AZƏRBAYCANIN MAARİFPƏRVƏR QADINI - MƏRYƏM XANIM BAYRAMƏLİBƏYOVA Elm, Təhsil 9 октября 2015 Tarixindən məlumdur ki, Azərbaycan qadınlarının fəaliyyəti hər bir dövrlərdə zaman-zaman özünü doğruldubdur. Ən ağır zamanlarda belə bu qadınlar istər fanatizmin tüğyan etdiyi dövrlər olsun, istər qadın hüquqsuzluğunun geniş vüsət aldığı zamanlar olsun onlar təhsilə, yeniliyə kişilərdən daha çox həvəs göstərirdilər. Bu bəlkə də onunla əlaqədar idi ki, qadın daxilən düşündüklərini aça bilməməyindən təhsillə, elmlə bunu tamamlamaq istəyirmiş. İslam dini bütün ardıcıllarından Quranı oxumaq və anlamaq bacarığı tələb etdiyindən müsəlman ölkələrində, xüsusilə də qadınlar arasında heç olmazsa ibtidai savad həmişə yüksək səviyyədə olmuşdur. Müsəlman xalqlarının, o cümlədən azərbaycanlıların tarixində öz təhsili və müdrikliyi ilə məşhurlaşan bir çox qadın hökmdarlarının, ictimai xadimlərin, alimlərin və şairlərin adları bu gündə qorunur.Azərbaycanın elə ziyalı qadınları olubdur ki, onlar ölkədə baş verən ictimai-siyasi hadisələrə biganə qalmayaraq, cəhalətə qarşı mübarizə aparır və həyatları bahasına insanların maariflənməsinə çalışırdılar. Belə ziyalı qadınların sırasında Məryəm xanım Bayraməlibəyovanın adını çəkməmək olmaz.Məryəm xanım Bayraməlibəyova 1898-ci ildə Lənkəranda müəllim ailəsində dünyaya gəlibdir. Atası Teymurbəy Bayraməlibəyov dövrünün savadlı, elmli ziyalısı və ictimai-siyasi xadimi olmaqla bərabər eyni zamanda gözəl pedaqoq, folklorşünas və maarifpərvər idi. Ailədə təlim-tərbiyə görmüş Məryəm xanım təhsil alaraq elmli, vətənpərvər və mübariz olmuşdur. Doğrudur mübarizliyi Məryəm xanıma həyatı bahasına başa gəlmiş, ona hətta həbsxana həyatı belə yaşatmışdır, lakin bu acınacaqlı taleyi yaşayan xanım özündən sonra gələn nəsillərin yaddaşında bir örnək olaraq qalıbdır.Məryəm xanım Teymur bəyin Bayraməlibəyovun böyük qızı idi. Teymur bəyin doqquz övladından biri olan Məryəm xanım öz ağlı, savadı, bacarığı və istedadı ilə çoxlarını heyrətləndirirdi.Məryəm xanımın anası Talışxanovlar nəslinin nümayəndəsi olan Şirin xanım Abdullaxan qızının gözəl natiqlik qabiliyyəti olubdur. Rus dilini mükəmməl bilən Şirin xanım rus klassiklərini əsərlərindən tərcümələr də edirdi. Şirin xanım Lənkəranda demək olar ki, istedadlı natiqlik qabiliyyətinə malik olan yeganə qadın idi. Təbii ki, belə bir ailədə böyüyən Məryəm xanım Bayraməlibəyova ayrı cür ola da bilməzdi. Məryəm xanım Bayraməlibəyova Azərbaycanın ilk maarifçi qadınlarından biri olub. Vətəninin, millətinin və xalqının övladları üçün çəkdiyi əzab-əziyyətinin sonunda Məryəm xanım Bayraməlibəyova ədalətsizliyin qurbanına çevrildi. Uşaq vaxtlarından rus, ərəb və fars dillərini atasından öyrənən, dillərə mükəmməl yiyələnən bu xanım Quranı böyüklərin heyrətinə səbəb olan dərəcədə çox səlis və avazla oxuyurdu. Sabir Məmmədov(Gəncvəli) Azərbaycanın maarifpərvər qadınları haqqında çox maraqlı faktlara toxunaraq, onların həyat və yaradıcılığını xeyli işıqlandırıbdır. Tədqiqat əsərlərinə istinad edilmiş bu yazıda Bayraməlibəyovanın keçdiyi həyat