İladi Öməroğlu (1948): RÜBAİLƏR

İladi Öməroğlu (1948): RÜBAİLƏR İladi Öməroğlu 1948-ci ildə Borçalıda anadan olub.
1971-ci ildə Gəncədə Kənd Təsərrüfat İnstitutunu bitirib. O, həmişə dağların vurğunu olub, onlara onlarla şeirlər həsr edib.
İladinin rəhmətlik atası Ömər müəllim də saz-söz vurğuu olmuş, çoxlu sayda bayatılar yazmışdır.
Qardaşı Nəbi Borçalı, bacıları Səadət Buta və
Səringül Sadə şeir dünyasında tanınan
söz sahibləridirlər.
İladi Öməroğlu indi Bakıda yazıb-yaradır.
On iki kitabın müəllifidir.
Şeirləri çoxsaylı mətbuat orqanlarında,
"Sazlı-Sözlü Başkeçid" (2015), "Zirvə" (2017, 2018) poeziya antologiyalarında dərc olunub.
O, “Qızıl Qələm” mükafatı laureatıdır.


Rübailər

Kimin ki, düşməyib dilindən Allah,
Həmişə tutubdur əlindən Allah.
Qəlbi din-imanlı, nurlu bəndəni,
Saxlayıb odundan, selindən Allah!

Özünü öyənlər nadanlardı, bil,
Onlara ömründə salmaram meyil.
Gurultuyla axan kiçik bir çayın,
Suyu Kür çayına bərabər deyil!

Qürbətdə olanlar bizə can-ciyər,
Vətən arzulayır eyləyər qəhər.
Qərib kimsələrin qəmini, bilin,
Nə karvan götürər, nə kotan çəkər!

Ağacəkən meyvəsini yemədi,
Paltar alan paltarını geymədi.
Heç bir insan axıradək dünyada,
Nə xoşbəxtəm, nə rahatam demədi.

Yaman kəsdən aman istəyən yanar,
Arif olan ondan uzaq dolanar.
Yaramaz bir insan zibil kimidir,
Yaxınına getsən ürək bulanar.

Özünü öyənlər öyüyər gedər,
Dərdləri-qəmləri böyüyər gedər.
Adları-sanları qalmaz dünyada,
Onlar qar-buz kimi əriyər gedər.

Həyadan geysəydi hamı paltarı,
Olmazdı kimsənin dərdi-azarı.
Çoxu bürünməyib utandığından,
Qorxudub onları zimistan qarı.

Meyvə böyüdükcə budağı əyər,
Budaqlar sallanıb torpağa dəyər.
Övladlar böyüdən ata-ananın,
Ad-sanı ucalıb buludu döyər.

Sel suyu bulanar, duru olarmı,
Suya batıb-çıxan quru olarmı.
Çör-çöpü yandırma, isinim deyə,
Onun köz-kömürü-qoru olarmı!

Dağda çiçək dərib, tər güllər seçən,
Əyilib bulağın gözündən içən.
Nə bilər neyləyər, nələri çəkər,
Qızmar gün altında səhranı keçən.

Dünyamızın sonu borandı-qardı,
Az adam tapılar taleyi yardır.
Axan göz yaşları qalsaydı əgər,
İnan yer üzündə göllər durardı.

Çətin şərab içib dost qazanasan,
Düşmən tapmaq isə asandı-asan.
İçki də ilandı, ehtiyatlı ol,
Həmişə gözləyir bir quyruqbasan.

Sıldırım zirvənin qarı qalarmı,
Utanmaz bir üzün arı qalarmı?
Bivəfa, binamus insan yanında,
Yaxın dost-yoldaşı, yarı qalarmı?

“Tövrat”da, “İncil”də dərdin dərmanı,
Düz yola çəkirlər onlar insanı,
Hər suala cavab olmayıb deyə.
Tanrım nazil edib sonra Quranı.

Azərbaycan, azad vətən, var ol sən,
Neçə millət dinc yaşayır, olub şən.
Sınaqoqla kilsə, məscid yan-yana,
Yenə durur, tikiliblər qədimdən!

Atalar sözünü xalq bəyan edər,
“Yel ilə gələn şey, sel ilə gedər”.
Çapıb-talamaqla var-dövlət yığan,
Bunun əvəzini canıyla ödər.

Yoxdu elə qapı fələk çalmasın,
Tapılmaz bir ocaq, şivən salmasın.
Gələn gedəsidir, olan öləsi,
Hamı elə gül ki, açsın solmasın!

İnsanın sifəti, həm xasiyyəti,
Oxşardı deyiblər, anla hikməti.
Canavar ağızlı, bayquş gözlüdən,
Gözləmə heç zaman hörmət-izzəti.

Unudarıq bu hikməti biz çətin,
Rəsulumuz anladıbdı hümmətin.
-“Öz ərinə qulluq edən bir qadın,
Yaxınlaşır qapısına cənnətin”.

“Başa düşdüm” sözü sözlərin başı,
Dərindi mənası, qədimdi yaşı.
Anlayıb irəli düşdüm deməkdi,
Tərsinə dərk edir bunları naşı!

Kəssə qılıncının dalı-qabağı,
Sadə insanlara gəl olma yağı.
Tanrının işidir, belədir hər an,
Ocaq söndürənin sönər ocağı.

Bu yazıq könlümü düyan ki, yoxdu,
Doğruya-düzgünə uyan ki, yoxdu.
Bəs necə sevinsin yaralı qəlbim,
Bir xoş təbəssümü qıyan ki, yoxdu.

Adam var ki, vurub araqla çaxır,
“Ala dana gəzir, itirib naxır”.
Ayıra bilməyir ağı qaradan,
Söylə beləsinə kim yaxşı baxı!

