Akademik Rafael Hüseynov: “Cümhuriyyət qurucularına borcları qaytarmaq məqamıdır!” Elm » Humanitar elmlər 12 апреля 2018 Akademik Rafael Hüseynov: “Cümhuriyyət qurucularına borcları qaytarmaq məqamıdır!” “Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucuları elə böyük şəxsiyyətlərdir ki, onlar bütün gələcək nəsillər tərəfindən həmişə ən dərin minnətdarlıqla anılmalıdırlar. Onların yox yerdən qurduqları bu cümhuriyyət, xalqımıza bəxş etdikləri istiqlaliyyət bu millətin var olduğu müddətdə qazandığı ən böyük nailiyyətdir. Əgər cümhuriyyət o zaman yaranmasaydı, sonra Sovet İttifaqının tərkibinə biz ayrıca dövlət kimi daxil ola bilməzdik. Və Sovet İttifaqı dağılanda da onun içərisindən müstəqil bir respublika kimi çıxa bilməzdik. Bu gün dövlətimizin var olmasına görə həmin şəxsiyyətlərə minnətdarıq. Onların hər biri tarixi simadır. Hər birinin ayrıca araşdırılmasına, millətə təqdim edilməsinə, yaxından tanıdılmasına böyük ehtiyac var”.Bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, Millət vəkili, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov deyib.Komitə sədri Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsinin əbədiləşdirilməsi üçün Bakıda bir abidə kompleksinin yaradılmasını vacibliyini vurğulayıb. Bildirib ki, cümhuriyyət qurucularının ayrı-ayrı böyük simaları haqqında bədii və sənədli filmlər çəkilməli, böyük qəhrəmanlıqlar göstərmiş şəxsiyyətləri xalqa qəhrəman kimi tanıtmaq üçün bədii əsərlər və dərsliklər yazılmalıdır. Bu, həmin qiymətli insanların bütün millətə yaxından tanıdılmasına xidmət etməklə yanaşı, həm də millət quruculuğu baxımından vacibdir.AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidmətindən ZiM.Az-a bildiriblər ki, akademik R.Hüseynov cümhuriyyət qurucularının xatirəsinin əbədiləşdirilməsi üçün ayrıca Cümhuriyyət bağının yaradılmasının da vacib olduğunu qeyd edib. O, vurğulayıb ki, bu addım insanlara istirahət imkanı yaratmaqla yanaşı, onların cümhuriyyət xadimlərini hər zaman yadda saxlamalarına da xidmət edəcək. Akademik xatırladıb ki, cümhuriyyət qurucularının bəzilərinin məzarı Azərbaycandan kənardadır: “Hesab edirəm ki, bu məzarlara toxunmaq lazım deyil. Lakin onlarla bağlı ortaq memorial yaradılmalıdır. Cümhuriyyət bağı, yaxud parkı dediyimiz tipli tarixi-mədəni məskənlər yalnız Bakıda deyil, Azərbaycanın hər yerində ola bilər. Onlar bu millət, bu vətən naminə ömürlərini, gəncliklərini fəda ediblər. Bu millətə istiqlalın şirin dadını anladıblar. Bizə millət şərqisi, bayraq, müstəqil dövlətə vətəndaş və sahib olmaq səadəti bəxş ediblər. Biz onlara həmişə borcluyuq. Hamımız! Haqq itirməyən, qədirbilən olaq ki, gələcək nəsillər də bizim haqqımızı itirməsinlər, hansısa yaxşı işlərimizi hörmətlə ansınlar. Borcları qaytarmaq məqamıdır!..”.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.