yoluna nəzər saldıqda elə bir ağır dövrdə yəni, dini fanatizmin güclü olduğu (özü də cənub bölgəsində bu daha qabarıq özünü büruzə verir), Lənkəran kimi bir bölgədə müasir düşüncəli, savadlı, təhsilli qadın olmaq o qədər də asan deyildi. Məryəm xanımın savadlı, ziyalı olmasında böyük hörmət və nüfuza malik olan atası Teymur bəy Bayraməlibəyovun müstəsna rolu olub. Məryəm xanım, Lənkəranda yaranmış ilk xeyriyyə cəmiyyətinin əsasını qoyaraq burada qızlar məktəbini yarada bilir. Qızını gələcəkdə müəllim görmək arzusunda olan Teymur bəy Məryəm xanımı ibtidai təhsil almaq üçün Bakıya oxumağa gətirir. İbtidai təhsilini başa vuran Məryəm xanım Bayraməlibəyova, orta təhsilini “Müqəddəs Nina” adına qız məktəbində davam etdirir. 1901-ci il oktyabrın 7-də saat 12-də Nikolayevski küçəsindəki binada İmperatriçə Aleksandra Fyodrovna adına Bakı rus-müsəlman qız məktəbinin təntənəli açılışı olur. “Kaspi” qəzeti bu hadisəni belə səciyyələndirdi: “Yeddi oktyabr günü Zaqafqaziyanın müsəlman əhalisinin ən mütərəqqi təbəqəsinin çoxdan arzuladığı qadın təhsil ideyasının nəhayət ki, gerçəkləşdiyi gün kimi yadda qalacaq”. Məryəm xanım Bayraməlibəyova Bakıda Hacı Zeynal Abidin Tağıyevin açdığı ilk qız məktəbində (1906-1913) təhsil almışdır. Mənbələrdə qeyd edildiyi kimi 1913-cü ildə məktəbin ilk buraxılışında 15 müdavimin arasında Məryəm Bayraməlibəyova da var idi. Sonralar bu məktəbi bitirən müdavimlər ölkədə tanınmış pedaqoq, həkim və başqa sahənin mütəxəssisləri kimi fəaliyyət göstərərək respublikada tanındılar. Məryəm xanım 1917-ci ildə Bakıdakı müqəddəs “Nina” adına qızlar məktəbini qızıl medalla bitirərək Moskva Tibb institutuna daxil olur. Bakı milyonçusu, neft sahibkarı Murtuza Muxtarov onun bütün təhsil xərclərini öz üzərinə götürür və ona təqaüd verməyə razı olur. Lakin oktyabr inqilabın dalğaları hər yeri bürüdüyündən, vəziyyətin gərginləşdiyini görən Məryəm xanım Moskvada iki aydan çox qala bilmir və təhsilini yarımçıq qoyaraq geriyə, vətənə Bakıya dönmək məcburiyyətində qalır. O da atası Teymur bəy kimi öz həyatını maarif və mədəniyyət işinə həsr etməyə yönəldir. Məryəm xanım 1918-ci ildə Bakıdakı II qız gimnaziyasında ana dili müəllimi işləməyə başlayır. 1918-ci ildə Məryəm xanım Bakıda qala bilmir, O, Lənkərana qayıdır və qızlar məktəbi açmaq üçün atası Teymur bəy öz dərs dediyi məktəbinin bir otağını qızlar üçün ayırır. Lakin dövrün ağır qayda-qanunları qızların məktəbə cəlb olunmasına maneələr yaradır. Böyük nüfuz sahibi olan Teymur bəy bu işdə qızına bu nəcib işdə yaxından köməklik göstərir. Çox əziyyətdən sonra onlar cəmisi doqquz qız toplaya bilirlər. Əksəriyyəti kasıb olan qızların oxumağa dəftər-kitabları, qələmləri, hətta ayaqqabıları belə yox idi. Bütün bunları təmin etməkdən ötrü Məryəm xanım atasına Lənkəranda Qadın xeyriyyə cəmiyyətinin yaranmasının vacibliyi təklifini irəli sürür. Bu təklif hamının xoşuna gəlir və tezliklə Lənkəranda Qadın xeyriyyə cəmiyyəti yaradılır(4. s. 117-118).1918 -1919-cu illərdə doğma Lənkərana dönərək 2 illik qız məktəbində pedaqoq, sonra