmaqdadır. Sevgili Peyğəmbərimiz Həzrəti Muhəmməd əleyhəssalatu vəssələmin çox gözəl bir hədisi-şərifi var; “Alim öldü, aləm öldü”. Ulu Peyğəmbərimiz ailmlərə çox böyük dəyər verərək, onların məqamının Allah yanında çox yüksək olduğunu söyləmişdir. Şirməmməd müəllim əsil alimdir. Onun alimliyi bir qisim saxta “aimlər” kimi kağız üzərində deyil, çünki onun yaradıcılığı, fəaliyyəti göz qabağındadır. Yaxşı bir zərb-məsəl də var ki, görünən kəndə bələdçi lazım deyil. Şirməmməd müəllim həm də uzun illərdir ki, nümunəvi bir pedaqoqdur. O, 1954-cü ildən, yəni M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin Elmi Şurasında həmin universitetin mətbuat tarixi kafedrasının müdiri, professor A.Portyanskinin rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi alıb doğma vətənə dönəndən sonra Azərbaycan Dövlət Universitetində filologiya fakültəsinin jurnalistika kafedrasının baş müəllimi kimi çalışmağa başlamış, sonra dosent kimi işləmiş, 1962—1969-cu illərdə ADU-da filologiya fakültəsinin dekan müavini, 1970-1976-cı illərdə jurnalistika fakültəsininin dekanı, 1976-1980-ci illərdə mətbuat tarixi və ideoloji metodları kafedrasının müdiri olmuşdur. Şirməmməd müəllim hal-hazırda da Bakı Dövlət Universitetində professor kimi çalışmaqdadır. O, bu illər ərzində vətənə, torpağa, xalqa, millətə, dövlətə ləyaqətlə xidmət edən yüzlərlə elm adamı yetişdirmişdir. Şirməmməd müəllimin pedaqoji fəaliyyətinin böyük bir hissəsi sosializm ideologiyasının zəhərli qılıncının qabağının da, arxasının da kəsdiyi zamanlara düşmüşdür, yəni 1954-cü ildən 1991-ci ilə qədər, düz otuz yeddi il. Hamımıza, daha doğrusu, 1991-ci ilə qədər artıq xalqın dili ilə desək ağlı kəsən insanlarımıza məlumdur ki, sosializm ideologiyası dönəmində Lenin ilahiləşdirilmiş, dünyanın ən murdar adamlarından biri olan, 1918-ci ildə 100 mindən çox azərbaycanlının qətlinə fərman vermiş Stepan Şaumyan isə bütləşdirilmişdi. Bütün informasiya vasitələri, mətbuat orqanları yerli-yersiz Lenini, Şaumyanı tərifləyir və tərifləməkdən də doymurdular. Şaumyan mövzusu isə o zaman Sovet Hökumətinə şirin görünmək istəyən insanlar üçün xüsusi əhəmiyyət kəsb edirdi. Lakin onlardan fərqli olaraq həqiqəti bəyan eləyən Şirmməməd Hüseynov isə qətiyyən qorxmurdu. Daim Azərbaycan və türk xalqının ən qatı düşmənlərindən olan Stepan Şaumyanın əsil simasını, riyakarlığını, alçaqlığını tələbələrinə anladırdı. 60-cı illərdə Şirməmməd müəllimin tələbəsi olmuş, hal-hazırda BDU-nun professoru Həmid Vəliyev, Şirməmməd müəllim haqqında maraqlı bir tarixçə nəql edir:“Günlərin bir günündə mühazirəsini oxuyub başa çatdırdıqdan sonra mövzu ilə heç bir əlaqəsi olmayan söylədiyi fikir hələ də qulaqlarımda səslənir: “Stepan Şaumyan haqqında, 26-lar haqqında ağız dolusu danışırlar. Onların fəaliyyətini şişirdirlər. Azərbaycana vurduqları ziyan barəsində isə heç nə demirlər. Çünki bunları demək hakimiyyətə əl vermir. Arxivlərdə Şaumyanın bəd əməlləri haqqında çoxlu materiallar vardır. Böyük Sovet Ensiklopediyası baş redaktorunun müavini vəzifəsində çalışan, tarix elmləri doktoru Levon Şaumyan SSRİ-nin bütün arxivlərinin qapılarını qıfıllayıb açarları cibində gəzdirir. İstəmir ki, azərbaycanlılar arxivə girib atası barəsində mövcud olan materialları görsünlər. Elə buna görə də azərbaycanlılardan tarix elmləri doktoru ailimlik dərəcəsi alanlar son dərəcə azdır. Olanlar isə kolxoz quruculuğunun tarixini, ssosializmin nəaliyyətlərini və sair bu kimi mövzuları araşdırırlar.” Şirməmməd müəllimin başqa bir tələbəsi Cahangir Məmmədlinin də bununla bağlı bir xatirəsi var: “Sovet dövründə “Kollektiv sosializm yarışını genişləndirərək dövlət planını ikiqat yerinə yetirmişdir” tipli dəbdə olan basmaqəlib jurnalist cümləsinə qarşı Şirməmməd müəllim hələ o zaman tez-tez deyirdi: “Bu sosializm yarışını çox genişləndirib, axırda partladacaqlar.” Auditoriyada “Sovet adamı” anlayışınının absurdluğunu subut edirdi. Ədəbi ictimaiyyətin, tarixçilərin vəsf etdiyi “26-lar”ın Azərbaycana vurduğu zərbələri üstüörtülü ehyamlarla bizə çatdırırdı. Mətbuat tarixini, mədəniyyət tarixini Təbrizdən başlayırdı, mühacirət