Azərbaycan elminin yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır Elm, "Zirvə" 11 декабря 2017 2017-ci il dekabrın 11-də AMEA Rəyasət Heyətində “Görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik idealları və müasir dövr” mövzusunda elmi konfrans keçirilib.Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq müasir müstəqil Azərbaycanın qurulmasında, inkişafında və dünyaya tanıdılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra ulu öndərin ölkəmizdə elmin inkişafına göstərdiyi diqqətdən söz açıb.Ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu ilin avqust plenumundakı çıxışını xatırladan AMEA rəhbəri dahi liderin plenumda qaldırdığı məsələlərin onun strategiyasını, uzaqgörənliyini müəyyənləşdirdiyini və həmin iclasda Azərbaycanın bugünkü inkişafının təməlinin qoyulduğunu bildirib."Akademiyanın inkişafının böyük bir mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır", - deyən akademik A.Əlizadə bildirib ki, AMEA-da Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, dilinin, milli mənəvi dəyərlərinin tədqiqi istiqamətindəki araşdırmaların aparılmasında Heydər Əliyevin uzaqgörən siyasəti mühüm rol oynayıb. Elmin strateji əhəmiyyətini düzgün qiymətləndirən ulu öndərin elm və texnologiya sahəsinin inkişafına xüsusi diqqəti nəticəsində ötən əsrin 70-ci illərində Azərbaycanda riyaziyyat elmi, kimya, neft emalı və neft-kimya sənayesi sürətlə inkişaf edib, bir sıra mühüm nailiyyətlərə imza atılıb. AMEA rəhbəri, həmçinin ümummilli lider Heydər Əliyevin elm xadimlərinə, alimlərə olan diqqət və qayğısından söz açıb.Akademik A.Əlizadə görkəmli şəxsiyyət Heydər Əliyevin müstəqil ölkəmizin inkişaf strategiyasını müəyyənləşdirdiyini söyləyib, ulu öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini vurğulayıb. Anım tədbirində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycanın çoxəsrlik tarixinin qəhrəmanına çevrilmiş ümummilli liderin ölkəmizin inkişafında və xalqımızın mənəvi təkamülündə həyata keçirdiyi hər bir tədbirin böyük bir tarix olduğunu söyləyib.Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasından, zəngin dövlət idarəçilik təcrübəsindən bəhs edən akademik İ.Həbibbəyli müstəqil dövlətimizin qorunub saxlanılmasında, möhkəmlənməsində və dünyaya tanıdılmasında ulu öndərin müstəsna rolunu vurğulayıb. Bildirib ki, dahi rəhbər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan tərəqqi yoluna çıxıb, onun iqtisadiyyatı, elmi, təhsili, mədəniyyəti inkişaf edib. İ.Həbibbəyli Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb.AMEA-nın vitse-prezidenti Heydər Əliyevin xidmətləri və qayğısı sayəsində xalq tarixinə, milli adət-ənənələrimizə sadiq nümunələrin meydana gəldiyini, yeni məktəblərin formalaşdığını, dünya azərbaycanlıları anlayışının yarandığını və eyniadlı qurultayın keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, ulu öndər, həmçinin klassiklərimizin yubileylərinin keçirilməsi, onların irsinin öyrənilməsi və araşdırılması üçün əvəzsiz xidmətlər göstərmişdir. Sonra Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov "Heydər Əliyev və Yeni Azərbaycan Partiyası" mövzusunda məruzəsini təqdim edib. Azərbaycan dövlətinin həyatında həlledici rolu olan dahi şəxsiyyət Heydər Əliyevin xalqa xidmətlərindən bəhs edən komitə sədri ümummilli liderin Azərbaycanın çətin dönəmlərində bütün maneələrə baxmayaraq xalqı bu vəziyyətdən çıxara bildiyini deyib.Azərbaycanda siyasi sistemin formalaşmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışan S.Novruzov dahi rəhbərin ideyalarının əbədiyaşar olduğunu vurğulayıb.Məruzəsində Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı tarixindən danışan natiq partiyanın bu gün ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdiyini dilə gətirib.Daha sonra Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Heydər Əliyev və İslam həmrəyliyi" mövzusunda məruzəylə çıxış edib. Görkəmli dövlət xadimimizin dünyanın hər yerində anılan bir şəxsiyyət olduğunu deyən Mübariz Qurbanlı ulu öndərin anım gününün bir çox ölkələrdə qeyd edildiyini bildirib. Dövlətimizin söykənəcəyi ideoloji prinsipləri əvvəlcədən müəyyənləşdirən ümummilli liderin yaratdığı bu prinsiplərin əbədi olduğunu söyləyən Mübariz Qurbanlı ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün böyük bir siyasi irs qoyduğunu qeyd edib. O, ölkəmizdə qazanılan nailiyyətlərin dahi liderin siyasətinin bəhrəsi olduğunu vurğulayıb.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.