isə 1919 -1920-ci illərdə isə qadın gimnaziyasının inspektoru vəzifəsində işləmişdir. Məryəm xanım təşəbbüs irəli sürərək, atasının köməyi ilə burada qadınların xeyriyyə cəmiyyətini yaradır. Qadınlar arasında maarif və mədəniyyəti yaymağın nə qədər vacib olduğunu Məryəm xanım gözəl anlayırdı. Az da olsa Moskva həyatını görən bu xanım Azərbyacan qadınlarının həyatını onlarla müqayisə etməyin belə mümkün olmadığını bilirdi. Rus qadınlarının azadlığını, müasirliyə doğru irəliləməsi, tərəqqiyə can atması Məryəm xanımı vətənə döndükdən sonra da narahat edirdi. Bu fikirlə o, Azərbaycan qadınlarının da həyatında bir dönüşün yaranmasını arzu edir və bu yolda çalışırdı. Məryəm xanımın mədəni, işgüzar, bacarıqlı bir qadın kimi yetişməsində atası Teymur bəyin böyük təsiri olubdur. Teymur bəy qızının bacarığını bildiyi üçün onu daha da çalışqan olmağa həvəsləndirirdi. Azərbaycan qadınları öz xalqının ictimai həyatında həmişə fəallıq göstəriblər. Vətənə qayıdan bu xanım atası Teymur bəyin öz evində “Oğlanlar məktəbi” açdığın görür və o da atasını köməyi ilə Lənkəranda “Qızlar məktəbi” açmaq təşəbbüsünü irəli sürür. Teymur bəy və Məryəm xanım Lənkəranın kəndlərini bir-bir atası ilə dolaşaraq məktəbə qız şagirdi toplamaq işinə başlayırlar və sonda çox çətinliklə də olsa doqquz nəfər qız toplamağı bacara bilirlər. 1918-ci ildə Məryəm xanımın arzusuna rəğmən atası Teymur bəy öz dərs dediyi məktəbinin bir otağını bu qızlar üçün ayırır. Lakin dövrün ağır qayda-qanunları qızların məktəbə cəlb olunmasına maneələr yaradır. Teymur bəy bir pedaqoq kimi bu nəcib işdə qızına yaxından köməklik göstərirdi. (Məryəm xanım Bayraməlibəyova qızları ilə.)Əksəriyyəti kasıb olan qızların oxumağa dəftər-kitabları, qələmləri, hətta ayaqqabıları belə yox idi. Bütün bunları təmin etməkdən ötrü Məryəm xanım atasına Lənkəranda Qadın xeyriyyə cəmiyyətinin yaranmasının vacibliyi təklifini irəli sürür. Bu təklif hamının xoşuna gəlir və tezliklə Lənkəranda Qadın xeyriyyə cəmiyyəti yaradılır.Din xadimləri olan axundlar, mollalar təbliğat apararaq qızların məktəbə cəlb edilməsi məsələsinin qarşısını almağa çalışsalar da, onlar Teymur bəy o dövrdəki nüfuzu və hörməti qarşısında istədiklərini həyata keçirə bilmirlər. Dərsləri rus dilində keçirən Məryəm xanım məktəbdə bütün bu keçdiklərindən əlavə dram və xor dərnəkləri də yaradır. O hətta bir neçə kiçik həcmli əsrləri tamaşa üçün səhnələşdirir və bütün dərnəklərə özü rəhbərlik edirdi. Qızların xor dərnəyində ağız-ağıza verib oxumaları ruhanilərin kəskin narazılığına səbəb olsa da Məryəm xanımım bu məktəbini bitirmiş şagirdlərindən Münəvvər Kələntərli, Həqiqət Rzayeva, Cahan Talışinskaya sonralar Azərbaycanın tanınmış sənətkarları oldular. O, bəzən qızların tərbiyəsindən bəhs edən bir pərdəli pyeslər də yazırdı.Məryəm xanım Bayraməlibəyova Lənkəranda savadsızlığı ləğv etmək üçün var qüvvəsi ilə mübarizə aparırdı. O, həm də Lənkəranda yeganə pedaqoq qadın idi. Məryəm xanım Bayraməlibəyova hələ uşaq ikən Fransanın görkəmli üsyançı qadını Janna Dark kimi mübariz olmaq istəyi ilə yaşayırdı. O, Şərq cəhalətinə, istibdadına qarşı mübarizə aparmaq və məzlum qadınları azadlığa çıxarmağı istəyirdi.Məryəm xanım Bayraməlibəyova əmək fəaliyyəti dövründə bir çox vəzifələrdə çalışıbdır. 