Professor MƏDƏD ÇOBANOV: "Dahi şairin bədii portireti" Elmi Məqalələr, Mədəd Çobanov 18 марта 2019 NƏSİMİNİN ANADAN OLMASININ 650 İLLİYİ QARŞISINDAREDAKSİYAMIZIN ARXİVİNDƏN:«NƏSİMİ»Özünəməxsus səsi və nəfəsi olan gənc şair Qabilin (Qabil Allahverdi oğlu İmamverdiyev) bu yaxınlarda çapdan çıxmış poeması belə adlanır. «Nəsimi» poeması dahi şairin bədii portiretini yaratmaq baxımından təqdirəlayiqdir. Müəllif bu poemanın birinci hissəsini 1964-1967-ci illərdə yazmışdır. Klassik irsimizin mütərəqqi ənənələrindən səmərəli surətdə qidalanan şair dahi söz sənətkarı Nəsiminin bədii obrazını yaratmaq üçün, şübhəsiz ki, uzun müddət axtarışlar aparmış, müəyyən çətinliklərlə qarşılaşmışdır. Dahi sənətkar haqqında söz demək, onun bədii ob-razını poetik bir dillə təsvir etmək çox çətin olduğu qədər də şərəflidir. Belə bir şərəfli işi üzərinə götürən şair yerlərinə, vəziyyətlərinə, hadisələrin cərəyanına görə heca və əruz vəzninin zəngin imkanlarından bacarıqla istifadə etmiş və «Nəsimi» poemasında öz məqsədinə nail olmuşdur.Müəllif poemada Nəsiminin yaşadığı mühiti, keçirdiyi rühi iztirabları, onun daxili aləmindəki ziddiyyətləri, əzabları, dinin mütərəqqi fikirli adamlara qarşı apardığı mübarizəni, ictimai haqsızlığı və bərabərsizliyi, xəyanət və riyakarlığı inandırıcı bədii boyalarla vermişdir. O, müdrik şair-alim, mərd və mübariz, öz əqidəsi uğrunda ölümə getməyə hazır olan Nəsimi obrazını yaratmışdır.Belə deyirlər ki, qohumluq itər Nəsimi yeddi arxa dönərsə əgər.-beyti ilə başlanan bu poemanın «heyrət» hissəsində qohumluq münasibətləri get-gedə unudulsa da, «yazdım yana-yana ana dilimdə, üz tutdum cahana ana dilimdə», - deyən Nəsiminin böyüklüyünü, zülmətə, cəhalətə, dini təriqətlərə qarşı mübarizə aparmasını və əsrlər keçsə də onun tarixlə bərabər yaşamasını, hamıya doğma və yaxın olmasını bədii bir dillə təsvir edərək şair yazır:İşıqla zülmətin yarıb səddini, Tapdım tarix yaşlı İmadəddini.Nəsimi Azərbaycan şer dilinin ilk görkəmli ustadıdır. O, Azərbaycan klassik şerinin zəngin bədii ifadə xəzinəsindən öyrənməklə bərabər, şifahi xalq ədəbiyyyatımızdan da məharətlə istifadə etmiş və dövrünün ən məşhur sənətkarı olmuşdur. Bu fikir əsərin maraqla oxunan «Qiymət» epizodunda öz bədii əksini tapmışdır.Poemanın maraqlı sahələrindən biri də öz vətənpərvərliyi və qəhrəmanlığı ilə şöhrət tapan sərkərdələr sərkərdəsi İslaməddin, Azərbaycan pəhləvanı İkraməddin və poeziyamızın nadir ustadı Nəsimi arasındakı dostluğun tərənnümüdür:İslaməddin, İkraməddin, İmadəddin,Qonşuluğun, yoldaşlığın aşıb səddin...Bu birliyin qabağında dağ dayanmaz,Sıx budaqlar hər küləkdən yırğalanmaz.«Məndə sığar iki cahan, mən bu cahana sığmazam», -deyən Nəsimi İslaməddin və İkraməddinlə birlikdə mədrəsəni bitirir, artıq onlar özlərini asudə sayırlar. Lakin yaşadıqları mühitdə azadlıq və bərabərlik görmür, bundan daha da peşman olur, qüssələnir, dərdləri artır və bir cahana sığmaz olur, çünki onun əqidə və ideyasına əhəmiyyət verilmir. Bütün bunlar poemada ən incə bədii ifadələrlə öz əksini tapmışdır:İnsan camaliylə müzəyyən cahan,İnsan kəmaliylə müəyyən cahan-Lap mənim qəlbimə sığır, işə bax,Özüm bu cahana sığmıram ancaq.Məlumdur ki, XIV-XV əsrlərdə tərəqqipərvər şairlər şiddətli surətdə təqib olunurdu. Nəsimi də bu təqib və edamlardan özünü qorumaq üçün vətəni Şamaxıdan çox-çox uzaqlarda yaşamalı olur. Vətənpərvər şair Şamaxıdan köçərkən doğma vətəninin təbiətinə, el-obasına, şır-şır bulaqlarına, üzümlü və meyvəli bağlarına həsrətlə baxır və dərin bir hicranla ayrılır:Dolanıram pəhrizlərin başına ki,Əyilirəm bulaqların daşına ki,Şirinliyi ürəyimə dolsun mənim,Sərinliyi yadigarım olsun mənim...Ağuşundan ayrılıram ana Şirvanın,Bəlkə bir də qayıtmadım doğma torpağa.Poemanı oxuduqca Nəsiminin sənətkarlığı və böyüklüyü, ana dilimizdə klassik poeziya nümunələri yaratması göz önündə daha da canlanır. Bu əsər Qabilin ustad şair Nəsimi poeziyasına məhəbbətinin gözəl ifadəsidir. Oxucularımızın şəxsi kitabxanasını bəzəyəcək bu poemanın ikinci hissəsini də səbirsizliklə gözləyir və müəllifə uğurlu yollar arzulayırıq.QEYD:Xatırladırıq ki, bu məqalə müəllifin, yəni professor Mədəd Çobanovun hələ Azərbaycan SSR EA Dilçilik İnstitutunun dissertantı olduğu zaman yazılmış və Gürcüstanın Bolnisi rayonunda nəşr olunan «Qələbə bayrağı» qəzetinin 27.XI.1972-ci il tarixli №78 (3456) sayında dərc olunmuşdur.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.