“KƏRKÜK SEVDALISI QƏZƏNFƏR PAŞAYEV” – Professorun həyat və yaradıcılığına həsr edilmiş kitab Atatürk Mərkəzində təqdim edilib Humanitar elmlər, Turan 16 сентября 2017 794 Bu gün (16.09.2017) Azərbay-canda Atatürk Mərkəzində ünlü alim – prof.dr. Qəzənfər Paşa-yevin 80 illik yubileyi münasibəti ilə Kərkükdə, Füzuli mətbəəsində yenicə işıq üzü görmüş “Kərkük sevdalısı Qəzənfər Paşayev” kitabının təqdimatı keçirilib.ZiM.Az xəbər verir ki, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə , ABAİ İB prezidenti, millət vəkili dos.dr. Qənirə xanım Paşayeva açıb. Sonra təqdimatda millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun başçısı İlham Məmmədov, təqdim olunan kitabın müəllifləri – İraqlı soydaşlarımız dr.Mustafa Ziya, dr.Şəmsəddin Kuzəçi, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri prof.dr. Şirindil Alışanlı, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, CASCFEN baqanı, əməkdar jurnalist Azər Həsrət, “Şərq” qəzetinin baş redaktoru dr.Akif Aşırlı, tanınmış şair Musa Ələkbərli, tanınmış alim Qurban Bayramov, əməkdar artist Aybəniz Haşımova, BDU Jurnalisrika fakültəsinin dekanı dos.dr. Vüqar Zifəroğlu, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, fəal ictimaiyyətçi Aidə Bəndəliyeva və b. çıxış edərək, həm yubilyarın yaradıcılığı, həm də Kərküklü müəlliflərin qədirşünaslığı haqqında danışıblar.Millət vəkili Qənirə xanım Paşayeva “Kərkük sevdalısı Qəzənfər Paşayev” kitabının məziyyət-lərindən danışaraq, professorun həyatı və əsərləri haqqında statistik, bibloqrafik, habelə ensiklopedik bilgilərlə yanaşı, ürək sözlərinin də yer aldığını qeyd edib.O, yubileyinə “İraq bizə iraq deyil” dediyimiz ellərdə kitab yazılan professor Paşayevin yalnız Azərbaycanda deyil, İraqda, qardaş Türkiyədə, bir çox başqa ölkələrə də ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, tərcüməçi və xeyirxah ziyalı kimi tanındığını vurğulayıb.Çıxışına davam edən Qənirə xanım Paşayeva deyib:- Bizim uşaq vaxtlarımızda, Qəzənfər müəllim tərcüməçi olaraq çalışdığı İraqdan məzuniyyətə gəldiyi zamanlarda onun sirli-sehirli söhbətlərinin əsas dinləyicilərindən biri olardıq. Əmim Kərkük, Ərbil, Təlafər, Tuzhurmatudan, oraların sakinlərinin bizimlə eyni dildə, eyni üslubda danışdığını, bizim kimi istiqanlı, qonaqpərvər olduğunu deyirdi. Xeyli sonra, əmimin bu sirli ölkə haqqında kitablarını oxumağa başladıq. İlk növbədə, əfsanəvi “Altı il Dəclə-Fərat sahillərində”, sonra “Kərkük bayatıları”, “Kərkük ata sözləri” kitabları bizi də sevdalandırır, qanadlandırırdı. Hər halda təvafüqdən idi ki, mən və əmimqızları məktəb tədbirlərində məhz İraq-Türkman bayatıları söyləyirdik. O bayatılar bir çox incə mətləbləri düşüncələrə hopduran, bəlkə, açıq-açığına deyə bilmədiklıərimizin Kərkük, İraq üzərindən ifadəsi idi. Məsələn,Dilim dilim,Kəs qovun dilim-dilim,Mən dilimdə vaz keçməm,Olursam dilim-dilim...Biz, bax belə bir yanğı ilə, eşqlə yetişdik və müstəqilliyimizin bərpası illərində o sirli-soraqlı ellərdən evimizə tez-tez qonaqlar gəlməyə başladı. – Qəzənfər əmim vasitəsilə onları yaxından tanımağa başladıq.”Müəlliflər – dr.Şəmsəddin Kuzəci, dr.Mustafa Ziya dəyərli ziyalının hələ sovet dövründə İraqda çalışdığı illərdə Kərkükə necə ürəkdən bağlanmasından, Azərbaycan və Kərkük, ümumən İraq arasında ədəbi körpülər saldığını, model araşdırmalar apardığını və kitablaşdırdığını qeyd ediblər.Bugün də Azərbaycanın diqqətini, sevgisini yüksək qiymətlədirən iraqlı soydaşlarımız, Azərbaycanda hər görüşü, Bakıda hər söhbəti bir ziyarət saydıqlarını vurğulayıblar. İraqlı soydaşlarımız ümummilli lider Heydər Əliyevin “Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları ilə bir bütövün parçalarıdır” fikrinin arxasında dayanan düşüncəni həmişə yüksək qiymətləndirdiklərini bildiriblər.Bildirilib ki, ziyalının ömür və yaradıcılıq yoluna həsr edilmiş bu mütəvazi kitab, onun 80 illik yubileyinə Kərküklü soydaşlar adından bir ərmağandır.Qəzənfər Paşayevin həyat və yaradıcılığının ən ümdə məqamlarına diqqət çəkən prof.dr. Şirindil Alışanlı AMEA Mərkəzi Kitabxanasında professorun yubileyi münasibəti ilə elmi sessiyanın planlaşdırıldığını, özünün də orada məruzəçi olacağını bildirib.Tədbirin yekununda çıxış edən prof.dr. Qəzənfər Paşayev, iştirakçılara səmimi minnətdarlığını bildirib, Kərküklü müəlliflərə onun haqqında qiymətli kitab yazdıqları üçün ayrıca təşəkkür etdi, İraqda çalışdığı illərlə bağlı xatirələrini bölüşüb.Sonda Dr. Mustafa Ziya və dr. Şəmsəddin Kuzəçi Qzənfər Paşayevə Türkmaneli Kültür Mərkəzi adından özəl ödül təqdim ediblər, xatirə şəkilləri çəkilib.ZiM.Az, Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.