1921-ci ildə Bakıya köçən Məryəm xanım Bayraməlibəyova Bakıda müəllimlik peşəsi ilə yanaşı eyni zamanda Həmkarlar İttifaqında da çalışır. 1921-1924 - cü illərə qədər O, Bakıda fəaliyyət göstərən müxtəlif məktəblərdə Həmkarlar İttifaqı katibi vəzifəsində işləyir. Onun məsuliyyətli, işgüzar və fəallığı nəzərə alınaraq, 1925-ci ildə onu SSRİ müəllimlərinin I qurultayına nümayəndə göndərilir. Məryəm xanım təkcə Azərbaycanı deyil, bütün Şərq qadınlarını bu qurultayda təmsil edirdi. Onun qurultayda etdiyi gözəl çıxışı əks-səda doğurdu. O, Qızıl meydanda çıxış edən ilk Şərq qadını idi. Həmin günün səhəri “Pravda” qəzetində Məryəm xanımın çıxışı dərc edildi.“Şərq qadını”!Bu adı da o, Moskvada qazandı. Orta Asiyadan, Sibirdən, Ukraynadan, bir sözlə, Vətənimizin(o zaman Sovetlər İttifaqı vətənimiz adlanırdı) hər yerindən gələn nümayəndələr Məryəm xanımı elə oradaca qucaqlayıb: - Sən əsarət pərdəsi-qara çadranı başından atmış azad Şərq qadınısan! Biz sənin çıxışını eşitdikdə sevindik. Sənin köksündə vətənpərvər hisslərlə dolu bir ürək döyünür. Bu ürək tək sənin deyil, bütün bir xalqındır. Azərbaycanlı qızının yanıqlı çıxışı hamıya təsir etmişdi. Belə bir ziyalı, ağıllı qadının sonralar necə ağır təzyiq və təqiblərə məruz qaldığının şahidi oluruq. Qurultaydakı təntənəli çıxışından sonra rəhbərliyin yüksək vəzifəli şəxsləri V.İ. Leninin həyat yoldaşı Nadejda Krupskaya və Kalinin yoldaşla Məryəm xanımın görüşü olur. Görüşdən sonra isə onu Moskvada qalıb işləməyə dəvət edirlər, lakin o “Vətənimə daha çox lazımam” deyərək imtina edir.Məryəm xanım Bayraməlibəyova 1927-ci ildə BDU - nin hüquq fakültəsinə daxil olur, 1931-ci ildə fərqlənmə diplomu ilə universiteti bitirir və aspiranturaya qəbul olur. O, 1923 -1937-ci illərə qədər əvvəl Nəriman Nərimanov adına sənaye texnikumunda, sonra isə Azərbaycan Tibb İnstitutunda rus dili müəllimi işləyibdi. Onun 1918 -1919-cu illərdə Lənkəranda iki illik qız məktəbində müəllim, 1919 -1920-ci illərdə isə qadın gimnaziyasının inspektoru vəzifələrində çalışdığı illər Azərbaycan xalqının tarixində ağır dövrlərdən biri kimi yazılmışdır. Belə ki, şura hökumətinin qurulması ərəfəsində Denikinin quldur dəstələri Lənkəran bölgəsinə hücumlar edərək, xalqa maddi və mənəvi ziyan vururdular. Yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bölgələrə nəzarət üçün kadrlar müəyyənləşdirir və onları bu bölgələrdə iş aparmağa təyin edirdilər. Cavad bəy Məlik - Yeqanov da bu vilayətə general-qubernator təyin edilir və general-qubernator bölgədə hərbi vəziyyət elan edir. Məryəm xanım Bayraməlibəyovanın məktəbinin ətrafında yerləşən hərbiçilərin rəftarından xoşlanmadığı üçün generala ərizə ilə sərt müraciət edərək, məktəbin ərazisinin hərbçilərdən təmizlənməsini tələb edir. Onun bu arzusu yerinə yetirilir, lakin bu münasibət sonradan Məryəm xanımla general Cavad bəyin gələcək həyatlarında böyük rol oynayır və onlar ailə qururlar. Sovetlər dövründə Məryəm xanımın ailəsi və özü repressiya qurbanı olub. Bir vaxtlar Azərbaycan Parlamentində dövlətimizin müstəqilliyinə imza atanlardan biri olan Cavad bəy Məlik - Yeqanov 1930-cu ildə sovet hökumətinin yadına düşür və o, 10 illik həbs cəzasına məhkum edərək Kareliyaya sürgünə göndərilir. Daha sonra isə onun ailəsinə qarşı təzyiqlər başlayır. XI Qızıl Ordunun tərkibində fəaliyyət göstərən Teymur bəy Bayraməlibəyov kimi bir şəxsin qızı, həyatını dövlətə sədaqətlə xidmət edən Azərbaycanın ziyalı qadını Məryəm xanımın belə ağır ittihamlarla həbs edilməsi və sürgünə göndərilməsi həqiqətən də ürək ağrıdan faciədir. 1937-ci ildə həbs edilən Məryəm xanım əvvəl Bayıl həbsxanasında saxlanılır, sonra Arxangelskə, daha sonra isə Karakanda həbsxanalarında həyatının on bir ilini yaşamalı olur. Çox ağır işgəncələrə məruz qalan bu xanım həbslərdə olarkən sağlamlığını itirir və isə gözləri tutulur. Həyatının çiçəklənən dövrünü 39 yaşından həbsxanalarda keçirən Məryəm xanım nəhayət, 1948-ci ilə 50 yaşında həbsxanadan azad olur və o Bakıya qayıdır. Həbsdən azad olunduqdan 8 il ötənə qədər ona qarşı mənfi münasibət bir müddət dəyişməz qalır. Onu balalarının yanında yaşamağa qoymayırlar. Daşkəsənə göndərilən Məryəm xanım orada yaşayır və 1956-cı ildə o Bakıya övladlarının yanına qayıda bilir. Ağır işgəncələrə məruz qalan və iztirablar keçirən Məryəm xanımın gözləri tamamilə tutulur. Lakin, görmə qabiliyyətini tamam itirməsinə baxmayaraq bu xanım möhkəm iradəsini itirmir. O, yuxarı təşkilatlara ərizə ilə müraciət edərək ərinin işinə yenidən baxılmasını istəyir. Nəhayət 1956-cı ildə SSRİ Ali Məhkəməsinin qərarı ilə ona bəraət verilir. Məryəm xanımın həyat yoldaşı Lənkəran qəzasının keçmiş general-qubernatoru Cavad bəy Məlik - Yeqanov 1942 - ci ildə Kareliya həbsxanasında vəfat etmişdi. Məlik - Yeqanova ölümündən sonra bəraət verilir. Azərbaycanın görkəmli maarifpərvər qadın ziyalılarından olan Məryəm xanım Bayraməlibəyovanın üç qız övladı olubdur. Onun övladlarının hər biri müxtəlif sahələr üzrə ali təhsilə yiyələniblər.Azərbaycan qadınlarının maariflənməsində, savada, biliyə sahiblənməsində müstəsna rolu olan Məryəm xanım Bayraməlibəyova sovet rejiminin qurbanı oldu, onun sədaqətlə qulluq etdiyi rejim sonunda da onu mənən əzdi, məhv etdi. Lakin qürurunu endirməyən Məryəm xanım bütün çətinliklərə sinə gərərək dözdü və nəhayət vətəninə dönə bildi. Görkəmli Azərbaycan ziyalısı, fədakar maarifpərvər və əsl pedaqoq Məryəm xanım Bayraməlibəyova 1988-ci ildə 90 yaşında Bakıda vəfat edir. Lakin, Azərbaycan xalqı nəinki, Məryəm xanımı, onun timsalında repressiya qurbanlarına çevrilmiş Azərbaycanın yüzlərlə oğul və qızlarının həyat və yaradıcılıqları ilə maraqlanır, yaxından tanış olur, onları xatırlayırlar. Bu həm də Azərbaycan xalqının vətənpərvərlik borcudur. Pərixanım MİKAYILQIZI,Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin şöbə müdiri Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.