mətbuatının yaradıcılğından söz açırdı.” Azərbaycan musiqisinin sərkərdəsi olan Üzeyir bəy Hacıbəylini xaqımızın böyük bir qismi sadəcə olaraq bir bəstəkar-dramaturq və musiqi pedaqoqu kimi tanıyır. Lakin Üzeyir bəyin məziyyətlərini saymaqla qurtarmaz. Əslində Üzeyir bəy sözün əsil mənasında vətən fədaisi idi və bütün həyatını vətənə təmənnasız xidmətlə keçirmişdi. Təsadüfi deyil ki, 1918-ci ildə başlarında Stepan Şaumyan olmaqla ermənilərdən ibarət daşnak-bolşevik neofaşist hərbi birləşmələri xalqımıza qarşı qətliam törədəndə Üzeyir bəy Fransa mətbuatında ermənilərin yırtıcılığı, vəhşiliyi, cəlladlığı haqqında silsilə məqalələr dərc etdirmişdi. Şirmməməd Hüseynov Məhəmməd Əmin Rəsulzadə irsinə təmənnasız əmək verdiyi kimi Üzeyir Hacıbəyli irsinə də əmək verməkdədir. O, Üzeyr bəyin 120-yə yaxın məqaləsini – 19 çap vərəqi həcmində “Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri” adı altında öz şəxsi hesabına çap elətdirdiyi kitaba salmışdır. Şirməmməd müəllim eyni zamanda bir mətnşünas kimi Məhəmməd Əmin Rəsulzadə irsini tədqiq edərkən ərəb əlifbası ilə yazılan bütün yazıları latın qrafikasına çevirdiyi kimi, Üzeyir bəyin də məhz ərəb əlifbası ilə qələmə alınmış yazılarını latın qrafikasına böyük peşəkarlıqla çevirmişdir. Məlum məsələdir ki, ərəb qrafikası əsasında tərtib olunmuş Azərbaycan əlifbasında hərəkələr olmadığına, daha doğrusu əksər hallarda sözlərin ortasında saitlər yazılmadığına görə kiril və latın qrafikasına öyrəşmiş adamlar üçün bu əlifba ilə yazılanları oxumaq o qədər də asan bir məsələ deyil. Şirməmməd müəllim bu işdə də böyük ustadır və ərəb qrafikası əsasında tərtib olunmuş Azərbaycan əlifbası ilə yazılmış əsərləri olduqca rahat bir şəkildə oxuya bilir. Lakin bu da hamısı deyil. Şirməmməd müəllim o zamankı dövrə aid, indiki zamanda çətin anlaşılan sözlərin lüğətini də tərtib etmişdir. Şirməmməd müəllimin fəaliyyəti həddindən artıq çoxşaxəlidir. O, həqiqətləri üzə çıxartmaqdan ötrü təkcə bizim özümüzə məxsus, eyni zamanda hər tarixi hadisəyə obyektiv qiymət verən xarici mənbələrdən topladığı tarixi sənədlərlə, arxiv materilları ilə kifayətlənmir. Azərbaycan və türk xalqının qatı düşməni olan ermənilərin arasındakı tarixə əksər ermənilər kimi yox, düzgün qiymət verən insanların qələmə aldığı həqiqəti əks etdirən yazılarını tapıb bir arxiv sənədi kimi informasiya vasitələrinə təqdim edir. Tiflisdə rus dilində nəşr olunan “Vozrojdenie” qəzetində ermənilərin “Yeni fəlakətli xətası” adlı məqalə çap edilib. “Açıq söz” qəzeti bu məqaləni rus dilindən Azərbaycan dilinə tərcümə eləyərək oxucuların diqqətinə çatdırıb. “Açıq söz”dən sonra “Hümmət” qəzeti bu məqalənin təkrarını verib. Bu çox maraqlı bir məsələdir. Bu məqalədə söhbət ondan gedir ki, Türkiyə ermənilərini yolundan çıxardan avantüraya sövq edənlər Rusiya və Qafqaz erməniləridir. Ermənilərin “Yeni fəlakətli xətası” adlı məqalədən sitat: “Rusiya ermənilərinin ağılsız siyasəti nəticəsində Ermənistan əzildi, məhv oldu. Vorontsovun Rusiyaya ermənilərsiz Ermənistan lazımdır siyasəti tamamilə əmələ gəldi. Fəqət kiçik Ermənistan təcavüzkaranə siyasət yürüdərək hərbi bir dövlət kimi müttəfiqlər sırasına girdi. Rus qoşunları erməniləri vurub doğma yurdlarından qovdular. Məhz İslamı qəbul edən 400 min erməni vətənlərinə xəyanət etmək istəməyənlərdir. 600 min ermənini Mesopatomiyaya, 200 minini Rusiyaya, 120 minini Avropaya, 130 minini Suriyaya köçürdülər.” Şirməmməd müəllim buna rəğmən belə deyir:“Görünür ermənilər hər şeyi əzəldən saymağa başlamalıdırlar. Nəsə itirənə ona görə deyirlər ki, əvvəl bir özünü yaxşı-yaxşı axtar. Onda görünəcək ki, ortada hansısa qeyri-adi soyqırım yox, adicə say-qırım məsələsi var.” Şirməmməd müəllim 95 yaşına çatmasına baxmayaraq hələ də gizli qalan həqiqətləri üzə çıxarmaqdan ötrü bütün bacarığını ortaya qoyur. Şirməmməd müəllim sözün həqiqi mənasında Azərbaycan xalqının sərvətidir və xalqımız üçün olduqca dəyərli bir şəxsiyyətdir. Biz bu qocaman, müdrik alimə can sağlığı və 100 illiyini təntənə ilə qeyd etməyi arzulayırıq!.. Vüqar Əhməd AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.