Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Elm Guşəsi” açılıb Elm » Biologiya və tibb elmləri 6 ноября 2017 2017-ci il noyabrın 6-da AMEA Gənc Alim və Mütəxəssislər Şurası və AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Elm Guşəsi”nin açılış mərasimi olub.Öncə tədbir iştirakçıları guşənin rəmzi açılışını bildirən qırmızı lenti kəsib, bölməyə aid olan institutlar haqqında əyani vəsaitlərin yer aldığı guşə ilə yaxından tanış olublar.Tədbiri giriş sözü ilə açan AMEA BTEB-nin akademik-katibi, akademik Əhliman Əmiraslanov bölmənin fəaliyyətini əks etdirən “Elm Guşəsi”nin tərtibatı işində köməkliyinə görə təhsil kompleksinin rəhbərliyinə minnətdarlığını bildirib. Bu kimi layihələrin yetişməkdə olan gənc nəslin bilik və bacarıqlarını artırmağa xidmət etdiyini deyib: “Orta məktəblərdə AMEA-nın müvafiq elmi bölmələrinin “Elm Guşəsi”nin yaradılmasının əsas məqsədi xüsusi istedadı olan perspektivli məktəbliləri elmə cəlb etmək və onların gələcək peşəkar oriyentasiyalarında məhz elmə üstünlük vermələrini təmin etməkdir”. Akademik qeyd edib ki, şagirdlər dərsdən kənar asudə vaxtlarında guşə qarşısında toplaşaraq elmlə bağlı müzakirələr aparmaq imkanı qazanacaqlar. Onlar "Elm Guşəsi"nin məlumat löhvəsində AMEA BTEB-ə daxil olan institutların yaranma tarixi, elmi istiqamətləri, elmi nailiyyətləri, maddi-txniki bazaları haqqında geniş məlumat ala biləcək, orada olan kitab və digər əyani vəsaitlərdən faydalanacaqlar.Sonra çıxış edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov bu təşəbbüsün digər təhsil müəssisələrində də həyata keçirdiyini bildirib. Təhsillə elmin vəhdətinin zəruriliyindən danışan şura sədri yetişməkdə olan gənc nəslin bilik və bacarıqlarını artırmaq məqsədilə “Bu günün şagirdi, sabahın alimi”, “Əyləncəli-öyrədici təcrübələr” və bir çox layihələr çərçivəsində müsabiqə, bilik yarışı və seminarların təşkil edildiyini söyləyib. F.Salmanov elm guşələrinin Bakı şəhəri və regionların bir çox məktəblərində də təşkil olunacağını deyib.Daha sonra təhsil kompleksinin direktoru Məmmədəli Kəsəmənli çıxış edib. Belə tədbirlərin istedadlı gənclərin üzə çıxarılması baxımında əhəmiyyətli olduğunu deyib.Tədbirdə AMEA BTEB-ə daxil olan institutların direktorları rəhbərlik etdikləri müəssisələrin yaranma tarixi, elmi fəaliyyət istiqamətləri və əldə etdikləri nailiyyətlər haqqında məlumat veriblər.Sonda gənc alimlərin və məktəb şagirdlərinin iştirakı ilə maraqlı təqdimatlar olub.Qeyd edək ki, ölkəmizdə yeniyetmə və gənclərin elm və texnika sahəsindəki bacarıqlarını dəstəkləyən bu layihə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin tövsiyəsi əsasında həyata keçirilir.Aysel MƏDƏDLİ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.