Kədərdən göz yaşım bir çaya dönər,
Qürbətdə bir günüm bir aya dönər.
Dərdimi söyləsəm uca dağlara,
Əriyib qar-buzu səhraya dönər.

Demirəm tək-tənha, necə bir daş dur,
Sağında-solunda yar-yoldaş xoşdur.
Ancaq bu dövranda görərsən ki, sən,
Cibib boş olanda, yanın da boşdur.

Sən dostluğu, sədaqəti itirmə,
Gül əvəzi qaratikan yetirmə.
“İpək ilə başladığın bir işi,
Keçi qılı ilə tezcə bitirmə”.

Dodaq təbəssümü qəlbə həmdəmdi,
Ürəkdən gülməksə cana məlhəmdi.
Bütün gülüşlərin vardı faydası,
Gözdən gülmək isə başqa aləmdi.

Allahım birini baş yaradıbdı,
Ondan gözəl gözlə qaş yaradıbdı.
Kimini insaflı, ürəyiyumşaq,
Kiminin qəlbini daş yaradıbdı.

Kiçiyi incidib eyləmə bədbin,
Böyüyə bəsləmə nifrət ilə kin.
Sənə arxalanan, güvənən kəsin,
Dünya dağılsa da kəsmə ümidin!

Tanrı nemətidir sevgi-məhəbbət,
Siz ucuz tutmayın, eyləyin qeyrət.
Hər yanda eşqini göstərən insan,
Öz dayazlığına edir dəlalət.

Eşq-ilham insana dost-yardan gəlir,
Vətən torpağından, gülzardan gəlir.
Ancaq yağış-yağmur, gur çaylar kimi,
İlhamın əsası dağlardan gəlir.

Kimin yox qəlbində Allah sevgisi,
Odur insanların nadanı-pisi,
İmansız bir alim yenə heç nədir,
Əgər ki, çevirsə qızıla misi.

Çay daşı nə qədər suda ki, qalar,
O qədər cilalı – çox hamar olar.
Ustad yanında da çox qalan şagird,
Ondan yetərincə elm-savad alar.

Sinəsində sazı olan bir kəsin,
Biz eşidək gərək doğru-haqq səsin.
Uzaq olsun yalan sözdən, fitnədən,
İstəmirik bircə nöqsan eyləsin!

Kim atarsa qohumluğun daşını,
Fələk tökər gözlərinin yaşını.
Yıxılanı qaldırmayan insafsız,
Yastıqdan heç qaldıranmaz başını.

Qazanmaq istəyən dədəsindən də,
Qoyulası deyil şəhərə-kənddə.
Ata papağını satar beləsi,
Verər arvad üçün şəkərə-qəndə.

Günü-gündən sayılmadıq seçildik,
Bir əldəncə zəmi kimi biçildik.
Həyasızın, qırxdillinin ucundan,
Boş yerəcə çox qınandıq, kiçildik.

Qarşısına nələr çıxsa sel alır,
Nərildəyib dərələrə iz salır.
Şərab siri kükrəyək axanda,
Başda olan ağlı-huşu aparır.

Demə ki, hər şeyi torpaq itirir,
Köksünə düşəni həm də bitirir.
Torpaq bir anadır, unutma bunu,
Hər insan oğluna nemət yetirir.

Azərbaycan oğlu igid Mübariz,
Gənclərə nümunə göstərdi bariz
Neçə erməninin çıxıb axrına,
Vətən tarixinə saldı yeni iz.

Könül şad olmasa baxanmaz gülə,
Çəkən yar dağını bürünməz tülə.
Bir dərd əsirini ağlar-qanlı,
Güldürə bilməzsən, yüz məcbur eylə.

Bunları anlarıq, avam deyilik,
Quzeylə güneyin fərqi çox böyük.
Ariflə dağlar aş, ziyanı deyməz,
Qanmaz otaqda da olar sənə yük.

Kəmfürsətin hər bir sözü oxdu-ox,
Belələri aramızda çoxdu-çox.
Zalım insan ürək qırsın, daş qırsın,
Onun üçün azca fərqi yoxdu-yox!

Görünmür ki, bu dünyanın iç üzü,
İnsanoğlu çaşıb gedib yol-izi.
Bir nadanı qoyduq adam yerinə,
Geri dönüb tənqid etdi o bizi!

Yalan dünya üçün az sinə döyün,
Bir yanı qəm-yasdır, bir yanı düyün.
Hər səhər dağlara düşən o günəş,
Hökmən qəbrimizə düşəcək bir gün.

Əlimiz ki, o vətəndən üzüldü,
Qəm karvanı qatarlaşıb düzüldü.
Ayrı düşdük dağ-arandan, çəməndən,
Göz yaşımız ürəyimizə süzüldü.

Borçalıdır – Başkeçiddi ürəyim,
Yağış səsi, dağ havası gərəyim.
Uca zirvə, çən-dumanı sevirəm,
Meşələrdi, gur bulaqdı istəyim.

Dilim nəğmə - bayatılı, şirindi,
Vətən eşqim, dağ istəyim dərindi.
Sözüm sözdü mən Atamın oğluyam,
Seyrangahım, yurd yerimdi o Şindi.

Silkələnib dağılır can sarayım,
Gündən-günə ağırlaşır il-ayı.
Deyən ruhum hazırlanır uçmağa,
Tərk eyləyir həm də məni dost-tayım.

Hər torpaqda ağac bitməz, bar olmaz,
Hər insandan yoldaş olmaz, yar olmaz.
Yadda saxla İladinin sözünü,
Hər zirvədə yay günündə qar olmaz!

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: