AMEA Botanika İnstitutu beynəlxalq əməkdaşlıqları uğurla davam etdirir Elm » Biologiya və tibb elmləri 6 июля 2018 Qafqazın, o cümlədən Azərbaycanın bitki müxtəlifliyinin mühafizəsi və davamlı istifadəsi üzrə Kyu Kral Botanika Bağları ilə AMEA Botanika İnstitutu arasında imzalanmış Memorandum çərçivəsində həyata keçirilən beynəlxalq elmi layihələr və əməkdaşlıq münasibətləri uğurla davam etdirilir.Əməkdaşlıq çərçivəsində institutun Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri, b.ü.e.d. Naibə Mehdiyeva, Toxum Bankı sektorunun müdiri Aidə İbrahimova və gənc mütəxəssis Nigar Mürsəl qızı Böyük Britaniyanın London şəhərində elmi ezamiyyədə olmuşlar.AMEA Botanika İnstitutundan İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs M.Qurbanova ZiM.Az-a bildirib ki, Ezamiyyətin məqsədi Kyu Kral Botanika Bağlarının Minilliyin Toxum Bankı Tərəfdaşlığı ilə birgə həyata keçirilən "Qlobal Ağac Toxum Bankı" və bu il uğurla tamamlanmış "Azərbaycanın yabanı bitki növlərinin toxumlarının toplanılması" layihələrinin müzakirəsi olmuşdur. MTB-ın Qafqaz regionu üzrə proqramlarının koordinatoru Aishay Faruk ilə görüş zamanı müştərək beynəlxalq layihələr üzrə həyata keçirilən tədqiqat işlərinin nəticələrinə və gələcək perspektivlərinə dair müzakirələr aparılmışdır. Həmçinin, Kew MPNS internet portalının təsisçisi Dr. Bob Allkinlə birlikdə Azərbaycanın zəngin dərman bitki növlərinin adlarının Kyu Dərman Bitki Adlarının Xidməti (Kew: Medicinal Plant Names Services) internet portalının onlayn məlumat bazasına daxil edilməsi məqsədilə planlaşdırılan birgə layihə müzakirə edilmiş və ilkin addımlar atılmışdır. KKBB və MTB bir sıra alimlər ilə görüşlər keçirilmiş, bitkilərin in vitro şəraitdə çoxaldılması, biomüxtəlifliyin ekosistem səviyyəsində ekoloji modelləşdirilməsi, dərman bitkilərinin kimyəvi tərkibinin tədqiqi, GİS texnologiyaları və s. istiqamətlər üzrə bir sıra elmi və fikir mübadiləsi aparılmışdır.Aysel MƏDƏDLİ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.