Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclası keçirilib Elm 17 января 2019 AMEA-nın Rəyasət Heyətində Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva, Səhiyyə naziri Oqtay Şirəliyev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsini müvəqqəti icra edən, professor Famil Mustafayev, Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev, AMEA-nın vitse-prezidentləri, akademik-katibi və şuranın üzvləri iştirak ediblər.İclası açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə son illər respublikada elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı, elmi innovasiya fəaliyyəti və elmi nailiyyətlərin stimullaşdırılması sahələrində bir sıra tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. Akademik Akif Əlizadə ölkədə aparılan elmi tədqiqat işlərini əlaqələndirmək, müxtəlif elmi strukturları birgə elmi tədqiqatlara cəlb etmək, elm və texnikanın nailiyyətlərinin təcrübədə istifadə edilməsinə köməklik göstərmək baxımından şuranın fəaliyyətinin səmərəli olacağını bildirib. Gələcəkdə Kvant fizikası, nanostruktur və nanotexnologiyalar, riyazi iqtisadiyyat, biotibb və digər bu kimi mühüm elmi sahələrini koordinasiya edən şuraların yaradılmasının məqsədəuyğun olduğunu deyib.İclasda “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrə dair məsələyə baxılıb. Bununla bağlı AMEA-nın bir sıra təkliflər verdiyini deyən akademik Akif Əlizadə sözügedən Sərəncamda elmin idarə olunması ilə əlaqədar qarşıya qoyulmuş məsələlərin, əsasən, elektron elmə aid olduğunu nəzərə alaraq, bu istiqamətdə kompleks tədbirlərin yüksək keyfiyyətdə və beynəlxalq tələblərə uyğun həyata keçirilməsi üçün elmi və elmi-pedaqoji kadrların attestasiyası prosesinin sadələşdirilməsi, plagiatlıqla bağlı zəruri normativ-hüquqi bazanın yaradılması, dissertasiya mətnlərinin orijinallığını qiymətləndirməyə imkan verən şəffaf fəaliyyət sistemin yaradılması və s. təkliflərin irəli sürüldüyünü bildirib.Tədbirdə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev resublikada elektron elmin formalaşdırılması vəziyyəti və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edib. Təqdimatda akademik-katib Azərbaycanda və beynəlxalq miqyasda e-elmə dəstək verən təşkilatlar haqqında məlumat verib, e-elmin inkişafı sahəsində dünya ölkələrinin təcrübəsi haqqında danışıb. Məruzəçi e-elmin formalaşdırılması üçün qarşıda duran vəzifələr və problemlərdən söz açıb. Bildirib ki, bu məqsədlə e-elm üçün informasiya resursları yaradılmalı, e-elmin şəbəkə infrastrukturu genişləndirilməli, milli elektron kitabxanalar şəbəkəsi yaradılmalı, milli antiplagiat sistemi hazırlanmalı, beynəlxalq elmi bazalara inteqrasiya təmin olunmalı, e-elmin elmi-nəzəri problemləri araşdırılmalıdır.İclasda AMEA-nın təkliflərinin nəzərə alınması və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilməsinə dair qərar qəbul edilib.Müzakirəyə çıxarılan növbəti məsələ elmi problemlər üzrə elmi şuraların təşkili ilə bağlı olub. Bildirilib ki, ölkədə aparılan elmi tədqiqat işlərinin əlaqələndirilməsi və təkrarçılığın aradan qaldırılması, müxtəlif elmi strukturların birgə elmi tədqiqatlara cəlb edilməsinin müasir səviyyədə təşkili, elmi tədqiqatların maliyyələşdirilməsi mexanizimlərinin təkmilləşdirilməsi, fundamental və tətbiqi tədqiqatların, sahələrarası elmi-texniki proqramların həyata keçirilməsinə nəzarətin təmin edilməsi, onların nəticəliliyinin və səmərəliliyinin yüksəldilməsi əsas vəzifələr kimi Əlaqələndirilmə Şurasının qarşısına qoyulub. Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası bu vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə qərar qəbul edib. Qərara əsasən, Əlaqələndirmə Şurasının fəaliyyət planının, elmi problemlər üzrə elmi şuraların yaradılması ilə bağlı təkliflərin işlənib hazırlanması istiqamətində tapşırıqlar verilib.Gündəlikdə yer alan növbəti məsələ Azərbaycan alimlərinin II Qurultayının keçirilməsi haqqında olub. Məsələ ilə bağlı çıxış edən akademik Akif Əlizadə bildirib ki, 2014-cü il dekabrın 19-da Azərbaycanda və regionda ilk dəfə olaraq Azərbaycan alimlərinin I Qurultayı keçirilib. Qeyd edib ki, Azərbaycan alimlərinin I Qurultayı ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafı istiqamətində aparılan dövlət siyasətinə dəstək verilməsi, Azərbaycan elminin beynəlxalq elmi tələblərə uyğunlaşdırılması və dünya elminə inteqrasiyası, xaricdə yaşayan azərbaycanlı alimlərlə əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.İclasda qeyd olunanları nəzərə alaraq, Azərbaycan alimlərinin II Qurultayının bu ilin noyabr ayında keçirilməsini qərara alınıb. Həmçinin, tədbirin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib. Sonda “Elm günü”nün keçirilməsi məsələsi müzakirə olunub. AMEA prezidenti ölkədə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması məqsədilə dövlət başçısı İlham Əliyevin ölkəmizdə “Elm günü”nün təsis edilməsi haqqında müvafiq Sərəncamını xatırladıb. Bu ilin 27 mart tarixində ilk dəfə olaraq ölkədə “Elm günü”nün qeyd olunacağını bildirib. Əlavə edib ki, əlamətdar günün yüksək səviyyədə keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası 27 mart “Elm günü”nün keçirilməsinə dair Tədbirlər planını təsdiq edib və müvafiq tapşırıqlar verib.Tədbirdə professor Fərəh Əliyeva çıxış edərək dissertasiyaların müdafiəsi prosesini mərhələli şəkildə sadələşdirmək və müasirləşdirməklə yanaşı onun keyfiyyətinin də yüksəldilməsinin vacibliyindən danışıb. Alim bildirib ki, bu prosesdə Ali Attestasiya Komissiyası təsdiqedici və həlledici funksiya daşısa da, digər qurumların da rolu böyükdür.Elmi problemlər üzrə elmi şuraların böyük səlahiyyətləri olduğunu deyən Fərəh Əliyeva dissertasiya mövzularının məhz həmin şuralarda təsdiq olunduğunu qeyd edib. Bildirib ki, elmi rəhbərlər bu mərhələyə xüsusilə diqqətlə yanaşmalıdırlar.O, dissertasiya şuralarının yenidən formalaşdırılması ilə bağlı irəli sürülən təkliflər, bu şuralara üzvlərin seçilməsi üçün müəyyən olunan meyarlar haqqında da danışıb. F.Əliyeva, həmçinin problem şuralarının veb-saytlarının operativ fəaliyyət göstərmələrinin zəruri olduğunu diqqətə çatdırıb. Həmçinin AMEA-da dissertasiya şuralarının işinin səmərəli təşkili, onların fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə müvafiq işlərin görülməsinin məqsədəuyğun olduğunu deyib.Sonra Səhiyyə naziri Oqtay Şirəliyev, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Təhsil nazirinin müavini Firudin Qurbanov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və başqaları çıxış edərək, Ali Attestasiya Komissiyasının fəaliyyətinin təkmilləşdirilməsi, elmi müəssisələr arasında səmərəli koordinasiya sisteminin təmin edilməsi barədə təkliflərini səsləndiriblər.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.