Akademik İsa Həbibbəyli “Birinci Türkoloji Qurultay: dərsləri və çağırışları” mövzusunda məruzə ilə çıxış edib Elm, "Zirvə" 15 ноября 2016 2016-cı il Noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda Beynəlxalq konfrans keçirilib.AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-abildiriblər ki, Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli “Birinci Türkoloji Qurultay: dərsləri və çağırışları” mövzusunda məruzə ilə çıxış edib. Akademik bildirib ki, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının elmi-mədəni birliyinə, ortaq milli-mənəvi dəyərlərinin inkişaf etdirilməsinə, inteqrasiya-proseslərinin dərinləşdirilməsinə geniş üfüqlər açan ictimai hadisədir. İsa Həbibbəyli vurğulayıb ki, bu qurultayda XX əsrin əvvəllərində türkoloji elmi-mədəni mühitin aktual məsələlərinə toxunulub: “Birinci Türkoloji Qurultayın iclaslarında səslənən məruzələrdə humanitar və ictimai elmlərin, türkologiyanın aktual problemləri əhatə olunub və konkret təkliflər irəli sürülüb. Qurultayda keçmiş Sovetlər Birliyində yaşayan türkdilli xalqların, Avropa türkologiyasının nümayəndələrinin təmsil olunması, Türkiyə və İran ziyalılarının iştirakının təmin edilməsi əhatə olunan türkoloji mühitin genişliyini, miqyasını aydın şəkildə təsəvvür etməyə imkan verir. Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi Azərbaycanın geniş mənada türkologiyanın əsas mərkəzlərindən biri olduğunu göstərir”.Akademik bildirib ki, Azərbaycan ziyalılarının Birinci Türkoloji Qurultayda fəal iştirakı ölkəmizdə yalnız dilçilik mənasında deyil, ədəbiyyat, tarix, mədəniyyət, folklor, etnoqrafiya və maarifçilik miqyasında böyük elmi və yaradıcı qüvvələrin yetişib formalaşdığını nümayiş etdirir. İsa Həbibbəyli Azərbaycan nümayəndələrinin qaldırdıqları məsələlərin, irəli sürdükləri ideyaların Birinci Türkoloji Qurultayın ana xəttinin, əsas istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynadığını deyib.Akademik türkoloji elmi axının hakim sovet ideologiyasının prinsiplərinə uyğun gəlmədiyi üçün Sovetlər İttifaqının ictimai-siyasi mühitində böyük vahimə və şübhə ilə qarşılandığını xatırladıb: “Birinci Türkoloji Qurultayın demək olar ki, Sovetlər İttifaqından olan bütün əsas iştirakçıları ciddi təqiblərlə üzləşib, həbs cəzasına məhkum edilib, sürgünə göndəriliblər. Lakin nə qədər çətin olsa da, Birinci Türkoloji Qurultayın ideyaları, çağırışları daima öz əhəmiyyətini qoruyub saxlayıb”.Akademik məruzəsində Birinci Türkoloji Qurultayda qaldırılan latın əlifbasına keçid məsələsinə də toxunub. Qeyd edib ki, latın əlifbasına keçid XX əsrin əvvəllərində Azərbaycan və Türkiyədə tətbiq olunub, lakin sonradan Sovetlər İttifaqı daxilində bu proses dayandırılıb. Azərbaycanın müstəqillik epoxasında bu ideyanın yenidən dirçəldiyini deyən akademik ümummilli lider Heydər Əliyevin 1 avqust 2001-ci il tarixli xüsusi Fərmanı ilə Azərbaycanda latın əlifbasına tam keçidin təmin edildiyini bildirib.Akademik İsa Həbibbəyli məruzəsinin sonunda Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” 18 fevral 2016-cı il tarixli Sərəncamının önəminə toxunub: “Birinci Türkoloji Qurultayın 90 illiyinin yüksək səviyyədə qeyd olunması və müasir vəzifələrin müəyyən edilməsi Azərbaycanda və türk dünyasında humanitar elmlərin, o cümlədən türkoloji elmlər sisteminin bütün yönləri ilə inkişafına təkan verir. Bu isə öz növbəsində həm də dünya elminin daha da zənginləşdirilməsi, beynəlxalq miqyasda inteqrasiya proseslərinin yeni hədəflərə doğru inkişaf etdirilməsi istiqamətində atılan yeni addımların meydana çıxması, qarşıda böyük üfüqlərin açılması deməkdir”. . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.